Eyni millət, fərqli yanaşma: Tayvan və Çində LGBTQ+
Bəzən eyni millətlər müəyyən tarixi proseslər nəticəsində fərqli dövlətlərin idarəçiliyi altında yaşaya bilirlər
19/Jul/23
1178
Eyni millət, fərqli yanaşma: Tayvan və Çində LGBTQ+
Bəzən eyni millətlər müəyyən tarixi proseslər nəticəsində fərqli dövlətlərin idarəçiliyi altında yaşaya bilirlər. Asiyada bunun örnəkləri nisbətən daha çoxdur: məsələn, Cənubi Koreya və Şimali Koreya, eləcə də Tayvan və Çin. Təcrübə göstərir ki, bu kimi hallarda eyni millət iki fərqli siyasi sistem tərəfindən idarə olunur. Bunlar adətən demokratiya və diktatura olurlar. Başqa sözlə, bir milləti iki fərqli qüvvə idarə edir: mütərəqqi və mürtəce.
Təcrübə həm də onu göstərir ki, hər hansı bir ölkədə dövlət səviyyəsində LGBTQ+lara qarşı olan münasibəti təhlil etdikdə, həmin dövlətin mütərəqqi, yoxsa mürtəce olduğunu müəyyənləşdirmək mümkündür. Misal üçün, Tayvanda və Çində əhalinin LGBTQ+lara münasibətini müqayisə etdikdə fərqli ictimai-siyasi inkişafın onlar;n dünyagörüşünə təsirlərini anlamaq mümkün olur.
Tayvan LGBTQ+ hüquqlarının inkişafı baxımından Asiyada ən mütərəqqi ölkələrdən biri sayılır. Bu ölkədə eynicinsli evliliklər leqallaşdırılıb[1]. Bununla yanaşı, LGBTQ+ fərdi olan cütlüklər 2023-cü ildən övladlığa uşaq da götürə bilirlər[2]. Tayvanda həm homoseksual, həm də heteroseksual cinsi münasibət üçün razılıq yaşı (age of consent) 16-dır. Təhsildə və işdə cinsi oriyentasiya, gender kimliyi və gender xüsusiyyətlərinə görə ayrı-seçkilik qanunla qadağandır. Konstitusiyanın 7-ci maddəsi cinsindən, dinindən, irqindən, sinfindən və partiya mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyinə təminat verir. Tayvan Konstitusiya Məhkəməsi bunu cinsi oriyentasiya kimi digər təsnifatları da əhatə edəcək şəkildə şərh edib və bu əsaslarla ayrı-seçkiliyi qadağan edir. Təhsil Nazirliyi LGBTQ+ hüquqları və diskriminasiyaya yol verilməməsi mövzularını məktəb kurikulumlarına daxil edib. Bundan başqa, Uzunmüddətli Qayğı Xidmətləri Aktı (Long-Term Care Services Act) cinsi oriyentasiya və gender kimliyini əhatə edən ayrı-seçkiliyə qarşı bəndi ehtiva edir.
Homoseksual cütlüklərin hüquq və azadlıqları ilə yanaşı, Tayvanda son illər translarla bağlı da irəliləyişlər var. 2002-ci ildəki Tsai Ya-tinq olayı[3] və 2008-ci ildə Tayvan Daxili İşlər Nazirliyinin müvafiq fərmanından[4] bu günə irəliləyiş olduğu göz önündədir. Belə ki, 2013-cü ilin avqustunda Tayvan səlahiyyətliləri ölkənin ilk trans evliliyini qəbul edib. 2019-cu ilin oktyabr ayında isə bir trans qadın adaptasiya əməliyyatı keçirmədən şəxsiyyət vəsiqəsində göstərilən cinsi dəyişdirmək istəmişdir. Əvvəlcə onun xahişi yerli qeydiyyat idarəsi tərəfindən rədd edilmiş, bununla belə, 2021-ci ilin sentyabrında Taypey Yüksək İnzibati Məhkəməsi onun xeyrinə qərar çıxararaq, əməliyyata ehtiyac olmadan cinsiyyətinin qadın kimi qeyd olunmasına icazə vermişdir. Eyni zamanda, 2016-cı ilin avqustunda trans proqramçı Audrey Tanq Tayvanın Nazirlər Kabinetində ilk trans nazir təyin edilmişdir.
