LGBTKİ lüğəti - inkluziv dil bələdçisi (1-ci hissə)
İnsan olaraq hər formada ayrı-seçkiliyə və bölünməyə meylliyik. Bir şeyi anlamaq üçün hissələrə ayırırıq, bir qrupu qorumaq və ya “fərqli” olmadığını göstərmək üçün cəmiyyətdən ayırırıq, ayrı-seçkiliklə mübarizəni belə ayrı-seçkilik edərək aparırıq.
28/Feb/19
6176
LGBTKİ lüğəti-inkluziv dil bələdçisi: 1-ci hissə
İnsan olaraq hər formada ayrı-seçkiliyə və bölünməyə meylliyik. Bir şeyi anlamaq üçün hissələrə ayırırıq, bir qrupu qorumaq və ya “fərqli” olmadığını göstərmək üçün cəmiyyətdən ayırırıq, ayrı-seçkiliklə mübarizəni belə ayrı-seçkilik edərək aparırıq.
Gender əsaslı ayrı-seçkilik hardan başlayır? Hansı cinsin necə davranacağı necə formalaşdırılır? Reallıq budur ki, uşaq hələ ana bətnində ikən cinsiyyətini öyrənməklə başlayırıq ayrı-seçkiliyə. Buna niyə ehtiyac duyuruq? Cəmiyyətlərin qadın və kişiyə doğulduğu andan etibarən yüklədiyi rollar var. Bu rolları bizə yeritməyə necə və hansı rənglərdə geyinməyimizə qərar verərək başlayırlar. Uşağın cinsiyyətini bilməyin alacağımız əşyalarda və geyimlərdə bizə kömək edəcəyini düşünürük (selektiv abort məsələsi mövzumuzla əlaqəli deyil deyə, bu haqda yazmıram). Beləcə, biz qərar veririk ki, bizim hələ dünyaya gəlməmiş övladımız hansı rəngdə və necə geyinməli və hansı əşyalara sahib olmalıdır. Zamanla aldığımız geyimlər kimi, oyuncaqlarla, saçının kəsim və yığım forması ilə, hətta baxdığı cizgi filmlər ilə ona öyrədirik ki, necə davransın, necə geyinsin, necə danışsın, kimi sevsin - o, əslində, kimdir. Bizim üçün mənasız, xırda olan detallar, “kiçik ehtiyatsızlıqlar” nəticəsində uşaq kəşf edir ki, əslində, “ona göstərilməyən tərəflər” var və “ona öyrədildiyi kimi” etməsə, daha yaxşı hiss edir. Lakin biz yenə də sakit dayanmırıq, uşağın bu yönlərini görən kimi bununla mübarizə aparmağa çalışır, “istədiyimiz kimi” olmamasına qarşı çıxmağa davam edirik. Sonda uşaq ona yeridilən, öyrədilən kimliyə sahib olduğuna inanmağa başlayır və zamanla həqiqi kimliyini unudur və ya inkar edir. Bir insanın kimliyinə yadlaşması valideyn, qohum, müəllim olaraq, dost olaraq, cəmiyyətin bir nümayəndəsi olaraq bizim təsirlərimizin və bizə yeridilən düşüncə və ideologiyaların nəticəsidir.
Keçirdiyimiz boyunduruqlar zəifləyəndə, vurduğumuz qandallar paslananda, yəni plastilin kimi forma verdiyimiz insanlar xarici təsirləri daha az hiss etdiyi bir mühitdə yaşamağa başlayanda zamanla özü ilə bağlı suallar yaranır və yadlaşdığı, uzaqlaşdığı və qorxu duyduğu kimliyi və yönəlimləri ilə barışmağa başlayır. Belə olduğu halda, o, barışmış olduğu həqiqi kimliyini qorumaq adına onu olduğu kimi qəbul etməyəcək insanlardan öz kimliyini və yönəlimlərini gizlədir. Bunlar rol oynamaq və gizli yaşamaq dözülməz olana qədər davam edir. Sonda öz həqiqi kimliyini yə yönəlimlərini açıqlayanda özündən uzaq saldığı insanların verdiyi reaksiya əksər hallarda cinayətə və qanunsuzluğa verdikləri reaksiyadan daha kəskin və ya şiddətli olur.
