“Bədənim belə istədi” - XIII hissə

Roman

Müəllif: Aylin Wise

Tərcümə etdi: Ayan Şamçıyeva

Həftəsonlarının birində Əlini görməyə gedəcəkdim deyə əynimi dəyişmək üçün evə gəldim. Lena mənlə gəlməyi təklif etdi, üstəlik, onun da xüsusi bir planı yox idi. Mən qapıları açıq şkafda dayanıb uyğun paltar axtararkən Lena qonaq otağında televiziya kanallarını çevirərək məni gözləyirdi.

  • Pultun səs düyməsi düşmək üzrədir, – dedi Lena.

  • Hə, bilirəm, Əli diş çıxaran zaman çeynəməyə çalışırdı, – mən kədərlə gülümsəyərək rəflərdən köynəkləri götürməyə davam etdim.

  • İstəsən, düzəltməyə çalışa bilərəm.

Mən cavab verməyə macal tapmamış qapının zəngi çalındı. Qapının arxasında kimin olduğunu görməyi mümkün edən kameranın ekranına yaxınlaşanda yerimdə donub qaldım. Keçmiş ərim idi, Əli isə qucağında. Dayandığım yerdən tərpənib tez qapını açmaq üçün qapıya tərəf qaçdım.

  • Mənim əziz balam, – oğlum balaca qolları ilə məni qucaqlayıb gülərkən mən göz yaşlarımı zorla saxlayaraq dayanmadan onu öpürdüm.

  • O, səni görmək istəyirdi, – Samir qəribə bir nifrətlə dedi.

  • Onu gətirdiyin üçün çox sağ ol, – bu səmimi təşəkkür idi, – Axşam Əlini gətirəcəm.

  • O, səninlə qala bilər. Həmişəlik, – o, birdən dedi.

Bu zaman Lena otaqdan çıxıb bizə tərəf gəldi, görünür, hər şeyin qaydasında olduğuna əmin olmaq istəyirdi. Mənim arxamda dayanaraq, sanki orada olduğunu bildirərək mənə artıq sakit ola bilməyimə işarə etdi.

– Onun burada nə işi var? –  Samir Lenanı göstərərək dedi.

  • O mənim dostumdur, – deyə cəsarətlə cavab verdim və sonra bir az da cəsarətimi toplayıb, kəskin şəkildə əlavə etdim, – mən artıq sənə hesabat verməyə borclu deyiləm.

O, nə isə demək istədi, amma Lenaya baxaraq dönüb getdi.

Düşünə bilərsiniz ki, bu, bir qələbə idi, amma hər şey göründüyü qədər sadə deyildi. Bir tərəfdən oğlumun mənimlə yaşamasına nail oldum. Keçmiş ərimin hansı səbəblərdən Əlidən imtina etdiyini bilmirəm. Ola bilsin ki, onun anası, mənim keçmiş qayınanam enerjili uşaqla oturmaqdan imtina edib və ya bəlkə, Əli, həqiqətən də, tez-tez məni çağırıb ağlayırdı, kim bilir. Formal olaraq qalib gəldim, amma Samir Əlini mənə versə də, davamlı olaraq mənə zəng edib dalaşmağa səbəb tapırdı. Günün istənilən vaxtı mənə xəbər vermədən uşağı görməyə gəlirdi. Belə gözlənilməz səfərlərə görə onunla uzun illər mübahisə etdik. Ta ki, sonda Samir evləndi və sonra oğlunu yalnız həftəsonları yanına aparmağa başladı.

İşdən sonra bütün boş vaxtımı Əli ilə keçirirdim. İndi Lena ilə şəhərdə istədiyimiz vaxt görüşə bilməməyimizi nəzərə almasaq, bütün günü evdə vaxt keçirmə zərurətim məni narahat etmirdi. Axşamlarımızı belə planlaşdıra bilmirdik, çünki keçmiş ərim Əlini görmək üçün haçan gələcəyi haqda heç vaxt xəbər etmirdi. Bir müddət Lena kirayə qaldığı mənzildə yaşayırdı, axşamlar və həftəsonları yanıma gəlirdi. Artıq onunla ayrıla bilməyəcəyimi və ayrılmaq istəmədiyimi başa düşdükdə ona mənimlə birgə yaşamağı təklif etdim. Beləliklə, birlikdə yaşamağa başladıq.

