Gendersiz Menstruasiya
Menstruasiya təyin edilmiş genderi qadın olan bir çox insanın həyatının bir hissəsidir
11/Jul/21
3906
Gendersiz Menstruasiya
Menstruasiya təyin edilmiş genderi qadın olan bir çox insanın həyatının bir hissəsidir. İstəsək də, istəməsək də, hətta nifrət etsək də, bədənimizin funksiyalarından biridir. Mariginallaşdırılan gender kimliklərində olanlar üçün menstrual tsikl adətən diskomfort yaradır və gender disforiyanı tətikləyən amillərdən biri olaraq qəbul edilir. Gender disforiya təcrübəsi yaşamış biri olaraq bir neçə il öncə mənim üçün də menstruasiya bədənimin ən nifrət etdiyim funksiyası idi. Məndə özümə təyin etdiyim gender kimliyinə görə narahatlıq yaradırdı. Bir növ, özümdən kənara atmaq istəyib, ata bilmədiyim “qadın cəhəti” olaraq görürdüm, ki, bir çox insana görə belədir.
Genderi, bizə təyin edilən genderə görə di tə edilən normaları və gözləntiləri, insanı biologiyadan kənarda sosial bir varlıq olaraq analiz etməyi araşdırdıqca, menstruasiyaya olan nəzərim dəyişdi və menstruasiyaya görə yaşadığım psixoloji basqı zamanla aradan qalxdı.
Uşaqlıq, ilkin yeniyetməlik dövründən bizlərə menstruasiya yarım-yarımçıq, yanlış bilgilərlə, tabu, “qadın məsələsi” olaraq öyrədilir. Əksəriyyətimiz bu barədə ilkin məlumatı həmyaşıdlarımızdan eşitmişik. Valideynlərimiz gələcəkdə bədənimizin mütəmadi davam edəcək bu funksiyası haqqında bizə məlumat verməyi uyğun görməyib, “ayıb” hesab edib. Bir çoxumuzun ilk menstruasiya təcrübəsi qorxu və narahatlıqla müşayiət olunub. Gender kimliyimizdən asılı olmayaraq menstruasiyanın üzərindəki bütün bu psixoloji basqı bizdə diskomfort yaratmaq, tsikla nifrət etmək üçün kifayət imiş kimi görünür.
Menstruasiya məhsullarının marketinqi adətən qadınlara fokuslanır, “qızların ən yaxın dostu”, “qadınların əvəzolunmaz yoldaşı” tipli mesajlar verilərək menstruasiya genderləşdirilir. Televiziya reklamlarında bizə təqdim edilən menstruasiya gender inkluziv olmaması ilə yanaşı, qeyri-realdır. İlk olaraq heç bir insanın qanı mavi rəngdə olmadığı üçün, təbii olaraq mavi rəngdə qanamır. Həmçinin “menstruasiya” “menstrual tsikl” ifadələri yerinə lokal mediada bədənimizdə baş verən təbii prosesi tabulaşdıran “həmin gün”, “o gün”, “özəl gün” kimi ifadələr istifadə olunur.
Menstruasiya məhsullarının kommersiyalaşdırılmasındakı əsas problem həmin məhsulların ehtiyacdan daha çox lüks imiş kimi təqdim olunmasıdır. Hansı ki, bu imtiyaz məsələsi olmamalı, sosial statusundan, gender kimliyindən, yaşından asılı olmayaraq hər bir kəsin menstrual gigiyena vasitələrinə çatımlılığı təmin edilməlidir. Ötən il Şotlandiya, bu il isə Yeni Zellandiya və Fransada menstruasiya olan insanların təhsil müəssisələrində pulsuz menstrual gigiyena məhsullarına çatımlılığının təmin olunması ilə bağlı qərər qəbul edildi.
Son illərsə bir neçə brend öz marketinqində gender inklüziv olmağa cəhd göstərir. Bunların əksəriyyəti təkrar istifadə oluna bilən, təbiətə və bütün insanlara həssas yanaşmağı məqsəd hesab etdiyini irəli sürən brendlərdir. Lakin bəzi aptek brendləri də inklüzivlik cəhdləri ilə önə çıxır. P&G brendlərindən Tampax ötən il trans-inklüziv tviti ilə gündəmə gəldi. Tvitin məzmunu belə idi:
“Fakt: Bütün qadınlar menstruasiya olmur. Digər bir fakt: Bütün menstruasiya olan insanlar qadın deyil. Gəlin qanayan bütün insanların müxtəlifliyini qeyd edək! #mifləriqırmaq #menstruasiyahəqiqətləri #transgözəldir”
Gözlənildiyi kimi, bu tvit transfob tvitter istifadəçilərinin hücumuna məruz qaldı və hətta Tampax mizoginiya və qadınları gözardı etməkdə ittiham olundu.
Maraqlısı budur ki, mariginallaşdırılan gender kimliklərinin “qadın məsələləri” ilə bağlı araşdırmalarda gözardı edildiyini vurğulayanda və ya inklüzivlik tələb edəndə hamıdan öncə etirazını bildirən təyin olunmuş genderinə görə bizimlə eyni çətinlikləri yaşadığı halda TERF-lər olur. Lakin bizim məqsədimiz qadınların yaşadığı diskriminasiya və çətinliklərin gözardı edilməsi deyil, daha gender-inklüziv mühitin yaradılmasının təmin edilməsidir. Menstruasiya sadəcə özünü qadın olaraq təyin edənlərin bədənində baş vermədiyi üçün “qadın məsələsi” olaraq görülməsi bizi gözardı etməkdir.
Doğulduğumuz bədənlər, fiziki və genetik xüsusiyyətlər hər necə olursa olsun, kim olduğumuzu biz təyin edirik. Bədənlərimiz və bədənlərimizdə baş verən təbii proseslər gendersizdir. Gender kimliyinizdən asılı olmayaraq əgər siz də menstruasiya olan insanlardan birisinizsə, bütün tabulara və sizə yeridilən normalara qarşı çıxaraq bədəninizi sevin və menstruasiyanızı təbii qəbul edin.
Müəllif: Raven
Powered by Froala Editor