COP29 Gender və İqlim Tədbirində Transfobiya
Sərhədləri aşmaq: COP29 Gender və İqlim Tədbirində Transfobiya
26/Mar/24
2570
Sərhədləri aşmaq: COP29 Gender və İqlim Tədbirində Transfobiya
Müəllif: Aleks Şah
Martın 7-də BMT-nin Azərbaycan Nümayəndəliyi və ADA universitetinin birgə təşkilatçılığı ilə 29 iqlim söhbəti: “COP29”a gedən yolda “Gender və İqlim” fəaliyyəti adlı panel müzakirə təşkil olunub.
Müzakirədə rezident koordinator Vladanka Andreeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, millət vəkili və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, Gender Hub Azərbaycanın icraçı direktoru və COP29 təşkilat komitəsinin üzvü Məryəm Məcidova və jurnalist Anastasia Lavrina panelçi qismində çıxış ediblər.
Kuir fəal və iştirakçı kimi, tədbir zamanı gender və iqlim məsələləri ilə bağlı eksklüziv ritorika məni dəhşətə gətirirdi. Cis panelçilər gender mövzusunda yalnız cis qadınların problemlərini konservativ, eksklüziv aspektdən “həll etməyə” çalışırdılar. Bu xarakterli müzakirələrdə inklüzivlik və müxtəlifliyə kritik ehtiyac olmasına baxmayaraq, hökumət xadimlərindən ibarət panelistlər qeyri-binar və transların mövcudluğunu və təcrübələrini, görünür, hələ də həzm edə bilməyiblər.
Öz rəsmilərimizin mövqelərinə çoxdan bələd idik. Lakin BMT, AB və dövlətlərin səfirliklərindən olan nümayəndələrin səssizliyi və həmrəyliyi bir növ gözlənilməz qəbul edilə bilər.
Gender panelistlər tərəfindən kimliyin müxtəlifliyi nəzərə alınmadan binar bir şəkildə təqdim edildi. Bu nəzarət ikili olmayan və trans şəxslərin yaşadıqları təcrübələri silməklə yanaşı, həm də zərərli stereotipləri və ayrı-seçkiliyi davam etdirir.
Hegemon institutların rəsmilərinin hədəfi imtiyazlı gənclərin oxuduğu məkanda olanlara öz dəyərlərini bir daha sırımaq idi.
Panelin moderatoru Fariz İsmayılzadə edilən müzakirə barədə auditoriyadan rəy və suallar eşitmək istəyir. Bunu fürsət bilib öz rəyimi bildirmək üçün əlim daima göydə idi. Lakin ADA universitetinin vitse-rektoru kimə söz verəcəyini yaxşı bilirdi. Hətta öz tələbələrinin panelçilərə dəstək rəyləri onu daha da qürurlandırırdı. 10-a yaxın şəxsin fikrini ifadə edə bilmək şansı olmasına baxmayaraq bu şans mənə verilmədi.
Hətta əcnəbi rəsmilər mənə qarşı ədalətsizliyi sona yaxın hiss edə bildilər və Fariz bəyə baxışlarıyla bunu bir növ ifadə edə bildilər. Vitse-rektor hər kəsdən rəy ala bilmədiyini, amma panel bitəndən sonra panelçilərə yaxınlaşaraq kommunikasiya edə bilməcəyimizi vurğuladı. Əlbəttə, İsmayılzadə üçün iradlar qapalı səslənsə, daha əlverişlidir.
Panel bitdikdən sonra BMT Azərbaycan nümayəndəliyinin səfiri Vladanka Andreevaya yaxınlaşaraq axır ki, fikrimi bildirə bildim.
Aleks: “Salamlar, Andreeva, mənim adım Aleks Şahdır, LGBTQİ+ aktivisti və gənc yazaram, BMT-nin LGBTQİ+ hüquqları ilə bağlı siyasətinə dərin hörmətlə yanaşıram. Halbuki siz nitqinizdə genderi yalnız kişi və qadın kimi təyin edirsiniz. Amma bu zalda genderi nə kişi, nə də qadın olmayan iştirakçılar var. Trans icma yenə arxada qaldı. Sizə elə gəlmirmi ki, bu, nitqiniz icmanı dahada marginallaşdırır və beynəlxalq vədləri pozur?”
Andreeva: “Əzizim, səni yaxşı başa düşürəm, öz adımdan üzr istəyirəm. Bu, mənim səhvimdir və başa düşdüm.”
Aleks: “Mənim məqsədim sizin məndən üzr istəməyiniz deyil. Sizin iştirak etdiyiniz hər yerdə iştirak etmək imtiyazım yoxdur. Bu nitqlər tez-tez təkrarlanır və hazırda buna reaksiya vermək şansım oldu. Sadəcə sizlərə öz narahatlığımı və qırılğanlığımı bildirmək istəyirəm.”
Üzr istəmək, əlbəttə, kifayət deyil. Xanım Andreeva bu cür narahatlıqların əsas səbəblərini aradan qaldırmalı və bütün səslərin eşidildiyi və hörmət olunduğu əhatəli mühit yaratmalıdır.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyinin ölkədəki fəaliyyəti çərçivəsində heç bir LGBTQ+ fokuslu və ya əhatəli iş yoxdur.
Beynəlxalq insan haqları və iqlim təşkilatları, habelə BMT nin İnsan haqları Ali komissarlığı, hökumətlər, və siyasilər Azərbaycanda fundamental hüquqların kəskin pozulduğunu, hökümətin müstəqil mediaya və tənqidi fikirə qarşı təzyiqindən dərin narahatlıqlarını bildirirlər. Onlar Azərbaycanı “ COP 29”
beynəlxalq tədbirinə ev sahibliyi etməyə layiq görmədiklərini qeyd edirlər.
Powered by Froala Editor