Azad seçim yoxsa risklərlə çərçivələnmiş qərar? Azərbaycanda kuirlərin karyera seçimləri

Müəllif: Nil

Karyera seçimi deyərkən çox vaxt şəxsi maraq, bacarıq və ambisiyaların yönləndirdiyi istiqamətdə peşə seçimi etmək başa düşülür, amma hər kəs üçün bu seçim eyni dərəcədə azad deyil. Bəzən insanlar seçim etməzdən əvvəl nələri seçə bilməyəcəklərini də nəzərdən keçirdikdən sonra qərar verirlər. LGBTQİ+lar üçün əmək bazarına daxil olmaq və orada istiqamət seçmək prosesi də çox vaxt bu cür məhdudiyyətlərlə formalaşır. Belə ki, onlar qərar mərhələsində “mən nəyi istəyirəm” deyə düşünməklə yanaşı, “hansı peşə və ya iş yeri mənim üçün daha təhlükəsizdir?’’ sualının cavabını da tapmalı olurlar. Beləcə, arzuladıqları sahələrə yönəlmək imkanları məhdudlaşır.

Bu məhdudiyyətlər çox vaxt açıq şəkildə ifadə olunmur, daha çox qərəzlər və əvvəlcədən hesablanan risklər şəklində ortaya çıxır. Məsələn, bəzi iş mühitlərinin daha “təhlükəsiz” kimi qəbul olunmasının səbəbi burada şəxsi həyat haqqında daha az sual verilməsi, görünənliyinn daha aşağı olmasıdır. Bu səbəbdən bir çox kuir IT, freelancing və ya kreativ sahələr kimi nisbətən daha çevik və uzaqdan işləmək imkanı olan istiqamətlərə yönəlir. Digər tərəfdən isə daha sərt qaydaların və sosial nəzarətin olduğu sahələr əvvəldən istisna edilir. 

“LGBTQ-lər üçün hər iş yerində eyni rahatlığı tapmaq mümkün olmur.”

Azərbaycanlı kuirlərin bu mövzuda rastlaşdığı məhdudiyyətlərlə bağlı obyektiv məlumatın olmaması isə problemi daha da görünməz edir, bununla da, həll yolu tapmaq daha da çətinləşir. Tendensiyanı daha yaxşı anlamaq üçün müxtəlif sahələrdə çalışan kuirlərlə aparılan söhbətlər göstərir ki, karyera seçimləri çox vaxt şəxsi maraqların deyil, mümkün risklərin qiymətləndirilməsi ilə formalaşır. Əvvəlcədən qeyd etmək lazımdır ki, müsahibə iştirakçılarının adları konfidensiallığın qorunması naminə şərti olaraq yazılıb.

İlk müsahibimiz qrafik dizayner kimi çalışan, kursda dizayn və ofis proqramları dərslərini tədris edən lezbiyan qadın Rənadır. Rəna bildirir ki, bu sahəni seçərkən həm təhlükəsizliyi, həm də öz maraqlarını nəzərə alıb. Onun sözlərinə görə uşaqlarla işləməyi və biliklərini paylaşmağı həmişə sevdiyi üçün kursda işləmək ona həm rahat mühit, həm də özünü sərbəst ifadə etmək imkanı verib. Seçim edərkən uzaq durduğu sahələr və peşələrdən danışan zaman isə bildirib ki, çox konservativ və ya ciddi korporativ mühitlərdə işləmək onu narahat edir, çünki belə işləri özü üçün əlverişli hesab etmir. O, kimliyinin də karyera istiqamətlərinə təsir etdiyini düşür: “Bəli, açıq şəkildə kimliyimin qərarlarıma təsir etdiyini düşünürəm. LGBTQ-lər üçün hər iş yerində eyni rahatlığı tapmaq mümkün olmur. Buna görə də, daha tolerant və açıq düşüncəli kollektivlərin olduğu yerləri seçməyə çalışmışam. Bu da seçimlərimi müəyyən qədər məhdudlaşdırıb. Mənim üçün təhlükəsiz iş yalnız maddi sabitliklə kifayətlənmir. Eyni zamanda, orada özümü gizlətmədən, kim olduğumdan qorxmadan işləyə bilmək də önəmlidir. Rəhbərliyin — mənimlə həmyaşıd qadın olduğuna görə daha rahatam — və kollektivin anlayışlı olması mənim üçün maaş qədər önəmlidir.” Əvvəlki iş yerlərindəki təcrübələri ilə bağlı danışarkən o bildirir ki, birbaşa diskriminasiyaya məruz qalmasa da, bunu dolayı şəkildə hiss etdiyi məqamlar olub. Xüsusilə daha rəsmi və konservativ mühitlərdə insanların daha mühakiməedici olduğunu deyir. İstədiyi bəzi vakansiyalara müraciət etməkdən qaçındığı hallarda isə öz psixoloji rahatlığını riskə atmaq istəməməyi əsas səbəblərdən biri olub. 