Dövlət səviyyəsində atılmış addımlar ictimai səviyyədə də LGBTQ+ icmasının hüquq və azadlıqlarının genişlənməsinə səbəb olub. Ölkədə hər il keçirilən LGBTQ+ bayramı Taiwan Pride Asiyada çox böyük məhşurluq qazanıb. 2003-cü ildə təməli qoyulmuş bu festivalın miqyası ildən-ilə artmış və LGBTQ+ icması tərəfindən məlumatlılığı artırmaq, bərabərliyi təşviq etmək və müxtəlifliyi vurğulamaq məqsədilə istifadə olunan platforma rolunu oynayır. Taiwan Pride 2015-ci ildə təxminən 80 000 iştirakçı toplamış və Asiyada ikinci ən böyük LGBTQ+ qürur paradı olmuşdur. Parad rəngarəng və müxtəlif şəxsiyyət kimliklərini nümayiş etdirir, eləcə də forumlar, seminarlar, tamaşalar və partilər kimi müxtəlif fəaliyyətləri əhatə edir.
Ancaq paralel olaraq, Çində LGBTQ+lar müxtəlif hüquqi və sosial problemlərlə üzləşirlər. Homoseksual cütlüklər evlənə və ya övladlığa uşaq götürə bilməzlər. Bundan əlavə, onlar heteroseksual cütlüklərlə eyni hüquqi müdafiədən məhrumdurlar. Çində, həmçinin, LGBTQ+ları açıq diskriminasiyaya qarşı qoruyan qanunlar yoxdur və nifrət cinayətləri (hate crime) haqqında qanunvericilik cinsi oriyentasiya və ya gender kimliyini əhatə etmir.
Çində idarəedici rejimin dövlət səviyyəsində LGBTQ+ hüquqlarına dair mövqeyi birmənalı deyil. Belə ki, açıq şəkildə müsbət, yaxud mənfi münasibət ortaya qoyulmur. Ancaq bununla belə, rejim daxilindəki mühafizəkar elementlər LGBTQ+ tədbirlərini qadağan edib və televiziya kanallarında eynicinsli münasibətlərdən demək olar ki, bəhs edilmir. Çində də “ailə müqəddəsdir”. Bu baxımdan, LGBTQ+ların açıq “təbliği” rejim tərəfindən Çin xalqının ənənəvi ailə dəyərlərinə təhdid kimi qəbul edilir.
Bu ölkədə homoseksuallığa qarşı radikal mənfi münasibət Mao dövründən başlayır. Onun ideyası olan Çin mədəni inqilabı (1966-1976) dövründə homoseksuallar “rüsvayçı və arzuolunmaz” adlandırıldı, onlara qarşı sərt təqiblər həyata keçirildi. 1990-cı illərdə islahat tərəfdarı Tsziyan Tseminin hakimiyyəti illərində bu sərt münasibət bir az yumşaldı. Belə ki, 1997-ci ildə homoseksuallığa dair bütün istinadlar Cinayət Məcəlləsindən çıxarıldı, 2001-ci ildə isə Çin Psixiatriya Cəmiyyəti homoseksuallığı psixi pozğunluq təsnifatından çıxardı[5]. 2021-ci ildə məhkəmə universitet dərsliklərində homoseksuallığın psixi pozğunluq kimi qalmasını təsdiqlədi.
Mao dövründəki kimi yenidən tək adamlıq rejiminə qayıtmaq istəyən Si Tzinpin isə özündən əvvəlki hökumətlərin izlədiyi yumşalma və liberallaşma siyasətini ləğv etdi. Bu baxımdan, homoseksuallara qarşı əvvəlki mənfi münasibət geri qayıtdı. 2013-cü ildən rejimin başında olan Tzinpinin dövründə mətbuatda və televiziyada homoseksual kontentin yayımlanması qanunla qadağan edildi. Bu kontekstdə sosial şəbəkələrdəki LGBTQ+ hesabları sözügedən qanun çərçivəsində ictimai informasiya xidmətlərinin idarə edilməsi ilə bağlı qaydaları pozduqlarına görə silinib. Çində LGBTQ+lar üçün vəziyyət çətin olaraq qalır. Diskriminasiya və ictimai stiqma davam edir və bir çox fərdlər cinsi kimliklərini gizlətməyi seçirlər.
