Azərbaycan mediasında kuirlər haqqında materialların 74 faizi qərəzlidir
QueeRadar-ın illik monitorinqi göstərir ki, LGBTQİ+ mövzusunda yerli hadisələrdən bəhs edən yazıların dörddə üçdən çoxu hökumətyönlü saytlarda çıxır
27/Nov/26
64
"Ya sensasiya, ya susqunluq": Azərbaycan mediasında kuirlər haqqında materialların 74 faizi qərəzlidir
QueeRadar-ın illik monitorinqi göstərir ki, LGBTQİ+ mövzusunda yerli hadisələrdən bəhs edən yazıların dörddə üçdən çoxu hökumətyönlü saytlarda çıxır. LGBTQİ+ fəalları və QueeRadar Minority Azərbaycana nəyin dəyişməli olduğunu izah ediblər.
2025-ci ildə Azərbaycan mediasında LGBTQİ+ mövzusuna həsr olunmuş 441 xəbər və məqalənin 325-i (73,7%) qərəzli və ya problemli, 113-ü (25,6%) neytral olub. Yalnız üç material (0,7%) kuir-inklüziv kimi qiymətləndirilib. Bu nəticələr media mühitində LGBTQİ+ mövzularının işıqlandırılmasını monitorinq edən QueeRadar təşəbbüsünün Azərbaycan, Ermənistan və Gürcüstanı əhatə edən VII illik hesabatında yer alır. Monitorinq 14 onlayn media orqanını, 2025-ci ilin yanvarından dekabrınadək olan dövrü əhatə edir.
Yerli həyat görünməzdir
Rəqəmlərin ən qabarıq tərəfi materialların coğrafiyasıdır. 441 materialın yalnız 86-sı (19,5%) Azərbaycanda baş verən hadisələrə aiddir, 355-i (80,5%) isə xaricdə baş verənləri əhatə edib. Xarici materialların 139-u ABŞ-la bağlıdır. Əsasən Donald Trump-ın translarla bağlı siyasəti və USAID-in bağlanmasını qabardıb. Hesabatın müəllifləri qeyd edir ki, Trump administrasiyasının siyasəti çox vaxt "ənənəvi gender normalarının müdafiəsi", xarici maliyyə isə "LGBT təbliğatı və Qərb təsiri" kimi təqdim olunub. Gürcüstan haqqında 16, Fransa haqqında 12, Qazaxıstan haqqında 9 material var. 179 material Türkiyə, Macarıstan, Rusiya, Polşa, Slovakiya, Burkina Faso və Böyük Britaniyada baş vermiş hadisələrlə bağlıdır.
QueeRadar izah edir ki, Azərbaycanda orta statistik media qurumu kuir mövzuları əsasən "başqa yerdə baş verən" hadisə kimi təqdim edir. Təşəbbüs iki səbəb göstərib. Birincisi, vətəndaş cəmiyyətinə qoyulan məhdudiyyətlər müstəqil jurnalistikanı zəiflədib, buna görə, ayrı-seçkilik və zorakılıq halları az işıqlandırılır. Digəri isə, yerli mövzulara toxunulanda o, ya "sarı mətbuat" üslubunda verilir, ya da siyasi hücumda alət kimi istifadə olunur. "Problem təkcə 'qaçmaq' deyil, yerli hadisələr ya ümumiyyətlə yazılmır, ya da düzgün yazılmır", - deyə QueeRadar bildirib.
Kim yazır?
QueeRadarın Minority Azərbaycana təqdim etdiyi məlumata görə, 86 yerli materialın 68-i (79%) hökumətyönlü saytlarda dərc olunub. Ən çox yerli material "Lent.az" (17), "Yeni Müsavat" (13), "Milli.az" (10), "Oxu.az" (9) və "Baku.ws"də (8) çıxıb. "Haqqin.az" ən çox LGBTQİ+ mövzulu material dərc edən sayt olub (72), lakin bunların heç biri Azərbaycandakı hadisələrə aid deyil. Hökumətyönlü saytların bütün kuir mövzulu materiallarının yalnız 17%-i yerli hadisələrdən bəhs edib.
QueeRadar bildirir ki, bu statistika kuirfob yanaşma ilə birlikdə hökumətyönlü media LGBTQİ+ mövzusunu "xaricdən gələn təhlükə" kimi təqdim etdiyini göstərir. Azərbaycan oxucusuna çatan məlumatın böyük hissəsi məhz bu medianın süzgəcindən keçir. QueeRadar yenidən yayımlanma və kopyalama hallarını ayrıca ölçmədiyi üçün bu barədə dəqiq rəqəm verə bilmir.
