K-POP: Azad Homoseksual Sevgi, yoxsa Modern Köləlik
Cənubi Koreya pop musiqisi haqqında məlumatı olmayan insan belə Gangnam Style-dan xəbərdardır. 1995-ci ildən etibarən sürətli yüksəliş dövrünə başlayan K-Pop 2012-ci ildə PSY-ın Gangnam Style-ı ilə dünya səviyyəsində məşhurluq qazandı.
01/Mar/19
4206
K-POP: Azad Homoseksual Sevgi, yoxsa Modern Köləlik
Cənubi Koreya pop musiqisi haqqında məlumatı olmayan insan belə Gangnam Style-dan xəbərdardır. 1995-ci ildən etibarən sürətli yüksəliş dövrünə başlayan K-Pop 2012-ci ildə PSY-ın Gangnam Style-ı ilə dünya səviyyəsində məşhurluq qazandı. Günümüzdə K-pop qrupları cəlbedici görünüşləri, bənzərsiz rəqsləri və daim rəqabətdə olan musiqiləri ilə dünyanın diqqətini üzərinə toplayıb.
Öyrəşdiyimiz stereotipləri qıran, bir-birindən rəngarəng saçları, parlaq makiyajları və incə bədən quruluşları ilə yeni nəsildə fərqli zövq anlayışı formalaşdıran K-pop-un özünəməxsus terminologiyası var. Bu terminologiyada diqqət çəkən məqamlardan biri homofob dünyada çox rahat qəbul edilən “şipper” anlayışıdır. Şipperlik – bir-birinə yaraşdırdığın iki məşhurun (K-pop-da idol) birlikdə olmasını arzulamaq, bunu açıq şəkildə bəyan etməkdir. Bu, dəstəkləmək anlayışı ilə qarışıq salına bilər, lakin dəstəkçilər özlərini şipper deyil, “supporter” adlandırırlar və sənətçilərin şəxsi seçimlərini real qəbul edirlər.
K-pop üçün şipper anlayışı əksər hallarda qruplar daxilində keçərlidir. Qeyd edim ki, Cənubi Koreyeda qruplar oğlan qrupları və qız qrupları şəklində olur və qarışıq qruplar nadirdir. Şipper fanat bir qrup daxilində bir və ya bir neçə cütlüyü (şip) dəstəkləyə bilər. Hər bir K-pop cütlüyünün şipper fanatlar tərəfindən seçilmiş müəyyən adları olur, bu adlar adətən ikisinin adlarının qısaltmasının birləşməsi şəklindədir. Kənardan baxdıqda gülünc və ya mənasız gələ bilər. Lakin qruplar daxilində üzvlər bir-birilə çox yaxındır və bu yaxınlıq xoreoqrafiyalarda rəqslərin uyğunlaşdırılmasından, səhnədə və kamera qarşısında üzvlərin bir-birini öpməsinə qədər müxtəlif formalarda özünü göstərir. Digər tərəfdən, şipper fanatların LGBTKİA fərdi və ya dəstəkçisi olduğu düşünülə bilər. Hətta K-pop icmasında qrupdaxili münasibətlər və fanatların yanaşması bizdə Cənubi Koreya cəmiyyətinin LGBTKİA fərdləri çox rahat qəbul etdiyi və hüquqlarını tanıdığı inancınını formalaşdıra bilər.
