Gəl Dənizlə Barışaq VII bölüm
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha mə'sud
24/Sep/22
1129
Gəl Dənizlə Barışaq
Yeddinci bölüm
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.
Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim.
Mikayıl Müşfiq. “Yenə O Bağ Olaydı.”
Əminəm ki, kim görsəydi, nənəmin bağda yetişdirdiyi güllərə heyran olardı. Beton səki bitdikdən sonra sırayla qızılgüllər, ətirşahlar, çobanyastığılar, zanbaqlar və adı qulağa kağız xışıltısı kimi gələn onlarla başqa növ çiçəklər evlə bağçanın arasında rəngarəng bir sərhəd yaradırdı. Həyət qapısını açan kimi sanki ətir mağazasına daxil olmusunuz, gül qoxusunun az qala üzünüzə dəydiyini hiss edərdiniz. Əgər Xəzri vardısa, küçə qapısının qarşısından keçəndə belə bu güllərin iyini hiss etməyiniz mümkün idi. Gül bağçasının baxımı böyük miqdarda pul tələb etsə də, nə valideyinlərimin, nə də nənəmin bundan bir dəfə olsun belə, şikayət etdiyini görməmişdim. Nənəm bağçası ilə sinəsində xəzinə dolusu orden-medallaları ilə fəxr edən veteran kimi fəxr edərdi. Bu işdə çox ustalaşmışdı. Orda olduğumuz müddət ərzində az qala hər gün insanların gəlib ondan gül şitilləri və nəyi necə əkməklə bağlı məsləhət aldıqlarını görürdük. Atamın internetdən tapdığı bir aqronom və bu aqronomun möcüzəvi dərmanları sayəsində nənəm artıq bir neçə il idi ki, bağçasını qışda belə canlı və rəngarəng tuta bilirdi.
Bir gün nənəmin yanında durub, onun güllərə dərman vurmağını izləyərkən kənardakı sarı çiçəkli gül kolu diqqətimi çəkmişdi.
“Nənə bunları niyə dərmanlamırsan?”, - soruşmuşdum.
Nənəm görstərdiyim güllərə baxıb: “Hmm, onlar gül deyil, Əli. Alaq otudur”, - demişdi.
“Amma sarı gülləri var axı”, - demişdim. Nəyəsə görə o bitkinin görünüşünü çox sevmişdim.
“Adı zəncirotudur”, -demişdi gülərək. “Gülləri varsa, bağçaya yararlıdır demək deyil ki”, - deyərək bitkinin yanına gəlib, onu kökündən qoparıb kənara atmışdı. “Yaxşı ki, gördün. Onları görəndə çıxarıb at, ağıllı balam.”
“Amma çox gözəl idilər axı. O sarı çobanyastığılarına oxşayırdı”, - demişdim. Niyəsini bilməsəm də, bir az ağlamsınmışdım da. Bəlkə də ilk dəfə nənəmin mənim istəklərimi heçə saydığını gördüyümə görə idi.
Nənəm göstərdiyim sarı çobanyastıqlarına baxaraq: “Bu güllər baxım tələb edir”, - dedi. “Onlara qayğı göstərməsən, çiçəklənib böyüməzlər. Bunlar isə” – zəncirotu kolunu göstərərək – “həyasız güllərdir. Bəlkə də biri, ya da ikisi gözə yaxşı görünə bilər, amma yayılmaqlarına icazə versən, bir də görərsən ki, bütün bağı bürüyüblər”, - ardıyca da güldü. “Düz deyirsən, çox oxşayırlar. Ona görə də həmişə yaxından baxıb əmin olmaq lazımdır.”
Uzun illər özümü o gül bağçasında, bir-birindən gözəl çiçəklər arasında yaşayan və hər necəsə həyatda qalmağı bacaran zəncirotu kimi hiss etdiyimi desəm, nə düşünərsiniz? Bax, ailə üzvlərimin içində yaşayarkən hiss etdiyim elə bu idi. Əgər ailəmiz gül bağı olsaydı, onlar qızılgüllər, zanbaqlar, nərgizlər, mən isə heç kimin istəmədiyi bir zəncirotu olardım. Üstəgəl, hamının sarı çobanyastığına çox oxşatdığı həmin o zəncirotu. Əgər kimsə yaxından baxsaydı, əgər kimsə məni kəşf etsəydi, əgər kimsə mənim kim olduğumu bilsəydi, məni o ailədən alaq otu kimi çıxarıb atacaqlarını düşünürdüm ki, bir baxıma bu, arzuladığım bir şey idi.
