Qandallı incə əllər
Sizə bir qadın haqqında danışmaq istəyirəm. Onun parlaq, rəngli gözləri, qürur duyduğu saçları var. Həyat dolu və şəndir.
08/Apr/19
7147
Sizə bir qadın haqqında danışmaq istəyirəm.
Onun parlaq, rəngli gözləri, qürur duyduğu saçları var. Həyat dolu və şəndir. Ümid doludur. Arzuları və qorxuları var. Onu sevən dostları, dostlarına duyduğu sevgisi var. Ağbənizlidir, əlləri incədir, çox gözəl almacıq sümükləri var. Həyəcanlananda narahatlığı gözlərinə yansıyır və sözləri bir-birinə qarışır.
Haqqında danışdığım o gözəl qadınla bu gün tanış olmuşam. Çox az danışmaq şansım oldu onunla. Lakin onunla tanış olan hamı qısa müddətdə necə gözəl bir qəlbə sahib olduğunu anlayır. Bu gün onun yaşadığı qorxunu və sevincini gördüm. Qorxurdu ki, azadlığı əlindən alınar. Deyirdi, hava soyuqdur deyə qalın geyinib ki, üşüməsin. Siqaretin bir neçəsini ardıcıl çəkdikdə isə bildirdi ki, narahat olanda ancaq belə sakitləşir. Üstəlik ilk siqaretində yanımda çəkməyinin mənim üçün narahatlığı olub-olmadığını soruşdu. Çox az insan bu nəzakətə sahibdir yaşadığımız ölkədə.
Yaşadığı çətinliklərdən danışarkən bildirirdi ki, hara getsə də, qayıdıb yenə Azərbaycana gəlmək istəyir, ailəsi, dostları buradadır. Bir də deyirdi ki, azad olsa, aktivist olacaq. Ümid edirəm, həyat qayğıları ona bu dediyini unutdurmaz.
Mən sizə o qadının yaşadığı çətinliklərdən də danışacam. Ona onun olmayan adla və kimliklə müaciət edilərkən susmasından, məsələn. Ona hər yanlış müraciətdə üzünə yansıyan ifadədən. Azadlığını qısa müddət üçün belə olsa, itirmək ehtimalının onda yaratdığı təsirlərdən. O, danışmağa, özünü müdafiə etməyə çalışarkən elə bil yarım saat öncə bizimlə söhbət edən insan deyildi. Sözləri bir-birinə qarışır, sanki qısamüddətlik səsini itirirdi. Həyəcandan çiyinləri titrəyirdi, bəlkə də özü bundan xəbərsiz idi.
Mənim qarşımda kişi adı ilə, filankəsin oğlu olaraq çağırılan bir qadın var idi. Bioloji qadın doğulmuş məndən daha çox qadın olan bir qadın. Məndən daha feminin davranışlara və görkəmə sahib bir qadın. Bədəninə, gözəlliyinə, saçlarına şeirlər yazılıb, mahnılar bəstələnən digər qadınlardan fərqi yoxdur. Gördüyü iş, yaşadığı həyat tərzi necə olursa olsun, o, bir qadındır. Vagina yerinə penis ilə doğulmuş olması onu daha az qadın etmir. O, Baudelyerin Qara Venerası, Dalinin Qalası və ya Araqonun Elsasından fərqli deyil, ən az onlar qədər sevilməyə, bir qəlbə qəbul edilməyə layiqdir.
Ümid edirəm, onunla yollarımız bir daha kəsişər, özünü azad ifadə etdiyi, hüquqları üçün mübarizə apardığı, hamı tərəfindən qadın olaraq qəbul və hörmət edildiyi bir gələcəkdə.
Müəllif: Raven