Bir axşam keçmiş ərimlə növbəti mübahisədən sonra Lena ilə bütün bu qalmaqalların nə vaxt bitəcəyini müzakirə edirdik.

  • Ən azı o, Əlini mənə verdi, – deyə özümü sakitləşdirməyə çalışdım.

  • Səncə, o, bunu yaxşı məqsədlə edib? – Lena qəzəblə cavab verdi, – inan mənə, o bunu sənin və Əli üçün etməyib. O, bunu sadəcə səni yavaşlatmağın yeganə yoludur deyə etdi.

Və mənim səssiz şəkildə ifadə etdiyim sualımı görüb davam etdi:

  • Səncə, qucağında uşaq olan qadın çox şeyə nail ola bilər? Yaxud bu halda onun şəxsi həyatını tənzimləmək daha asandır? Necə olursa, olsun. Mən tək analar tanıyıram ki, uşaq xəstədir və ya uşağın ev tapşırığına kömək etmək üçün işdən tez evə qaçır. Belə qadınlar demək olar ki, karyera qura bilmirlər. Uşaqlar böyüyəndə onlar qocalacaqlar, bundan sonra kimə lazımdırlar? Əgər uşaqla kömək etsələr, onda hələ yaxşıdır. Kişilərlə biz heç vaxt bərabər səviyyədə olmamışıq. Məsələn, evin və ailənin necə olduğunu düşünmədən sərbəst şəkildə ezamiyyətə gedə bilərlər, çünki arvad hər şeyi təşkil edəcək. Bəs sənin özünə də arvad lazımdırsa?


Onun sözləri həmişə hədəfinə dəyirdi. Lena tamamilə haqlı idi. Əgər lap əvvəldən kişilər qadınlar üçün bərabər partnyor olsaydılar, bizim də uğur qazanmaq şansımız eyni olardı, amma təəssüf ki, patriarxal sistemdə qadına həmişə pulsuz işçi qüvvəsi kimi baxılır. Elə buna görə də bu sistem yaranıb – əsarətinə salıb, özünə tabe etmək və ikinci dərəcəli insan olmağa məcbur etmək.

Lena oğlumu böyütməyə kömək edirdi. Özünü tamamilə Əliyə və mənə həsr edirdi. O, xəstə olanda gecələr bir yerdə yatmazdıq. Əgər ağlayırsa, Lena onu sakitləşdirməyə və dəstəkləməyə çalışırdı. Artıq məktəb illərində ona dərslərində kömək etməyə başladı, anlaşılmaz qaydaları izah edir və bildiyi hər şeyi ona öyrədirdi: təmir etmək, tikmək və düzəltmək. Lena onun ikinci anasına çevrildi. Əli də ona çox bağlanmışdı.

Mənim üçün etdiyi hər şeyə görə ona nə qədər minnətdar olduğumu sözlə ifadə edə bilmirəm. Onun köməyi əvəzsiz və əvəzolunmaz idi. O, mənim təbii şəkildə yaranmış tamamlayıcım idi. Və mən artıq onsuz həyatı təsəvvür edə bilmirdim.