Çin Xalq Respublikasının 1980-ci ildə qəbul edilən Nikah Qanunu nikahı kişi və qadının birliyi kimi müəyyən edir. Bu baxımdan, eynicinsli nikah hüquqlarını inkişaf etdirmək cəhdləri hüquqi problemlərlə üzləşib. 2016-cı ildə eynicinsli nikahın tanınması ilə bağlı məhkəmə iddiası qaldırılmış, lakin rədd edilmişdir.
Müqayisə
Gördüyümüz kimi, Tayvan və Çin eyni milli mənsubiyyətə malik olmalarına baxmayaraq, LGBTQ+ hüquqlarına yanaşmalarında kəskin fərqlər nümayiş etdirirlər. Tayvan LGBTQ+ hüquqları baxımından daha mütərəqqi ölkə kimi qəbul edilir, Çinin mövqeyi isə hələ də mühafizəkar olaraq qalır. Tayvan və Çin arasında fikir ayrılığına səbəb olan əsas amillərdən biri onların fərqli siyasi sistemləridir. Tayvan daha açıq və plüralist cəmiyyətə malik demokratik bir ölkə kimi tanınır və müxtəlif fikirlər üçün daha geniş hüquqlar təmin edir. Çin isə əksinə, ictimai diskursa daha ciddi nəzarət edən və ifadə azadlığını məhdudlaşdıran avtoritar rejim tərəfindən idarə edilir. Bu siyasi fərq Tayvana daha canlı vətəndaş cəmiyyətinə və LGBTQ+ üçün daha əlverişli mühitə sahib olmağa imkan verir.
Digər əhəmiyyətli fərq isə Tayvan və Çində LGBTQ+lara sosial münasibətin tarixi dinamikasıdır. Tarixi kontekst hər iki ölkədə LGBTQ+ hüquqları ilə bağlı fərqli yanaşmaların formalaşmasında da rol oynayır. Tayvanın mütərəqqi addımlarını onun 20-ci əsrin sonlarında avtoritar idarəçiliyindən qopması ilə əlaqələndirmək olar. Demokratikləşmə prosesi əvvəllər marginallaşmış qəbul edilən icmalara öz narahatlıqlarını ifadə etmək və hüquqları uğrunda mübarizə aparmaq üçün imkanlar açdı. Digər tərəfdən Çin cinsiyyət və şəxsi azadlıqlara qarşı daha mühafizəkar yanaşmaya səbəb olan sosial və siyasi çevriliş dövrləri ilə yadda qalan mürəkkəb tarixi dövrlərdən keçdi.
Bundan əlavə, beynəlxalq təsir və qlobal əlaqələr Tayvanın mütərəqqi siyasi xəttinin formalaşmasında mühüm rol oynamışdır. Daha açıq bir cəmiyyət kimi Tayvan beynəlxalq ideyalar, ictimai hərəkatlar və insan hüquqları standartları ilə daha çox tanış olub. Bu da öz növbəsində LGBTQ+ icmasının öz hüquqları ilə əlaqədar daha çox məlumatlanmasına səbəb olub. Çinin isə əksinə, daha təcrid olunmuş siyasi və mədəni mühiti qlobal LGBTQ+ hərəkatlarından kənarda qalır.
Nəticə
Nəticə olaraq deyə bilərik ki, Tayvanın Çinlə müqayisədə LGBTQ+ hüquqlarına mütərəqqi yanaşması onun demokratik siyasi sistemi, inkişaf edən sosial münasibətləri, tarixi inkişaf dinamikası və beynəlxalq təsirlər kimi amillərin kombinasiyasından irəli gəlir. Hər iki ölkə eyni milli mənsubiyyəti paylaşsa da, onların fərqli siyasi sistemləri və fərqli tarixi trayektoriyaları hər iki ölkənin LGBTQ+ hüquqlarına yanaşmalarındakı ziddiyəti dərinləşdirib.
