Daxili düşmən obrazı kimi LGBTQ+: 2023-cü ildən sonra Azərbaycan hökumətyönümlü mediasında nifrət ritorikası və onun siyasi funksiyası

Müəllif: Gülnara Mehdiyeva

2023-cü ilin ikinci yarısından etibarən Azərbaycanda siyasi repressiyaların yeni mərhələsi başlayıb. Onlarla jurnalist, hüquq müdafiəçisi, ictimai və siyasi fəallar saxlanılıb, qeyri-hökumət təşkilatlarına qarşı cinayət işləri açılıb. Bu proseslə paralel olaraq hökumətyönümlü mediada LGBTQ+ icmasına qarşı ritorika daha sistemli, daha siyasi və daha təhlükəsizlikləşdirilmiş forma alıb.

Məsələn, APA agentliyinin və Qafqazinfo-nun xəbərlərində “LGBT, feministlər və No-Warçılar” kimi qruplaşdırılan şəxslər “Qərbin Azərbaycana qarşı ideoloji silahı”, “milli dəyərlərə yönəlmiş təhlükə” kimi təqdim  olunub. Report.az isə “USAID-in dağıdıcı şəbəkəsi” və “AŞPA-nın Azərbaycandan tələbi: milli dəyərlərdən imtina” başlıqlı analizlərlə bu ritorikanı möhkəmləndirib.

Beləliklə, LGBTQ+ icmasının demonizasiyası təkcə sosial qərəz ifadəsi deyil, hakimiyyətin legitimlik diskursunun mərkəzi alətinə çevrilib. Bu araşdırmanın məqsədi 2023-cü ilin iyunundan 2025-ci ilin aprelinə qədər olan dövrdə Azərbaycan hakimiyyətinin LGBTQ+ mövzusunu necə “daxili düşmən” obrazı kimi qurduğunu və bu nifrət ritorikasının hansı siyasi funksiyaları daşıdığını təhlil etməkdir.

Nəzəri çərçivə

Avtoritar rejimlərdə “daxili düşmən” obrazı hakimiyyətin öz mövqeyini qorumaq və cəmiyyətdə səfərbərlik yaratmaq üçün istifadə etdiyi mühüm ideoloji mexanizmlərdən biridir. Hannah Arendt totalitar sistemlərdə “təhlükə narrativi”nin və “düşmən konstruksiyası”nın sosial nəzarət üçün necə istifadə olunduğunu göstərirdi. Bu məntiqdə hakimiyyət öz legitimliyini təhlükə qarşısında “müdafiəçi” rolunu oynamaqla əsaslandırır.

Stanley Cohen-in “moral panic”  (“mənəvi təşviş”) konsepsiyası bu prosesi izah etmək üçün faydalıdır. Bu modelə görə, cəmiyyətə mənəvi böhran hissi aşılanır, konkret bir qrup isə “ictimai nizamı”, “ailə dəyərlərini” və ya “milli əxlaqı” pozan təhlükə kimi təqdim olunur. Avtoritar sistemlərdə belə qruplar çox vaxt marjinallaşdırılmış azlıqlar olur: miqrantlar, feministlər, LGBTQ+lar və digər sosial qruplar.

Noam Chomsky və Edward Hermanın “manufacturing consent” (“razılığın istehsalı”) modeli isə bu düşmən obrazının media vasitəsilə necə formalaşdırıldığını anlamağa imkan verir. Hökumətyönümlü informasiya sistemləri ictimai fikri yönləndirmək üçün “təhlükə”, “əxlaq”, “vətənpərvərlik”, “milli dəyərlər” kimi simvollarla manipulyasiya edir. Bu zaman repressiyalar “təzyiq” kimi yox, “müdafiə tədbiri” kimi təqdim olunur.

Postsovet kontekstində bu mexanizmlər çox vaxt “milli və mənəvi dəyərlərin qorunması” ritorikası altında tətbiq olunur. Rusiyada “LGBTQ təbliğatı”na qarşı qanunlardan tutmuş Orta Asiyadakı “ənənəvi ailə” kampaniyalarına qədər oxşar model işləyir: hakimiyyət öz avtoritar nəzarətini “dəyərlərin müdafiəsi” kimi təqdim edir. Azərbaycan hökumətyönümlü mediasında da LGBTQ+ mövzusunun bu şəkildə çərçivələnməsi regional anti-liberal diskursun davamı kimi görünür.

Metodologiya

Araşdırma diskurs analizi yanaşması ilə aparılıb. Məqalədə 2023-cü ilin ikinci yarısından 2025-ci ilin aprelinə qədər olan dövrdə dərc olunmuş və LGBTQ+ mövzusunu siyasi repressiya, xarici təsir, QHT-lər, media qurumları və ya seçki müşahidəçiliyi ilə əlaqələndirən hökumətyönümlü media materialları təhlil edilib.

Bunun üçün mətn daxilində 25 məqaləyə/materiala istinad olunur. Materiallar əsasən “LGBT”, “LGBT+”, “LGBTQ+” kimi açar sözlər vasitəsilə seçilib. Axtarış Qafqazinfo.az, Musavat.com, Report.az, APA.az, Lent.az və Milli.az saytlarında aparılıb.

Seçim meyarı məqalələrdə LGBTQ+ mövzusunun müstəqil hüquq məsələsi kimi deyil, siyasi repressiya, xarici təsir, QHT sektoru, müstəqil media, seçki müşahidəçiliyi və ya beynəlxalq təşkilatlarla əlaqələndirilərək təqdim edilməsi olub.

Analiz üç əsas istiqamət üzrə aparılıb:

  1. LGBTQ+ “mənəvi təhlükə” kimi;

  2. LGBTQ+ “xarici təsir və qrant şəbəkəsi” kimi;

  3. LGBTQ+ “milli təhlükəsizlik və daxili düşmən” kimi.

Bundan sonra ayrıca xronoloji bölmədə bu diskursun hansı siyasi mərhələlərdə gücləndiyi göstərilir.

Analiz

1. LGBTQ+ “mənəvi təhlükə” kimi

Hökumətyönümlü mediada LGBTQ+ mövzusunun ən çox istifadə olunan çərçivələrindən biri onun “milli-mənəvi dəyərlərə”, “ailə institutuna” və “gənclərin əxlaqına” təhlükə kimi təqdim edilməsidir. Bu çərçivə LGBTQ+ hüquqlarını hüquqi bərabərlik və ayrı-seçkilikdən qorunma məsələsi kimi deyil, cəmiyyətin mənəvi bütövlüyünə qarşı hücum kimi göstərir.