Buna baxmayaraq, bir sual cavabsız qalırdı: uşağı necə böyütmək və qonşularla, dostlarla və ətrafımızdakı hər kəslə münasibətimizi necə göstərmək lazımdır. Əli əvvəlcə çox pis danışdığından heç kim münasibətimizdən şübhələnmirdi. Bu, mənə gələcək addımlar barədə düşünmək və bundan sonra homoseksual ailə olduğumuz fikrinə alışmaq üçün vaxt verdi. Etiraf edirəm ki, mən səssiz mövqe tutmuş, vəziyyətin öz-özünə həll olunacağını gözləyirdim. Və biz həm də kifayət qədər təcrid olunmuş bir həyat yaşayırdıq: mənim çox dostum yox idi və valideynlərimi daha az görməyə başlamışdım. Bundan əlavə, Əlinin yanında biz heç vaxt hisslərimizi göstərmirdik: qucaqlaşmır, öpüşmürdük. Onun bizim münasibətimizdən xəbəri yox idi. Ətrafdakı hər kəs kimi. Onlar bizim sadəcə dost olduğumuzu düşünürdülər. Ancaq Lenanın qeyri-adi imicinə görə - o, oğlana bənzəyirdi - bəzi insanlar oriyentasiyamızı təxmin edirdilər.

Valideynlərim yanıma gələndə Lenanı görməsinlər deyə evdən çıxırdı. Bir gün valideynlərim xəbərsiz gəldilər deyə o, otaqda gizlənməli oldu. Mən hələ də o hadisədən narahatlıq keçirirəm. Sonra bu “teatr”ı oynamağı dayandırdıq, çünki Əli böyüyür və söhbətdə tez-tez Lenanın adını çəkirdi. İndi bütün bunları xatırlamağa utanıram, amma həmin zaman onlarla mübarizə aparmağa güc tapa bilmirdim. Evimdə heç nə baş vermədiyini iddia etməli olurdum. İllər keçdikcə hazır olduğumu hiss etdikdə özümə inam da qazandım. Anam Lenanı görən ilk gündən aramızda nəsə olduğundan şübhələnirdi. Onun görünüşü artıq buna işarə edirdi, ona görə anam dərhal ona qarşı aqressiv yanaşma tutmuşdu. Atam isə heç nə başa düşmürdü. O, mənə burnumun qabağında aşkar şeyləri görmədiyim tələbəlik illərimi xatırladırdı. O, sadəcə xoşbəxt cəhalət içində yaşayırdı. Uzun illər anam mənə mühazirə oxuyurdu ki, mən evlənməliyəm. Mən ona eyhamlarla izah etməyə çalışırdım ki, mən Samirlə həyatda və yataqda özümü pis hiss edirdim, ancaq o, təkidlə məni eşitmədi. O, deyirdi ki, əgər bir kişi pisdirsə, bu, onların hamısının belə olması anlamına gəlmir. Tez-tez telefon nömrəmi kişilərə verirdi ki, mənimlə əlaqə saxlasınlar, amma mən dərhal hamısından imtina edirdim. Onun davranışına, mənə və həyatıma hörmətsizliyinə, mənim xoşbəxtliyim üçün deyil, yalnız mənim və ilk növbədə isə öz reputasiyası üçün narahat olduğuna qəzəblənirdim.

Tez-tez Lenanın valideynlərini xatırlayaraq, sevən insanların uşaqlarını qəbul etdiyi və dəstəklədiyi fikrinə qayıdırdım. Əks halda, niyə ümumiyyətlə, uşaq sahibi olasan ki?

Bir neçə il əvvəl anamın evliliyimlə bağlı təkliflərini dinləməkdən bezdiyim üçün birbaşa onunla danışmaq qərarına gəldim. Amma mənim anlaya bilmədiyim əsas şey o idi ki, niyə onun öz övladı, canı və qanından olan uşaq cəmiyyətdən, dindən daha aşağıdır?

O, təkid edirdi ki, Lena məni şirnikləndirib, məcbur olub “belə” olmuşam, əslində, “normal”am. Sözlərimin heç biri ona təsir etmədi. Mən Lenanı sevdiyimi izah etdim və ondan seçimimə hörmət etməyi xahiş etdim. Cavabında o, qışqırdı ki, “cəhənnəmdə yanacağam”. Bu, məndə heç bir təəssürat yaratmadı. İslama bütün inamımı və güvənimi itirmişəm. İslam mənim əzab çəkməyimi istəyirsə, bu inancda mənim yerim yoxdur. Əgər Allah övladının əzab çəkməsini, özünü incitməyini, həyatdan getməsini istəyirsə, mən ona inanmıram.

