Mǝşhurlardan kaminq aut tələbi

Mǝn inanıram ki, hǝr bir insanın istehlak etdiyi mediada tǝmsil olunmasını tǝlǝb etmǝk hüququ var. Bu, kitablar, filmlǝr vǝ televiziya verilişlǝri ola bilǝr. Tǝbii ki, tǝmsilçilik tǝkcǝ medianın özü ilǝ mǝhdudlaşmır. Biz rǝhbǝrlikdǝ, şirkǝtlǝrdǝ, tǝhsil müǝssisǝlǝrindǝ, siyasi partiyalarda tǝmsil olunmağı da tǝlǝb edirik. Amma bu tǝmsilçiliyi individual şǝxslǝrdǝn tǝlǝb etdikdǝ vǝziyyǝt çǝtinlǝşǝ bilǝr.

Mǝsǝlǝn, sevdiyimiz vǝ dǝstǝklǝmǝyi seçdiyimiz sǝnǝtçilǝrdǝn danışaq. Tǝmsilçilik tǝlǝb etmǝk mǝşhurları cinsi kimliklǝri vǝ ya seksuallıqları barǝdǝ açıq danışmağa mǝcbur etmǝk demǝk deyil. Mǝn başa düşürǝm, bǝzi insanlar niyǝ bunu eşitmǝk istǝyǝ bilǝr, onların sevimli sǝnǝtçilǝrinin kuir olduğunu bilmǝk istǝyǝr. Bunun arxasındakı hǝvǝsi başa düşürǝm. Amma bu şǝxslǝri sadǝcǝ ǝylǝncǝ vǝ zövqümüz üçün mövcud olan mǝşhurlar kimi deyil, öz gündəlik hǝyatlarını yaşayan adi insanlar kimi düşündükdǝ belǝ bir tǝlǝbin necǝ qeyri-etik olduğunu görǝ bilǝrik. Sadǝcǝ kiminsǝ mǝşhur olması vǝ sevilmǝsi o demǝk deyil ki, onlar kaminq aut etmǝk üçün özlǝrini tamamilǝ tǝhlükǝsiz hiss edirlǝr. Bǝlkǝ dǝ alacaqları şǝrh sǝviyyǝsinǝ hazır deyillǝr. Sosial mediada bildiyimiz kimi, hǝr kǝs öz fikrini rahatlıqla paylaşır vǝ düşünür ki, tanımadığı insanlar haqqında, xüsusǝn dǝ bu mǝşhurlardırsa, hǝr şeyi deyǝ bilǝrlǝr. Çox adam hesab edir ki, mǝşhurların şǝxsi hǝyatları şǝrhǝ vǝ müzakirǝyǝ açıqdır. Vǝ nǝzǝrǝ alsaq ki, dünyanın, demək olar, hǝr yerindǝ kuir insanlara qarşı neqativ münasibǝt davam edir, kaminq aut edǝn şǝxs müǝyyǝn dǝrǝcǝdǝ nifrǝt nitqinǝ mǝruz qalacaq.

Hǝmçinin, bu, yaşadıqları yerdǝn vǝ hansı insanlarla ǝhatǝ olunduqlarından asılı olaraq, onların fiziki sağlamlığı üçün hǝlǝ dǝ müǝyyǝn bir tǝhlükǝ yarada bilǝr. Heç bir tǝhlükǝ olmasa vǝ alacaqları şǝrhlǝrlǝ bağlı narahatlıq keçirmǝsǝlǝr belǝ, yenǝ dǝ o mǝlumatı heç kimǝ borclu deyillǝr.

