Seneqal Baş Naziri eyni-cinsli münasibətlərə görə həbs müddətini iki dəfə artıran qanun layihəsi təqdim edib

25 fevral 2026-cı il tarixində Seneqal Baş Naziri Ousmane Sonko eyni-cinsli münasibətlərə görə azadlıqdan məhretmə cəzasının yuxarı həddini hazırkı beş ildən on ilə qədər artıran qanun layihəsini parlamentə göndərib. Qanun layihəsi kabinet tərəfindən təsdiqləndikdən bir həftə sonra parlamentə çatdırılıb. Bu, fevral ayı ərzində müvafiq qanunlarla 30-a yaxın insanın həbs edildiyi dalğanın ardından baş verib. Qərbi Afrikanın əsasən müsəlman ölkəsindəki bu addım artıq qadağan olan eyni-cinsli münasibətlərə dair cəzanı kəskin şəkildə artırıb və LGBTQİ+ların hüquqi vəziyyətini daha da ağırlaşdırıb.

Qanun layihəsi eyni-cinsli münasibətləri "təbiətə qarşı hərəkət" kimi təsnif edir.  Bu ifadə kuir insanların kimliyini cinayətkarlıq çərçivəsində təqdim edir və onları düzəliş tələb edən bir anomaliya kimi göstərir. Belə bir dil, şəxsi münasibətləri dövlət nəzarətinin predmetinə çevirir. Diqqəti çəkən məqam odur ki, qanun yalnız şəxsi münasibətləri deyil, eyni-cinsli münasibətləri "təbliğ etməyi" və ya "müdafiə etməyi" də cəzalandırır və üç ildən yeddi ilə qədər həbs müddəti nəzərdə tutulur. Bu o deməkdir ki, hüquq müdafiəçiliyi, jurnalistika və ictimai mövqe bildirmə, yəni kuir insanların görünən olması da cəzalandırıla bilər. 

Seneqal əhalisinin böyük əksəriyyəti müsəlman olan konservativ bir ölkədir. Eyni-cinsli münasibətlər burada əvvəldən qadağan idi. 2024-cü ildə baş nazir vəzifəsinə gətirilməzdən əvvəl Sonko eyni-cinsli münasibətlərin cinayət sayılacağını vəd etmişdi. Bu qanun layihəsi Afrikada geniş bir regional trendin bir hissəsidir. Belə ki, 2024-cü ildə Mali, 2025-ci ildə Burkina-Faso oxşar qadağaları tətbiq edib. 2023-cü ildə isə Uganda ölüm cəzasını da nəzərdə tutan dünyada ən sərt anti-homoseksual qanunlardan birini qəbul edib. Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı Seneqaldakı son basqının bərabərlik və ayrı-seçkilik qadağası da daxil olmaqla, bir sıra beynəlxalq qorunan hüquqları pozduğunu bildirib. 

Powered by Froala Editor