Gəl Dənizlə Barışaq IX bölüm
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha mə'sud
09/Oct/22
1206
Gəl Dənizlə Barışaq
Doqquzuncu Bölüm
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.
Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Mikayıl Müşfiq. “Yenə O Bağ Olaydı.”
İlkin ölən gündən bəri əsən güclü külək heç vaxt tam olaraq dinmədi, əksinə bir yatıb bir qalxaraq yumaq ipi tapmış pişik kimi qəsəbədə oyun oynadı. Xəzrinin dəfndən bir neçə gün sonra şiddətli şəkildə qayıdaraq evin qarşısındakı qırx illik nəhəng ərik ağacının ən iri budağını qırıb atması onsuz da Kamranın başına gələn qəzadan sonra valideynlərimizin gözündə bizi bu evdə izləməyə başlamış uğursuzluq olduğuna inanmaq üçün son damla oldu. Nənəmin bu uğursuzluğu qovmaq üçün yandırdığı xüsusi otlar və Qurandan oxuduğu anlaşılması qəliz duaların da son qərarını vermiş anamla atamın fikrini dəyişməyə gücü çatmadı. Beləcə bağ evini planlaşdırdığımız vaxtdan daha tez tərk etdik və buna kədərlənən sadəcə nənəm oldu.
O günlər mənim üçün heç bir şeyin önəmi qalmasa da, getməyimizə mən də məmnun idim. Bir daha evin ikinci mərtəbəsindən dənizi görməyəcək, duzlu qoxusunu hiss etməyəcəkdim. Sevinclə qarşılaşmaq qorxusu ilə yaşamayacaqdım və əlbəttə ki, İlkin. Burdan getməklə İlkini daha tez unudacağımı düşünürdüm.
Bütün ailə Kamranın sağ qaldığı üçün şükr içində idi. Adını xatırlamadığım kimsə boynumuzda qurban borcu qaldığı fikrini irəli sürmüşdü. Bundan axmaq, mövhumatçı bir fikir ola bilməzdi. Ən azından bu, valideynlərimin düşündüyü ilk şey oldu. Bir neçə gün sonra atam heyvan bazarında qəhvəyi bir dananı göstərərək: “Bu olsun”, - dedi. Üzündə qəribə bir gülümsəmə vardı. Bilmirəm niyə, amma atam həm mənim, həm də Kamranın gəlməsini istəmişdi. Kamran dananı alıb evimizə aparacağımızı və bütün gün bina evimizin qarşısına gələcəyini gözləmiş olduğu üçün axşam yeməyində yediyi qurbanlıq ətin həmin danaya aid olduğunu öyrənəndə hönkürtü ilə ağladı.
Mən də bu səs-küydən istifadə edərək yeməyimi buluda boşaldıb, otağıma çəkildim.
Evdəki hamı o günü “Kamranın az qala boğulduğu gün” olaraq xatırlayırdı. Və ya “sağ qaldığı gün”. Kimsə “Allahın Kamranı bizə ikinci dəfə bağışladığı gün” demişdi, səhv eləmirəmsə, anam. Amma heç kim “İlkinin onu xilas etdiyi gün” demirdi. Heç kim İlkindən danışmırdı. Sanki Kamran İlkinə deyil, hansısa taxta parçasına tutunaraq sudan çıxmışdı. Bəzən bunları gördükcə olanlar mənə də real gəlmirdi. Yaşadıqlarımızın öz uydurmam deyil, real olduğuna inanmaq üçün İlkinlə olan mesajlarımı açıb oxuyurdum bəzən.
Kamranı sahilə İlkin çəkib gətirmişdi. Qəzəbli dəniz tanrısının əli kimi qalxan o nəhəng dalğa onu geri çəkib aparmamışdan əvvəl qalan son gücü ilə Kamranı sahilə atmışdı. Bəlkə də bunu görən sadəcə mən idim? Bəlkə şübhələndiyim kimi bunu mən uydururdum? Dalğalar yüksək və çalxantılı idi. Orda nə istəsən, görə bilərdin. Rövşənlə Sevinc görməli idilər, amma indi ikisi də yanımda deyildi. Rövşən işləri ilə bağlı xaricə getmişdi; Sevinclə isə danışa bilməzdim.