2023-cü ilin sonlarında APA-da yayımlanan “Politoloq: ABŞ Azərbaycana qarşı milli dəyərlərə böyük təhlükə olan LGBT, feministlər və No Warçılardan istifadə etməyə çalışır” məqaləsi bu ritorikanın açıq nümunələrindən biridir. Burada LGBTQ+ hərəkatı “Amerikanın Azərbaycana qarşı yönəltdiyi təxribat layihəsi” kimi təsvir olunur. “Əxlaqsızlığın təbliği”, “radikal separatizm”, “Azərbaycana qarşı birləşmək” kimi ifadələr vasitəsilə LGBTQ+lar və onlara dəstək verən qruplar xaricdən yönləndirilən mənəvi təhlükə obrazına salınır.

Qafqazinfo-nun “ABŞ-nin vasitəçiliyinə ehtiyac qalırmı? - Təhlil” adlı yazısında da LGBTQ+ qrupları müstəqil ictimai aktorlar kimi deyil, xarici güclərin, xüsusilə ABŞ və USAID-in “asan loyallaşdırılan” aləti kimi təqdim olunur. Belə çərçivələmə LGBTQ+ aktivizmini hüquq və bərabərlik mübarizəsi kontekstindən çıxararaq onu geosiyasi manipulyasiya və “daxili destabilizasiya” narrativinə daxil edir. 

Eyni ayda eyni mediada yayımlanan başqa bir məqalədə deyilir: “Otuz ilə yaxın bir periodda xaltası Vaşinqtonun əlində olan siyasilərdən fayda görməyən ABŞ bu gün Azərbaycanın ən böyük üstünlüklərindən biri olan ailə və milli dəyərlərini hədəfə alıb. LGBT, “feminist” və “NO WAR”çıları maliyyələşdirməklə ABŞ Azərbaycanı daxildən parçalama planına start verib.”

Bu sitatda LGBTQ+ mövzusu ailə və milli dəyərlərə qarşı yönəlmiş xarici planın hissəsi kimi təqdim edilir. Mətnin məntiqi belə qurulur: əgər LGBTQ+ hüquqları gündəmə gətirilirsə, bu, sadəcə bərabərlik tələbi deyil, “Azərbaycanı daxildən parçalama” layihəsidir.

Musavat.com-da dərc olunan “Avropanın Azərbaycanda LGBT dərdi” və “LGBT, No War kimi meyllərin Azərbaycan cəmiyyətinə yol tapması” adlı yazılarda da oxşar model işlədilir. Qərb institutlarının “mədəni ekspansiyası”ndan danışılır, “ailə dəyərlərinə hücum” vurğulanır və LGBTQ+ hüquqları “Azərbaycan cəmiyyətinə yol tapmasının qarşısı alınmalı” meyl kimi təqdim olunur.

Bu ritorika Cohen-in “moral panic” (“mənəvi təşviş”) modelinə uyğun işləyir. Cəmiyyətə “əxlaq böhranı” təlqin edilir, günahkar qrup isə LGBTQ+ icması kimi göstərilir. Bu çərçivədə LGBTQ+lar hüquqları pozulan sosial qrup kimi deyil, “milli əxlaqı korlayan” və “ailə institutunu dağıdan” təhlükə kimi təqdim olunur.

APA-da 2024-cü ilin payızında Bakıda keçirilmiş “Milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlar” adlı ictimai müzakirəyə dair xəbər bu ritorikanın institusional formasını göstərir. Tədbirdə iştirak edən rəsmi şəxslər və “ekspertlər” LGBTQ+ hərəkatını “ideoloji hücum” kimi səciyyələndiriblər. Məqalənin dili müharibə terminologiyasına yaxındır: “hücum”, “saxta pasifizm”, “təhlükəli təbliğat”.

Bu tip mətnlərdə dövlət və ona yaxın ekspert çevrələri özünü “əxlaqın qalası” kimi təqdim edir. Arendt-in düşmən konstruksiyası barədə yanaşması burada aydın görünür. Qorxu və nifrət üzərindən kollektiv kimlik yaradılır. LGBTQ+ mövzusu cəmiyyətdə emosional qıcıq doğurduğu üçün “nəzarət üçün faydalı düşmən” funksiyası daşıyır.

Musavat.com-da yayımlanan “Siyasiləşmiş feminizm, No Warçuluq və LGBTQ haqqında” adlı məqalədə “feministlər və LGBT-lər milli kimliyə qarşı çıxır” tezisi təkrarlanır. Burada LGBTQ+ icması, feministlər və anti-müharibə mövqeyi eyni mənəvi-siyasi təhlükə blokuna daxil edilir. Nəticədə ictimai debat hüquq və azadlıqlar müstəvisindən çıxarılaraq “biz və onlar”, “milli və anti-milli”, “əxlaqlı və əxlaqsız” qarşıdurmasına çevrilir.

Bu blokdakı materialların ümumi nəticəsi budur: LGBTQ+ mövzusu hökumətyönümlü mediada mənəvi panika yaratmaq üçün istifadə olunur. “Ailə”, “əxlaq”, “milli dəyərlər” və “gənclərin qorunması” kimi anlayışlar vasitəsilə LGBTQ+ hüquqları təhlükəli ideoloji təsir kimi kodlaşdırılır. Bu isə daha sonra həmin mövzunu siyasi və hüquqi repressiya diskursuna bağlamaq üçün zəmin yaradır.

2. LGBTQ+ “xarici təsir və qrant şəbəkəsi” kimi

İkinci əsas çərçivə LGBTQ+ mövzusunun xarici maliyyələşmə, qrantlar, USAID, Avropa institutları, QHT-lər və müstəqil media ilə əlaqələndirilməsidir. Bu çərçivədə LGBTQ+ hüquqları və görünənliyi yerli sosial tələb kimi deyil, kənardan idxal edilmiş ideoloji layihə kimi təqdim olunur.

APA-da yayımlanan “Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərlə bağlı cinayət işi başlanıb” və Report.az-da yayımlanan “USAID-in dağıdıcı şəbəkəsi - 707 media, 6 mindən çox jurnalist, 300-ə yaxın QHT-nin maliyyələşdirilməsi - ANALİZ” adlı məqalələr Azərbaycanda QHT-lərə qarşı istintaqı “milli təhlükəsizlik tədbiri” kimi təqdim edir. Burada “no war və LGBT layihələri üçün qanunsuz qrantlar” ifadəsi işlədilir. LGBTQ+ məsələsi iqtisadi cinayət kontekstinə salınır və bu, onu hüquqi baxımdan da “şübhəli fəaliyyət” kimi çərçivələyir.