Sirrimin ürəyimdə hiss etdiyim, daş kimi ağırlığı artıqca evdə düşmən tərəfinə keçmiş və hər an ifşa oluna biləcək casus kimi yaşamağa başladım. Ailəm İlkinlə olan münasibətimi öyrənəndə nə edərdi? Ağlımda ssenarilər yazmağa başlayırdım. Hamısı da dramla başlayıb, dəhşətlə bitən ssenarilər olurdu.
Oğlanlara olan marağım hardan gəlirdi? Həqiqətən keçmişdə başıma gələn o hadisə ilə bağlı idimi? Seçim idimi? Ya lənətlənmişdim? Xəstə idim? Bunların heç birinin doğru olmadığını biləcək qədər google-da araşdırmalar edib, məqalələr oxumuşdum, amma yenə də özümü bir istisna olaraq görməkdən saxlaya bilmirdim. Oxuduğum heç bir şeyə inanmırdım. İnsanların özünü aldatdıqlarını düşünürdüm.
Əgər insan həyatının ilk illərində onu olduğu kimi qəbul edən, sevən biri və ya biriləri tərəfindən böyüdülməyibsə, bütün dünya bir araya gəlib həqiqəti desə belə, onu inandıra bilməyəcəklərini illər sonra anladım.
İlkinlə münasibətimizin başlanğıcında çox güclü hiss etmişdim. Özümdə istənilən çətinliyin öhdəsindən gələ biləcək güc olduğunu düşünmüşdüm, amma vaxt keçdikcə, yay bitməyə doğru getdikcə, havalar sərinləməyə başladıqca əvvəlki mənin, əvvəlki həyatımın evdə dolanaraq bütün istiliyi çəkib aparan yel kimi həyatıma geri qayıtdığını gördüm.
Avqustun əvvəllərində İlkin payız əkini üçün nənəmə həyətimizin boş qalan hissəsini arendaya götürmək təklifi etdi. Nənəm də istədiyi vaxt orda əkiləcək məhsuldan istifadə etmə səlahiyyəti ilə ona torpağı çox ucuz qiymətə əkməyə icarəyə verdi. Əslində ilk başda nənəm torpağı ona pulsuz verməyi düşünmüşdü, necə olmasa da, boş torpaq idi. Amma atam bunu eşidən kimi qarşı çıxmışdı. Beləcə torpağı əkinə hazırlamaq üçün İlkin həyətimizə daha çox gedib-gəlməyə başladı. Demək olar ki, hər gün gəlib torpağı alaq otlarından təmizləyir, belləyir və gübrələyirdi. Valideynlərim sərin eyvanda oturub samovar çaylarından qurtumlayarkən bu mənzərini ərazilərində təhkimli kəndlisini izləyən XVII əsr feodal ailəsi kimi izləyirdi.
“Maşallah, bu uşaq yorulmaq bilmir”, - dedi atam. “Deyirlər ki, onlarda olan güc heç kimdə olmur”, - bundan sonra üzündə iyrənc bir gülümsəmə yarandı.
“Kimlərdə?”, - soruşdu anam dırnaq boyasını çəkərkən. “Lallarda? Hə, eşitmişəm. Mənim sinif yoldaşımın qardaşı da lal-kar idi. Düzünü desəm, ondan çox qorxardıq. Adamyeyən kimi baxardı adama.”
“Yazıq uşaq”, - dedi atam. “Əsl bədbəxtçilikdir. Əsl bədbəxtçilik.”
Bu sözlər mənə çox pis təsir etmişdi. O gün ilk dəfə anama və atama qarşı təkcə qəzəbli olduğumu deyil, nifrət etdiyimi də anlamışdım. Sevdiyim insan haqqında bu cür danışılması, ona yuxarıdan-aşağı baxılması və mənim əlimdən heç nəyin gəlməməsi ürəyimi bulandırırdı. O vaxt ayağa qalxaraq valideynlərimə qarşı İlkini müdafiə etməyi o qədər istədim ki... Edə bilmədim.
Bunun yerinə içimdə olan qəzəbi və nifrəti elə İlkinin özünə yönləndirməyə başladım.
Bunu şüuri şəkildə etmirdim. Məncə, ən pis tərəfi də bu idi.
