Homoseksual cütlüklərdən öyrənilməli olan beş dərs
Homoseksual cütlüklərdən öyrənilməli olan beş dərs
23/Dec/18
5914
Homoseksual cütlüklərdən öyrənilməli olan beş dərs.
Dərs 1: Rolların dəyişkənliyi
Eynicinsli münasibətlərdə ən aydın görünən tərəf odur ki, partnyorlar öz öhdəliklərini və rollarını cinsiyyətə görə avtomatik bölə bilmirlər. Zəmanəmizdə onsuz da heteroseksual münasibətlərdə qadın və kişi vəzifələrinin bərabər bölünməsi – qadınların idarəçilik, kişilərin isə ailə-məişət prosesində daha yaxından iştirakı uğrunda mübarizə gedir. Halbuki homoseksual cütlüklər üçün həmişə belə olub və bu da onları ənənəvi cütlüklərdən bir addım öndə edir.
Eynicinsli partnyorlar heteroseksuallardan fərqli olaraq kimin nə etməli olduğunu şüuaraltı bilmədikləri üçün, tapşırıqları və öhdəlikləri anlamaq və bölüşdürmək məcburiyyətindədirlər. Bu cür qarşılıqlı anlaşma nəticəsində yaranan bölüşdürmə sonralar yenidən müzakirə olunub asanlıqla dəyişdirilə bilir. Partnyorlar öz şəxsi maraq dairələrinə, bacarıqlarına, boş vaxtlarına və şəraitə uyğun olaraq bu bölgünü həyata keçirirlər. San-Fransiskolu psixoloq Robert Cey Qrinin dediyinə görə, gey cütlüklər ənənəvi cütlüklərdən fərqli olaraq, bərabər münasibətlər qurmağa daha meyllidirlər. Bu bölgünü şüurlu həyata keçirmək özü artıq bərabərlik və ədalət yaradır.
Bundan əlavə, homoseksual cütlüklər bir çox işləri birlikdə görməyə daha meyllidirlər. Məsələn, evi birlikdə təmizləmək, alış-verişə birlikdə getmək. Şübhəsiz ki, bu kimi birlikdə görülən işlər münasibətlərdə istilik yaratmaqla yanaşı, həm də onu davamlı və möhkəm edir. Nyu-Cersili terapevt Maya Kollanan qeyd edir ki, xüsusilə lesbiyan cütlüklər komanda kimi işləməyə və problemləri birlikdə həll etməyə səy göstərirlər. Onlar əsl 21-ci əsr evliliyi modelinin nümunəsini göstərirlər.
Dərs 2: Seksual eksperimentlərə meyllilik:
Əlbəttə, istənilən münasibətlərdə seks xüsusi və əhəmiyyətli yer tutur. Bu mövzuda da homoseksual cütlüklərdən öyrənməli bəzi məqamlar var. Belə ki, ənənəvi cütlüklərin münasibətlərində qadın və kişinin seksual rolu öncədən məlumdur və bu, dini, milli, mədəni mənsubiyyətdən asılı olaraq formalaşır. Lakin homoseksual münasibətlərdə cinsiyyətə bağlı sevgi dili mövcud deyil. Bu da öz növbəsində partnyorlara bu mövzuda danışıb, qərar qəbul etmək və hər ikisini xoşbəxt edəcək tərzdə seks həyatı yaşamaq şansı verir.
Miçiqan universitetinin professoru Coe Kart deyir ki, homoseksual cütlüklər seksdə nəyi xoşlayıb-xoşlamadıqlarını daha yaxşı bilirlər. Onlar öz partnyorları ilə bu haqda ənənəvi cütlüklərdən fərqli olaraq daha çox danışırlar. Kart həmçinin əlavə edir ki, seks haqqında öyrəndiyi bütün sağlam fikirləri lesbiyanlara borcludur. Onlar üçün seks sadəcə orqazm və ya yaxın təmas deyil. Onlar istənilən cür əlaqədən, toxunuşdan həzz ala və razı qala bilirlər.
Psixoloqlar heteroseksual cütlüklərə də bir-birinin bədənlərini daha yaxından öyrənmələrini, tanımalarını və seksual münasibətlərdə monotonluqdan çıxmalarını məsləhət görürlər. Çünki kişi və qadın adətən öz seksual istək və fantaziyalarını bir-birilərinə deməkdən çəkinir və utanırlar. Bu, sosial, mədəni mühitdən irəli gələ bilər. Lakin fakt ondan ibarətdir ki, cinsi münasibətlərdəki monotonluq ümumi münasibətləri darıxdırıcı edir.
Dərs 3: Konflikt:
İki insan, iki ehtiyac və iki fikir. İstənilən münasibətlərdə əvvəl-axır konflikt yaranır. Con Qotmanın araşdırmalarına görə, homoseksual cütlüklər konfliktlərdə daha rahat və təmkinli davranırlar. Hətta fikir ayrılığını da daha pozitiv qarşılayırlar. İyirmi illik araşdırmalardan sonra Qotman belə nəticəyə gəlib ki, homoseksual cütlüklər konflikt mövzusunu daha yumşaq formada təqdim edirlər və bu, ümumilikdə konfliktin gedişatını müəyyənləşdirir. Başqa maraqlı məqam isə gey və lesbiyan cütlüklərin bir-birinə qarşı daha səmimi olmalarıdır. Onlar monoqamlıq və seks haqqında danışmaqdan çəkinmir, onları narahat edən, qıcıqlandıran və xoşbəxtliklərinə mane olan hər şeyi açıq-aydın deyirlər.
