Kəndimizdə bir kişi vardı: Sərvan dayı. Sərvan dayını davranış, hərəkət, jest və mimikalarına görə "qızbacı Sərvan" deyə çağırırdılar. O qədər söhbətcil, ünsiyyətcil, mehriban və əliaçıq idi ki... Amma soruşun, rişxəndlə danışanlardan başqa, kimsə onunla kəlmə kəsirdimi? Sözünü ciddiyə alırdımı? Evinə gedirdimi? Toya, yasa çağırırdımı? Xətrini çox istəyirdim. Onunla uzun-uzadı söhbətlər edirdim. Təbii, evinə hamıdan gizlin gedirdim. Çal saçları uzanıb çiyninə çatmışdı, dırnaqları uzun idi, qeyri-adi dərəcədə yumşaq və parıltılı üz dərisi vardı. Hansı kitabı oxusam, birinci Sərvan dayıyla müzakirə edirdim. Kitabxanası vardı. Amma gecələr oxuyurdu. Gündüzlər dibçək güllərinə, cücələrinə, quzusuna, pişiyinə qulluq edirdi. Tək yaşayırdı. Evinin əntiqə nizamı vardı. Bizim kənddə heç kim o rahatlığı qura bilməmişdi. İşləməsə də təqaüdlə balaca və rahat daxmasında ömrü başa vururdu. Kəndin bütün mənэm-mənəm deyən kişilərindən daha zəhmətkeşdi. Eşidəndə ki, kənddə kimsə arvadını döyür, əvvəl deyinir, sonra uzun-uzadı ağlayırdı. Sinəsində ürək daşıyan istənilən adam o səsə dəli də ola bilərdi. Elə həzin idi ki. Sərvan dayının anası o uşaq olanda özünü yandırıbmış. Əri o qədər döyüb ki, axırda dözməyib, benzinlə odlayıbmış özünü. Sərvan dayının ən həssas tərəfi idi. Son nəfəsində anası: “Peşmanam, ay Sərvan, gözünə dönüm, tək qoydum" -deyibmiş. Özü danışmışdı. Deyir anası özünü yandırandan sonra atası anasına “namussuz” damğası vurub, Sərvan dayını nənəsinin üstünə atıb, çıxıb gedib Rusiyaya. Odur-budur, görən olmayıb. Bir müddət sonra "qızbacılığına" görə nənəsi də onu döyməyə başlayıb. Dayıları, babası, əmiləri günlərlə "düzəlsin" deyə tövlədə ac-susuz saxlayırlarmış. Dayısı bədəninə "dağ" basıbmış. Sonra onu elə kənddə qoyub çıxıb gediblər. Nənəsi də öləndən sonra tamam tək qalıb. Sonra kənd camaatı təcrid edib. Məktəbdə sinif yoldaşları, müəllimlər, küçədə yaşlı-başlı kişilərin lağ-lağı laqqırtısı, gecələr pəncərəsinin döyülməsi, şüşələrinin sındırılması, dəfələrlə təcavüzə cəhdlər... Özünü qorumaq üçün nələr yaşayıb.

Məni görəndə sevinirdi. Getməyəndə küsürdü. Anam deyirdi, bir adam bilsə, onunla danışırsan, bütün kəndə biyabır olarıq. Amma bütün kəndin ən təhlükəsiz adamıydı. Ən əziz, ən ağıllı, ən mehriban və ən insan adamı idi Sarvan dayı. Kimsə deyə bilməzdi ki, ondan ziyan gəlib. Nənəm deyirdi, ona yaxın duran molla da tapılmayacaq. Yuyan, meyidin götürəni olmayacaq. Torpaq da götürməz o kişini.

Hələ yaşayır. Uzun müddətdir görmürəm. Kaş ölümsüz olardı. İndi içimdə bir sürü söz yığılıb. Elə danışardım ki ona. Yanında elə ağlayardım. Səni çox sevirəm, Sərvan dayı. Lütfən, ölmə!

Müəllif: Leyla