Bir gün axşam su içməyə qalxanda gizlincə anamla atamın söhbətinə qulaq kəsildim. Bəzən axşamları belə şeylər edərdilər. Bu, bir-birilərini incitmədən, sakit, qınaqsız danışdıqları nadir anlardan olardı. Hətta mən buna üzləşmə anı deyərdim. Belə axşamlarda bir-birilərinə illərdir başqalarıyla xəyanət etdiklərini desəydilər, belə heç birinin vecinə olmazdı. Belə axşamlarda yorulmuş mənlikləri bəlkə də əvvəldən belə olmasa da, sonra mənasızlaşan bu evliliyi sürdürməyin lüzumsuz olduğunu bir-birilərinə etiraf edərdilər. Sanki səhər bütün dünya dağılacaqmış kimi, içlərində olan qürur və təkəbbürün mənasını itirdiyi səmimi bir axşam olardı bu. Bütün o Allaha kəsilən qurbanları, inancları, prinsipləri aradan yığışdıraraq anam daim mətbəxin ən üst şkafında gizlətdiyi bir şüşə qırmızı şərabı açardı, atam da ona qoşulardı. Getdikcə meyxoşlanan söhbət qızışar, bəzən gülünər, bəzən də sarkazmik bir hal alardı, amma həmişə dürüst olardı.
“Əli ilə o uşaqla yaxşı yola gedirdi”, - demişdi anam.
“Kim?”, - demişdi atam təəccüblə.
“İlkin də. Hətta mənə elə gəlir ki, indiyə qədər sahib olduğu tək dostu o idi.”
Atamın cavab verməsi üçün bir qurtum qırmızı şərabından içib, tamını ağzında hiss etməyi lazım gəlmişdi. Axırda: “O danışmayan, bu danışmayan”, -demişdi. “Yaxşı tapmışdılar bir-birilərini.”
Əli o vaxtdan çox qapanıb özünə.
Sənin oğlundan başqa nə gözləmək olar?!
“Sənin də oğlun!”, - demişdi anam. “Mən bilmirəm, ona necə kömək edək. Məni yaxına buraxmır. Heç nə demir. Sənə də deməz. Rövşəndən soruşanda “Siz ona dəyməyin” dedi. Ən yaxşısını o bilər.”
Atam bütün bunlara qulaq asmırmış kimi: “Səncə, aralarında bir şey vardı?”, - soruşmuşdu. Bu sualı soruşmaq üçün şüşənin dibinə kimi gəlməyi lazım gəlmişdi.
Üzünü görməsəm də, anamın bu suala qarşılıq izlədiyi sükunətdən ağlının qarışdığını düşünə bilirdim. “Nə? Onlar dost idilər. Sən o mənada... Yox nə danışırsan!...”
“Sadəcə deyirəm”, - deyə atam səsini yüksəltmişdi. “Onun özünü o cür aparması sənə də qəribə gəlmir?”
Anam şərab badəsini stolun üstünə qoyub: “İndi bir az sakitdirsə, o demək deyil ki, onlardandır. Bir az danışığı...”, - demişdi anam - amma cümləsini bitirə bilməmişdi - “Ya da o oğlanla... Allah saxlasın.”
Atam “Yaxşı, yaxşı” demişdi, amma sanki “sən nə qanırsan” deyən bir tonda çıxmışdı söz.
Sonra ikisi də bir müddət danışmamışdı. Bəlkədə deyəcək bir şey qalmamışdı, ya da hər ikisi də öyrənmək istəməyəcəyi həqiqəti üzə çıxarmaqdan qorxurdu.