Həmçinin daha əvvəl qeyd etdiyimiz rolların bölüşdürmə məsələsi də heteroseksual cütlüklərdə əsas konflikt mövzusu olur, hansı ki, homoseksuallar çox zaman bundan əziyyət çəkmirlər. Məsələn, ər və arvad şüursuz olaraq bölüşdürülən rolların öhdəsindən gələ bilmədikdə avtomatik münaqişə yaranır və çox vaxt bu, münasibətlərin sınma nöqtəsi olur.
Bundan başqa, qadın və kişi münasibətlərində olan iyerarxiya və kişinin dominantlığı qadınlarda qıcıq və əsəb yaradır və bundan irəli gələrək qadınlar çox zaman məhz konfliktin əsas yaradıcısı kimi çıxış edirlər.
Psixoloqların fikrincə, ancaq 200 il sonra heteroseksual münasibətlər homoseksual cütlüklərin bu günki münasibətləri səviyyəsinə çata bilər, hansı ki, tam bərabərlik prinsipləri əsasında qurulur.
Dərs 4: Qısqanclıq və özünüidarə
Bütün homoseksual şəxslər üçün, xüsusi ilə də geylər üçün yaxşı dostlar həm də potensial sevgili və seks partnyorlarıdır. Nəticədə onlar xoşlandıqları insanlarla necə dost olmağı öyrənirlər. Həmçinin homoseksual cütlüklər ətrafdakı cəlbedici insanlardan və hədələrdən də həm özlərini, həm münasibətlərini qorumağı öyrənirlər. Rik Miller deyir ki, sosial aktiv olmaq daima təzyiq ilə yaşamaq deməkdir, bu isə müasir həyatın şərtlərindəndir. Bu səbəbdən də homoseksual cütlüklər bir-birində xarici görünüşdən savayı, həm də daxili – mənəvi dünya axtarırlar.
Heteroseksual cütlüklərin isə demək olar ki, əks cinsdən yaxın dostları olmur və bu, onların münasibətlərində boşluq yaradaraq təhlükə rolunu oynayır. Bundan əlavə, homoseksual şəxslərin üstünlükləri öz eks-sevgililəri ilə dost münasibətdə qalmağı bacarmaqlarıdır və xəyanət zamanı homoseksuallar sevgililərindən o qədər də asanlıqla əl çəkmirlər, çünki illərlə qazanılmış mənəvi əlaqəyə çox önəm verirlər.
Dərs 5: Münasibətlərdə azadlıq
Ümumilikdə araşdırmalar göstərir ki, eynicinsli cütlüklər davranışlarında bir-birini idarə etməyə heteroseksuallardan daha az həvəslidirlər. Belə ki, onlar partnyorlarının konkret situasiyalarda necə hərəkət etmələrinə o qədər də fikir vermir və belə bir tələblə çıxış etmirlər. Onlar bir-birinə pulları ilə necə davranmalı olduqlarını daha az deyir və maliyyə ekspertlərinin də məsləhət verdiyi kimi, hər biri öz şəxsi vəsaitinə sahib olurlar. Ənənəvi cütlüklərdə isə əksinədir. Kişi qadından daha çox qazanır və bu da onlar arasında disbalans yaradır.
Bununla yanaşı, homoseksual cütlüklər ailə ziyarətlərinə heç də hər zaman birlikdə getmirlər. Düzdür, bu, bəzən sosial tələbatdan, cəmiyyətdən və onların ailələrinin münasibətlərindən asılıdır. Lakin hətta ən tolerant cəmiyyətlərdə də homoseksual cütlüklər belə bir məcburiyyət hiss etmirlər. Eyni şeyi hetroseksual cütlüklər haqqında demək olmaz. Onlar mütləq bu cür ziyarətlərə və istirahətə birlikdə getmək kimi öhdəlik hiss edirlər və bu da onların fərdi azadlıqlarına xələl gətirir.
Həmçinin heteroseksual cütlüklərin münasibətlərində təhlükə yaradan pornofilmlər homoseksual cütlüklər üçün adi haldır. Qadın öz ərini porno film izləyərkən tutsa, bu, ailədə böyük problemlərə gətirib çıxarır və qadınlarda yarımçıqlıq sindromu yaradır.
Yuxarıda qeyd etdiyimiz nümunələr əlbəttə ki, ümumiləşdirilmiş situasiyalardır və şəxslərə, cəmiyyətlərə və mədəniyyətlərə görə dəyişə bilir. Şübhəsiz, hər cür münasibətlər, istər homoseksual, istər heteroseksual – zəhmət, diqqət və zaman tələb edir. Arzuolunan nəticəyə gəlmək üçün səy göstərmək, fərqlilikləri normal qarşılamaq və münasibətlərdə balans yaratmaq şərtdir.
Powered by Froala Editor