Anamın digər əsas arqumenti isə atamın xəbər tutacağı təqdirdə onu öldürəcəyi oldu. Axı atam onu məni düzgün tərbiyə etməməkdə, məndən yaxşı insan yetişdirə bilməməkdə ittiham edəcək. Sadəcə söz verdim ki, oriyentasiyamla bağlı hər addımda “qışqırmayacağam”.

Bundan sonra anamın mənim və ya Lena haqqında nə düşündüyü məni maraqlandırmırdı. Biz sadəcə həyatımızı yaşayırıq. Əgər o bunu qəbul edə bilmirsə, bu, mənim deyil, onun problemidir. Ümumilikdə, mən…

Həmişəlik məndən üz döndərən dostlar da oldu, sadəcə olaraq getdikcə uzaqlaşanlar da. Amma əvvəlkindən daha yaxın və əziz olanlar da oldu. Universitetdə mənimlə bir qrupda Liliya adlı bir qız oxuyurdu. O, çox ağıllı və çalışqan idi. Onun gözəl yaşıl gözləri və cazibədar təbəssümü var idi. O, gitara çalırdı və bəzən bizi öz evinə qonaq çağırırdı. Atası bizim universitetin professoru idi. Məzun olduqdan sonra nadir hallarda danışmağa başladıq. İlk dəfə universiteti bitirdikdən məhz beş il sonra qrup yoldaşımızın toyunda görüşdük. Yığıncaqda olub-olmayacağımı öyrənmək üçün Liliya özü mənə zəng etmişdi və bir-birimizə yaxın yaşadığımız üçün maşınımla qayıtmağa razılaşdıq. Qayıdanda isə söhbət etdik.

  • Gözəl toy idi, – yol yoldaşım söhbətə başladı, – Sənin işlərin necə gedir?

Toyda olan qarışıqlığa görə az danışmışdıq. Odur ki, gərgin axşamdan sonra söhbət etməyə vaxt tapdığımız üçün şad idim.

  • Məndə hər şey yaxşıdır, – gülümsədim, – boşanmışam.

  • Oh, çox təəssüf edirəm, – mənə kədərlə baxaraq Liliya mənə təsəlli verməyə tələsdi.

  • Yox, yox, inan mənə, heç olmayacaq qədər xoşbəxtəm.

Bir gün Liliya mənə ad günümü təbrik etmək üçün zəng etmişdi. Mən də söz arası Samirin məni döydüyünü dedim. O, şoka düşdü və mənə diqqətli olmağı tövsiyə etdi, onun köməyinə ehtiyacım olub-olmadığını soruşdu. Ancaq belə bir vəziyyətdə, özünüzü xilas etmək qərarına gələnə qədər kənar adam heç vaxt kömək edə bilməz. Ona görə də söhbəti başqa mövzuya dəyişdim və bu haqda daha müzakirə etmədik.

  • Əgər belədirsə, sənin adına sevindim. Amma yenə də təəssüf edirəm. Əgər bu, səni xoşbəxt edirsə, deməli, doğru olanı edirsən. Çox insan xoşbəxt olmağı bacarmır, çünki bu, ən çətinidir.

Onun sözləri həmin an mənim bütün bu müddət ərzində necə yaşadığıma dair bir növ retrospektiv idi. Çünki çox uzun müddət özümə xoşbəxt olmağa - həqiqətən də, xoşbəxt olmağa icazə verməmişdim.

  • Sənə demək istədiyim başqa bir şey var, – deyə kəkələdim, aylardır başıma gələnləri Liliyaya deyib-deməməyi düşünürdüm, – mən bir qıza aşiq olmuşam.

