Kosta Karakaşyan ilə müsahibə
Kosta Karakaşyan bolqarıstanlı xareoqraf və refissordur. O, 2017-ci ildə Çeçenistanda və Azərbaycanda baş verən hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etmişdir.
21/Feb/19
9093
Kosta Karakaşyan ilə müsahibə
Kosta Karakaşyan bolqarıstanlı xareoqraf və refissordur. O, 2017-ci ildə Çeçenistanda və Azərbaycanda baş verən hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etmişdir. Onun hazırladığı "Rəngləri gözləyirəm" (Waiting for colors) proekti bu yaxınlarda təqdim olunub. Onunla bu haqda danışmaq qərarına gəldik.
1. Salam, Kosta. Bizə qısaca olaraq özünüz və rəqs karyeranız haqqında danışa bilərsinizmi?
Salam! Öncə onu deyim ki, Azərbaycan LGBTQ icması ilə danışmaq mənim üçün böyük zövqdür.
Adım Kosta Karakaşyan, rejissor, rəqqas, rəssam və yazıçıyam. Rəqs etməyə 5 yaşımda bağçada başlamışam. Hələ o vaxtlar qız dostum var idi. Biz ikimiz də bal rəqslərinə başlamaq istəyirdik və valideynlərimiz bizi rəqsə yazdırdılar. O, heç vaxt dərslərə gəlmədi. Mən isə elə ilk dərsdən rəqsə aşiq oldum və elə o vaxtdan da rəqs edirəm.
Yuxarı sinifdə olanda Vetnamın “Ulduzlarla Rəqs” verilişinə peşəkar rəqqas və xoreoqraf kimi dəvət aldım. Həmin verilişdə mən ən gənc rəqqas idim və bu təcrübə məni bu karyerada daha ciddi irəliləməyə sövq etdi. İndi mən daha çox rəqs, hərəkət və toxunuşdan istifadə edərək dünya ilə empatiya qurmağa çalışıram.
2. Siz incəsənətlə aktivizmi birləşdirməyə necə nail oldunuz?
Bu, rəqsin sadəcə vizual görüntüdən ibarət olmaması haqqında narahatçılıqdan yarandı. Bal rəqsi həmişəlik mənim ilk sevgim olaraq qalacaq, lakin müasir rəqsləri kəşf edəndə bu, mənim üçün çox böyük bir sıçrayış oldu. Çünki, bədənim ilə dediyim hekayə artıq sadəcə bir qadın və bir kişi arasındakı romantik münasibətlərdən bəhs etməyə məcbur deyildi. Müasir rəqsdə sən 50 nəfər arasındakı dinamikanı kəşf edə, və ya təkcə bir nəfərlə dünya yarada və ən əsası, gender rollarını məhv edə bilərsən… Bu rəqslərdə sosial və emosional azadlıq həddindən artıq çoxdur və bunun dərininə getmək mənə çox maraqlıdır.
Mənim hazırladığım “Rəngləri gözləyirəm” sənədli filmi Çeçenistanda baş verənlərdən dolayı duyduğum narahatçılıq və şokla yanaşı, həm də hadisə haqqında kifayət qədər insanın duymaması qorxusunun məhsuludur. Mən elə bir şey hazırlamaq istəyirdim ki, o, izləyicinin diqqətini elə ilk baxışdan çəksin və asanlıqla internetdə paylaşıla bilsin. Ona görə məhz rəqsi əsas vasitə kimi götürdüm. Film hazır olandan sonra onun öz həyatı başladı və Çeçenistandakı hadisələrə diqqət çəkməklə yanaşı, həm də mənim vətənim Bolqarıstanda LGBTQ+ mövzusunun açılmasına vəsilə oldu. Bu il mən filmi Filadelfiya, Nyu-York, San-Fransisko və Polşada nümayiş etdirəcəm. Növbəti proyektim isə Bolqarıstan əhalisinin izolyasiyası və azalması haqqında olacaq.
3. ABŞ sizin insanlıq, seksuallıq və incəsənətə olan baxışını necə dəyişdi?
Nyu-Yorkda yaşamaq səndə müxtəlif kimlikli insanlara qarşı tolerantlıqdan daha böyük bir şeyi inkişaf etdirməyə imkan verir. Burada o qədər fərqli insanlar təmsil olunur ki, bir müddətdən sonra artıq heç nə sənə təəccüblü və təhqiredici gəlmir. İnsanlar bir-birini mühakimə etməməyi öyrənirlər və düzü, həyat tempi burada o qədər sürətlidir ki, heç buna zamanları da yoxdur.
