Tbilisi Qürur Yürüşünə faşist hücum
İyulun 8-də Tbilisidə keçirilən və Qürur həftəsinin yekun tədbiri olan Qürur festivalı son məqamda homofob qrupların zorakı aksiyaları nəticəsində təxirə salınıb
09/Jul/23
1045
Tbilisi Qürur Yürüşünə faşist hücum
İyulun 8-də Tbilisidə keçirilən və Qürur həftəsinin yekun tədbiri olan Qürur festivalı son məqamda homofob qrupların zorakı aksiyaları nəticəsində təxirə salınıb. Bu haqda BBC Rusca məlumat verir. Aksiya iştirakçıları polis kordonlarını yararaq festivalın keçirilməli olduğu Lisi gölü yaxınlığında çapqın təşkil ediblər. Festival təşkilatçıları bunu hökumətin planlaşdırılmış əməliyyatı hesab edir.
“Sevgiyə qalib gələ bilməzsən!” - iyulun 1-dən etibarən Tbilisidə bu şüar altında Qürur həftəsi keçirilib, açılış mərasimi və konfrans insidentsiz baş tutub. Bu tədbirlərin qonaqları arasında səfirlər və beynəlxalq təşkilatların nümayəndələri yer alıb.
Festival Qürur həftəsinə yekun vurmalı idi və gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə qapalı rejimdə planlaşdırılmışdı.
Tədbirin təşkilatçıları festivalın ziyarətçilərinə musiqi, sərgilər, şou və “qeyri-bərabər, ədalətsiz mühitdən” istirahət etməyi vəd edirdilər. Polis isə öz növbəsində təhlükəsizliyin təminatı üçün bütün tədbirləri görəcəyini bəyan etmişdi.
Festival ictimai olmayan şəxsi ərazidə keçirilsə də, ultrakonservativ qruplar onu dağıdacaqları ilə hədələyirdilər. Lakin DİN-in nümayəndələri ilə danışıqlar aparan festival təşkilatçıları son məqama qədər nikbin idilər.
Festivalın başlamasına bir neçə saat qalmış vəziyyət gərginləşib. Əleyhdarların bir qismi Vaja-Pşavela prospektində toplaşaraq festivalın keçirildiyi yerə doğru yürüş ediblər. Digər bir qrup isə Lisi gölünün ərazisində toplanıb. Ərazidə polis səfərbərliyinə rəğmən homofob aksiya iştirakçıları qısa zamanda polis kordonunu dağıdıblar. Həmin vaxt festival ərazisində olan təşkilatçılar və iştirakçılar marşrut taksilərində təxliyə edilib.
“Biz təxliyə edilməli olduq. DİN festivalın təhlükəsizliyi təmin edə bilmədi”, - Tbilisidə Qürur həftəsinin təşkilatçısı olan Tbilisi Pride hərəkatı öz feysbuk hesabında paylaşıb.
Festivalın keçirilməli olduğu Lisi Wonderland ərazisi növbəti homofob hücum meydanına çevrilib. Əraziyə daxil olanlar quraşdırılmış konstruksiyalara, inventar və dekorasiyanın bir hissəsinə zərər veriblər.
KİV-də yayılan kadrlardan görünür ki, onlar festival üçün nəzərdə tutulmuş piştaxtalardan sərinləşdirici içki götürürlər, elə ordaca göy qurşağı bayrağını cırırlar.
Tbilisi Pride bildirib ki, polis ultrasağ qrupların əraziyə yaxınlaşa bilməyəcəyinə onları inandırıb. Lakin həmin qruplar ərazini əhatəyə alanda polis onları qovmaq əvəzinə, öncədən hazırlanmış nəqliyyatda təşkilatçıları “evakuasiya edib”.
“Bu, gürcü hökumətinin və putinist zorakı qrupun demokratiyaya, insan haqlarına və konstitusiyanın təmin etdiyi əsas hüquqlardan istifadə etmək istəyən günahsız insanlara qarşı mütəşəkkil hücumu idi”, — təşkilat belə hesab edir.
Powered by Froala Editor