Qərəz necə görünür
Qərəzli materiallar 11 kateqoriya üzrə kodlaşdırılıb.
sensasiyalı təqdimat və ya klik-beyt, 156 hal (40,5%);
stiqmatizə edən, təhqiramiz terminologiya, 98 hal (25,5%);
seksual oriyentasiya və ya gender kimliyinin yersiz xatırlanması, 60 hal (15,6%);
kuirlərin cəmiyyət və dövlət üçün təhlükə kimi təqdim edilməsi, 22 hal (5,7%);
yanlış terminologiya, 21 hal (5,5%);
kuirfob açıqlamaların redaksiya mövqeyi və ya müxtəlif mənbələr olmadan verilməsi, 14 hal (3,6%).
Ən çox işlənən sözlər "trans/transgender" (171), "LGBT" (162), "homoseksual" (50) və "eynicinsli" (36) olub. "Cinsi azlıq" ifadəsi 35 dəfə işlənib. QueeRadar bu ifadəni illərdir təkrarlanan və çox vaxt neytral, hətta "nəzakətli" qəbul edilən bir vərdiş adlandırır, lakin onun kimliyi yalnız genderə və "azlıq" statusuna endirdiyini və "çoxluğa tabe olmalı olan bir qrup" olduğuna eyham vurduğunu bildirib. "Üzdəniraq" kimi təhqirdən "cinsi azlıq" ifadəsinə qədər bir növ təkamül olub, təşəbbüs qeyd edir. QueeRadar həmçinin qeyd edir ki, hökumətyönlü saytlar sərlövhələri klik üçün sensasiyalı formatda verir.
Üç inklüziv material
QueeRadar bildirir ki, inklüziv sayılan üç materialın hamısı hazırda mühacirətdə fəaliyyət göstərən müstəqil media qurumlarında dərc olunub. Biri mühacirətdəki kuir fəalla qısa video müsahibədir, orada yalnız fəal danışır, jurnalistin rolu demək olar ki, görünmür. Onu inklüziv edən başqa ənənəvi mediada çıxış imkanı olmayan insana mikrofon verməsidir. İkincisi bir neçə kuir təşkilatın birgə bəyanatının dərcidir və bu bəyanatı başqa media yaymayıb. Üçüncüsü hökumətyönlü medianın trans müğənniyə hücumunu və transfobiyanı necə yaydığını tənqidi təhlil edən qısa materialdır.
QueeRadar bu materialları güclü jurnalistikanın nümunəsi kimi təqdim etməyin düzgün olmadığını vurğulayır. Belə ki, ölkədən kənarda fəaliyyət göstərməyə məcbur olan jurnalistlər sahədə işləməkdə və insanlarla birbaşa danışmaqda çətinlik çəkir, ölkə daxilində isə bu mövzuları yazan müstəqil media demək olar ki, qalmayıb. "Nəticə olaraq inklüziv jurnalistika təsadüfi və fərdi təşəbbüslərə çevrilir, sistemli yanaşma isə yoxdur."
Rüzgarın qətli
Hesabatda ətraflı təhlil olunan hallardan biri 2025-ci ilin noyabrında Bakıda 19 yaşlı kuir gənc Yasin İbadovun (Rüzgar) öldürülməsidir. Monitorinqə daxil edilmiş xəbərlərə görə, o, əmisi tərəfindən öldürülüb. "Big.az", "Qafqazinfo.az" və "Lent.az"ın başlıqları (məsələn, "Bakıda cinsi azlıq öldürüldü, əmisi tutuldu") diqqəti qətlin özündən qurbanın kimliyinə yönəldib, adı isə "cinsi azlıq" ifadəsi əvəz edib. QueeRadara görə, kuir fəalların və təşkilatların mövqeyinə yer verilməyib, qurbanın həyatı və zorakılığın daha geniş konteksti araşdırılmayıb, hadisə 2025-ci ilin sonunadək izlənilməyib. Təşəbbüs bildirir ki, hökumətyönlü media Rüzgarın kimliyini klik-beyt başlıqlarla önə çıxarıb, qətlin anti-kuir motivi isə kənarda qalıb.
"Biz yalnız kimliyimizə görə xəbərə çevrilirik"
"Qıy Vaar!"da reportyor kimi çalışan LGBTQİ+ fəal Əli Məlikov mediada kuir təsvirinə görə özünü "çox pis" hiss etdiyini deyir. "Materialların çoxu klik üçün yazılır, kimliklərimizi heçə sayır. Bu materialların böyük hissəsi xaricdən tərcümədir", - o bildirir. Məlikovun sözlərinə görə, saytlar xaricdəki ən marginal və ən provokativ xəbərləri seçir, "süni intellektlə tərcümə edib necə gəldi" verir, bəzən təşkilatın və ya kollektivin adını belə səhv yazır. O qeyd edir ki, əvvəllər bu mövzuya toxunmayan televiziya kanalları indi LGBTQİ+ xəbərlərinə yer verir, lakin "ancaq mənfi təsəvvür yaratmaq üçün". Belə ki, mövzu tibbi problem kimi təqdim olunur və ya tibbi problemi olan bir şəxs efirə çıxarılıb bütün icmaya aid edilir.