Maşında bir müddət səssizlik hökm sürdü. Artıq bunu deməyimə peşman olmuşdum ki, Liliya qəfil danışmağa başladı:

  • Bu, çox gözlənilməz oldu, – dedi, – onda etiraf etməliyəm ki, mən də.

Onun evinə çatana qədər bütün yolu söhbət etdik. Sanki aramızda olan narahatlıq birdən birə yoxa çıxmışdı. Mən Liliyaya Lena, şübhə və narahatlıqlarım haqqında danışdım. O isə özünü tələbəlik illərindən qəbul etdiyini, beş ildir, bir qızla münasibətdə olduğunu söylədi. Məni evinə dəvət etdi və həmin axşam onun sevgilisi Katya ilə tanış oldum. Gecəyə qədər söhbət etdik. Liliya ilə yaxın dosta çevrildik. Rahatlıqla deyə bilərəm ki, o, mənim üçün çox əziz insanlardan biridir.

İlk vaxtlar mənimlə həmfikir olan insanlarla ünsiyyət qurmağa çox ehtiyacım var idi, ona görə də tanışlıq dairəmi genişləndirməyə çalışdım. LGBTQ icmasının toplantılarına gedirdim: müxtəlif vaxtlarda eynicinslilərin sevgisini əks etdirən sərgilər keçirilir, kitab klublarında qızlar həmin mövzuya toxunan kitabların müzakirəsini edirdilər. Heç vaxt özümü bu qədər “yerində” hiss etməmişdim. Sanki indi yaşamağa başlamışdım.

Sovet İttifaqında homoseksual olmaq cinayət məsuliyyətinə cəlb olunma demək idi (geyliklə bağlı məcəllə) və buna görə də həbs edilirdilər. Qadınlar üçün belə bir maddə yox idi, ancaq psixiatriya xəstəxanalarına məcburi müalicəyə göndərilirdilər. Sovetlər dağılandan sonra insanlar azad olmağa başladılar. 90-cı illərdə və 2000-ci illərin əvvəllərində ölkədə LGBT-lər sıxışdırılmırdı. Rusiya dünyada homoseksual cütlüyü “Eurovision”a göndərən ilk ölkə idi. Və bütün bunlardan sonra dünya gey və lezbiyanları qəbul etməyə doğru irəliləməyə başladı. Eynicinsli nikahlara icazə verildi. Rusiyanın özündə isə işlər daha da pisləşdi.

2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsindən sonra hakimiyyət daha da sərtləşməyə başladı. Artıq 2013-cü ildə qonşu Ukrayna Rusiyanın siyasi təsirinə qarşı müstəqilliyi uğrunda mübarizə aparmağa başlayanda hakimiyyət ölkəni birləşdirsin deyə və vətəndaşlar Ukraynanın şərqində rus qoşunlarının olmasını dəstəkləsinlər deyə ümumi düşmən tapmaq zərurəti ilə üzləşdilər. Rusiya həmişə özünü başqa ölkələrlə əhatə edərək bufer zonası yaradıb, ona görə də LXR və DXR strateji əhəmiyyətli nöqtələr olub. Geylər əksər vətəndaşların mübarizə aparmağa qərar verdiyi xəyali düşmənə çevrildilər, buna görə də 2013-cü ilin iyununda 16 yaşına çatmamış şəxslər arasında homoseksuallığın təbliğatını qadağan edən və inzibati cəza nəzərdə tutan qanun qəbul edildi. Əvvəllər də oxşar qanunvericilik təşəbbüsləri olub: 2003-cü ildən və bu qanunun qəbuluna qədər də çoxlu müxtəlif oxşar təşəbbüslər olub. Məsələ burasında idi ki, cəmiyyətdə sensasiya olmuş qanun müzakirə olunarkən digər mühüm təşəbbüslər də sakitcə həyata keçirilirdi. Amma bu qanun layihəsinin uğuru “ümumi düşmən” tapmaq zərurəti ilə bağlı idi – bu, çox adi siyasi bir gediş idi. Daha sonra bir çox gey siyasi sığınacaq istəyərək ölkəni tərk etdi. SSRİ dağılandan sonra isə ilk dəfə reallıqla qarşılaşdıq: Rusiya homofob ölkə idi. Buna baxmayaraq, bir çox gənclər (mətbuatda onları bəzən “milleniallar” adlandırırlar) kifayət qədər tolerant və LGBTQ icması ilə dialoqa hazır idi. Mənim nəslim hələ də bir az homofobik olsa da, bizdən sonra gələnlər çox LGBTQ-dostu idilər.