Tədqiq etdiyimiz Tayvan və Çin keyslərindən biz nə başa düşürük? Hansı ölkənin həm dövlət səviyyəsində, həm də ictimai səviyyədə beynəlxalq əlaqələri genişdirsə, o ölkədə LGBTQ+ hüquqları daha çox inkişaf edir və əksinə. Hansı ölkədə demokratikləşmə prosesi daha dərin və hərtərəfli gedibsə, siyasi və dövlət institutları daha çox müstəqildirsə, o ölkədə LGBTQ+ hüquqları daha çox inkişaf edir və əksinə. Hansı ölkədə vətəndaş cəmiyyəti və aktivizm institutu inkişaf edibsə, o ölkədə LGBTQ+ hüquqları daha çox inkişaf edir və əksinə. Başqa sözlə, LGBTQ+ların hüquq və azadlıqlarını məhdudlaşdıran ölkələrin bir qayda olaraq, avtoritar, təcrid olunmuş və mürtəce olduqlarını görürük. Necə deyərlər, adı lazım deyil...
İstifadə edilmiş ədəbiyyat siyahısı
Vic Chiang and Christian Shepherd. In Taiwan, Pride is a potent mix of LGBTQ and democratic rights. The Washington Post / URL: https://www.washingtonpost.com/world/2022/11/05/taiwan-gay-rights-pride-china/
David Yu. Don’t Sacrifice Taiwan in the Fight for LGBT Rights. Foreign Policy / URL: https://foreignpolicy.com/2022/08/18/taiwan-pride-worldpride-lgbt-rights-china/
Annabelle Liang. China crackdown pushes LGBT groups into the shadows. BBC / URL: https://www.bbc.com/news/business-65806846
Being LGBTI in China – A National Survey on Social Attitudes towards Sexual Orientation, Gender Identity and Gender Expression. Beijing: United Nations Development Programme, 2016.
Rhyannon Bartlett-Imadegawa and Rurika Imahashi. LGBT+ rights in Asia: Small steps forward and big steps back. Asia Insight / URL: https://asia.nikkei.com/Spotlight/Asia-Insight/LGBT-rights-in-Asia-Small-steps-forward-and-big-steps-back
Holning Lau. Courts, the Law, and LGBT Rights in Asia. Oxford Research Encyclopedias / URL: https://oxfordre.com/politics/display/10.1093/acrefore/9780190228637.001.0001/acrefore-9780190228637-e-1230;jsessionid=217DCA9E7AAF938CD1CE101EB68CBDC7?rskey=88zvGr
[1] Eynicinsli nikahların hüquqi olaraq tanınması ilk dəfə 2003-cü ildə təklif edilib və 2017-ci ildə Konstitusiya Məhkəməsi eynicinsli cütlüklərin nikah hüququndan məhrum edilməsinin konstitusiyaya zidd olduğu barədə qərar qəbul edib. Bundan iki il sonra, 2019-cu ildə Tayvan Asiyada eynicinsli nikahı dövlət səviyyəsində tanıyan ilk ölkə olub.
[2] Ancaq hələ ki, köməkçi reproduktiv texnologiyalar hazırda sadəcə heteroseksual evli cütlüklər üçün mövcuddur.
[3] 2002-ci ildə trans aktivist Tsai Ya-tinq Tayvan Prezident Aparatına müraciət edərək şəxsiyyət vəsiqəsində onun həqiqi görünüşünü əks etdirən fotoşəkildən istifadə etməyə icazə verilməsini xahiş etsə də, onun bu istəyi rədd edilmişdi.
[4] 2008-ci il Tayvan Daxili İşlər Nazirliyi fərmanına əsasən, transgender və interseks şəxslər şəxsi sənədlərdə qanuni cinsi markerini dəyişdirmək üçün adaptasiya əməliyyatı keçirməlidirlər.
[5] Bununla belə, bu dəyişiklik Çin Milli Sağlamlıq və Ailə Planlaması Komissiyasının əsasnaməsində əksini tapmamışdır, nəticədə psixiatriya müəssisələri və dərsliklər homoseksuallığı mental pozğunluq (disorder) kimi nəzərdən keçirməyə davam edir və konversiya terapiyası müalicələrini təklif edir. Qanunların qanuni cinsi marker dəyişikliyinə icazə verməsinə baxmayaraq, transgender kimliyi hələ də pozğunluq (disorder) kimi təsnif edilir.
Müəllif: Cahandar Cabarov
Powered by Froala Editor