“Abituriyent olmazdan əvvəl əsas istəyim inşaat mühəndisi olmaq idi, lakin böyüdükcə fərqli olduğum üçün məktəbdə məruz qaldığım təcridlər fikrimi dəyişdirdi.”

Digər müsahibimiz proqram təminatı üzrə mütəxəssis olan Dənizdir. Dəniz özünü qeyri-binar olaraq müəyyən edir. O, hazırda işlədiyi sahəni sevərək burada bacarıqlı olduğunu düşünsə də, uşaqlıq arzusunun inşaat mühəndisi olmaq olduğunu bildirir: “Abituriyent olmazdan əvvəl əsas istəyim inşaat mühəndisi olmaq idi, lakin böyüdükcə fərqli olduğum üçün məktəbdə məruz qaldığım təcridlər fikrimi dəyişdirdi. Hətta aşağı və orta siniflərdə yaxın olduğum sinif yoldaşlarım belə artıq mənimlə danışmır, mənimlə görünməkdən utanırdılar. Abituriyent olduqdan sonra ürəyimdə inşaat mühəndisliyini istəsəm də, ixtisas seçimində fikrimi dəyişərək kompüter elmləri ixtisasını yazdım.” O, kimliyinin birbaşa karyera istiqamətinə təsir etdiyini düşünür, çünki inşaat mühəndisliyinin Azərbayacanda kişilərin üstünlük təşkil etdiyi sahə olduğunu nəzərə alaraq əgər bu ixtisası seçərsə, gələcək iş yoldaşları tərəfindən qəbul edilməyəcəyini, briqadadakı işçilərin ona bir şəxsiyyət və peşəkar kimi hörmət etməyəcəyindən çəkindiyi üçün daha təhlükəsiz hesab etdiyi kompüter elmlərini seçib: “Hazırda işlədiyim sahəni də sevir və bu işdə bacarıqlı olduğumu düşünürəm. Təbii ki, bizim kimi insanlar üçün az qala bütün iş mühitlərində risklər mövcuddur, ona görə də, müqayisədə özümüz üçün ən təhlükəsiz olanları maraq və bacarıqlarımızla düz mütənasib şəkildə seçmək bəzən çətin olur. İndi seçdiyim sahədə də kişilər daha çoxdur. Hətta universitet illərimdə məktəbdəki qədər olmasa da, qrup yoldaşlarımdan ayrı-seçkilik görürdüm, lakin universitetdə mühit daha dözülən idi. Əlavə olaraq, oxuduğum ixtisas frilans və uzaqdan iş rejimi kimi bir çox imkanları ehtiva edən sahə olduğu üçün müdrik qərar verdiyimi düşünürəm.” Dəniz işə müraciət zamanı da kimliyinin onun seçimlərini məhdudlaşdırdığını bildirir. Onun sözlərinə görə, dövlət orqanlarında və böyük, köklü şirkətlərdə işləməyə bacarıqları və bilikləri imkan versə də, vakansiyalara müraciət edən zaman belə yerlərdən uzaq durur. “İT sahəsində 10 ilə yaxın təcrübəm var, lakin yenə də yüksək maaş təklif edən tanınmış şirkətlərdə və qurumlarda iş müraciəti etməkdən qaçınıram, kimliyimin burada görəcəyim işdən daha ön planda olacağını düşünürəm və social təşvişi olan bir insan olaraq bu, məni qorxudur. Hazırda işlədiyim yerdə isə daha rahatam, həm kollektivlə aram yaxşıdır, həm də həftənin iki günü istisna olmaqla, evdən işləyirəm. Bu həm işləyərkən özümü rahat hiss etməyimə, həm də özümə vaxt ayırmağıma şərait yaradır”. 

