Kuba eynicinsli nikahları leqallaşdırır
Kuba milli referendumda eynicinsli nikahların qanuniləşdirilməsi üçün səs verib
29/Sep/22
1051
Kuba eynicinsli nikahları leqallaşdırır
Kuba milli referendumda eynicinsli nikahların qanuniləşdirilməsi üçün səs verib. Bu haqda BBC məlumat verib.
Əhalinin təqribən üçdə iki hissəsi yeni Ailə Məcəlləsindəki islahatların lehinə səs verib, bu islahatlar həmçinin surroqat analığa icazə verəcək və eynicinsli cütlüklərin uşaq övladlığa götürməsi hüququnu təmin edəcək.
Bu, Kuba üçün əhəmiyyətli məqamdır, çünki burada 1960 və 70-ci illərdə geylər təqib olunur və əmək düşərgələrinə göndərilirdilər.
Lakin dindar qruplar və mühafizəkarlar islahatlara ciddi müqavimət göstərib.
25 sentyabr, bazar günü keçirilən referendum yeni Ailə Məcəlləsinə həsr olunmuşdu – o, 100 səhifəlik sənəddən ibarət idi və iyirmidən çox məmurdan və icma səviyyəli görüşlərdə saatlarla müzakirələrdən keçib. Kuba hökuməti qanuna dəyişiklikləri dəstəkləyib və insanların onu qəbul etmələri üçün ümummilli kampaniya aparıb.
Bazar günü səsvermə zamanı çıxış edən ölkə prezidenti Migel Dias Kanel bildirib ki, əhalinin böyük hissəsinin lehinə səs verəcəyini gözləyir və yeni məcəllə insanların, ailələrin və inancların müxtəlifliyini əks etdirir.
Bazar ertəsi ilkin nəticələr “dönməz tendensiyanı” göstərib: hal-hazırda səslərin 66%-i islahatın xeyrinədir, dövlət televiziyasında danışan seçki şurasının sədri Alina Balseyro belə məlumat verib, bu barədə AFP informasiya agentliyi bildirir. Qanunun qəbulu üçün seçicilərin 50%-nin razılığı tələb olunurdu.
İslahatlar Kubada geylərin haqları üzrə aktivistlərin səylərinin kuliminasiya nöqtəsi idi. Kommunistlərin idarə etdiyi adada homoseksuallığa rəsmi münasibət son onilliklər ərzində qismən keçmiş lider Raul Kastronun qızı Marielanın sayəsində dəyişmişdi. Kommunist lider Fidel Kastronun hakimiyyətinin əvvəlində 1959-cu il inqilabından sonra homoseksual kişi və qadınlar güman edilən “təkrar tərbiyə” üçün əmək düşərgələrinə göndərilirdi.
Lakin Kubada hələ də bir çoxları, o cümlədən Yevangeliya kilsələri və digər dini olmayan mühafizəkarlar bu addımın əleyhinə çıxış edir. Müxalifətin də bir hissəsi seçkidə “yox” deyərək, kubalıları bu unikal imkandan istifadə etməyə və ölkənin kommunist hakimiyyətini seçkilərdə məğlub etməyə səsləyib.
Bəzi hökumət əleyhinə aktivistlər referendumu hökumətin son illərdə fərqli fikirlərin bütün formalarını qəddarcasına dəf edəndən sonra insan haqları sahəsində öz imicini yaxşılaşdırmaq cəhdi kimi hesab edir.
Referendum həmçinin ciddi enerji böhranı dövründə keçirilib, hansı ki, adada gündəlik şəkildə milyonlarla insanın həyatına təsir edən elektrik enerjisinin kəsilməsinə səbəb olurdu.
Powered by Froala Editor