Anam ayağa qalxaraq: “Artıq dərsləri başlayır”, - dedi. Sanki bu, məni düzəldəcəyinə inandığı yeganə şey idi. “Bu il imtahanı olacaq. Dərsləri ilə başını qatar, heç olmasa. Sabah deyəcəyəm ona ki, belə etsin.”
Sonra anam öz otağına getdi və atamla tək qaldıq. Onun salondan ayrılması bir xeyli çəkdi. Otaq alaqaranlıq idi və küncdə yanan lampadan gələn zəif işıqla atamın sadəcə kresloda oturub pəncərədən şəhəri izləyən siluletini görə bilirdim. Şüşədə qalan son şərabı da töküb aramla içdikdən sonra birdən atamın qısıq səslə ağladığını eşitdim. Əvvəlcə öskürdüyünü düşünmüşdüm, çünkü yumruğunu ağzına sıxıb, heç kimi oyandırmamağa çalışırmış kimi görünürdü. Amma ardıyca gələn inildəməni eşitdikcə ağladığına əmin oldum.
Bu mənzərə mənə qəribədən çox qorxunc gəlmişdi əvvəlcə. Mənə görə ağladığını düşündükcə günahkar hiss etməyə başlamışdım. Daim güclü gördüyüm atamı bu cür çarəsiz, təslim olmuş şəkildə görməyi qəbul edə bilmirdim. Daim hər şeyin ən yaxşısını, ən düzgününü bilən adam birdən-birə necə bu cür yazığa çevrilmişdi?
Daha sonra eləcə oturub atamı izləyərkən bundan xoşum gəlməyə başladığını xatırlayıram; dodağımın yuxarı qıvrıldığını. Titrəyə-titrəyə, aramla. Sanki üzümdə yaranan bu yeni ifadə köhnə üz ifadəmlə qol güləşinə çıxıbmış kimi. Üzümdə yaranan ifadənin gülümsəməyə bənzər bir şey olduğunu deyə bilərəm. Özümü itiqam alırammış kimi hiss edirdim.
Kresloda oturan o adamın ölməyini istəyirdim. Ölərkən qarşısında məni görməyini. İmdad dilənərkən tükümü belə tərpətməyəcəyimi xəyal edirdim. Onun qarşısına indiyə kimi mənim haqqımda düşündüyü hər şey olaraq çıxmağı xəyal edirdim...
Bu hadisədən sonra beynimdə həmin hadisənin yeni versiyalarının ssenarilərini canlandırmağa başlamışdım. Ən çox da o gündən sonra içimdə azad buraxdığım nifrəti hiss etdikcə. Hamısında kresloda oturan o adam ölür və mən bu barədə heç bir şey etmirdim. Eynilə onun da məktəbdə olan hadisədən sonra mənim üçün heç bir şey etmədiyi kimi.
Atamı bağışlamağım illər sonra mümkün olacaqdı, amma o vaxtda kimi xəyalımda onun ölümünü dəfələrlə izləyib, qisas almağım lazım gələcəkdi. Bəzən insanların qisasa yer buraxmayacaq qədər özlərini sevmələri üçün uzun zamana ehtiyacları olur.
***
Həmin hadisədən sonra universitetə girməli olduğuma qərar verdim. Edə biləcəyim başqa bir şey yox idi. Sanki arxamca gələn bir uçurum var idi və yerimdə donub qalsaydım, ya da dönüb geri baxsaydım, bu uçurumdan aşağı yuvarlanacaqdım. Bunun üçün də atamın hər dəfə universitetə girmə üçün sərf etdiyi çabadan danışarkən dediyi kimi “eşşək kimi oxuyub çalışmalı” idim. Qəribədir ki, bunu deyərkən üzündə yaranan qürur ifadəsi anamı razı salmaq üçün onun arxasınca “süründüyü” o sevgi dolu illərdən danışarkən də yaranırdı.
