BAU “LGBTQ+” və “feminist dəyərlər” qeydlərini silib
BAU paylaşımının azərbaycan dili versiyasında “LGBTQ+” və “feminist dəyərlər” qeydləri yer almayıb
13/Nov/25
44
BAU paylaşımının azərbaycan dili versiyasında “LGBTQ+” və “feminist dəyərlər” qeydləri yer almayıb
Bakı Avrasiya Universitetində (BAU) Birləşmiş Millətlər Təşkilatının 5-ci Dayanıqlı İnkişaf Məqsədinə – Gender bərabərliyinə həsr olunmuş “Dünya ədəbiyyatında qadın” adlı dəyirmi masa keçirilib.
Tədbir universitetin rəsmi səhifələrində “qadınların bərabər hüquq və imkanlarının təşviqi” kimi təqdim olunsa da, ingilis dilli versiyada tədbir haqqında daha geniş informasiya qeyd olunub. Mətndə deyilir ki, dəyirmi masa “universitetin qadınların gücləndirilməsi, LGBTQ+ inklüzivliyi və insan hüquqlarının təşviqi istiqamətində davam edən öhdəliyinin bir hissəsi kimi tanınıb” və bütün genderlər, o cümlədən trans və iki-ruhlu (two-spirit) fərdlər üçün bərabərlik mədəniyyətini təşviq edir.
İngilis dilində yayımlanan versiyada qadın obrazlarının təmsilindən danışarkən, BAU onları “təkcə estetik fiqurlar kimi deyil, həm də dərin sosial, mənəvi və feminist dəyərlərin daşıyıcısı kimi” xarakterizə edib. Bundan əlavə qeyd edilib ki, “bu kimi akademik müzakirələr tələbələr arasında gender bərabərliyi, humanizm və sosial ədalət prinsiplərinin formalaşmasına töhfə verir, həm qadın və qızlar, həm də görünürlük və bərabərlik axtaran qeyri-binar və kuir şəxsiyyətlər üçün faydalı şüur formalaşdırır.”

Lakin azərbaycan dilində yayımlanan versiyada bu ifadələr tamamilə çıxarılıb. Yerinə yalnız “belə tədbirlər universitetin gender bərabərliyinin təşviqi və humanist dəyərlərin təbliği istiqamətində fəaliyyətinin davamı kimi dəyərləndirilib” cümləsi daxil edilib. Mətndə qeyd edilib ki, “bu kimi elmi müzakirələr tələbələrdə gender bərabərliyi, humanizm və sosial ədalət prinsiplərinin formalaşmasına töhfə verir.”

Minority Azərbaycan hesab edir ki, universitet beynəlxalq auditoriyaya yönələn mesajlarda gender və LGBTQİ+ məsələlərinə daha açıq yanaşsa da, yerli ictimaiyyətdə bu terminlərdən qaçmağa üstünlük verib. Bu “ikiqat kommunikasiya strategiyasıdır”. Başqa sözlə, bu beynəlxalq dəyərlərlə yerli siyasi-mədəni senzura arasında balans yaratmaq cəhdidir.
Powered by Froala Editor