Yuxarıda yazdıqlarım, LGBTKİ fərdlərin qarşılaşdığı çətinliklərin qısa xülasəsidir. Trans fərdlər LGBTKİ fərdlər içində ən çox diskriminasiya ilə qarşılaşan, haqqında ən çox yanlış məlumata sahib olunan qrup hesab olunur. Trans sözü eşidilən kimi nəyə görəsə, ilk ağla gələn MTF - male to female (kişi bədənində doğulub özünü qadın olaraq identifikasiya edən fərdlər) və seks işçiliyidir. İlk öncə buna aydınlıq gətirək: “cinsiyyətindən asılı olmayaraq”, bir fərd digər cinsin paltarlarını geyinirsə ( elə hiss etdiyi üçün, sevdiyi üçün, işinə görə və s.), bu çarpaz geyinmə (cross-dressing) adlanır və fərdin nə seksual oriyentasiyası, nə də gender kimliyi ilə əlaqəli bir vəziyyət olması mütləq deyil. Əvvəllər çarpaz geyinmə daha çox alçaldıcı ifadə olaraq transvestizm adlandırılırdı. Bu ifadə hələ də işlədilsə də, etik baxımdan düzgün hesab edilmir.
Digər açıqlanmağa ehtiyac duyulan mövzu isə oriyentasiya və kimlik mövzusu ilə bağlıdır.
Bioloji Cins: Hansı cinsdə doğulamağımızla əlaqəlidir. Üç cins var - qadın, kişi və interseks. Bizim cinsimizi daxili və xarici cinsiyyət orqanlarımız və xromosomlarımız (qadınlarda XX, kişilərdə XY) müəyyən edir. Çox nadir hallarda fərdlər iki cinsə məxsus özəlliklərlə (bu nisbi və ya tamamilə ola bilər) doğulur, bu fərlər interseks fərdlər adlanır;
Gender İfadəsi və ya Gender: Görünüşümüzlə və özünüifadə ilə əlaqəlidir, cinsiyyətimiz müəyyən olunduğu andan etibarən formalaşdığımız cəmiyyətin bizim üçün müəyyənləşdirdiyi rollar və özümüzü ifadə formamızdır. Gender ifadəsi, femininlik (daha çox qadınlarla əlaqələndirilən xüsusiyyətlərlə, cinsinə uyğun olaraq cəmiyyətin qadın üçün müəyyənləşdirdiyi rollarla xarakterizə olunur) və ya maskulinlik (daha çox kişilərlə əlaqələndirilən xüsusiyyətlərlə, cinsinə uyğun olaraq cəmiyyətin kişi üçün müəyyənləşdirdiyi rollarla xarakterizə olunur) şəklində özünü göstərir, cinsindən və gender kimliyindən asılı olmayaraq, hər bir fərd müəyyən feminin və maskulin xüsusiyyətlərə sahibdir. Hər iki cins üçün ayrılıqda uyğun görülən xüsusiyyətləri özündə birləşdirən gender ifadəsi androginlik adlanır. Androgin fərdlər həm qadın, həm də kişi üçün xarakterik hesab olunan xüsusiyyətlərə sahib fərdlərdir. Bu özünü daha çox fiziki görünüşdə büruzə verir və fərdin oriyentasiyası və gender kimliyinə bağlı olması mütləq deyil.
Gender Kimliyi: Beynimiz və düşüncəmizlə əlaqəlidir. Özümüzü kim olaraq, hansı cinsdə hiss etməyimiz bizim gender kimliyimizi müəyyən edir. Fərd özünü doğulduğu cinsdən və seksual oriyentasiyadan asılı olmayaraq, qadın, kişi və ya digəri kimi hiss edə bilər. Qeyri-normativ yollarla özünü ifadə edən və ya kişi və ya qadın gözləntilərini qarşılamayan fərdlər genderkvir fərdlər adlanır. Genderkvir fərdlər, özünü ifadə üçün ikili cinsiyyət normalarına ehtiyac duymur.
Seksual Oriyentasiya: Emosiyalar və cinsi cazibə ilə əlaqəlidir. Cinsimizdən, özünüifadəmizdən və gender kimliyimizdən asılı olmayaraq, hansı cinsdən olan insanların bizə daha cazibədar gəlməsi seksual oriyentasiyamızı müəyyən edir. Digər cinsi cəzbedici hesab edən fərqlər heteroseksual, həmcinsini cəzbedici hesab edən fərdlər homoseksual fərdlər adlanır. İki cinsi cəzbedici hesab edən fərdlər isə biseksual fərdlər adlanır.
Cinsiyyət və Gender ilə bağlı əsas terminlər yuxarıdakılardır və araşdırdığımız zaman hər birinin müəyyən altqrupları olduğunu görə bilərik. Bunlar haqqında, növbəti yazılarda paylaşmağa davam edəcəyəm.
Mövqe: Raven
Powered by Froala Editor