İş yerlərində kuir qadınların mübarizələri
Şüşə dolabı sındırmaq: İş yerlərində kuir qadınların mübarizələri
31/May/24
1766
Şüşə dolabı sındırmaq: İş yerlərində kuir qadınların mübarizələri
Müəllif: Nilufər Əfəndiyeva
Əmək hüquqları sahəsində kuir qadınların üzləşdiyi çətinliklər çox vaxt diqqətdən kənarda qalır, lakin onların təcrübələrinin öyrənilməsi iş yerində bərabərlik və ayrı-seçkiliyin daha geniş mənzərəsini başa düşmək üçün olduqca vacibdir. Azərbaycanda isə kuirlərin istər iş həyatında, istərsə də sosial həyatın digər sahələrində hüquqlarının pozulduğu bildirilir. Belə ki, ILGA-Avropanın Avropada LGBTQ+ vətəndaşların insan hüquqlarının qorunması ilə bağlı 2023-cü ildə hazırladığı illik hesabatda Azərbaycan 49 ölkə içində sonuncu yerdə qərarlaşıb.
Onu da qeyd etmək lazımdır ki, iş yerlərində bərabərlik və ayrı-seçkilik ilə bağlı informasiya barəsində dövlət qurumlarının açıq olaraq paylaşdığı hər hansı bir statistik məlumat yoxdur. Bu yazı isə müxtəlif sahələrdə çalışan kuir qadınların, o cümlədən hüquqşünas və aktivistin nöqteyi-nəzərindən iş yerlərindəki kuir təcrübələrini əhatə edir.
Kuir qadınlar necə ayrı-seçkiliyə məruz qalır?
Seks işçiliyi ilə məşğul olan trans qadın Həyat Əlisoy seks işçiliyinin ölkədə qanuni olmaması səbəbindən onların heç bir səlahiyyət və imtiyazlarının olmadığını deyir. O bildirir ki, trans qadınların işləməyi üçün heç bir sahə yoxdur və bu, heç kimə maraqlı deyil. Buna görə də, onların əksəriyyəti seks işçiliyi etməyə məcbur olurlar. Müştəri ilə problem yaşadıqları vaxt isə hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər. Onun sözlərinə görə, o, özü də işində problem yaşadığı zaman polisə müraciət edib, lakin müraciətinə etinasız yanaşılması ilə birlikdə, ona sakit qalması, bu kimi hallarla üzləşdiyi zaman sadəcə olaraq fikir verməməsi məsləhət görülüb.
İşində rastladığı təhlükələrlə bağlı isə: “Pis təcrübələrim, təbii ki, çox olub. Müştərilərin əksəriyyətinin narkotik maddədən istifadə etdiyini hiss edirəm, hətta bəziləri ayağında elektron qandal ilə gəlib, get demişəm, getmək istəməyib və mübahisə yaranıb,” - deyə o bildirir. Həyat iş tapmaq məqsədi ilə Dövlət Məşğulluq Agentliyinə də müraciət etdiyini, diplomu olduğunu, fəqət heç bir kömək almadığını əlavə edib.
Digər müsahib Şəms (ad şərtidir) müxtəlif sahələrdə çalışmış lezbiyan qadındır. O bildirir ki, nəinki kuir qadınlar, cis-hetero qadınlar belə rəhbər vəzifələrdə kifayət qədər təmsil olunmur.
“İşlədiyim yerlərdə məndən vəzifəcə üstün 4-5 rəhbər var idisə, onlardan yalnız biri qadın idi”,- deyə o, qeyd edir.
Şəms bildirir ki, gizlənmə ehtiyacı hər kəsə görə dəyişə bilər, amma onda bu, nə dəstəyin azalması ilə, nə də təcrid olunmaqla bağlıdır, sadəcə əlavə “baş ağrısı” istəmir.
“Ümumilikdə götürsək, rəhbər vəzifəli birinin yanında cinsi oriyentasiyanın açıqlanması avtomatik olaraq gördüyü işə göstəriləcək münasibət ilə əlaqələndirilə bilər. İnanmıram ki, kimsə bu riski gözə alıb ən kiçik müvəffəqiyyətsizlikdə öz şəxsi həyatı ilə qaralanmaq istəsin. Daha mühafizəkar yerlərdə kuir qadınların ayrı-seçkilik, qısnama, qərəz və hətta şifahi təhqirlərlə üzləşdiyini görürəm. Burada, məncə, iş təhlükəsizliyindən söhbət belə gedə bilməz. Hüquqi çərçivələrdəki boşluqlar kuir qadınların iş həyatında bu qısnamalara yetəri reaksiyanı verməsinin qarşısını alır,” - deyə o əlavə edir. Şəmsin sözlərinə görə, qanunda boşluqlar olduğu üçün o, bacardığı qədər oriyentasiyasını gizləməyə çalışır və nəticə etibarı ilə, bu vəziyyət onun gündəlik həyatda olduğundan daha asosial olmasına gətirib çıxarır.