Həmin zaman bu homofob qanunun qəbulundan qorxmurdum, çünki hələ özümü qəbul etmək yolunda idim. Bu qanun mənə dəhşətli bir şey kimi görünmürdü. Bundan əlavə, "təbliğat" sözünün dəqiq nə demək olduğu haqda şərh yox idi. Əliyə cinsi oriyentasiyam və ya Lena ilə münasibətlərimiz haqqında danışmağı planlaşdırmırdım. Amma hər il bu yük getdikcə çətinləşirdi. Elə bir gün gələcəkdi ki, ona deməli idim.

Bütün bu anti-homoseksual proqramın son akkordu 1993-cü il konstitusiyasına düzəlişlərin 2020-ci ildə qəbul edilməsi ilə oldu. Bundan sonra evlilik yalnız kişi və qadın arasında olan izdivac demək idi. Yəni əvvəllər eynicinsli cütlüklər xaricdə nikaha girib, sonra burada, Rusiyada qeydiyyatdan keçə bilirdilərsə, bundan sonra bu nikah etibarsız sayılırdı. Artıq Rusiyada eynicinsli ailələr rəsmi olaraq mövcud deyildi.


***

Gərgin halda masanı döyəcləyərək Lenanın son fəsli bitirməsini gözləyirəm. Gecə yarısına yaxındır, çünki axşamlar işləməyə öyrəşmişəm. Sabah tezdən dərsə getməli olduğu üçün Əli çoxdan yatıb. Bitmiş mətni göstərmək üçün noutbuku gətirdiyim qonaq otağında böyük bir masada bir-birimizlə üzbəüz oturmuşuq. Otaqda işıqlar sönülüdür deyə daha çox yatmaq istəyi yaradır. Onun artıq hansı səhifədə olduğunu, onun tənqidini nə qədər gözləmək lazım olduğunu siçanı klikləməyi ilə hesablamağa və müəyyənləşdirməyə çalışıram.

  • Sakitləş, bir səhifə qaldı, – dedi gülümsəyərək, hətta monitorun arxasından mənə baxmadı.

Mənə ancaq yumruğumu əlimlə sürtüb, ah çəkə və səbirlə gözləməyim qalıb. Həyatınızdakı ən vacib insandan müsbət rəy almaqdan daha yaxşı nə ola bilər? Çünki onunla olan hekayəmizdir, düzdür, faktlardan bəzi kənarlaşmalar olsa da, hər halda bizimdir. Bu qədər illər keçsə də, hələ də onun cizgilərinə sevgi ilə baxıram. Tez-tez qaşqabağını büzdüyünə görə alnında artıq kiçik qırışlar, saçlarında gümüş tellər səpələnir, lakin bütün bunlar Lenanı daha da cəlbedici edir.

–  Nə yalan deyim, mən təəccübləndim, – deyilən ilk fikir düşüncə axınımı dağıdır.

– Deyə biləcəyin tək şey budur? – ciddi yox, daha çox teatral olaraq qəzəblənirəm.

–  Sən məni hansısa mükəmməl, saxta qəhrəmana çevirmisən, – deyərək gülür.

–  İstəsən, sənin şirin imicinə xələl gətirmək üçün bir neçə hekayə əlavə edə bilərəm, –  dedim şeytani təbəssümlə.

–  Onu da növbəti kitaba saxla, –  deyə Lena noutbuku bağlayır.  


SON





Powered by Froala Editor