Bu çərçivə hüquq müdafiə fəaliyyətini kriminal kontekstə sürüşdürür. LGBTQ+ mövzusu artıq sadəcə “mənəvi təhlükə” kimi yox, həm də “şübhəli maliyyə axınlarının” və “xarici təsir şəbəkələrinin” göstəricisi kimi təqdim olunur.

Qafqazinfo-da dərc olunan “ABŞ-ın maraqlarına işləyən kadr bankı necə hazırlanır?” adlı yazıda GİPA-da təhsil alan azərbaycanlı tələbələr və məzunlar hədəfə alınır: “GİPA-da təhsil alanların əksəriyyətinin Azərbaycanda erməni maraqlarını, LGBT-ni, radikal feminizmi və bu kimi milli dəyərlərdən uzaq nəsnələri təbliğ etdiyi, bir çoxunun da məhz Qərbdən maliyyələşən media resurlarında işlədiyi sirr deyil.”

Burada gənc fəallar, jurnalistlər və xaricdə təhsil almış şəxslər “ideoloji muzdlu” kimi təqdim olunur. LGBTQ+ mövzusu isə onları gözdən salmaq üçün istifadə edilən mənfi markerə çevrilir. “Erməni maraqları”, “LGBT”, “radikal feminizm” və “Qərbdən maliyyələşən media” eyni cümlədə yerləşdirilərək oxucuda vahid təhlükəli şəbəkə təəssüratı yaradılır.

Milli.az-da dərc olunan “ABŞ Azərbaycanda “tam fərqli” layihələrə başlamaq istəyir – ARAŞDIRMA” adlı yazıda Internews tərəfindən maliyyələşdirilən təşəbbüslərlə bağlı belə deyilir: “Cəmiyyətdəki  marginal qruplara, yəni, LGBT+ nümayəndələrinə, "radikal feminist"lərə daha çox istinad edilir. Gələcəkdə bu qruplardan həm də, siyasi aksiyalar üzrə istifadə etmək planlaşdırılır.” 

Eyni mediada yayımlanan “Qərb Azərbaycandakı ‘uşaqlar’ını necə yemləyir?” başlıqlı məqalədə isə Qərbin “LGBT fəallarının və No Warçıların fikirlərini yaymaqla Azərbaycan cəmiyyətində liberal dəyərləri təbliğ etməyə çalışdığı” iddia olunur. Bu yazılarda LGBTQ+ məzmunlu təşəbbüslərə verilən maliyyə dəstəyi QHT sektoruna qarşı repressiyaları əsaslandırmaq üçün istifadə edilir.

Report.az-da dərc olunan “USAID-in dağıdıcı şəbəkəsi…” başlıqlı məqalədə ABŞ-ın dünya üzrə maliyyələşdirdiyi bəzi layihələr sadalanarkən transgender opera, transgender komiksləri, LGBT myuzikl, inklüzivlik təşəbbüsləri və LGBT fəallıqla bağlı layihələr xüsusi vurğulanır:

“Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi (1.5 milyon dollar) bura daxildir. Qvatemallada cinsin dəyişdirilməsi və LGBT fəallığa 2 milyon dollar da bura daxildir.”

Bu cür siyahılama oxucuda “absurd”, “israfçı” və “yad” Qərb layihələri təsiri yaratmağa hesablanır. Layihələrin konteksti, məqsədi, hansı icmalara xidmət etdiyi və inklüzivlik baxımından əsaslandırılması izah edilmir. Əvəzində layihə adları seçilərək LGBTQ+ mövzusu “Qərbin qəribə və dağıdıcı prioriteti” kimi təqdim olunur.

Qafqazinfo və APA-da yayımlanan “Meydan TV işi ilə bağlı yeni faktlar – Qonorarlar necə göndərilib?” adlı yazıda “2vur2 Media” layihəsində işlənilməsi təklif olunan mövzular arasında “LGBT+ haqları və onların siyasətdə təmsilçiliyinin də olmasının” diqqəti cəlb etdiyi qeyd olunur. Halbuki siyasətdə təmsilçilik demokratik sistemlərdə normal hüquqi-siyasi müzakirə mövzusudur. Burada isə həmin mövzu cinayət işi və qonorarlar kontekstinə yerləşdirilərək şübhəli detal kimi təqdim olunur.

APA-da yayımlanan “Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərlə bağlı cinayət işi başlanıb, həbslər var” adlı yazının “No War və LGBT təbliğatı üçün ayrılan pullar” yarımbaşlıqlı hissəsində isə deyilir:

“Leqallaşdırılan vəsaitlər isə maliyyə ayıran beynəlxalq təşkilatların tapşırığı ilə həssas sosial təbəqələrin ‘hüquq müdafiəsi’ adı altında ictimai-siyasi sabitliyin pozulması üçün xərclənib. Bu vəsaitlər daha ‘No War’, ‘LGTB’, ‘ultra liberal’ düşüncəsinin dəstəklənməsi, mental dəyərlərə qarşı əks təbliğat aparılması üçün sərf olunub. Daha çox isə bu qruplar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün əleyhinə yönəlmiş fəaliyyətin qurulmasına xərclənib.”

Burada iki istiqamət eyni vaxtda işləyir. Birinci istiqamət mədəni stiqmadır: transgender opera, LGBT myuzikl, komiks kimi nümunələr oxucuda lağ, ikrah və yadlıq hissi yaratmaq üçün seçilir. İkinci istiqamət isə siyasi kriminalizasiyadır: “No War”, “LGBT”, “ultra liberal” etiketləri cinayət işi, leqallaşdırılmış vəsait, sabitliyin pozulması və ərazi bütövlüyü kimi ifadələrlə yan-yana qoyulur.

Beləliklə, LGBTQ+ mövzusu “xarici donor layihəsi” kimi təqdim olunur, sonra “mental dəyərlərə zidd ideoloji təsir” kimi mənalandırılır, nəhayət “sabitliyi və ərazi bütövlüyünü hədəfləyən fəaliyyət”lə əlaqələndirilir. Bu, LGBTQ+ hüquqlarının kriminal və təhlükəsizlik diskursuna daxil edilməsinə xidmət edir.

3. LGBTQ+ “milli təhlükəsizlik və daxili düşmən” kimi

Üçüncü əsas çərçivədə LGBTQ+ mövzusu müstəqil media, seçki müşahidəçiliyi, beynəlxalq təşkilatlar, feminist və sülh fəalları ilə birlikdə “daxili düşmən” obrazının qurulması üçün istifadə olunur. Bu mərhələdə LGBTQ+ icması təkcə mənəvi və ya mədəni təhlükə deyil, həm də dövlətçilik, suverenlik və milli təhlükəsizliklə bağlı risk kimi təqdim edilir.