Harry Styles kimi bir neçǝ mǝşhurlar var ki, konsertlǝri zamanı Göy qurşağı bayrağını götürürlǝr vǝ özlǝrini ǝksǝr insanların kuir hesab etdiyi şǝkildǝ ifadǝ edirlǝr. Bǝzi insanlar hǝmin bu mǝşhurları kuirbeytinqlə ittiham edirlǝr. Lakin nǝyinsǝ kuirbeytinq olması üçün bunu edən şǝxs cis-hetero olmalıdır vǝ onlar ancaq diqqǝt üçün özlǝrini kuir hesab edilǝcǝk tipdǝ göstǝrmǝlidirlǝr. Bir şǝxs cis-hetero kişi olsa belǝ, bu, o demǝk deyil ki, o, ǝtǝklǝri, don vǝ çiçǝklǝri sevǝ bilmǝz. Özünü ifadǝnin müǝyyǝn bir növünü birmǝnalı şǝkildǝ kuir kimliyə bağlamaq çox mǝhdudlaşdırıcıdır vǝ stereotiplǝrǝ dayaq verir. Əgǝr onlar öz cinsiyyǝtlǝrini açıq şǝkildǝ ifadǝ etmǝdiklǝri üçün, biz bu insanların cis-hetero olduğunu fǝrz ediriksǝ, bu, daha böyük problemin bir hissǝsidir. Əksi bildirilǝnǝ qǝdǝr kimisǝ cis-hetero hesab etmǝk heteronormativlik deyil?

Bununla belǝ, bunu qǝsdǝn vǝ yalnız diqqǝt vǝ ya nüfuz üçün edǝn bǝzi insanlar ola bilǝr, lakin biz buna heç vaxt tam ǝmin ola bilmǝrik.

Ancaq biz sadǝcǝ öz tǝxminlǝrimizǝ ǝsasǝn kiminsǝ kaminq aut etmǝsini tǝlǝb edǝ bilmǝrik. Fanatların tǝmsil olunduqlarını hiss etmǝsi üçün individual sǝnǝtçilǝr öz şǝxsi hǝyatlarını vǝ kimliklǝrini bütün dünya ilǝ bölüşmǝk mǝcburiyǝtindǝ olmamalıdır.

Bunun necǝ neqativ sonlanmasına vǝ insanların bu cür tǝzyiqlǝrǝ görǝ necǝ küncǝ sıxışdırılacağına dair bariz nümunǝ var. “Heartstopper” kitabı vǝ serialı barǝdǝ yǝqin ki, çoxunuz bilirsiniz. Kit Connor serialın ǝsas aktyorlarından biridir vǝ sosial mediadakı tǝzyiqlǝrǝ görǝ 2022-ci ildǝ biseksual olaraq kaminq aut etdi. O, açıq şǝkildǝ kaminq aut etmǝk üçün sosial tǝzyiqǝ mǝruz qaldığını vǝ sıxışdırıldığını dedi. İndi mǝn onun bütün bu tǝcrübǝ haqqında söylǝdiyi şeylǝri bölüşǝcǝyǝm. Mǝnǝ elǝ gǝlir ki, bu, kuir icma üçün böyük bir geri addımdır.

“Mǝn biseksualam. 18 yaşlı gǝnci kaminq aut etmǝyǝ mǝcbur etdiyinizǝ görǝ tǝbrik edirǝm. Düşünürǝm ki, bǝzilǝriniz serialın mahiyyǝtini qaçırdınız. Sağ olun.”

"Twitter çox gülmǝlidir. Görünür, buradakı bǝzi insanlar mǝnim seksuallığımı mǝndǝn yaxşı bilirlǝr..."

“Aktyor heyǝtindǝ hamımızın 18 yaşı var, 20 yaşının ǝvvǝlindǝ olan bir neçǝ şǝxs dǝ var vǝ hǝtta aktyor heyǝtinin nisbǝtǝn böyük üzvlǝri ilǝ belǝ hamımız çox gǝncik. Bizim seksuallığımız haqqında spekulyasiya etmǝyǝ başlamaq vǝ hazır olmadığımız halda bizǝ kaminq aut etmǝk üçün tǝzyiq göstǝrmǝk…”

"Mǝn öz seksuallığımda tam arxayın vǝ rahat olduğumu hiss edirǝm, lakin buna (kaminq aut etmǝyǝ) ehtiyac hiss etmirǝm... Etiketlǝrǝ vǝ  bu kimi şeylǝrǝ  elǝ dǝ marağım yoxdur. Özümü etiketlǝmǝyǝ ehtiyac duymuram, xüsusǝn dǝ açıq şǝkildǝ deyil.”

  

Müəllif: Sam


Powered by Froala Editor