Bu cür məcburiyyət hiss etməyimin səbəbi ailəmin mənə qarşı gözləntiləri ola bilərdi, amma əsas səbəb bu deyildi. Əsas səbəb özümü məşğul tutmağa ehtiyac duymağım idi. Hər dəfə özümü qərq olmaq üzərə taparkən - Qayıdacağam, sən orda dur - ya cəbr kursum başlayır, ya da hansısa vacib dərsin testini etmək vaxtı gəlirdi. Dərslər məni həyatda tutan yeganə səbəbə çevrilmişdi. Artıq özümü yandırmırdım, ya da öldürmək barəsində düşünmürdüm - ən azından, o qədər də yox. O qədər dərslə məşğul olmağa başlamışdım ki, gecələr özümü öldürməyə, ya da yandırmağa belə həvəsi qalmayacaq qədər yorğun hiss edirdim.
“Ya da o oğlanla... Allah saxlasın” demişdi anam. Bircə bu kimi cümlələrin birdən-birə qaranlıq otaqda yanıb-sönən fənər işığı kimi beynimdə ortaya çıxmasına mane ola bilmirdim.
Elə bil bu dəqiqə uçulmaq üzrə olan divarı saxlayan yeganə dirək kimi hiss edirdim. Cəbri məsələlər, həndəsi fiqurlar, qanunlar, qaydalar, xronoloji ardıcıllıqlar içində bəzən boğulurdum, amma kiçik bir müqayisə ilə bunun boş oturub-qalmağın gətirəcəyi nəticələrdən daha yaxşı olduğunun fərqinə varmışdım.
“Saat dörddə qapımızın qarşısında gözləyəcəyəm.”
Qısa bir müddət sonra şəkər koka-kola şüşələri ilə snikers paketlərinin içində həyatıma daxil oldu. Dərs edərkən qeyri-ixtiyari götürdüyüm fasilələr içində səhər, günorta və axşam yeməyimi bunlarla ötüşdürdüm. Nə xoşbəxlik qapağını açdığımı hiss edirdim, nə də aclığımın istədiyim kimi yatışdığını. Amma bilirsiniz də: onları yemək yenə də xoş idi.
Anam bundan xəbər tutduğu vaxt hər ikisini qadağan etdi, amma ilk sınaqdan qazandığım yüksək nəticədən sonra bir gün məni otağımda yenə onları yeyərkən tapdı. Az qala masturbasiya üzərində yaxalanmış kimi qorxmuşdum, amma anam heç bir şey deməmişdi. Bir az ağız büzdü və niyəsini bilməsəm də, sanki yüksək nəticəmin səbəbi o kola və snikerslər imiş kimi, bunu özümə verdiyim mükafat olaraq görməyə başladı və normal səhər və günorta yeməyimi yeyəcəyim şərti ilə kola və snikersləri universitetə qəbul olana kimi yeməyimə icazə verdi. Lakin şirniyyat aludəçiliyim universitet boyunca da davam etdi.
Nailiyyətlərim artıqca evdəki hamının mənə qarşı olan münasibətinin dəyişdiyini gördüm. Bütün sınaqlardan ən yüksək nəticəni alır, qatıldığım bütün kurslarda müəllimlərin hazırladığı ən yaxşı tələbə olurdum. Hətta atam belə tez-tez başıma sığal çəkib - əslində bu daha çox sərt bir şəkildə saçlarımı qarışdırmaq idi - “Afərin oğlum”, - deyirdi, amma mən subnimal mesaj kimi bu “afərinin” arxasından gələn “axır ki, sən də bir adam oldun” deyən səsi eşitməməzlikdən gələ bilmirdim.
Evdəki immiqrantlıq müddətim bitmiş və ev əhalisi son vaxtlar olan davaranışlarıma baxıb dəyərləndirərək mənə burda daimi yaşama haqqı vermişdilər. Bəlkə də bir az şişirdirəm, amma düşündükcə hiss etdiyim şey bu idi. Azad idim, yoxsa əvvəlkindən daha yaxşımı, bilmirdim. Tək bildiyim artıq onlardan biri olduğum idi və hər necəsə bu, mənə hər şeyin düzələcəyi təəssüratını bağışlayırdı. Evdəkilərin mənimlə qürur duyması xoşuma gəlirdi.
