Rusiyada LGBTİ+ “təbliğatı” tamamilə qadağan edilə bilər

Rusiya Dövlət Dumasında LGBTİ+ təbliğatının qadağan edilməsi haqqında qanun layihəsi müzakirə edilib, Republic.ru bildirib.  

Oktyabrın 17-si Rusiya Dövlət Dumasında LGBTİ+ təbliğatının qadağan edilməsi haqqında qanun layihəsi və ailə dəyərlərinin inkarına və qeyri-ənənəvi seksual münasibətlərin təşviqinə görə cəza nəzərdə tutan qanunvericilik təşəbbüsləri üzrə parlament dinləmələri baş tutub. Rusiyalı deputatların fikrincə, Qərb “ailə dəyərlərinin inkarı” ideologiyasını ölkələri kölələşdirmək üçün istifadə edir, LGBTİ+ təbliğatında RF hakimiyyətini dəyişdirmək təhlükəsi gizlənir. 

“Ailə dəyərlərinin inkarı və qeyri-ənənəvi seksual münasibətlərin təbliğini” milli nifaqa qızışdırmağa bərabər tutan qanun layihəsi hələ iyul ayında Rusiya Federasiyası Kommunist Partiyası (RFKP), “Ədalətli Rusiya - Həqiqət uğruna” və “Vətən” partiyalarından bir qrup deputat tərəfindən Dövlət Dumasına irəli sürülmüşdü və ona baxış birinci oxunuşda gündəliyə daxil edilməyib. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin dünənki müzakirədə bildirib ki, qanun layihəsi və müvafiq təşəbbüslər növbəti həftə parlamentə daxil edilə və noyabrın sonunda təsdiq edilə bilər. Onun sözlərinə görə, deputatların təsdiq etdiyi sənəd artıq noyabrda RF prezidenti tərəfindən imzalana bilər.  

“Biz Rusiyanı dünyada günü-gündən daha çox yayılan qaranlıqdan qoruyuruq”, - o vurğulayıb.

Volodin ÜmumRusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzinin məlumatlarını göstərərək bildirib ki, son on ildə cəmiyyətdə baş verənlərin qeyri-ənənəvi seksual münasibətlərin təbliğatından xəbər verdiyini düşünən vətəndaşların sayı iki dəfə artıb. 

Spiker bu nəticəyə gəlib ki, insanlara “təzyiq edilir” və bu məsələdə qərb ölkələrini təqsirkar bilib, onun fikrincə, qərb LGBTİ+ ideologiyasını müxtəlif ölkələrdə hökumətləri dəyişdirmək üçün istifadə edir.

Dəyişikliklərin beş sahə üzrə qanunlara, eləcə də İnzibati Hüquq Pozuntuları Məcəlləsinə edilməsi nəzərdə tutulub. Faktiki olaraq bu qanun qəbul edildiyi təqdirdə LGBTİ+lərin “təbliğini”, “populyarlaşdırılmasını” və ya “mərhəmətli təsvirini” ekstremizm, narkotik və intiharın təbliğinə bərabər tutacaq. 

Qanunlardan birinin layihəsi LGBTİ+ dəyərlərinin təbliğinə görə fiziki şəxslərə 400 min rubl (təxminən 11 min manat), vəzifəli şəxslərə 800 min rubl (təxminən 22 min manat) və hüquqi şəxslərə 5 milyon rubl (təxminən 138 min manat) cərimə nəzərdə tutur. 

Powered by Froala Editor