Rasim Balayevdən homofob açıqlamalar
Azərbaycanın kino aktyoru, xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev “Düz danışaq” verilişində fobik çıxışları ilə gündəm olub
23/Aug/23
4303
Rasim Balayevdən homofob açıqlamalar
Azərbaycanın kino aktyoru, xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev “Düz danışaq” verilişində fobik çıxışları ilə gündəm olub.
Aktyor avqustun 20-də “Düz danışaq” Youtube kanalında jurnalist İsmayıl Cəlilovun qonağı olub. Söhbət zamanı o, daha əvvəl BBC-yə verdiyi müsahibəsinə toxunaraq bildirib ki, ona “cinsi azlıqların” hüquqlarını niyə qorumadığı ilə bağlı sual verilib:
“Mən müsəlmanam, mən Qurani-Kərimi oxumuşam, bizim dövlətdə belə şey yoxdur. Azərbaycanda kişi kişi ilə, qadın qadınla evlənsin? Bu nə sualdır mənə verirsiniz?”
İsmayıl Cəlilov isə verilişin sonunda Rasim Balayevə özünün də gey olduğunu bəyan edib və aktyor heyrətini gizlədə bilməyib. O bildirib ki, gey olmaq İslam dininə ziddir və gey şəxsi müsəlman hesab etmir:
“Qurani-Kərimdə də deyilir ki, kişi kişi ilə, qadın qadınla… Bu, bizim dinimizə də, əqlimizə də zidd bir şeydir.”
Müsahibə zamanı İsmayıl Cəlilov “Bir Azərbaycan Respublikası vətəndaşı olaraq mənim haqlarım olmalıdırmı?” deyə sual verib.
Rasim Balayev cavabında “Onu aidiyyatı təşkilatlardan soruşun, mən qərar verə bilmərəm” deyib. Sonda o, İsmayıl Cəlilovun gey olduğuna təəccübləndiyini vurğulayıb.
Pravda.az saytı xəbər verir ki, Rasim Balayev onun İsmayıl Cəlilovun gey olduğunu olduğunu bildiyi halda müsahibə verdiyini deyənlərə belə cavab verib: “Qələt edirlər. İsmayıl Cəlilovun cinsi azlığın nümayəndəsi olduğunu bilsəydim, əlbəttə, ona müsahibə verməzdim. Mən elə adamlarla danışmazdım. Ümumiyyətlə, bu, bədbəxtlikdir. Nə bilim, vallah. Onlar mənim nəyimə lazımdır?”
Powered by Froala Editor