Xidmət sektorunda çalışan lezbiyan işçi Leyla (ad şərtidir) isə bildirir ki, seksual oriyentasiyasını öyrənən iş yoldaşlarının həddən artıq şəxsi suallarına məruz qalıb. Buna görə də, artıq mühakimələrin qarşısını almaq üçün oriyentasiyasını maksimum şəkildə gizləməyə çalışır.
“Azərbaycanda kuirlərin varlığını qəbul edən hər hansı bir hüquqi çərçivə olduğunu düşünmürəm. Qanun onları qorumağa meyilli deyil. Deyilə bilər ki, LGBTQ+ vətəndaşların hüquqları da insan hüquqları daxilində qorunur, amma hakimiyyətin kuir insanları heteronormativ standartlara uyan digər cis-hetero insanlarla eyni səviyyədə qəbul etdiyini düşünmürəm. Ona görə də, kuir qadınlar hələ də əsrlər boyu olduğu kimi, gizlənməyə məhkumdurlar və bu hal onların özünüifadə tərzinə də ciddi təsir edir,” - deyə Leyla əlavə edir. Bundan əlavə, dediyinə görə, o, iş yerində diskriminasiyaya məruz qaldığı halda hansı hüquqi addımları izləyəcəyini bilir, lakin bunların effektiv olacağına inanmır.
“Kuir qadınların əmək bazarına çıxışı təmin edilmir”
İşçi hüquqları aktivisti Nərmin Rüstəmli Azərbaycanda kuir qadınların əmək hüquqlarının qorunmasındakı cari vəziyyəti təsvir edərkən bildirir ki, hazırki vəziyyətdə onların qarşısında duran əsas problemlərdən biri əmək bazarına olan çıxışın təmin edilməməsindədir. Belə ki, açıq kuir bəyanı olan qadınlar xüsusilə dövlət qurumlarına iş üçün müraciət edən zaman maneələrlə rastlaşırlar. Qəbul olunduqdan sonra isə iş yerlərində həm administrasiyadan, həm də iş yoldaşlarından gələn təzyiqlər, adətən qaçınılmaz olur. Bundan əlavə, LGBTQ+ işçilər iş yerlərində rəhbər vəzifələrdən də kənarda tutulurlar, çünki onlar yüksək pozisiya üçün kifayət qədər ciddi qəbul edilmirlər və onların kvalifikasiyaları da bu kimi hallarda nəzərə alınmır.
Nərmin Rüstəmli işəgötürənlərin iş mühitində qısnama və ayrı-seçkilik hallarının qarşısını almaq kimi bir öhdəliklərinin də olduğunu bildirir:
“Təəssüf ki, çox vaxt elə işəgötürənlərin özləri də bu kimi hallara töhfə verirlər, nəticə olaraq, haqsızlıqla qarşılaşan kuir işçilər üçün təhlükəsiz mühitdə işləmək daha da əlçatmaz olur. Bunun önünü kəsmək üçün işəgötürənlər və administrasiya qısnama, mobbinq kimi məsələləri “xalça altına” süpürməkdənsə, bu haqda açıq danışmalı, xüsusən də insan resursları mütəxəssisləri ilə əməkdaşlıq edərək, iş yerlərində təlimlər, infosessiyalar təşkil edib mövzu ilə bağlı fərqindəlik yaratmalıdırlar,” - deyə Rüstəmli qeyd edir.
