225 nömrəli məktəbdə nə baş verib?
Bu ilin aprelin 10-da 10-cu sinif şagirdi Aleks* daimi olaraq Telman Abbasov adına 225 nömrəli məktəbin müəllim heyəti və məktəblilər tərəfindən ayrı-seçkilik görürdüyünü bildirib
11/Jul/23
1908
225 nömrəli məktəbdə nə baş verib?
Bu ilin aprelin 10-da 10-cu sinif şagirdi Aleks* daimi olaraq Telman Abbasov adına 225 nömrəli məktəbin müəllim heyəti və məktəblilər tərəfindən ayrı-seçkilik görürdüyünü bildirib.
Aleks deyib ki, o, 10 illik məktəb həyatını seksual qısnama, üzərinə bıçaq çəkilərək təhdid edilmə, öldürülmə və döyülmə kimi hədə-qorxularla davam etdirib.
O, gender və seksual oriyentasiyası haqqında heç kimə bəyan verməsə də, qızlarla dostluq etməsi, saçını ortadan ayırması və söyüş söyməməsi məktəb heyəti və məktəblilərdə ona qarşı qıcıq yaradıb.
“Bunlar feminin davrandığıma görə baş verib. Gender roluna tabe olmamağıma görə “petux” olaraq təsdiqlənmişəm və daim qəlibləşməməyimə, özüm kimi olduğuma görə təhdid edilirəm”.
“Oxuduğum məktəbin coğrafiya müəllimi Sevda İsmayılova davamlı olaraq sinifdə “niyə qız kimisən?”, “ bir az ciddi - kişi kimi ol”, “maskanı çıxart, təzə ərə gedən gəlinlər kimi üzünü bağlama”, “qızbibi” və s. deyərək məni şagirdlərin içində alçaldır, sinif yoldaşlarımın da həmin an məni alçaltmalarına şərait yaradırdı.10 aprel sinifdə test yazdığım anda həmin müəllim mənə sinifdəki oğlanları nümunə göstərərək onlar kimi olmağımı tələb etdi. Bunu deyərkən nümunə çəkdiyi oğlan mənə “sənin kimilər İslamda lənətlənib və öldürülməlisən” dedi. Bu zaman vəziyyətimin pisləşməyini və əsdiyimi görən müəllim “arvad kimi ağlama, kişi ağlamaz, artistlik eləmə” dedi”.
Azyaşlı deyib ki, o, müəlliminin işlətdiyi bu etik və pedaqoji qaydalara sığmayan ifadələrindən sonra bu məsələ ilə bağlı Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə, Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), daha sonra isə UNICEF və BMT-nin Azərbaycan nümayəndəliklərinə şikayət məktubu ünvanlayıb və məsələni mediada ictimailəşdirib.
Şikayət məktubunda ümumi məruz qaldığı bullinqdən, coğrafiya müəllimi Sevda İmayılovadan və 11-ci sinif şagirdindən şikayət edib.
Aleks deyir ki, polis bölməsinə şikayət üçün getdikdə və nazirlikdən gələn rəsmi nümayəndələrlə danışıqlarda çətinlik çəkib.
“Nazirlikdən gələn rəsmi nümayəndə Anar Mustafazadə mənlə çox kobud danışırdı. Bildirirdi ki, qanunda cinsi oriyentasiya sözü olmadığı üçün onlar məni qoruya bilməz və “məktəbini dəyişə bilərsən”, “özəl məktəbə gedə bilərsən”, “bəlkə biz səni dəyişdirək” kimi təkliflər edirdi.
Mən şikayətimdə feminin davranışlarıma görə bullinqə məruz qaldığımı qeyd etmişdim, o isə feminini feminist olaraq anlayıb, tez-tez mənə məktəbdə ideologiya təbliğ edə bilməyəcəyimi bildirirdi. Qeyd etməyimə baxmayaraq ki, mən məktəbdə aktivizmlə məşğul olmuram, “heç ola da bilməzsən” kimi kobud cavablar verirdi. Anar Mustafazadə ilə valideynimlə birlikdə təkrar görüşdükdə o, bu üslubunun təhsil nazirliyinin bir qərarı olduğunu, şagirdlərlə iki formada - ağır və yüngül danışmaq lazım olduğunu və mənlə pedoqoji sistemin qaydalarına uyğun şəkildə danışdığını iddia edib.
Aleks polis bölməsinə seksual qısnama ilə bağlı şikayət üçün getməyinə baxmayaraq polis əməkdaşları tərəfindən də seksual qısnamaya məruz qalıb.
“Onlar mənə “sən oğlanla görüşürsən”, “görüşdüyün oğlan olub” kimi suallar yönləndirirdi. Mən qanunları bilirdim deyə, özümü müdafiə ilə bu tipli sualların qarşısını ala bilirdim, lakin bunu bilməyən azyaşlı bir şagird üçün bu dialoqlar daha ağır və travmatik ola bilər.”
