Braziliyada açıq gey siyasətçi prezidentliyə namizəd olmaq niyyətini bəyan edib

Braziliyanın Rio-Qrande-du-Sul ştatının qubernatoru Eduardo Leite 2026-cı il prezident seçkilərində PSD (Sosial Demokratlar) partiyasından namizədliyini irəli sürmək niyyətini rəsmi olaraq açıqlayıb. 2021-ci ildə teleintervyuda açıq gey olduğunu elan edərək Braziliya tarixində ilk açıq gey qubernatora çevrilən Leite, bu seçkilərdə qalib gələrsə, ölkənin ilk açıq gey prezidenti ola bilər.

Leite dərc etdiyi "Braziliya Manifesti"ndə institusional islahatları, siyasi qütbləşmənin aradan qaldırılmasını, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizəni əsas prioritetlər kimi müəyyənləşdirib. O, ölkənin ideoloji qarşıdurma deyil, "inkişafın yeni dövrü"nə ehtiyac duyduğunu vurğulayıb.

LGBTQİ+ icması üçün bu hadisənin əhəmiyyəti yalnız simvolik deyil. Açıq gey bir siyasətçinin ən yüksək dövlət vəzifəsi uğrunda rəsmi yarışa qoşulması, xüsusilə Bolsonaru dövründə kəskin şəkildə güclənmiş homofob siyasi mühitin fonunda, LGBTQİ+ görünənliyinin legitim siyasi məkana daxil olması baxımından mühüm bir göstəricidir. 

Braziliya LGBTQİ+ hüquqları sahəsində qanunvericilik nailiyyətləri olan ölkələrdən biri olsa da, siyasi mühit ziddiyyətli olaraq qalır. Bolsonaru dönəmində icmaya qarşı ritorika güclənmiş, bəzi əyalətlərdə hüquq tətbiqi praktikası pisləşmişdi. PSD-nin aprel ayında namizəd barədə qərar verəcəyi gözlənilir. Leite partiya daxilində Parana qubernatoru Ratinyu Junior və Qoyas qubernatoru Ronaldu Kayadu ilə rəqabət aparır.

Powered by Froala Editor