2024-cü ilin yanvarında AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə çağırışlardan sonra hökumətyönümlü mediada AŞPA-ya qarşı kampaniya gücləndi. Qafqazinfo-nun “AŞPA-da Azərbaycan əleyhinə səsverməni necə təşkil ediblər?” adlı yazısında LGBTQ+lar Azərbaycan əleyhinə fəaliyyət göstərən düşmən kimi təqdim edilir:

“AŞPA-da LGBT fraksiyasına üzv olan 157 deputat təmsil olunur ki, həmin fraksiyadan 65 nəfəri yanvarın 22-də Azərbaycan əleyhinə səs verib.”

Burada LGBTQ+ dəstəkçiliyi Qərb institutlarının legitimliyini şübhə altına almaq üçün istifadə olunur. Həmin yazıda Carmen Leyte haqqında verilən təsvir də oxşar funksiyanı yerinə yetirir:

“Bu qrupun ən məşhur simalarından biri də Carmen Leytedir. 71 yaşında LGBT fəalları sırasına qoşulub. AŞPA-nın baş ofisində tez-tez konsertlər verir. LGBT paradında mahnı oxuyur. Müsiqilərinin ritmi LGBT mövzularını əhatə edir və s.”

Bu cür təsvirlər AŞPA-nı hüquqi və siyasi institut kimi deyil, “LGBT gündəliyi” ilə idarə olunan qurum kimi göstərməyə xidmət edir.

Report.az-ın “AŞPA-nın Azərbaycandan tələbi: milli və mənəvi dəyərlərdən imtina, müstəqil siyasətə son qoymaq – ŞƏRH” başlıqlı yazısında da LGBTQ+ hüquqlarının dəstəklənməsi yenidən “təhlükə” kimi kodlanır:

“AŞPA Azərbaycanın ‘yerinə yetirmədiyi’ öhdəliklər sırasında cinsi azlıqların hüquqlarının pozulması məsələsini də qabardır. Xüsusən də ‘LGBT hüquqlarının qorunması’ götürülür. Bəyan edirlər ki, Azərbaycan orta məktəblərdə LGBT mövzusunu tədris etməlidir və s. AŞPA və onun deputatları anlamaq istəmirlər ki, Azərbaycan öz milli mentaliteti, əxlaqi dəyərlərinə zidd olan bu ‘dəyərlər’i qəbul edə bilməz.”

Bu arqumentdə insan hüquqları öhdəlikləri “milli mentalitetə” qarşı qoyulur. Nəticədə beynəlxalq tənqid hüquqi müzakirə kimi yox, milli dəyərlərə hücum kimi təqdim edilir.

Seçki müşahidəçiliyi ilə bağlı məqalələrdə də eyni mexanizm görünür. Qafqazinfo-da dərc olunan “Seçki günü türk jurnalistlə mübahisə edən ‘dövlət rəsmisi’ kimdir? – Araşdırma” adlı yazıda deyilir:

“Bu seçkilərdə müşahidə (təxribat) məqsədilə əsasən LGBT, ‘nowar’çu, feminist və digər bu qəbildən olan fəalların cəlb edilməsi xaricdə hazırlanan yeni taktika idi.”

Burada müşahidəçilik fəaliyyəti “təxribat”, LGBTQ+ və feminist fəallar isə “xaricdə hazırlanan taktika”nın icraçıları kimi təqdim olunur. Bu, seçki prosesinə müstəqil nəzarəti legitim vətəndaş fəaliyyəti kimi yox, xarici müdaxilə kimi göstərir.

2024-cü ilin martında Qafqaz regionunu əhatə edən JAMNews xəbər portalı da hökumətyönümlü medianın hədəfinə çevrildi. Qafqazinfo-da yayımlanan “JAMnews kimə xidmət edir?” adlı yazıda LGBTQ+ mövzusu müstəqil media qurumunu gözdən salmaq üçün istifadə olunur:

“Ölkədə pis mənada ad qazanmış qeyri-ənənəvi təmayüllərin — ‘Radikal Feminist’, ‘Saxta Pasifist’, ‘LGBT+’ liderlərinin böyük bir qismi ya GİPA məzunu, ya da ‘OC media’ və ‘JAMnews’la əməkdaşlıq edən şəxslərdirlər.”

Sitatdakı əsas manipulyasiya “pis mənada ad qazanmış” ifadəsindədir. Müəllif əvvəlcə bu qrupların cəmiyyətdə mənfi reputasiyası olduğu iddiasını fakt kimi qələmə verir. Sonra həmin mənfi reputasiyanı JAMNews, OC Media və GİPA kimi qurumlara transfer edir. Yəni LGBTQ+ icmasına qarşı mövcud stereotiplər müstəqil media qurumlarını etibarsızlaşdırmaq üçün istifadə olunur.

2024-cü ilin avqustunda Milli.az-ın “ABŞ danlağının nəticəsi oldu – Müxalifətdə ‘canlanma’ var” adlı yazısında Azərbaycan müxalifətinin Avropa İttifaqının Bakıdakı ofisindəki görüşü şərh edilərkən masanın üzərində LGBT bayrağının olduğu vurğulanır. Burada LGBTQ+ simvolikası siyasi müxalifətlə eyni “təhlükəli blok” daxilində göstərilir.

2024-cü ilin parlament seçkilərindən əvvəl Qafqazinfo-da yayımlanan “Göyqurşağılı müşahidəçilər – Nəyə və kimə xidmət edirlər?” adlı məqalədə isə LGBTQ+ mövzusu həm yerli müşahidəçiləri, həm də ATƏT-in müşahidə missiyasını gözdən salmaq üçün istifadə olunur:

“...budəfəki seçkilərdə də ATƏT fəal LGBT müşahidəçiləri ilə təmsil olunacaq. Ona görə budəfəki deyirik ki, 2024-cü ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərində də eyni ssenari yaşanmışdı.”

Məqalədə “göyqurşağı rəngli bayrağın hamiləri”, “Qərb fondlarının çörəyini yeyənlər”, “vətənlərinin əleyhinə pankart açanlar” kimi ifadələr işlədilir. Beləliklə, LGBTQ+ simvolikası seçki müşahidəçiliyinin qərəzli, xarici və anti-milli olduğu təəssüratını yaratmaq üçün istifadə edilir.

APA-da dərc olunan “İnsan haqları Qərb üçün klassik mənasını itirib, soyuq silah alətinə çevrilib” adlı məqalədə Gürcüstanda keçirilən seçkilər, Azərbaycanda keçirilməsi planlaşdırılan COP29, ölkədəki siyasi məhbus problemi və LGBTQ+ mövzusu eyni diskursiv çərçivədə birləşdirilir:

“Gürcüstan Avropa strukturlarına, o cümlədən, Avropa Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatına (ATƏT), yaxud Avropa Şurasına ona görə üzv olmayıb ki, gəlib burada ‘LGBT+’ hərəkatını, yaxud, ‘Radikal feminizm’i stimullaşdırsınlar, ailə institutunu dağıtsınlar.”

