Deputat Azərbaycanda LGBTQİ+ ilə bağlı qanunların sərtləşdirilməsinə çağırıb
Milli Məclisin deputatı Cavanşir Paşazadə azxeber.com-a açıqlamasında LGBTQİ+ları “heç bir cəmiyyətə arzu olunmayan” qrup kimi təqdim edib
24/Feb/26
52
Deputat Azərbaycanda LGBTQİ+ ilə bağlı qanunların sərtləşdirilməsinə çağırıb
Türkiyədə LGBTQİ+ ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Layihədə LGBTQİ+ açıq şəkildə təşviq edən şəxslər üçün 1 ildən 3 ilədək həbs cəzası, icazəsiz gender adaptasiya prosedurlarına görə isə həm əməliyyat olunan şəxslər, həm də həkimlər üçün daha sərt sanksiyalar nəzərdə tutulur. Eyni cinsdən olan şəxslərin nişan və toy mərasimlərinin təşkili də qadağan edilə bilər. Layihə hələ müzakirə mərhələsindədir və yekun qərar qəbul olunmayıb. Bu təşəbbüs fonunda Azərbaycanda da oxşar məhdudiyyətlərin sərtləşdirilməsi məsələsi ictimai müzakirəyə çıxarılıb.
Milli Məclisin deputatı Cavanşir Paşazadə azxeber.com-a açıqlamasında LGBTQİ+ları “heç bir cəmiyyətə arzu olunmayan” qrup kimi təqdim edib və onların görünənliyini gənclərin gələcəyi üçün təhlükə kimi xarakterizə edib. O, mətbuatda və televiziyalarda LGBTQİ+ mövzularının müzakirəsini “təbliğat” adlandırıb, qanunvericiliyin və ictimai nəzarətin gücləndirilməsini, LGBTQİ+larla bağlı cəzaların sərtləşdirilməsini təklif edib.
Paşazadə açıqlamasında deyib:
"Bu məcmüədən olan insanları heç bir cəmiyyətə və dövlətə arzu etməzdim. Azərbaycan cəmiyyətində belə məsələlərin formalaşması və insanların buna inteqrasiya etməsi gənclərin gələcəyinin məhvinə gətirib çıxara bilər. Bu isə bizə yaraşan bir hərəkət deyil. Azərbaycan demokratik bir dövlətdir və demokratiya prinsiplərinə əsaslanır. Ola bilsin ki, qanunda digər dövlətlərin təcrübəsinə uyğun olaraq müəyyən qaydalar qəbul olunub. Lakin daxildə cəmiyyətin və dövlətin gələcəyi baxımından bu məsələlər qəbuledilməzdir. Çünki burada insanların, vətəndaşlarımızın və xüsusilə gənclərimizin gələcəyi birbaşa təsir altındadır”.
Deputatın açıqlamaları kuir kimliklərin ictimai təhlükə, mənəvi risk və “gənclərə təsir” kontekstində çərçivələndirildiyini göstərir. Bu cür ritorika LGBTQİ+ları fərdi hüquq subyekti kimi deyil, kollektiv “problem” kimi təqdim edir və onların görünənliyini, ifadə azadlığını və ictimai mövcudluğunu legitim müzakirə predmetindən çıxarır. Eyni zamanda media və rəqəmsal məkanın xüsusi vurğulanması kuir mövzuların onlayn platformalarda ifadəsinin də potensial nəzarət və məhdudiyyət obyekti kimi dəyərləndirildiyini göstərir.
Azərbaycan kontekstində isə deputatın cəzaların sərtləşdirilməsi ilə bağlı çağırışları kuir insanların onsuz da məhdud olan təhlükəsizliyinə və ifadə imkanlarına dair suallar yaradır. LGBTQİ+ mövzularının “mənəvi dəyərlərə zidd” kimi təqdim edilməsi uzun müddətdir müşahidə olunan ictimai stiqmalama xəttini davam etdirir və hüquqi təşəbbüslər üçün zəmin formalaşdıra bilər.
Powered by Froala Editor