"Oğurluq et, cinayət et, qadın zorla, zorakılıq et, amma kişi ol"

 Müsahibimiz özünün Humay çağırılmasını istəyir. O kişi bədənində doğulsa da özünü qadın hesab edir və əsas məqsədi öz bədəninə qovuşmaqdır. O, anonim qalmağı üstün tutur.


20 yaşlı Humay deyir: "Uşaqlıq şəkillərimə və videolarıma baxanlar, uşaq vaxtından qız kimi düşdüyümü deyirlər. Oğlan kostyumu geyinəndə sıxılardım.  Öz qarşımdakı qızların geyimlərinə baxıb hiss edərdim ki, mən elə geyinməliyəm. Yəni bu məndə doğuşdandı," 

Humayın hazırda ən böyük problemi ailəsidir. O, transgender olması barədə ailəsinə 4 aydır danışsa da, hərəkətlərinin feminin olmasına görə uşaqlıqdan ailəsinin təzyiqi ilə üzləşdiyini deyir.

"Uşaq vaxtında hiss etməmişdilər. Bir az böyüyəndən sonra geyimimdə azad olmaq istədim. Bildilər. Saçımı məcbur qırxdırırdılar, geyimimə nəzarət edirdilər. Bir oğlanın xoşuna gəlmək istəyirdim. Amma kişi kimi görünürdüm, buna görə də özümü yaxşı hiss etmirdim" Humay əlavə edir.

Humay təkcə ailəsindən deyil, qonşuları, qohumları, məktəb yoldaşları və müəllimləri tərəfindən də təzyiqə məruz qaldığını qeyd edir.

"Müəllimlərim deyirdilər qız kimi danışırsan, feminin davranışıma görə ailəmə şikayət edirdilər. Məktəbdə təhqir edirdilər, qızbibi deyirdilər. Oğlanlar məni döymək istəmişdilər bir dəfə.  İndi də məhəllədə özümü məcbur edirəm kişi kimi yeriyim ki, şübhələr olmasın, mənə hər hansı bir söz deyilməsin. Amma bunu idarə etmək mümkün deyil", o davam edir.

Humayın sözlərinə görə universitet illərində də bu təzyiq sonlanmayıb. O bildirir ki, indi də tələbə və müəllimlər tərəfindən daimi nifrət sözlərinə tuş gəlir.

"Heç bir oğlan tələbəyə və ya kişi müəllimə yaxınlaşıb nə isə soruşa bilmirəm. O dəqiqə onlar haqda xoşagəlməz ifadələr işlədirlər. Cəmiyyət məni ancaq cinsi obyekt gözündə görür".

Humay deyir ki, anası onu tək böyüdüb və hədsiz dərəcədə cəmiyyətin nə fikirləşəcəyinə önəm verir. Bu səbəbdən feminen hərəkətlərinə görə onu daima kişi mühitinə salmaq istəyib.

"Həmişə oğlan üçün oyuncaqlar alardı. Rəsm çəkməyə marağım var idi, amma imkan vermirdi ki, qız işi görürsən. Məni həmişə furtbol oynamağa yollayardı. Qız dostlarımla danışmağa imkan verməzdi. Məcburi polis akademiyasına, ya da hərbi akademiyaya yollamaq da istəyidilər", deyir Humay.

Humay deyir ki, qadın bədənində doğulsaydı belə, yaşamaq üçün Azərbaycanı seçməzdi. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti qadının üzərinə bütün mənfi xüsusiyyətləri yükləyib və qadınlara bu ölkədə rahat deyil.

"Kişilik bu cəmiyyətdə daha üstün sayılır. Anam mənə demişdi ki, oğurluq et, cinayət et, qadın zorla, zorakılıq et, amma kişi ol".

O, hazırda tək yaşamaq və dil kurslarına getmək üçün maddiyata ehtiyacı olduğuna görə ailəsinin yanında trangenderlik məsələsini qabartmadığını və hələ də özünü oğlan kimi davranmağa məcbur etdiyini də qeyd edir.

Onun sadəcə bir istəyi var, azad yaşaya biləcəyi cəmiyyət. Bu səbəbdən Humay universiteti bitirdikdən sonra maliyyə toplayaraq cins dəyişdirmə əməliyyatı etdirəcəyini deyir.


Mənbə: Rəngarəng Azərbaycan