Almaniyada futbol hakimi Pascal Kaiser evində hücuma məruz qaldığını açıqlayıb

9 fevral 2026-cı ildə Almaniyada yerli və beynəlxalq media orqanları Köln–Volfsburq oyunundan sonra meydançada sevgilisinə evlilik təklifi edən hakim Pascal Kaiser-in bir həftə sonra evinin həyətində hücuma məruz qaldığını yazıb. Hadisə Köln şəhərində baş verib və Kaiser təklifdən sonra təhdidlər aldığını bildirib.

Fransanın L’Equipe nəşrinin məlumatına görə, Kaiser polisə müraciət edərək təhlükəsizliklə bağlı narahatlığını ifadə edib. Lakin daha sonra o, üç nəfər tərəfindən evinin bağçasında fiziki hücuma məruz qaldığını deyib. Kaiser sosial şəbəkə hesabında gözünün zədələndiyini göstərən foto paylaşıb və hücumun səbəbini meydançada etdiyi açıq və görünən evlilik təklifi ilə əlaqələndirib.

Hadisədən əvvəl Kaiser Almaniya Bundesliqasında Köln klubunun oyununda 50 min azarkeş qarşısında uzunmüddətli partnyoru Moritz-ə evlilik təklifi etmişdi. Klubun rəsmi paylaşımında onun üç il əvvəl açıq şəkildə kuir kimliyini elan etdiyi və görünənlik yaratmaq istədiyi qeyd olunmuşdu. Kaiser stadionda “Gizlənmək istəmirəm. Görünən olmaq istəyirəm” sözlərini demişdi.

Hazırda hücumla bağlı istintaqın detalları ictimaiyyətə tam açıqlanmayıb. Hücum edən şəxslərin kimliyi və saxlanılıb-saxlanılmadığı barədə rəsmi məlumat verilməyib. Kaiser uzun illər aşağı liqalarda hakimlik edib və daha əvvəl verdiyi müsahibələrdə futbol mühitində LGBTQİ+ görünənliyinin vacibliyini vurğulayıb.

Powered by Froala Editor