Məktəbli deyir ki, aprel ayının üçüncü həftəsində müəllimə töhmət verildikdən sonra o, təkrar məktəbə gedib.
“Məktəbdə mənə qarşı münasibət dəyişməmişdi, hətta müəllimlər mənim haqqımda yalan şayiələr yayırdılar ki, “Aleksi Amerika idarə edir”, “o, hansısa təşkilatla əlaqəlidir”, “təşkilat onu öyrədir ki, məktəbdə bu kimi şeylər etsin”, “onu maliyyələşdirirlər”, “o, xaricə getmək üçün bunları edir”. Məktəbə hadisə ilə bağlı məlumat almaq üçün zəng edən “Amerikanın səsi” mediasına bağlı olduğumu, onların məni qızışdırdığını iddia edirlər.”
Aleks bu şayiələrdən sonra bir də məktəbə getmədiyini və təhsilini dondurduğunu deyib.
“May ayının sonu polis, Təhsil Nazirliyi və İcra Hakimiyyəti yekun cavabları artıq Ombudsmana göndərmişdi, lakin yalnız Təhsil Nazirliyi və İcra Hakimiyyətinin cavabı qənaətbəxş idi.”
Belə ki, Elm və Təhsil Nazirliyinin Ombudsman aparatına verdiyi məlumata əsasən, Aleksə bullinq edən 11-ci sinif şagirdinin valideyni məktəbə dəvət olunmuş, həm şagirdlə, həm də valideyni ilə profilaktik söhbət aparılmışdır. Nəticədə sözügedən şagird etdiyi səhvləri dərk edərək Aleksdən üzr istəyib.
Məktəbin coğrafiya müəllimi Sevda İsmayılova isə müəllim-şagird münasibətlərini və etik qaydaları pozduğu üçün ona intizam tənbehi (töhmət) verilib.
Yasamal Rayon İcra Hakimiyyətindən Ombudsman aparatına bildirilmişdir ki, Aleksi bullinqə məruz qoyan 11-ci sinif şagirdi Yasamal Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyasının risk qrupuna aid edilən adlı siyahısına əlavə edilib.
“Polis şikayət etdiyim şəxslərin mənim iddialarımı qəbul edib məndən üzr istəməyinə baxmayaraq işdə cinayət tərkibi tapmayıb və işə xitam vermək istəyirdi. Mən də Ombudsman aparatına təkrar şikayət etməli oldum. Şikayətimdən sonra Ombudsman aparatı bildirdi ki, özləri bu işi Səbinə Əliyevaya ötürəcək. Yaxın günlərdə polisə yenidən sorğu göndəriləcək. Ən sonuncu mərhələ məhkəmədir.”
Hüquqşünas Səməd Rəhimli deyir ki, bullinqə görə cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Ona görə də polisin cinayət işi başlatmağı rədd etməsi hüquqi cəhətdən əsaslıdır.
“Bu məsələdə həmin şagirdin valideyninin etməli olduğu ondan ibarətdir ki, o, zərərlə bağlı məhkəmədə mülki qaydada iddia qaldırmalıdır və həmin zərərlə bağlı iddiaya uyğun olaraq da 225 nömrəli məktəb müəllimin yol verdiyi bullinqə görə hüquqi məsuliyyət daşıyır. Bu kimi hallarda töhmət yetərli olmaya bilər. Müəllim vəzifə intizam məsuliyyətinə töhmət kimi də cəlb oluna, işdən xaric də oluna bilər və bu intizam məsuliyyətinin, törədilən intizam xətasının ağırlığından asılıdır. Məktəb hesab edib ki, töhmət verməklə iş yekunlaşmalıdır, amma dəlillərin olduğu halda mən deyərəm ki, qaldırılacaq iddiada həm zərər vurma ilə bağlı öhdəliklər, həm də verilən intizam xətasının daha ağırlaşdırılması məktəbin üzərinə öhdəlik kimi qoyula bilər.”
Azyaşlı zərərçəkən bildirir ki, coğrafiya müəlliminin və 11-ci sinif şagirdinin ondan üzr istəməklərinə, müəllimin töhmət almasına, həmin şagirdlə profilaktik söhbətin aparılmasına baxmayaraq məktəbdə ona qarşı olan bu qısnama, bullinq aradan qalxmayıb, sadəcə şəkil dəyişdirib.
“Ümid edirəm ki, cinayət işi açıldıqdan sonra iş tam həllini tapacaq və mən, sistem mənə formal həllər yox, həqiqi həllər təklif edənə qədər mübarizəmi davam etdirəcəm”.
Hazırladı: Səhər Cahan
Powered by Froala Editor