Trans kişi polis transfobiyasına məruz qalıb
İyunun 29-u trans kişi Herman qardaşı tərəfindən zorakılığa məruz qalıb və hadisə ilə əlaqədar polisə şikayət edib
03/Jul/23
1419
Trans kişi polis transfobiyasına məruz qalıb
İyunun 29-u trans kişi Herman qardaşı tərəfindən zorakılığa məruz qalıb və hadisə ilə əlaqədar polisə şikayət edib. Polisin ona qarşı davranışları barədə Minority Azerbaijan-a məlumat verən Herman bildirib ki, polis hadisə yerinə gələndə ilk növbədə şikayəti dinləmək əvəzinə onun dodağındakı pirsinqinə sataşmağa başlayıb.
Daha sonra polislər Hermanı və onun qardaşını Binəqədi rayonu 7-ci polis bölməsinə aparıblar. Hermanın sözlərinə görə, yolda qardaşı onun trans kişi olduğunu polisə bildirib və bundan sonra polislərin davranışı daha da dəyişib. Onları bölməyə gətirən 2 nəfər və daha 3 polis onu və qardaşını bir otağa dəvət ediblər.
“Şikayətçi mən olduğum halda qardaşımı dinləyirdilər, baş verənləri danışmaq istəyəndə sözümü yarımçıq saxlayıb, qardaşımdan soruşurdular. Qardaşımın mənə hücum çəkməyi bir kənarda qaldı, mənim həyat hekayəmdən danışmağa başladılar”, - Herman bildirib.
Onun sözlərinə görə, orada onu “xəstə” adlandırıblar və pasportdakı adı ilə (ölü adı ilə) müraciət edərək qıcıqlandırmağa cəhd ediblər. Herman düşünür ki, polis onu qıcıqlandırıb aqressivləşdirmək və bütün günahı onun üstünə atmaq istəyib.
“Polis mənlə qışqıra-qışqıra danışırdı, psixoloji təzyiq etməyə çalışırdı ki, məsələni yola versin. Vəkilimə zəng etmək istədiyimi dedikdə isə içəri telefonla girdiyim üçün bir az da qışqırdı.”
Herman bildirir ki, otaqda olan 5 polis əməkdaşı birlikdə onun üstünə qışqıraraq telefonunu tələb ediblər, lakin o, vəkili ilə əlaqə saxlamayana qədər telefonu verməyəcəyini vurğulayıb və nəhayət, telefon zəngi etməyə nail olub. Daha sonra sosial işçi Sənubər Heydərova polis bölməsinə gəlib.
“Sənubərin gəlişindən sonra polisin mənə davranışları dəyişdi. Mənimlə mülayim danışmağa, məni dinlədiklərini göstərməyə başladılar. Ərizəmi yazdım və çıxmaq istəyəndə digər qardaşım da gəldi və polis bölməsinin qarşısında bildirdi ki, məni bıçaqlayacaq. Mən bu haqda da polisə şikayət etdim.”
Herman atasının da polis bölməsinə gəldiyini və qardaşının tərəfini tutduğunu, heç bir ailə üzvünün ona dəstək olmadığını bildirib.
Powered by Froala Editor