Bu məqalədə LGBTQ+ hüquqları ilə Gürcüstanın ərazi bütövlüyü süni şəkildə qarşı-qarşıya qoyulur. Mətn belə bir sual yaradır: “Əgər Avropa institutları LGBT+ hüquqlarını müdafiə edirlərsə, niyə Gürcüstanın suverenliyi üçün eyni qətiyyəti göstərmirlər?” Bu, whataboutism texnikasıdır: diqqət insan hüquqları öhdəliklərindən yayındırılır, LGBTQ+ hüquqları isə ikinci dərəcəli, lazımsız və hətta təhlükəli mövzu kimi təqdim olunur.

Musavat.com-da dərc olunan “LGBT, No-War kimi meyllərin cəmiyyətə yol tapması” adlı məqalədə siyasi şərhçi Fərid Şahbazlı Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışını şərh edir. Prezidentin rəsmi mətnində konkret olaraq “LGBT” və “No War” ifadələri yer almasa da, şərhçi prezidentin məhz bu mövzuları nəzərdə tutduğunu vurğulayır:

“Prezident kənar müdaxilələr, ideoloji işğala cəhd, gənclərin zərərli mənəvi-əxlaqi təsirlərdən qorunması, düşmən dövlətlərin antiazərbaycan təbliğatının təsiri altına düşməməsi, LGBT, No War və s. kimi dünyanı ağuşuna alan meyllərin Azərbaycan cəmiyyətinə yol tapmasının qarşısının alınması kimi məsələləri də ön plana çəkib.”

Burada hökumətyönümlü media rəsmi çıxışın qeyri-müəyyən təhlükə kateqoriyalarını konkret hədəflərlə doldurur. “Kənar müdaxilə”, “ideoloji işğal” və “zərərli mənəvi-əxlaqi təsirlər” anlayışları LGBTQ+ və No War mövzularına bağlanır.

2024-cü ildə həbs olunan sülh fəalı və PhD tələbəsi Bəhruz Səmədovun məhkəmə proseslərinin başlamasından bir ay əvvəl Lent.az, Qafqazinfo.az və APA-da dərc olunan “Hrach Topalyanın Bakıda ‘No War’çu fabriki – FAKTLAR” adlı məqalədə LGBTQ+ mövzusu Səmədovu gözdən salmaq üçün istifadə olunur:

“Bəhruz Səmədov – vaxtilə Əli Kərimlinin tədbirlərinin bəzəyi olan bu LGBT fəalı hazırda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilərək həbsdədir.”

Məqalə Səmədovun ictimai fəaliyyətini əsasən sülh mövqeyi ilə tanınmasına baxmayaraq, onu “LGBT fəalı” kimi təqdim edir. “Ermənistanla təslimçi barışığa sövq etmək” ifadəsi ilə “LGBT icmasının ölkədə genişlənməsini dəstəkləmək” eyni cümlədə yerləşdirilir. Bu yanaşı yerləşdirmə LGBTQ+ icmasına dəstəyi “xarici düşmənə təslim olmaq”la eyni təhlükə çərçivəsinə salır.

2024-cü ilin dekabrında Avropa Parlamenti Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinə və KİV-ə qarşı repressiyalarını pisləyən qətnamə qəbul etdikdən sonra hökumətyönümlü media bu qətnaməyə cavab vermək üçün yenidən anti-LGBTQ+ ritorikasından istifadə etdi. Musavat.com-da dərc olunan “Avropanın Azərbaycanda LGBT dərdi” adlı məqalədə qeyd olunurdu:

“LGBT mövzusuna + (plyus) qoyaraq şişirdilməsi, bu proseslərin məqsədyönlü şəkildə təşkil edilməsi aydın sezilir. Azərbaycandakı ənənəvi ailə dəyərlərinə verilən yüksək qiymətlə heç cürə barışa bilməyən dairələrin LGBT kampaniyası əvvəlkilər kimi iflasa məhkumdur.”

Yazıda hüquq müdafiəçisi Novella Cəfəroğlunun, AĞ Partiya başqanının I müavini Əhəd Məmmədlinin və AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun anti-LGBTQ+ mövqelərinə yer ayrılır. Novella Cəfəroğlu deyir:

“Avropa parlamenti təkcə LGBT-ni yox, o hərbi cinayətkarlar, separatçılar sayılan 23 nəfər ermənini də müzakirə edib. Bütün bu canfəşanlıqla verilmiş qərar bizə qəbul etdirilə bilməz. Bu, ilk növbədə milli dəyərlərimizə toxunan bir məsələdir.”

Bu sitatda LGBTQ+ mövzusu hərbi cinayətkarlar və separatçılarla eyni siyasi təhdid çərçivəsində yanaşı verilir. Bu yanaşı yerləşdirmə LGBTQ+ hüquqlarının müdafiəsini milli təhlükəsizlik və separatizm diskursuna bağlayır.

Əhəd Məmmədli isə Avropanın “LGBT-nin təsiri altında olduğunu” vurğulayaraq qətnamənin legitimliyini sual altına alır:

“LGBT uzun müddətdir ki, Avropada hakim mövqedədir. Və totalitar bir ideologiya kimi, avtoritar bir yanaşma ilə LGBT cəmiyyətini də təzyiq altında saxlayır.”

Əli Orucov isə qətnaməyə cavab olaraq Azərbaycanda LGBTQ+ icmasına qarşı daha sərt addımların atılmasını tələb edir:

“Azərbaycan LGBT-yə qarşı çox ciddi və sərt addımlar atmalı, həmçinin bu xəstəliyin müalicəsi üçün məcburi reabilitasiya mərkəzləri yaratmalıdır. Azərbaycan cəmiyyətində qeyri-sağlam mühitin yaradılmasına səy edənlərin də, bunu dəstəkləyənlərin də qarşısı qətiyyətlə alınmalıdır.”

Bu sitat açıq şəkildə patolojiləşdirmə və məcburi “reabilitasiya” çağırışı üzərində qurulub. Belə ritorika LGBTQ+ kimliyini “müalicə edilməli xəstəlik” kimi təqdim edir. Bu isə nifrət diskursunun sosial nəticələrini daha təhlükəli edir.