Həyətə hər zamankından daha çox gəlməyinə baxmayaraq, işləyərkən yanına getmirdim. Səbəb olaraq evdəkilərin bizi görəcəyini bəhanə edirdim. Artıq balıqçı köşkünə də getməməyə başlamışdıq. Bir gün kefim olmurdu, bir gün xəstələnirdim, bir gün ümumiyyətlə heç bir mesajına cavab verməyib, özümü yoxa çıxmış kimi göstərirdim.
Özümü orda deyillərmiş kimi, guya hər şey yaxşıymış kimi, heç bir şey eşitmirəmmiş kimi aparırdım, amma beynimin içində anamla atamın sözləri blender maşınına tökülmüş moruq dənələri kimi fırlanır və öz ölümcül kokteyllərini hazırlayırdılar.
Əsl bədbəxtçilikdir. Əsl bədbəxçilik.
Hansımız daha çox bədbəxt idik, qərar ver bilmirdim.
Bir dəfə az qala bir gündən çox İlkinin nə bir mesajına cavab vermişdim, nə də gözünə görünmüşdüm. O isə durmadan yazmış, bütün gün məni axtarmışdı. Axırda çarəsiz qalaraq mənə zəng vurmuşdu. Bunu görəndə gülməyə başlamışdım. Acı bir gülüş idi. Amma gülürdüm. Əsəblərim pozulmuşdu. Səsimi eşitməsinlər deyə, hətta ağzımı tutduğumu belə xatırlayıram. Telefonu açsam belə, heç bir şey deyə bilməyəcəyini düşündükcə özümü saxlaya bilmirdim. “Əsl bədbəxtçilikdir. Əsl bədbəxçilik.” Niyə zəng vururdu ki? Niyə özü başa düşmürdü. Niyə hər şeyə rəğmən atıb getmirdi ki?
Həmin gün zəngə cavab vermədim. Gülməyim yatışdıqca yerini ağlamağa verdi və üzümü balışa basdırıb, hönkür-hönkür ağlayaraq yuxuya getdim.
Sonrakı gün bir az özümə gəlmişdim. Nəyəsə qərar verəcək qədər güclü hiss edirdim özümü. İlkinlə aramızda keçən bu şeylər adi yay əyləncəsindən başqa bir şey deyildi. Onsuz da yay da bitmək üzrə idi. Dərslər başlamamışdan əvvəl evi tərk edib, yenidən şəhərə köçəcəkdik və hər şey bitəcəkdi. Bunu yəqin ki, oda bilirdi.
Nələr olduğunu İlkinə demədim. Necə deyə bilərdim ki? Özüm belə nə baş verdiyini tam anlamadığım vəziyyətdə kiməsə bunu başa salmağım mümkün deyildi. Ona görə də sadəcə özümü pis hiss etdiyimi deyib, vəziyyəti yola verdim.
Getdikcə özümü ondan soyutmağa başladım. Seks təkliflərini rədd etdim, birlikdə keçirdiyimiz zamanları azaltmağa başladım. Nə ondan tam ayrılırdım, nə də yaxınlaşırdım. Özünün qərar verib getməyini istəyirdim. Əgər bu qərarı mən versəydim, bunun peşmançılığını çəkəcəyimi bilirdim. Özümü bir də buna görə günahlandırmaq istəmirdim.
Əgər İlkin danışa bilsəydi, yəqin ki, bu davranışlarımdan sonra mənə ən ağır sözləri deyib tərk edərdi. Amma sözlərə ehtiyacı var idimi? Tüpürməyi ki bacarırdı! Niyə üzümə tüpürüb getmirdi? Niyə hər ikimiz üçün də ən yaxşısının bu olduğunu başa düşmürdü ki?
O başa düşmürdüsə, gizlində ləzzət aldığım planımı həyata keçirməyə davam etməyi qərara aldım. Əvvəl-axır burdan köçdüyümüz gün hər şeyin sonu olacaqdı. Ayrılacaqdıq və hər kəs öz normal həyatına geri qayıdacaqdı. O vaxta kimi yəqin ki, pis davranışlarımla aramızdakı münasibəti söndürə bilərdim və bu qədər şeydən sonra İlkin yəqin ki, məni axtarmazdı. Mən də özümə onu axtarmayacağıma dair söz vermişdim.
Amma düşündüyümdən də tez ayrıldıq. Özüdə hər şeyin başladığı o dəniz kənarında.