Məlikovun fikrincə, kuirlər yalnız kimliyinə görə xəbərə çevrilir. "Bir gey cəmiyyət üçün faydalı iş görsə, bu kənarda qalır, söhbət yenə onun kimliyinə gətirilir. Rüzgarın qətlində də bunu gördük. Başlıqlarda onun adı yox idi, sadəcə 'cinsi azlıq' yazmışdılar. Əksinə, bir kuir efirə çıxanda və mövzu onun kuirliyidirsə, bunu gizlətməyə çalışırlar. Yəni ya sensasiya, ya da susqunluq. Ortası yoxdur."
Trans hüquqları fəalı Rauf Heydərov hesabatdakı qərəzli materialları və sensasiyalı başlıqları öz müşahidələri ilə üst-üstə düşən kimi qiymətləndirir. "Əksər hallarda biz mediada bərabər hüquqlara malik insanlar kimi deyil, cəmiyyət üçün problem, təhlükə, sensasiya və ya müzakirə obyekti kimi təqdim olunuruq", - deyir. O, transların görünüşünün, şəxsi həyatının və gender kimliyinin klik üçün istifadə olunduğunu, bəzən müsahibə verən şəxsin fikirlərinin kontekstdən çıxarıldığını və onun təhlükəsizliyinin nəzərə alınmadığını bildirir. Heydərovun fikrincə, bu yanaşma peşəkar səhv deyil, cəmiyyətdə mövcud homofob və transfob münasibətin möhkəmlənməsinə xidmət edir, çünki "media yalnız baş verənləri işıqlandırmır, insanların hadisələrə münasibətinin formalaşmasına da təsir göstərir".
Redaksiyalar kimlə danışmalıdır
Hər iki fəal icma ilə danışmağın vacib olduğunu vurğulayıb. Məlikovun sözlərinə görə, bu gün mediada işləyən insanların çoxu "sadəcə sayt doldurur", tərcümə edir, kliklərə baxır. "Onların chatbotdan fərqi qalmayıb." O deyir ki, əvvəllər müstəqil jurnalistlərin həbsdə olduğuna və qalanların icmanı tanımadığına görə belə olduğunu düşünürdü, amma sonradan gördü ki, jurnalistlər fəalları və təşkilatları tanıyır. "Sadəcə düzgün yazmaq onlara maraqlı deyil. Sonuncu dəfə bir fəal kimi məndən nə vaxt fikir soruşulduğunu xatırlamıram." Məlikov əlavə edir ki, "yarış mühiti" də yoxdur, heç kim "daha yaxşı" yazmaq üçün keyfiyyətli iş görmür.
Heydərov redaksiyalara bir neçə tövsiyə sadalayıb. Onlara kuir icmanın nümayəndələri və fəallarla, hüquq müdafiəçiləri və insan hüquqları təşkilatları ilə danışmaq, mövzu tibbi xarakter daşıyırsa müvafiq mütəxəssislərə, hüquqi məsələlərdə müstəqil hüquqşünaslara müraciət etmək daxildir. "Ən vacibi isə müsahibə verən şəxsin razılığı, anonimlik hüququ və təhlükəsizliyi qorunmalıdır." Onun sözlərinə görə, jurnalist yalnız sual verməklə kifayətlənməməli, cavabı hansı kontekstdə və hansı başlıq altında verdiyinə görə də məsuliyyət daşımalıdır. "Kuirlərin özləri olmadan qərar vermək və onlar haqqında birtərəfli təsəvvür yaratmaq məsuliyyətli jurnalistika deyil."
Müstəqil media daralıb, kimə güvənmək olar?
QueeRadarın hesabatına görə, müstəqil media qurumları olan "Meydan TV", "Abzas Media", "Toplum TV" və "Kanal 13" cinayət təqibi və həbslərlə üzləşib, "Turan" İnformasiya Agentliyi fevralda fəaliyyətini dayandırıb, BBC-nin Bakı bürosunun bağlanması tələb olunub, "Amerikanın Səsi"nin müxbirinin akkreditasiyası ləğv edilib. Nəticədə, kuir mövzuları əsasən sarı mətbuatın və hökumətyönlü saytların əlində qalır, xaricdən işləyən jurnalistlər isə hadisəni yerində izləyə bilmədiyi üçün ikinci əl mənbələrə güvənir.
