16 yaşlı kuir şagird 244 saylı məktəbdə bullinqə məruz qalır

Əsəd Ələsgərov adına 244 nömrəli tam orta məktəbdə təhsil alan 16 yaşlı Əli Məlikov seksual oriyentasiyasına görə illərdir ki, bullinq və zorakılığa məruz qaldığını, lakin şikayət etməsinə baxmayaraq, problemin qarşısının alınmadığını bildirib. Bu haqda o, özünün Facebook sosial şəbəkə hesabında yazıb. 

“Haradasa 8-ci sinifdə məktəbdəki zorakı uşaqlar cinsi orientasiyam haqda məlumat əldə etdi. Daha sonra koridorlarda mənə "petux", "məməzok", "qızbibi" kimi sözlər atılmağa başlandı. Daim olaraq narahatlıqlar böyüdükcə reaksiya da böyüyürdü. Hətta digər məktəblə bu məktəbin zoraklığa meyilli şagirdləri əlaqəlidir deyə digər məktəbdəki uşaqlar məni yolda gedərkən küncə sıxışdırıb üstümə it cumdururdular (uşaq vaxtı itlərdən qorxduğum üçün nevropatoloji tik keçirdiyimi bilirdilər). Onların cibində bıçaq da var idi və mən bilmirəm ki, o gün dostum yanımda olmasa necə olacaqdı.”

Əli Məlikov daha sonra qeyd edib ki, onun sosial mediadan şəkilləri götürülüb və üzərinə ev, məktəb ünvanları yazılaraq, "bu petuğu harada görsəniz tutub sikin" tərzində təhdid mesajları ilə məktəblilər tərəfindən sosial media hesablarında paylaşılıb.

16 yaşlı şagird davamlı şəkildə məktəbdə qorxu içində olduğunu, fizika müəlliminin onun əşyalarına zərər vurduğunu, çiyninə şal atdığı üçün ona “Samiraldo”, “şəxsiyyətsiz” deyə xitab etdiyini də əlavə edib. Əli Məlikov sözügedən məktəbin tualetində trans qadının cinsi istirmara məruz qaldığını, lakin zərərçəkənin bu haqda danışmaq istəmədiyini bildirib.

Əsas problem isə məktəbin səlahiyyətli şəxslərinin onun şikayətlərinə cavab verməməsi olub. Əlinin sözlərinə görə, o, baş verənlərlə bağlı Məktəblinin Dostu layihəsinin işçisinə, eləcə də dəfələrlə məktəb direktoru Yəhya Abbasova məlumat verib. Lakin direktor çoxsaylı şikayətləri cavabsız qoyub. Direktorun müavini də bullinq edən şagirdlərin düzəlməyəcəyini deyib. Üstəlik, Əlinin də onlara zorakı şəkildə cavab qaytarmasını təklif edib. 

“Feysbukda yazdığım kiçik posta görə məktəblinin dostu layihəsindən psixoloq gəldi. Gələn şəxs dirəşmişdi ki, "propaqanda etmə, çalış yola ver, onlar dəyişməyəcək. Həqiqətən də siz bunun üçün varsınız?!” - Əli Məlikov öz paylaşımında yazıb. 

Əli Məlikov həmçinin valideyninin dəfələrlə məktəbə gəldiyini, məsələ ilə bağlı stresdən iki dəfə huşunu itirdiyini deyib. 

Nəticə olaraq, təhlükəsizliyindən narahat olduğunu bəyan edən şagird məktəbə getməkdən imtina edib. 

Məktəb direktoru Yəhya Abbasov və Məktəblinin dostu layihəsinin işçisi Hüseynağa Hüseynov mətbuata açıqlamalarında Əli Məlikovun zorakılığa və bullinqə məruz qalmasını təkzib ediblər. 



Powered by Froala Editor