“Düşünürəm ki, onlar artıq bizim varlığımıza öyrəşiblər.”  

Başqa bir həmsöhbətimiz çağrı mərkəzində müştəri təmsilçisi vəzifəsində işləyən və özünü qeyri-binar olaraq müəyyən edən Firadır. Fira fərqli sahədə ali təhsil aldığı halda iş tapa bilmədiyi üçün burada işlədiyini bildirir, lakin alternativ olaraq çağrı mərkəzini seçməyinin səbəbinin də birbaşa kimliyi ilə əlaqəli olduğunu düşünür: “Çağrı mərkəzində işləməkdən, sözün açığı, həzz almıram. Böyük bir şirkətin müştəri şikayətləri ilə bağlı olan zənglərini qəbul edirik və bəzən bu zənglərin ardı-arası kəsilmir. Bəzi zamanlar iş yükü o həddə çatır ki, fasiləyə belə çıxa bilmirik, daha pisi, menecerlərimiz zənglərin sayı çox olduqda fasilələrə çıxmağımızı məhdudlaşdırırlar. Hər gün onlarla insanla danışıb onların problemlərini həll etməyə çalışırıq, bəziləri çox aqressiv davranır, bəziləri qeyri-etik suallar verirlər. Buna baxmayaraq, hələ ki bir müddət burada işləyəcəyimi düşünürəm, çünki özümə uyğun iş tapmaq çətindir. Buranın müsbət tərəfi odur ki, komandada mənim kimi kuir dostlar var və şirkət daxilində hər hansı açıq diskriminasiyaya və ya kimliyimizlə bağlı kobud rəftara məruz qalmamışıq. Düşünürəm ki, onlar artıq bizim varlığımıza öyrəşiblər. Bu işin digər yaxşı tərəfi də müştərilərlə üz-üzə gəlməməyimizdir. Əminəm ki, zəngdə əsəbi olan müştərilər real həyatda mənimlə daha kobud danışmağa da cəsarət edəcəklər.” Fira əvvəl işlədiyi yerlərdə təcrübələrindən bəhs edərkən bildirir ki, həm iş yerlərindəki haqsızlıq, həm də gender kimliyinə göstərilən dözümsüzlüklərə görə əvvəl işlədiyi yerlərdən qısa müddət sonra çıxıb. O, diskriminasiya ilə sadəcə işləyərkən deyil, iş müsahibələrində də rastlaşıb. Onun sözlərinə görə, tələbə olduğu zaman təhsil xərclərinin qarşılanmasında anasına kömək etmək istədiyi üçün girmək istədiyi ofisiant və satıcı işlərində işəgötürənlər onun kimliyinə görə çox qərəzli davranaraq onunla işləməkdən imtina ediblər. 

"Mən böyüyəndə qadınların hüquqlarını qoruyacam və hansısa kişinin onları incitməyinə icazə verməyəcəm."