Ölkə isə özlüyündə bəlkə də yetərincə problemlərlə doludur. Mən vaxtaşırı Amerikanın kağız üzərində proqressiv olmasına, amma real həyatda Qərbi Avropa ilə müqayisədə necə geri qaldığına təəccüblənirəm. Bu, özünü xüsusuilə silah tənzimlənməsində, təhsil, səhiyyə və həyat rifahı məsələlərində göstərir. Əksər insanların mübarizəsinəa baxmayaraq, ölkə hədsiz bölgü yaşayır və bu, mənə yaxşılıq uğrunda mübarizə aparmağın vacib olduğunu öyrətdi.
İncəsənətə gəldikdə isə vəziyyət dəhşətdir. Təəssüf ki, Amerikada incəsənət işçisi olaraq mövcud olmaq çox çətindir. Avropa bir çox rəqs təşkilatları dövlət hesabına maliyyələşir, ancaq Amerikada bu təşkilatlar insanların yardımından və bilet satışından asılı olaraq qalır. Bu da öz növbəsində artistlərin maddi təlükəsizliyinin təmin olunmamasına gətirib çıxarır. Bu səbəbdən də təhsilimi bitirib Avropaya geri qayıtmağı düşünürəm.
4. “Rəngləri gözləyərkən” ideyası necə yarandı?
İdeya məndə Çeçenistandakı dəhşətlər haqqında elə ilk məqaləni oxuyanda yarandı. Mən oxuduqlarıma inanmaqda çətinlik çəkirdim və Rusiyadakı mənbələri araşdırmağa başladım. Orada 33 şəxsin öz dilindən dedikləri açıqlamaları, gördükləri işgəncə və alçaldılmaları oxudum. Həmin an özümü çox gücsüz hiss etsəm də, o şəxslərin səsini mümkün qədər çox insana duyurmaq ehtiyacı hiss etdim.
Film və rəqs mənim özümü ən rahat hiss etdiyim mediaa platformalarıdır və elə bu səbəbdən də ən yaxşı bacardığım şeylə kömək etməyə qərar verdim. Mən həmin sözlər əsasında hərəkətlər hazırladım. O hərəkətlər eşitdiyim şeylərdən dolayı fiziki olaraq hiss etdiklərimin təcəssümüdür. Sonra biz səs aktyorları olan Venya Quşçin və Kseniya Voronkova ilə o sözləri səsləndirdik və bəstəkar Cud İkarus fon musiqisini hazırladı. Bu proyektdə işləyən çox gözəl komandam var idi və onların hər biri zamanlarını, enerji və ehtiraslarını təmənnasız olaraq proyektin reallaşmasına sərf etdilər. Bunun üçün onlara hədsiz minnətdaram.
5. Biz hər zaman rəqsi əyləncə və xoşbəxt anlarla əlaqələndiririk. Sizin proyekt isə faciəvi və qorxunc bir hadisə haqqındadır. Bizə incəsənət və bu hadisə arasındakı kontrastdan danışa bilərsinizmi?
Bu məqamda proyektin emosional yükündən danışmaq bir az çətindir. Mən hekayəni saatlarla dayanmadan oxumuşam. Hazırlıq və çəkiliş prosesində nə çatdırmaq istədiyimizi dəqiq bilirdik, buna çox enerji sərf olunduğu üçün, tam versiya hazır olanda artıq hər şeyi həzm etməkdə çətinlik çəkdim.
Filmin üçüncü hissəsi deyərdim ki, daha emosionaldır. Orada mən daxili və xarici mühit arasında gedib gəlirəm. Orada hərəkətlər daha sadədir, lakin hekayələr çox daha ümidsiz və dalğın hal alır. O an kadrlara rənglərin daxil olduğunu görürük və filmin adı da məhz o məqamla bağlıdır. Amma əlbəttə, bunun reallığa nə qədər yaxın olduğunu demək çətindir. Biz sadəcə əminik ki, bu istiqamətdə mübarizəni istər incəsənət, istər aktivistlik yolu ilə davam etdirəcəyik.
6. Azərbaycan LGBTQ icmasına sözünüz?
Bilin ki, var olmağın bir qaydası və ya yolu yoxdur. Əsas olan şey sizin şəxsi təhlükəsizliyinizdir və siz heç kəsə kimliyinizlə bağlı izahat və ya üzr borclu deyilsiniz. Siz istər icmanın özündə, istər internetdə, istərsə də Minority Azerbaijan kimi media vasitəsilə güclü dəstək tapa bilərsiniz. Əgər sizin ailə və ətrafınız sizi qəbul etmirsə, bilin ki, sizi olduğunuz kimi qəbul edəcək və dəstək olacaq insanlar var. Onlardan biri də elə mənəm. Danışmaq istəsəniz, mənim instaqram hesabıma (@kostakarakashyan) yaza bilərsiniz. Güclü qalın və nə qədər özəl olduğunuzu heç zaman unutmayın!