Məlikov bununla razılaşır. "Müstəqil media daraldıqca kuir mövzusu tamamilə sarı mətbuatın və hökumətyönlü saytların əlində qalıb." Onun etibar etdiyi mənbələr icmanın özünün idarə etdiyi "Qıy Vaar!" və Minority Azərbaycan kimi kiçik platformalardır. "Meydan TV"nin xəbərlərinin çoxuna inandığını deyir, amma icma ilə bağlı xəbərləri yenə də ayrıca yoxlamaq ehtiyacı hiss edir. Məlikovun narazılığı odur ki, müstəqil media icma təşkilatlarından müsahibə almır, bəzən xəbəri onlardan götürüb istinad etmir: "Maddi maraq üçün demirəm, işimizin çoxu könüllüdür. Problem odur ki, bizi ciddi bir qurum, platforma kimi görmək istəmirlər."
Heydərov isə bir mənbəyə güvənməyin doğru olmadığını bildirir və məlumatı bir neçə mənbə ilə müqayisə edir. O, QueeRadar kimi kuir məsələlərdə ixtisaslaşmış platformaları, müstəqil mediaları, hüquq müdafiə təşkilatlarının hesabatlarını və icma nümayəndələrinin birbaşa açıqlamalarını izləyir. "Mənim üçün etibarlı mənbənin əsas meyarı onun hansı siyasi və ya ideoloji mövqedə dayanması deyil, məlumatı nə dərəcədə yoxlaması, şəffaflığı və insan hüquqlarına hörmət etməsidir."
Yalan xəbərə qarşı şikayət işləyirmi?
Məlikov deyir ki, "bizim şəraitdə şikayət demək olar ki, işə yaramır". O danışır ki, 2024-cü ildə iştirak etmədiyi sülh tədbirinin təşkilatçısı və iştirakçısı kimi göstərildiyinə görə dövlət qurumlarına və məhkəməyə müraciət edib, amma "məhkəmə şikayətimi qeydə belə almadı". O, Mətbuat Şurasına da ümid etmir. Hesabatda xatırlandığı kimi, şuranın idarə heyətinin üzvü efirdə "Meydan TV"ni LGBTQİ+ mövzusunda yazdığına görə ittiham edib. "Belə olanda şikayəti kimə edək?" - Məlikov soruşur. Onun sözlərinə görə, ictimai cavab və vəkillik kampaniyası daha təsirlidir: "Bu hücumların və görməzdən gəlmələrin çoxu ictimai şəkildə baş verir, biz də cavabımızı ictimai verməliyik." "Qıy Vaar!"da hadisəni ictimailəşdirmədən dövlət qurumları ilə danışmağa çalışanda çox vaxt nəticə almadıqlarını əlavə edir. O, hüquqi mexanizm və yardım, icmanı ciddi qəbul edən müstəqil media, beynəlxalq təzyiq kimi çatışmazlıqlarımn olduğunu bildirib.
Heydərov də şikayətin təkbaşına yetərli olmadığını deyir. O, materialların sənədləşdirilməsi (ekran görüntüləri və keçidlər), redaksiyaya rəsmi etiraz və düzəliş tələbi, platformalara şikayət, icma təşkilatları və hüquq müdafiəçiləri ilə birgə ictimai reaksiya kimi lazımi addımların həyata keçirilməsini təklif edib. Lakin əsas maneə odur ki, insanlar etiraz etməkdən çəkinir: "Adlarının açıqlanmasından, hədəfə çevrilməkdən, ailə və sosial çevrələrində təzyiqlə üzləşməkdən qorxurlar." Çatışmazlıqlar kimi o, kuir insanları mediada ayrı-seçkilikdən qoruyan effektiv mexanizmləri, şikayətlərin obyektiv araşdırılmasını təmin edən müstəqil media etikası orqanını, icmanın media savadlılığı və hüquqi biliyi proqramlarını, qərəzli xəbərlərə koordinasiyalı reaksiya verə bilən icma platformalarını və jurnalistlər üçün kuir/trans mövzularında peşəkar təlimləri sadalayıb.
"Əsas məqsəd yalnız yanlış xəbərləri təkzib etmək deyil, belə xəbərlərin istehsalını və yayılmasını təşviq edən mühiti dəyişmək olmalıdır. Kuir insanların mediada görünmək hüququ olduğu kimi, mediada alçaldılmadan, damğalanmadan və təhlükəyə atılmadan təmsil olunmaq hüququ da var," deyə Heydərov bildirib.
Powered by Froala Editor