Jurnalist Fikrət Hüseynlinin LGBTQİ+larla bağlı paylaşımı tənqidlərə səbəb olub

Niderlandda yaşayan azərbaycanlı jurnalist Fikrət Hüseynli Facebook səhifəsindəki paylaşımında LGBTQİ+lar;n Qərb ölkələrinə miqrasiyası ilə bağlı elmi əsası olmayan fikirlər səsləndirib. Məlumatı Qıy Vaar! Yayıb.

Hüseynli yazır ki, o, "dini, irqi, cinsi və sair ayrımçılıq edən şəxs deyil" və insanların şəxsi həyatlarının "öz işləri" olduğunu düşünür, "amma bir məqamı deməsəm də olmaz". Onun sözlərinə görə, əvvəllər Qərbə siyasi səbəblərlə gələn azərbaycanlılar çox idisə, indi "cinsi azlıq olaraq gələnlər çoxluq təşkil edir". O, bunların "əksəriyyətinin gənc adamlar" olduğunu yazıb və "bir qafqazlı olaraq testestoron səviyyəsi dağın başında olmalıdır" deyib.

Hüseynli daha sonra insanların "qanunvericilikdən yararlanıb cinsini dəyişdiyini, ailə qurduğunu və bunu açıq şəkildə reklam etdiyini" yazıb və əlavə edib: "Deyəsən, doğrudan da Azərbaycanda kimlərsə qida, maye vasitəsilə millətı kısırlaşdırır [redaksiya: qısırlaşdırır], soyunu dəyişir, kişiləri lediboya, yəni xanım kişiyə, qadınları lezbiana çevirir." 

Bu iddiaların elmi əsası yoxdur. Gender kimliyi və seksual oriyentasiya fərqli anlayışlardır, trans olmaq insanın seksual oriyentasiyasını müəyyən etmir. Qida və içməli su vasitəsilə insanların trans, gey və ya lezbiyan edilməsinə, eləcə də "millətin qısırlaşdırılmasına" dair elmi sübut da mövcud deyil.

Qıy Vaar! xatırladıb ki, Hüseynli özü də siyasi təqiblə üzləşmiş jurnalistlərdəndir. O, 2006-cı ildə Bakıda naməlum şəxslərin hücumuna məruz qaldıqdan sonra 2008-ci ildə Niderlanda köçüb, siyasi sığınacaq alıb və 2014-cü ildə Niderland vətəndaşlığı əldə edib. Müxalifət yönümlü "Azadlıq" qəzetində işləyib, sonra Turan TV-nin Amsterdam bürosuna rəhbərlik edib. 2017-ci ilin oktyabrında Azərbaycan tərəfinin İnterpol vasitəsilə verdiyi axtarış sorğusu əsasında Ukraynada saxlanılıb. Hüseynli ona qarşı irəli sürülən ittihamları jurnalist fəaliyyəti ilə əlaqəli siyasi təqib kimi qiymətləndirib.

Qıy Vaar! qeyd edir ki, siyasi təqibdən qaçıb başqa ölkədə müdafiə əldə etmiş jurnalistin heç bir statistik mənbəyə, araşdırmaya və ya elmi sübuta əsaslanmadan həssas qrupların hüquqları barədə belə fikirlər yayması narahatlıq doğurur.

Powered by Froala Editor