2025-ci ilin aprelində Musavat.com-da dərc olunan “Siyasiləşmiş feminizm, ‘No War’çuluq və LGBTQ haqqında” başlıqlı məqalə feministləri, LGBTQ+ fəallarını və “No War” tərəfdarlarını birlikdə hədəf götürüb. Bu məqalədə LGBTQ+ hüquqları üzrə fəalların adları, fotoları, bioqrafiyaları təqdim olunur, ölkədə fəaliyyət göstərən LGBTQ+ təşkilatları barədə məlumat verilir. Yazı boyunca LGBTQ+ aktivistləri və təşkilatları Ermənistanın maraqlarına xidmət edən şəbəkənin hissəsi kimi göstərilir.

Bu məqalə LGBTQ+, feminist və anti-müharibə fəallarını ayrı-ayrı sosial qruplar kimi deyil, “Qərb tərəfindən koordinasiya olunan ideoloji şəbəkə”nin parçası kimi təqdim edir. Xüsusilə Qarabağ müharibəsi kontekstində kuir və anti-müharibə mövqelərinin qabardılması onların “milli maraqlara qarşı çıxan”, “cəmiyyəti içəridən zəiflədən” qüvvə kimi göstərilməsinə xidmət edir.

Bu blokun ümumi nəticəsi budur: LGBTQ+ mövzusu hökumətyönümlü mediada “daxili düşmən” obrazını genişləndirmək üçün istifadə olunur. Müstəqil media, QHT-lər, feministlər, sülh fəalları, seçki müşahidəçiləri və beynəlxalq təşkilatlar LGBTQ+ mövzusu ilə yanaşı çəkilərək eyni təhlükə xəritəsinə daxil edilir. Bu, Chomsky və Hermanın “razılığın istehsalı” modelinə uyğun işləyir: repressiv addımlar ictimaiyyətə təzyiq kimi yox, dövlətin və cəmiyyətin müdafiəsi kimi təqdim olunur.

Bu diskurs hansı siyasi mərhələlərdə gücləndi?

LGBTQ+ əleyhinə ritorika araşdırılan dövrdə sabit şəkildə mövcud olsa da, onun intensivliyi müəyyən siyasi hadisələr fonunda daha da artıb. Bu hadisələr göstərir ki, LGBTQ+ mövzusu təsadüfi nifrət predmeti kimi deyil, konkret siyasi böhran və repressiya mərhələlərində aktivləşdirilən diskursiv alət kimi işlədilib.

2023-cü ilin iyun-sentyabr ayları: ilkin ideoloji çərçivənin qurulması

2023-cü ilin iyun-sentyabr aylarında LGBTQ+lara qarşı ilkin ideoloji və diskursiv çərçivə formalaşmağa başladı. Həmin dövr İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvlərinin, eləcə də iqtisadçı Fazil Qasımovun həbsi ilə yadda qaldı. Paralel olaraq hökumətyönümlü mediada “qrant şəbəkəsi”, “xarici təsir” və “LGBT” sütunları quruldu, “daxili düşmən” çərçivəsinin bünövrəsi qoyuldu.

APA-da yayımlanan “Qrant şəbəkəsinin yeni maliyyələşmə mexanizmləri” adlı məqalədə deyilir:

“Cəmiyyətin demokratikləşdirilməsinə yardım göstəririk deyiblər, əvəzində məsuliyyət hissini itirmiş, milli dəyərlərə qənim kəsilmiş icmalar yetişdiriblər. LGBT-ni təşviq ediblər, ‘radikal feminizm’i təşkilatlandıraraq institutlaşdırıblar.”

Qafqazinfo-da dərc olunan “Aİ Azərbaycandakı QHT-ləri qeyri-leqal maliyyələşdirir?” başlıqlı məqalədə isə qeyd olunur:

“Qrantların həyata keçirilməsi ilə elan edilən hədəflər isə uyğun gəlmir. İctimai maraq kəsb edən mövzulardakı yeni trendlər isə LGBT fəallarının, ‘No War’çıların fikirlərini ictimailəşdirərək, Azərbaycan internet resurslarında onların fikir formalaşmasında iştirak etmələrinə dair mənzərə yaratmaqla onlara dəstək verirlər.”

Bu dövrdə konkret həbslər hələ əsasən media sektoruna yönəlməsə də, hökumətyönümlü mediada sonrakı repressiyaları izah edəcək ideoloji çərçivə qurulmağa başlamışdı.

2023-cü ilin noyabr-dekabr ayları: Abzas Media və media-QHT-LGBTQ+ assosiasiyası

2023-cü ilin noyabr-dekabr aylarında Abzas Media əməkdaşlarının ardıcıl həbsləri, onların ofisində “valyuta tapılması” aktı və qaçaqmalçılıq ittihamları baş verdi. Eyni dövrdə Qafqazinfo-da “USAID-in Azərbaycandakı emissarları üçün əsas təlimatlar məlum olub” adlı yazıda aşağıdakı abzaslar yer aldı:

“Bu çevrəyə daxil olan media (Toplum TV və Abzas Media), feminist və LGBT təşkilatlarının rəhbərləri və aparıcı üzvləri müxtəlif adlar altında Avropa ölkələrinə, xüsusilə Fransaya dəvət olunurlar.”

“Yerli cəmiyyətin etirazını göstərmək məqsədi ilə daha çox ölkə daxilində yaradılmış, qeyri-leqal yollarla maliyyələşdirilən, özünü ‘Azərbaycan mediası və Azərbaycan QHT-ləri’ kimi təqdim edən resurslardan istifadə olunur. Bu sırada Toplum TV, Abzas Media, Fakt Yoxla kimi media layihələrini, yerli feminist və LGBT təşkilatlarını misal göstərmək olar.”

Media qurumlarının adlarının LGBTQ+ hərəkatı ilə yanaşı çəkilməsi assosiasiya yolu ilə delegitimləşdirmə strategiyasıdır. Sözügedən media qurumları “xarici təsir”, “əxlaqi təhlükə” və “anti-dövlət fəaliyyəti” kimi yüklənmiş simvollarla eyni çərçivəyə salınır. Nəticədə həbslər “jurnalistlərə təzyiq” kimi yox, “təhlükəli şəbəkəyə qarşı tədbir” kimi təqdim olunur.

2024-cü ilin yanvar-mart ayları: AŞPA, prezident seçkisi, Toplum TV və JAMNews

2024-cü ilin yanvarında AŞPA-da Azərbaycan nümayəndə heyətinə qarşı addımlar hökumətyönümlü mediada anti-LGBTQ+ ritorikanın yenidən güclənməsi ilə müşayiət olunub. AŞPA-nın tənqidləri “LGBT gündəliyi” ilə əlaqələndirilib və insan hüquqları öhdəlikləri milli dəyərlərə müdaxilə kimi təqdim edilib.

