Mama, gəl sənə bir az özümdən danışım
Salam, mama,
yəqin ki, yenə fikirli və streslisən. Sabaha nə yemək bişirəcəyini, ayın sonuna kimi büdcədən necə qənaət edəcəyini və mənim aqibətimi düşünürsən.
İlk onu deyim ki, mən də bir az fikirli və stresliyəm. Bu məktubu yazmaqda səbəbim isə odur ki, yeniyetməlik dövrlərimdən fikirlərim sənə həmişə qəribə və qorxulu gəlib, ona görə də heç vaxt özümü ifadə etməyə icazə verməmisən. Ümid edirəm ki, bu dəfə məktubumu sona qədər və səbrlə oxuyacaqsan.
Soyuq qış günlərindən biri idi, birinci kursun ilk semestrinin son günləri. Dərsdən sonra yemək yemək üçün yeməkxanada boş masa axtarırdım. Yeməkxananın solunda, ən künc masada qısa, qara saçlı, eynəkli, bənövşəyi sviterli bir qız kitab oxuyurdu. Bənövşəyi sviteri və o səs-küydə maraqla oxuduğu kitab diqqətimi çəkmişdi. Boş masanın olmaması onun yanına gedib, ilk söhbəti başlatmağa mənim üçün gözəl fürsət idi və elə də etmişdim.
İki gün əlimdən düşməyən, fasiləsiz oxuduğum kitabı xatırlayırsan? Bax, o kitab onun oxuduğu həmin o kitab idi. Növbəti görüşümüzü mən o kitabı bitirəndən sonraya planlamışdıq, ona görə də tezcənə oxuyub bitirmişdim. Universitetə yaxın, çayını sevdiyimiz kiçik bir kafe var idi. Dərslərdən sonra görüşüb orada çay içirdik, söhbətləşirdik. Bəzən evə gecikmələrimin səbəbi də o olurdu. Həmin zaman onu görməyə niyə bu qədər can atdığımı, ona qarşı olan qəribə heyranlıq hissimi anlaya bilmirdim. Yeməkxanada onu görəcəyimi bildiyim günlər birinci qaçıb girişdəki güzgüdə necə göründüyümə baxırdım. Həmişə məni gözəl görsün istəyirdim. Hətta əvvəl-əvvəl, bir müddət özlüyümdə düşünmüşdüm ki, o çox gözəldir və qəlbimin dərinliyində onun yanında solğun görünmək istəmədiyim üçün onunla görüşlərdən əvvəl bu qədər canfəşanlıq edirəm.
Günü-gündən artan heyranlıq hissim, keçirdiyim xoş həyəcanlar, bir-birimizi görüb, söhbətləşmək üçün ötürdüyümüz dərs saylarına baxanda əmin olmuşdum ki, aramızda olan sevgi dostluqdan daha ötədir.
Həmin o qısa saçlı, qəşəng qız özümü kəşf etməkdə mənə çox kömək olub. O, mənlə tanış olanda, artıq öz oriyentasiyasını, qadınları sevdiyini kəşf edibmiş və mən özümü anlayana qədər olan davranışları, sözləri həmişə diqqətlə seçilmiş və incə idi. Deyə bilərəm ki, o, mənim ilk eşqimdir, ilk sevgilimdir.
Onu tanıdığım üçün özümü çox xoşbəxt hiss edirəm. Bəlkə də universitet illərimin ən gözəl anlarının hamısında o var.
O, indi Türkiyədə yaşayır. Arzuladığı həyata uğurlu addımlarla irəliləyir. Onun adına çox həyəcanlı və xoşbəxtəm, öz adıma isə bir az məyusam, çünki onu ancaq ildə iki dəfə, Bakıya ailəsi ilə görüşə gələndə görə bilirəm. Hər səfərində ilk görüşlərimiz o həminki kiçik kafedə olur.
Əgər məktubumu bura qədər səbrlə oxudunsa, öncə onu deyim ki, hazırda üz ifadəni görməyi və bu hadisələri sənlə üz-üzə danışmağı çox istərdim. İkinci olaraq Ümumdünya Səhiyyə Təşkilatı 1990-cı il, 17 mayda homoseksuallığı ağıl xəstəlikləri siyahısından çıxarıb, yəni, bu bir xəstəlik deyil.
Yəqin ki, indi mənim üçün əvvəl olduğundan daha narahatsan, amma onu deyim ki, mən indi əvvəl olduğumdan daha xoşbəxtəm.
Kaş bu məktubdan sonrakı ilk görüşümüzdə, el-obanın, qohum-qonşunun nə deyəcəyini özünə dərd edib, məni qınayıb, bir az nigaran, bir az iyrənmiş, bir az da əsəbi baxışlarını mənə dikmək, məni dəyişmək, ya da məni “sağaltmaq” üçün planlar qurmaq əvəzinə, məni möhkəm-möhkəm qucaqlayardın.
Mən səni, mənim xəyallarımda yaratdığım ana obrazı olduğun üçün yox, səni hər şeyinlə, sən olduğun üçün sevirəm və ümid edirəm ki, bir gün sən də məni mən olduğum üçün sevməyi bacaracaqsan.
Səhər Cahan
Powered by Froala Editor