Həmin gün hava küləkli olsa da, çox isti idi. Dənizdə az qala həyət divarlarımız qədər hündürə qalxan dalğalar olmağına baxmayaraq kifayət qədər insan vardı. Həmişəki kimi mən, İlkin, Sevinc, Rövşən getməyi qərara alsaq da, bu dəfə Kamran da Rövşənin ayağına yapışıb, uluyaraq gəlmək üçün dirəndi və sonda həmişəki kimi istədiyinə nail oldu. Çatan kimi süfrəmizi qumun üstünə sərib, gətirdiyimiz yeməkləri düzdük. Qısa bir müddət sonra hər şeyin üstü dənizin qumu ilə dolmağa başladı. Hətta dişlərimin arasında belə qalıb xırçıldayan qum dənəciklərini hiss edirdim.
Gəlməyi heç istəməmişdim, lakin Rövşən, daha sonra isə Sevinc zəng edərək gəlməyim üçün israr etmişdi. Bunun İlkinlə məni barışdırmaq üçün hazırlanmış plan olduğunu sonra başa düşdüm. Öz aləmlərində bizi barışdıracaqdılar, amma küsməmişdik ki, barışaq da.
Hər nə qədər üzümə gülümsəsə də, Sevincin içində mənə qarşı olan əsəbini hiss edirdim. Əmin idim ki, onunla olan gizli danışığımızdan sonra niyə belə davrandığımı anlamağa çalışırdı. Lakin Sevincin bilmədiyi bir şey vardı ki, mən o vaxta kimi heç vaxt heç kəsin ümidlərini doğrultmamışdım. Buna nə gücüm vardı, nə həvəsim, nə də səriştəm.
Mən İlkinin yanında, Rövşənlə Sevinc isə üzü bizə baxacaq şəkildə oturdu. Kamran dənizə girməyi çox istəsə də, Rövşən qəti şəkildə ona icazə vermədiyi üçün qaşqabağını sallayaraq bizdən bir az aralıda qumdan qalalar düzəldən uşaqların yanına gedib, onlarla oynamağa başladı.
Günlərdir ki, İlkinə bu qədər yaxın olmamağıma baxmayaraq bacardığım qədər üzünə baxmamağa çalışırdım: Sanki o, burda bizimlə deyilmiş kimi; sanki dənizə beş nəfər deyil, dörd nəfər gəlmişik kimi. Sanki aramızda keçən o şeylər heç vaxt yaşanmamış kimi...
Lakin onun tez-tez üstümdə gəzən aqressiv, açıqlama gözləyən, möhtac baxışlarını az qala mənə toxunurmuş kimi hiss edirdim.
Birdən əli ilə çiynimə toxundu. Ona baxdım. İşarə dilində: “Nə olduğunu deyəcəksən?”, - soruşdu.
“Heç nə olmayıb”, - dedim. Üzümdə belə bir şeyi soruşmağının belə qəbahət olduğunu göstərən bir ifadə yaratmışdım.
“Olub”, - göstərdi əlləri ilə. “Danışmalıyıq.”
“Yox”, - dedim və üzümü çevirdim. Sevinclə Rövşən söhbətlərini dayandırıb, bizə baxdılar.
Bu dəfə bir az sərt şəkildə çiynimə toxundu. Yenə ona baxanda: “Təklikdə danışaq”, - dedi.
“Danışmalı bir şey yoxdu”, - dedim.
“Xaiş edirəm”, - göstərdi işarələrlə.
Əlini uzatdı və əlimdən tutdu. Bir anlıq insanların ikrah dolu, sorğulayan, nifrətcil baxışlarının, qınamalarının qorxusu məni ələ keçirməmiş, əlindən əlimə yayılan istiliyə, gözlərindəki yalvaran, möhtaclı baxışlara təslim oldum. Bunu ona necə edə bilirdim? Məni heç vaxt incitməməyinə baxmayaraq niyə onu incidirdim? Niyə onun mənə qarşı olan yaxşı davaranışlarını qəbul etmək mənə bu qədər ağır idi? Niyə sevgini yaşamaq mənə ağır gəlirdi?
Onu sevirdim. Heç vaxt sevgi görməmiş bir insan üçün bunu demək nə qədər qəribə olsa da, o anda dərk etdiyim şey sevgidən başqa bir şey ola bilə bilməzdi. Ona görə də bu qədər ağrı verirdi. Ona görə də qəbul edə bilməzdim.