2024-cü ilin fevralında keçirilən prezident seçkiləri ilə bağlı yayılan materiallarda isə müstəqil müşahidəçilik fəaliyyəti LGBTQ+ və feminist fəallarla əlaqələndirilərək “təxribat” kimi göstərildi. Qafqazinfo-da dərc olunan “Seçki günü türk jurnalistlə mübahisə edən ‘dövlət rəsmisi’ kimdir? – Araşdırma” adlı yazının ilk abzası həm də müstəqil media qurumlarını hədəfə çevirirdi:

“Xarici donorlardan maliyyələşən ‘Azadlıq radiosu’, ‘Amerikanın səsi’, ‘BBC Azərbaycanca’, ‘Meydan TV’ saxta həmsöhbət, dezinformasiya metodları ilə çox sayda media təxribatları törətdilər.”

Bunun ardınca 2024-cü ilin martında Toplum TV əməkdaşları həbs edildi. Aprelin sonunda isə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli saxlanıldı. Bu dövrdə LGBTQ+ mövzusu həm media, həm seçki müşahidəçiliyi, həm də vətəndaş cəmiyyəti üzərində qurulan repressiv diskursun birləşdirici elementi kimi çıxış edirdi.

Mart ayında “JAMnews kimə xidmət edir?” yazısının dərc edilməsi də bu mərhələyə aiddir. Bu məqalədə LGBTQ+ mövzusu regional media qurumlarını və onların əməkdaşlıq etdiyi şəxsləri etibarsızlaşdırmaq üçün istifadə olunurdu.

2024-cü ilin may-avqust ayları: GİPA, anti-LGBT cəza diskursu və sülh fəalları

2024-cü ilin mayında iqtisadçı ekspert Fərid Mehralızadə, iyulunda talış tədqiqatçısı İqbal Əbilov, avqustunda isə sülh fəalı Bəhruz Səmədov həbs olundu. Paralel olaraq digər fəallar və media qurumları hökumətyönümlü saytlarda hədəfə çevrildi.

May ayında Qafqazinfo-da yayımlanan “ABŞ-nin maraqlarına işləyən ‘kadr bankı’ necə hazırlanır? – GİPA” adlı yazıda Gürcüstanın İctimai Əlaqələr İnstitutu və onun məzunları ön plana çıxarıldı. Məqalədə GİPA-da təhsil alan şəxslərin Azərbaycanda “erməni maraqlarını, LGBT-ni, radikal feminizmi” təbliğ etdiyi iddia olunurdu.

İyun ayında Musavat.com “Rusiyada var, Gürcüstanda olacaq: bəs Azərbaycanda ‘LGBT cəzası’ varmı...” adlı məqalə dərc edib. Məqalədə vəkil Əkrəm Həsənovun açıq homofob və transfob fikirlərinə yer verilib:

“Vətəndaş yetişdirmək, tərbiyələndirmək, vətənpərvər ruhda böyütmək vacibdir. Bu isə LGBT ilə mümkün deyil.”

Bu materialda yalnız LGBTQ+ əleyhinə fikirlərə yer verilməsi və “cəza” çərçivəsinin qabardılması anti-LGBTQ+ siyasətin Azərbaycanda da sərtləşdirilməsinə dolayı dəstək kimi oxunur.

Avqust ayında Milli.az-da yayımlanan “ABŞ danlağının nəticəsi oldu – Müxalifətdə ‘canlanma’ var” yazısında müxalifət nümayəndələrinin Avropa İttifaqının Bakı ofisindəki görüşü şərh edilərkən LGBT bayrağı xüsusi vurğulanıb. Bu mərhələdə LGBTQ+ simvolikası siyasi müxalifət, xarici diplomatik institutlar və “anti-milli blok” təsəvvürünü birləşdirmək üçün istifadə edilirdi.

2024-cü ilin payızı: parlament seçkiləri, COP29 və Gürcüstan konteksti

2024-cü ilin payızı həm parlament seçkiləri, həm COP29, həm də Gürcüstanda keçirilən seçkilərlə yadda qalıb. Bu dövrdə LGBTQ+ əleyhinə ritorika beynəlxalq təşkilatlara, seçki müşahidəçiliyinə və insan hüquqları mexanizmlərinə qarşı kampaniyanın əsas elementlərindən birinə çevrilmişdi.

Qafqazinfo-nun “Göyqurşağılı müşahidəçilər – Nəyə və kimə xidmət edirlər?” yazısı ATƏT müşahidəçilərini LGBTQ+ mövzusu ilə gözdən salmağa çalışırdı. APA-nın “İnsan haqları Qərb üçün klassik mənasını itirib, soyuq silah alətinə çevrilib” məqaləsi isə Gürcüstanın suverenliyi, COP29, siyasi məhbuslar və LGBTQ+ hüquqlarını eyni anti-Qərb çərçivəsinə yerləşdirirdi.

Bu mərhələdə insan hüquqları dili “Qərbin soyuq silahı” kimi təqdim olunur, LGBTQ+ hüquqları isə həmin silahın ən görünən simvoluna çevrilirdi.

2024-cü ilin dekabrı – 2025-ci ilin apreli: Meydan TV, QHT işi, USAID və daha geniş hədəfləmə

2024-cü ilin dekabrı yeni həbs dalğası ilə müşayiət olundu. Hüquq müdafiəçisi Rüfət Səfərov, siyasi şərhçi Azər Qasımlı, Meydan TV-nin 6 əməkdaşı (Aynur Elgünəş, Aytac Tapdıq, Aysel Umudova, Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə, Natiq Cavadlı), fotojurnalist Əhməd Muxtar və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov saxlanıldı. Eyni ayda Avropa Parlamenti Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinə və KİV-ə qarşı repressiyalarını pisləyən qətnamə qəbul etdi.

2025-ci ilin yanvar-aprel ayları Toplum TV işi üzrə yeni həbslər, Meydan TV işi üzrə həbslərin genişlənməsi, QHT-lərə qarşı açılmış cinayət işləri ilə əlaqədar Bəşir Süleymanlı, Məmməd Alpay, Asəf Əhmədov və Zamin Zəkinin saxlanılması, hüquq müdafiəçisi Hafiz Həsənov barəsində ev dustaqlığı seçilməsi, hüquqşünas Sübhan Həsənlinin, feminist fəal Aytac Ağazadənin axtarışa verilməsi ilə yadda qaldı.