“Kuirlər məruz qaldıqları ayrı-seçkiliyin aradan qaldırılması üçün məhkəməyə müraciət edə bilərlər”
Hüquqşünas Emin Abbasov Azərbaycandakı mövcud hüquqi mexanizmlərin bu mövzuda effektivliyini təsvir edərkən bildirir ki, Azərbaycan Respublikasının əsas qanunu - Konstitusiyada fərdlərin hüquq və azadlıqlarının onların cinsindən asılı olmayaraq təmin edildiyi göstərilir. Ayrı-seçkiliyə məruz qalmadan hüquqların təmin edilməsi şəxsin bütün hüquq sahələrinə aid edildiyi kimi, əmək münasibətlərinə də şamil edilir. Bununla belə, Azərbaycanın milli qanunvericiliyində gender kimliyi və cinsi oriyentasiya əlamətlərinə görə ayrı-seçkiliyin qadağası açıq şəkildə müəyyən olunmur. Buna baxmayaraq, Azərbaycanın milli qanunvericiliyinin tərkib hissəsi olan ratifikasiya edilən bir sıra beynəlxalq insan hüquqları sənədlərində gender kimliyi və cinsi oriyentasiya əlamətlərinə görə ayrı-seçkilik qadağan edilib. Konstitusiyanın 12-ci maddəsi insan və vətəndaş hüquqları və azadlıqlarının Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsinə və Azərbaycanın tərəf olduğu beynəlxalq müqavilələrin də milli qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi hesab olunmasına dair tələbləri hər kəsin gender kimliyi və cinsi oriyentasiyasına görə hər növ ayrı-seçkilikdən müdafiə edir. Bununla belə, Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının qanununun 2.0.5-ci maddəsi yeganə qanun olaraq əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışları seksual qısnama kimi müəyyən edir və həmin qanunla (maddə 4) qadağan edilir.
Həmçinin qanunun 7-ci maddəsinin tələblərinə görə işəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməli və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görməlidir.
İşəgötürənin bu öhdəliyi Əmək Məcəlləsinin 12-ci maddəsinin g) bəndində də müəyyən edilib. Məcəllənin həmin maddəsinin tələbinə görə cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görməlidir.
Hüquqşünas deyir ki, bütün vətəndaşlar kimi kuir vətəndaşlar da əmək hüquqlarının pozulması hallarında və əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və müdafiə olunmaq hüququna malikdir.
İş yerində ayrı-seçkiliklə üzləşən kuir işçilərin izləyəcəyi hüquqi addımlardan danışarkən Abbasov bildirir ki, kuir vətəndaşlar iş yerində cinsi oriyentasiya və gender kimliyinə görə ayrı-seçkiliyə məruz qaldıqda, ayrı-seçkilik üzrə peşəkar hüquqşünas və vəkillərə müraciət edərək məruz qaldıqları ayrı-seçkiliyin aradan qaldırılması, pozulmuş hüquqlarının bərpası və məruz qaldıqları zərərin əvəzinin ödətdirilməsi üçün məhkəmələrə müraciət edə bilərlər. Kuir vətəndaşların əmək münasibətlərində bütün hüquqlarının qorunmasına ölkə daxili qanunvericilik, həmçinin beynəlxalq insan hüquqları sənədləri ilə təminat verilir.
“Fikrimcə, Azərbaycan dövlətinin kuir vətəndaşların bütün sahələrdə, o cümlədən əmək prosesində hüquqlarının təmin edilməsi üçün ilkin vəzifəsi gender kimliyi və cinsi oriyentasiya əsasında ayrı-seçkiliyin qadağasını bütün qanunvericilik sahələrində (cinayət, inzibati, mülki, əmək, sosial və.s) tanıması və bu əlamətlərə görə ayrı-seçkiliyin mövcudluğunu qəbul etməsidir. Bundan sonra ikinci əsas addım beynəlxalq konvensiyaların tələbi olaraq qəbul edilmiş qanunvericiliyin praktikada effektiv tətbiqi üçün bu sahədə vətəndaş hüquq və maraqlarının qorunması ilə məşğul olan hüquq müdafiəçilərinin və kuir icmaların, ictimai birliklərin yaradılması və onların fəaliyyəti üçün mövcud bütün qadağaları götürməsi olardı,” - deyə hüquqşünas əlavə edir.
BMT İnsan Hüquqları Şurasının Universal Dövrü İcmalı üçün “Queerdian” təşkilatının hazırladığı 2023-cü il hesabatına əsasən, sorğuda iştirak edən LGBTQ+ların 60%-i (27 respondent) iş axtararkən, o cümlədən iş yerlərində ayrı-seçkiliyə məruz qaldıqlarını bildiriblər. Sorğuda iştirak edən respondentlərin 11 nəfəri qadınlar olub.
Son olaraq, kuirlər və onlarla işləyən peşəkarların müsahibələrinə, o cümlədən qeyd olunan hesabatların nəticəsinə istinadən, bunu bildirmək olar ki, daxili qanunvericiliyin praktikada tətbiqi və iş yerlərindəki tənzimləmələr kuir qadınların iş həyatında üzləşdiyi diskriminasiya və işsizlik probleminin həlli üçün yetərli deyil. Kuir qadın müsahiblər bu kimi hallarda hansı hüquqi addımları izləyəcəklərini bilsələr belə, yerli instansiya məhkəmələrinə inamları olmadığı üçün bu yolun qeyri-effektiv olduğunu düşünürlər.
Powered by Froala Editor