Sonuncu müsahibimiz isə sosial işçi kimi çalışan Leyladır. Onun karyera istiqamətini müəyyən etməkdəki motivasiyası isə başqadır. O, zərərçəkən qadınlara dəstək olmaq üçün bu sahəni seçdiyini bildirir: “⁠Təqribi 8-9 yaşım olanda, ailəlikcə televiziyada xəbərlərə baxırdıq. Xəbərin birində əri tərəfindən öldürülən bir qadın haqqında qonşularından müsahibə alınmışdı. Xatırlayıram ki, o müsahibədə heç bir qonşu və ya qohum kişinin bu davranışı pisləmirdi, əksinə onun cəmi 5 il həbs cəzası verilməsinə heyifsilənirdilər. Bunun səbəbi isə sadəcə kişinin "namus üstündə" törətdiyi femisidin haqlı olduğunu düşünməkləri idi. Bu xəbər məni çox qəzəbləndirmişdi və ən pisi və qorxuncu isə atamın da bu düşüncədə olması idi. Çünki o da eyni ilə bu tip düşünən insanlar kimi məni və anamı bir gün öldürə bilərdi. O vaxtdan bəri bu xəbər barədə fikirləşirdim və ətrafımda olanların da hər zaman qadınları günahlandırmasına və onlara təzyiq göstərməsinə artıq əvvəlki kimi normal( bir uşağın nöqteyi-nəzərindən) baxa bilmirdim. O zamandan sonra özümə və ətrafımda olan qadınlara eyni sözləri təkrarlayırdım - "Mən böyüyəndə qadınların hüquqlarını qoruyacam və hansısa kişinin onları incitməyinə icazə verməyəcəm". O vaxtdan etibarən mübarizəm kiçik də olsa, başlamışdı. İllər keçdi və mən feminist sosial işçi olmağa qərar verdim. Sonra isə qadın və kuir hüquqları üzrə illərlə sosial işçi kimi işləməyə davam etdim və bu minvalda bir çox insanın həyat hekayəsini birlikdə onlar üçün yaxşı yöndə dəyişdirə bildik.” O, mübarizəsinin peşə seçiminə təsir etdiyini düşünür. Həm özünə, həm anasına, həm də digər qadınlara edilən zorakılıqlara qarşı olan mübarizəsinin onun kimliyini də formalaşdırdığını bildirir. Buna baxmayaraq o, sevdiyi peşəsi ilə məşğul olarkən də ayrı-seçkiliklə qarşılaşdığını deyir: “⁠Peşə fəaliyyətimlə məşğul olarkən ayrı-seçkiliklə qarşılaşmışam, xüsusilə də həmkarlarım töhfələrimi və gördüyüm işləri aşağı qiymətləndirirdi, çünki mən başqalarına itaət etmək istəmirdim. Nəyə nail olmağımdan və nə qədər çalışmağımdan asılı olmayaraq, dəyərimin itirildiyi hiss olunurdu, çünki sadəcə izdihamı izləmək əvəzinə, özüm üçün düşünməyi seçmişdim və bu da iş yerində bacarıq ölçüsü deyil, uyğunlaşmamaq kimi qiymətləndirilirdi.”

Bu bir-birindən fərqli hekayələr göstərir ki, karyera seçimləri təkcə fərdi maraq və bacarıqlarla deyil, eyni zamanda, mümkün risklərin əvvəlcədən qiymətləndirilməsi ilə formalaşır. Müsahiblərin bir çoxunun təcrübələrində ortaq olan məqam onların seçim etməzdən əvvəl müəyyən sahələri özləri üçün “uyğun deyil” kimi dəyərləndirməsidir. Bu isə açıq qadağalardan daha çox, gözlənilən münasibət, mühit və təhlükəsizlik hissi ilə bağlıdır. Beləliklə, seçim prosesi geniş imkanlar arasından seçim etməkdən çox, potensial riskləri minimuma endirmək üçün dar çərçivədə qərar verməyə çevrilir. 

Eyni zamanda, bu təcrübələr hər kəs üçün eyni şəkildə baş vermir. Daha çox resurslara, təhsilə və ya uzaqdan işləmək imkanlarına çıxışı olan şəxslər nisbətən daha çevik sahələrə yönələ bilirlər. Digər tərəfdən isə bu imkanlardan məhrum olan insanlar üçün seçimlər daha da məhdudlaşır və bəzən uyğun olmayan iş mühitlərində qalmaq məcburiyyətinə çevrilir. Bu baxımdan karyera seçimləri yalnız kimliklə deyil, eyni zamanda sosial və iqtisadi faktorlarla da sıx bağlıdır.

Beləliklə, LGBTQİ+ların karyera seçimləri çox vaxt “nə etmək istəyirəm?” sualından daha çox “harada özümü təhlükəsiz hiss edə bilərəm?” sualına verilən cavabla formalaşır. Bu isə göstərir ki, seçim kimi görünən bir çox qərar əslində əvvəlcədən müəyyən edilmiş məhdudiyyətlər daxilində verilir. Bu məhdudiyyətlər aradan qalxmadıqca, əmək bazarında bərabər imkanlardan danışmaq da çətin olaraq qalır.

Powered by Froala Editor