Ölkəmizdə, eləcə də dünyada K-pop ulduzlarını LGBTKİA ikonaları kimi qəbul edən qruplar heç də az deyil. Homoseksual cütlüklərə ilham verən şipper ənənəsinin qaranlıq tərəfinə nəzər salaq. Aparılan sorğular göstərir ki, şipperliyin heç də həmişə LGBTKİA ilə əlaqəsi yoxdur, bir qisim fanat bunu seksual fantaziya olaraq görür, böyük bir qisim üçün isə sevimli idolunun kənardan çıxacaq digər cinsdən olan sevgilisinin yerinə, öz qrup yoldaşı ilə münasibətdə olması daha qəbulediləndir.İzlədiyimiz rəngarəng kliplərdə, parlaq səhnə şoularında bizə göstəriləndən fərqli olaraq, Cənubi Koreya cəmiyyəti konservativdir və ölkədə LGBTKİA fərdlərin azadlıqları məhduddur. Ziddiyyətlidir, deyilmi? Cənubi Koreyada 1995-ci ildən etibarən modern musiqi və ümumən əyləncə sektoru əyləncə şirkətlərinin “himayəsi altında” formalaşmağa başladı. Bu şirkətlər erkən yaşlardan müxtəlif meyarlara görə:musiqi və rep ifaçılığı, rəqs, musiqi alətlərində ifa, cəzbedici görünüş və s. üzrə yeniyetmələri və gəncləri kəşf edib, öz şirkətlərinə cəlb edir və müqavilə imazalayır. Uzun illər davam edən təlimlər nəticəsində (bəzən 10 ildən uzun bir müddət) gənclər dəfələrlə seçim prosesindən keçir və ifaçılıq, rəqs, modellik və aktyorluq bacarıqlarına yiyələnirlər və nəhayət solo, əksər hallarda qruplar şəklində “şirkət məhsulu” kimi təqdim olunurlar. Əksər hallarda bu gənclərin səhnədəki görünüşündən və davranışından tutmuş, rəqslərin necə olacağına və kiminlə münasibət qurmalı olduğuna qədər hamısına şirkət qərar verir. Hətta bəzi müqavilələr şəxsi həyatın aşkarlığına və sevgi münasibətlərinə tamamilə qarşı çıxır. Şirkət müqaviləsini vaxtından tez bitirmək isə şirkətin səndən tələb etdiyi yüksək məbləğdə müavinətlə başlayıb, ölkədaxili albom satışına qadağa qoymağa qədər davam edir. Şirkətlərin sənətçilərə basqısının daha irəli səviyyədə olması 2017-ci ilin dekabr ayında intihar edən Shinee qrupunun üzvü Kim Jonq Hyunun intihar məktubu ilə ortaya çıxmış oldu. O, həmçinin LGBTKİA fərdlərə dəstəyini açıq ifadə edən nadir K-pop təmsilçilərindən biri idi.
Bizə gülünc və mənasız görünən şipperlik əyləncə şirkətlərinin əsas gəlir mənbələrindən biridir. Fanların dəstəklədiyi qrupdaxili cütlüklər şirkətlər tərəfindən fanservisə (fanatlara xoş təsir bağışlamaq və dəstəklədikləri cütlüyün real olma ehtimalını göstərmək üçün edilən davranışlar) məcbur edilirlər, lakin həmin fərdlərin həqiqətən münasibətdə olub-olmaması heç vaxt şirkətlər tərəfindən açıqlanmır. Hətta idol heteroseksual deyilsə, şipper olmayan fanatları itirməmək və ictimai qınaq qazanmamaq naminə cinsi oriyentasiyasını açıq şəkildə dilə gətirməsinə icazə verilmir. Fanservislər üzvlərin albom təqdimatları üçün edilən fotosesiyalarındakı pozadan tutmuş, səhnədə hansı hərəkətləri etmələrinə qədər şirkət tərəfindən müəyyənləşdirilə bilir. Fanservisin formalarından biri də xorioqrafiyalarda idola imtina haqqı tanımayan pornoqrafik elementlər və geyimlərdir ki, bununla da sənətçi seksual obyekt kimi istifadə olunur.
Beləcə, mənasız görünən bir detal insanların həyatını şirkətlərin əlində oyuncağa çevirir və onları olduqları şəxsdən fərqli davranmağa məcbur edir. Hər gün video saytlarında izlənmə sayı artan rəngarəng kliplərdəki rəngarəng görünən insanların həyatları heç də rəngarəng deyil. LGBTKİA adına dəstək hesab etdiyimiz davranışların əksəriyyəti şirkətlərin gəlir mənbəyini möhkəm tutmaq üçün fanatlara istədiklərini vermə siyasətidir.
Bəlkə də izləyib bəyəndiyimiz cütlüklərdən biri realdır, lakin səhnədə görünəndən fərqli olaraq, öz sevgilərini heç də aşkar yaşaya bimirlər, hətta əksinə, azad sevgidən məhrum edilirlər. Özünüz düşünün, azad homoseksual sevgi olaraq özümüzü inandırdığımız məcburi davranışlar, sizcə də, əyləncə şirkətlərinin modern köləlik sisteminin məhsulu deyilmi?
Müəllif: Raven