Əlimi çəkib: “İndi yox”, - dedim. Boğazıma qədər gəlmiş duyğuları udqunmağa çalışdım, amma susuz içdiyim dərman kimi boğazımda ilişib qaldıqlarını hiss etdim.
“Nə baş verir, uşaqlar?”, - Sevinc məyus bir halda dedi. “Niyə belə edirsiniz?”
Nə mən bir şey dedim, nə də İlkin bir şey göstərdi.
Başımı aşağı əydim. Gözucu İlkinə baxdım. Bir əlini dizinin üstünə qoyaraq üzünü dənizə çevirmişdi.
“Kamran! Kamran hardadır”, Rövşən qışqırdı.
“İndicə burda idi axı”, - dedi Sevinc.
Hamı ayağa qalxıb Kamranın bayaqdan bəri qumla oynadığı həmin yerə baxdı. Digər uşaqlar orda olsalar da, Kamran yox idi. Adını çağırsaq da, heç bir yerdən qaçıb gəlmədi. İlk dəfə Rövşənin üzündə yaranan təşvişi gördüm və bu məni daha da həyəcanlandırdı. Daim sakit, təmkinli halda olan qardaşım belə bu hala düşmüşdüsə, vəziyyət həqiqətən də pis idi.
Təxmini bir dəqiqə ərzində ətrafı axtarıb, boğazımızdan çıxan ən yüksək səslə balaca qardışımı səslədik. Bunu edərkən qeyri-ixtiyari ayaqlarımız bizi dənizə tərəf çəkib apardı. Heç bir yerdə yox idi.
Bundan sonra ağla sadəcə bir yer gəlirdi... Dənizə baxdıq. Boz dalğalar göy üzünə qalxıb uçulan göydələnlər kimi sahilə çırpılırdı. Hər çırpılan dalğa qardaşımın həyatda olduğuna dair olan ümidlərimizin üstünə enən dəmir çəkic kimi idi.
Rövşən: “Ola bilməz”, - dedi. Barmaqlarını saçlarının arasına keçirib yolurmuş kimi sıxaraq dənizə baxırdı: “Bircə ora olmasın.”
Hamı durmadan hərəkət halında olan dənizə baxarkən birdən Sevinc: “Ordadır”, - qışqırdı.
Göstərdiyi yerə baxdıq. Bizdən xeyli uzaq balaca nöqtə idi. Qardaşım əlini yuxarı qaldırıb-endirirdi. Batırdı.
“Allhah sən özün kömək ol”, - dedi Sevinc.
Sonra olanlar saniyələr içində baş verdi. Rövşən də, məndə dənizə girmək istəyərkən İlkin bizi saxladı.
“Burax qardaşımı çıxarmalıyam”, - deyə Rövşən qışqırdı. İlkin onu geri itələdi. Rövşən çaş-baş şəkildə yerə yıxılarkən İlkin Sevincə xilasetmə məntəqəsini göstərib, işarə dilində nəsə dedi. O qədər stresli idim ki, nə dediyini tam anlamamışdım.
“Yox”, - dedi Sevinc. “Səni ora qoymaram. Eşidirsən məni! Getmə! İlkin qayıt!”, - qışqırdı ardıyca.
İlkin isə çoxdan yarıya qədər dənizə girib qabağa doğru irəliləyirdi.
Qulağımda bir uğultu vardı. Hələ də eşidirdim, amma heç bir şey eşitmirdim. Görürdüm, amma öz gözlərimlə deyil. Hər şey o qədər ağır gedirdi ki.
Birdən üşüməyə başladım.
Sevincin özünü toplayaraq Rövşəni xilasetmə məntəqəsinə yolladığını gördüm.
Üzümü İlkinə döndərdim. O da bunu hiss etmiş kimi birdən dayandı. Coşub-daşan dalğaları vecinə almayaraq geriyə döndü. Gözləri axtarıb məni tapan kimi gülümsədi. Əllərini sudan çıxarıb, işarələrlə “Səni sevirəm”, - dedi. Daha sonra nəhəng bir dalğa gəlib onu içinə çəkməmiş: “Qayıdacağam, sən orda dur”, - dedi işarələrlə.
Dediyi kimi də etdim.
Kamran xilas oldu.
İlkin isə geri qayıtmadı.
Ardı var…
Powered by Froala Editor