Bəlkə də hər şey artıq düzəlmişdi?
Artıq universiteti qazanmaqdan başqa bir seçimim olmadığı qənaətinə gəlmişdim. Hər kəs belə düşünürdü yəqin ki. Sinif yoldaşlarım da eyni şeyi edirdi. Onlar da mənim kimi düşünürdülər yəqin ki. Rayon üzrə ən yaxşı oxuyan şagird olduğum üçün onlar da məndən daha yaxşı nəticələr göstərməli olduqlarını düşündüklərini düşünürdüm. Mənə paxıllıq etmələri xoşuma gəlirdi. Onların valideynlərinin onları mənimlə müqayisə etmələri və müqayisədən xəbər tutanda valideyinlərimin qürura boğularaq sanki “başqa necə olmalı idi ki” deyən bir ifadə ilə üzlərindəki gülümsəməni görmək məni həvəsləndirirdi. Ən əsası da onların “normal” kişi və qadın cinsinə mənsub olaraq özlərini mənlə müqayisə etmələri özümü güclü hiss etdirirdi, nə yalan deyim.
Bu gücün universitetə girərkən daha da qüruba çıxacağını, artıq şəxsiyyətimdə olan o son pazl parçasını yerinə yapışdıracağammış kimi tam hiss edəcəyimi düşünmüşdüm, amma heç də elə olmadı. Toplanıla biləcək ən yüksək balı toplamış və qarşımda istədiyim universitetin məni göydə qapacağı bir yaşıl işıq yaratmışdım, amma eyni zamanda məşğuliyyətimi və məni mən edən şeyi də itirmişdim.
Qayıdacağam, sən orda dur -
Divar yenidən aşmağa başlamış, uçurum ayaqlarımın dibinə kimi gəlmişdi. Artıq heç bir cəbr məsələsi, artıq heç bir test qulağıma pıçıldanan bu sözlərin qarşısını ala bilmirdi. Artıq yorulmurdum. Yuxularımda tez-tez o məktəbin arxasındaki zibilliyə qayıdır, qışqırıqla yerimdən dik atılırdım. Ya da qatil balinasının İlkini udmamışdan əvvəl - Qayıdacağam, sən orda dur - dediyini görürdüm. Sevinc hələdə o qapının qarşısında gözləyirdi və bəzən ona qoşulub, dənizə düşsəm, həmin balina İlkini udmamış xilas edə biləcəyimi düşünürdüm, amma bunu heç vaxt etmirdim. Bəzən özümü bir anda anamla atamın danışdığı otaqda tapırdım. Hər ikisi ağlayır, mən də günahkar hiss edirdim. Bəzən atam tək ağlayırdı, mən də utanclı bir şəkildə qaranlıqda oturub, onun siluetini izləyirdim. Sonra necəsə atam mənim orda olub, onu izlədiyimi bilirdi və ordaca ayılırdım.
Xoşbəxtlikdən bütün bunlar ancaq universitetə daxil olana kimi olan o gözləmə müddətində baş verdi. Ya da bir müddət dayandı deməliyəm? Hər nə isə. Universitetdə qazana biləcəyim nailiyyətlərin bolluğunu gördükdən sonra rahatlaşmışdım.
Universitet illərimi xatırladıqca sanki o illərdə durmadan qaçdığımı düşünürəm. Lakin siz hər nə qədər ondan qaçmağa çalışsanız da, keçmiş bir gün arxanızdan gəlib, sizə çatır, çağırır və dönüb baxanda üzünüzə yumruğunu necə ilişdirməli olduğunu yaxşı bilir.
Ardı var…
Powered by Froala Editor