Bu mərhələdə USAID hökumətyönümlü medianın əsas hədəflərindən birinə çevrildi. USAID-in müxtəlif ölkələrdə LGBTQ+ icmasına dəstəyi Azərbaycan kontekstində QHT-lərə və media qurumlarına qarşı repressiyaları əsaslandırmaq üçün gözdənsalıcı faktor kimi təqdim edilirdi.

2025-ci ilin aprelində “Siyasiləşmiş feminizm, ‘No War’çuluq və LGBTQ haqqında” məqaləsinin dərc edilməsi bu diskursun kulminasiya nöqtələrindən biri kimi görünür. Artıq hədəf yalnız jurnalistlər və QHT nümayəndələri deyil, hüquq müdafiəçiləri, sosial işçilər, feminist və kuir fəallar, gənc aktivistlər və vətəndaş cəmiyyəti şəbəkələri idi.

Niyə bu vacibdir?

Bu diskursun əhəmiyyəti yalnız LGBTQ+ icmasına qarşı nifrət ritorikasının artması ilə məhdudlaşmır. Burada daha geniş siyasi mexanizm işləyir: LGBTQ+ mövzusu vasitəsilə insan hüquqları, media azadlığı, vətəndaş cəmiyyəti, seçki müşahidəçiliyi, feminizm və sülh gündəmi eyni “anti-milli” çərçivəyə salınır.

Bu, ictimai müzakirə sahəsini daraldır. Əgər LGBTQ+ hüquqları “xarici müdaxilə”, feminist mövqe “milli dəyərlərə hücum”, sülh çağırışı isə “ərazi bütövlüyünə qarşı fəaliyyət” kimi təqdim olunursa, bu mövzularda danışan hər kəs potensial təhlükə subyektinə çevrilir. Nəticədə hüquq müdafiəsi və ictimai iştirak cinayət, xəyanət və ya mənəvi pozuntu diskursu ilə əvəzlənir.

Bu ritorika həm də müxtəlif sosial qrupları bir-birindən təcrid edir. Jurnalistlər, LGBTQ+ aktivistləri, feministlər, sülh fəalları, QHT nümayəndələri və seçki müşahidəçiləri ayrı-ayrı hüquq və azadlıq sahələrində çalışan aktorlar kimi yox, “eyni xarici şəbəkə”nin hissəsi kimi təqdim olunur. Bu isə həmrəylik imkanlarını zəiflədir və cəmiyyət daxilində qorxu yaradır.

Bundan əlavə, belə diskurs LGBTQ+ şəxslərin gündəlik təhlükəsizliyi üçün birbaşa risk yaradır. Onların mediada davamlı şəkildə “xəstəlik”, “milli dəyərlərə təhlükə”, “xarici agent”, “sabitliyi pozan qrup” kimi təqdim edilməsi sosial stiqmanı gücləndirir, zorakılıq riskini artırır və görünənliyi daha təhlükəli edir.

Analitik nəticə

Bu araşdırmada təhlil olunan materiallar göstərir ki, 2023-cü ildən sonra hökumətyönümlü mediada LGBTQ+ mövzusu təsadüfi və epizodik nifrət ritorikası kimi deyil, daha geniş siyasi kommunikasiya strategiyasının tərkib hissəsi kimi işlədilib. LGBTQ+ icması bir tərəfdən “milli-mənəvi dəyərlərə təhlükə”, digər tərəfdən isə “xarici təsir”, “qrant şəbəkəsi”, “No War”, “radikal feminizm” və “anti-dövlət fəaliyyət” kimi kateqoriyalarla əlaqələndirilib.

Bu yolla müxtəlif ictimai aktorlar, jurnalistlər, QHT nümayəndələri, feministlər, sülh fəalları, seçki müşahidəçiləri və beynəlxalq təşkilatlar eyni “daxili düşmən” çərçivəsinə yerləşdirilib. LGBTQ+ mövzusu burada həm hədəf, həm də alət rolunu oynayır: icma birbaşa damğalanır, eyni zamanda digər müstəqil aktorların gözdən salınması üçün mənfi marker kimi istifadə olunur.

Bu diskursun əsas siyasi funksiyası repressiyaları hüquqi prosedur kimi deyil, dövlətin və cəmiyyətin müdafiəsi kimi təqdim etməkdir. İnsan hüquqları, media azadlığı, seçki müşahidəçiliyi və vətəndaş cəmiyyəti fəaliyyəti “Qərbin ideoloji müdaxiləsi” kimi kodlaşdırılır. Beləliklə, siyasi təqiblərə qarşı yarana biləcək ictimai narazılıq “milli dəyərlərin müdafiəsi” ritorikası ilə neytrallaşdırılır.

Uzunmüddətli təsir

Uzunmüddətli perspektivdə bu ritorikanın təsiri yalnız LGBTQ+ icması ilə məhdudlaşmır. LGBTQ+ mövzusunun davamlı şəkildə “xarici təsir”, “mənəvi çöküş” və “milli təhlükəsizlik riski” kimi təqdim edilməsi cəmiyyətdə nifrətin normallaşmasına, zorakılıq riskinin artmasına və hüquq müdafiə fəaliyyətinin daha da daralmasına səbəb ola bilər.

Belə diskurs ictimai müzakirə sahəsini təhlükəsizlik və sədaqət testinə çevirir: kim insan haqlarından, sülhdən, gender bərabərliyindən və ya LGBTQ+ hüquqlarından danışırsa, asanlıqla “anti-milli” və “xarici layihə” kimi damğalana bilir.

Bu isə vətəndaş cəmiyyətinin uzunmüddətli parçalanmasına gətirib çıxarır. Jurnalistlər, feministlər, sülh fəalları, LGBTQ+ aktivistləri, hüquq müdafiəçiləri eyni düşmən obrazına daxil edildikcə, onların legitim fəaliyyəti şübhəli və riskli görünməyə başlayır. Nəticədə təkcə hüquqi repressiya yox, həm də sosial susdurma mexanizmi işə düşür: insanlar özlərini ifadə etməkdən, təşkilatlanmaqdan və görünən olmaqdan çəkinirlər.

Bu baxımdan LGBTQ+ əleyhinə ritorika sadəcə bir azlıq qrupuna qarşı nifrət kampaniyası deyil; o, avtoritar idarəetmənin daha geniş alətidir. Hakimiyyət üçün “daxili düşmən” obrazı həm ictimai narazılığı yönləndirmək, həm repressiyaları əsaslandırmaq, həm də özünü “milli dəyərlərin müdafiəçisi” kimi təqdim etmək imkanı yaradır. Buna görə də LGBTQ+ mövzusunun hökumətyönümlü mediada necə istifadə edildiyini izləmək Azərbaycanda siyasi repressiyanın dilini və mexanizmini anlamaq üçün mühüm göstəricidir.

Powered by Froala Editor