Transların partnyorluq münasibətləri
Azərbaycanda trans olmaq cəmiyyət içində ən qeyri-adi, ən qəbuledilməz olmaq deməkdir
05/Sep/23
2804
Transların partnyorluq münasibətləri
Azərbaycanda trans olmaq cəmiyyət içində ən qeyri-adi, ən qəbuledilməz olmaq deməkdir. Transfobik ifadə və aktlar bir çox fərqli formada özünü göstərə bilir. Hansılar olduğunu demək və ya dəqiq danışmaq çətindir. Azərbaycanda trans kimliklər hələ də görünməz olaraq qalır. İnsanlar bizim varlığımızı ya görmürlər, ya da görmək istəmirlər. Gördükdə isə nifrətlə, fobiyayla, bəzən isə başqa yollarla öz reaksiyalarını göstərirlər. Bu reaksiyalardan biri də trans bədənlərini fetişizə etmələridir.
İnsanlar, ələlxüsus da cis kişilər trans bədənlərini fetişizə etməyi çox xoşlayırlar. Maraqlısı budur ki, trans qadınlarla bağlı fikirləri heç də insani olmasa da, söhbət seksə gəldikdə yanaşmaları dəyişir. Trans qadınlar seksual obraz olaraq qələmə verilir. Bunun müxtəlif səbəbləri olduğunu düşünürəm. Ağlıma gələn səbəblərdən biri kimi cis qadınlarla seksual istəklərini həyata keçirə bilməyən cis kişilərin çarəni trans qadınlarla seks etməkdə tapmalarıdır. Azərbaycanda seks hələ də tabu mövzu olaraq qalır və seksin yalnız dünyaya uşaq gətirmək üçün edilməli olduğu məfhumu var. Həmçinin dinin də təbliğ etdiyi bu məfhum eyni zamanda seksin limitli olmalı olduğunu da şərt qoyur. Məsələn, düşünülür ki, seks yalnız penis və vagina ilə penetrasiya olaraq edilməli, oral, anal və s. seksi ehtiva etməməlidir. Hətta evli bir cütlüyün bu səbəbdən ayrıldığını eşitmişdim. Qadın həyat yoldaşı ilə oral seks etmək istəmişdi, kişi isə onun belə bir istəyi olduğu üçün əxlaqsız olduğunu düşünmüş, beləcə onlar ayrılmışdılar.
Bu ölkədə trans qadınların seks işçiliyindən kənar sahələrdə özlərinə yer tapa bilməsi çox çətindir. Mənim bir çox trans qadın tanışlarım var, hansılar ki, seks işçiliyi etməyi heç sevmirlər, lakin məcburiyyət qarşısında edirlər. Seks işçisi trans dostlarım onlarla görüşməyə gələn kişilərin əksəriyyətinin trans qadınla görüşmək istəmə səbəblərinin penis istəyinə dayandığını deyirlər. Kişilər penis arzularını trans seks işçiləri ilə həyata keçirməyi xoşlayırlar. Bunun altında bir neçə fərqli səbəblər dayanır. Yəqin bunlardan ən böyüyü kişi eqolarının alçalmadığını düşünmələridir. Trans qadınla seks etdikdə həm qadınla seks etmiş olurlar, həm də penis arzularını reallaşdıra bilirlər. Bununla bağlı seks işçisi bir dostum seksdə penisini istifadə etməyən trans qadınların digərlərinə nisbətdə daha az pul qazandığını deyirdi.
Mən şəxsi təcrübəmdə də bunu yaşayıram. Belə ki, cis kişilər trans qadınları sosial mühitdə qadın olaraq qəbul etmir, lakin 4 divar arasına gəldikdə hətta ilahə kimi görürlər. Bu, həmişə penislə əlaqəli olmur. Trans qadınla seks edən cis kişilər eyni zamanda trans qadınlarla cinsi əlaqəni anal seks sevgilərinə və transların daha yaxşı oral etdiyini düşündüklərinə görə edirlər.
Bədənimin fetişizə edilməsini sadəcə cis kişilərdə yox, həm də cis qadınlarda, hətta kuir və trans olan insanlarda da görmüşəm. Bəzən sadəcə medikal tranzisiya etdiyim üçün insanlar məni fetişizə edir, bədənimin dəyişən hissələrinin onlara çox maraqlı və seksual gəldiyini deyirlər. Bir tanışım hətta tranzisiya etdiyim üçün möcüzə olduğumu demişdi. Bəzən bu hallar xoşuma gəlir, amma bəzən insanların məni seksual obraz kimi gördüyünü hiss edəndə pis hiss edirəm. Demək olar ki, 16 yaşımdan bəri daima bunu yaşayıram. Cis kişilər trans qadınlarla seksual nələrsə etməyi çox sevirlər, lakin bu, həmişə saf istək olmur. Müəyyən hallarda seksual obraz gördükləri və ya seks üçün cis qadın tapa bilmədiklərinə görə bunu edirlər.
Trans kişi Azad Bəxti deyir ki:
“Fetişləşdirmək transfobiyanın ən çox rastlanılan 'növü' olmasa da, bizi obyektivləşdirdiyi, sərhədlərimizi pozduğu, bizi dehumanizə etdiyi üçün kifayət qədər narahatedicidir. Bəzən, xüsusilə, tanışlıq tətbiqlərində (dating app) tanış olduğum insanlar tərəfindən fetişizə edildiyimi görürəm, hiss edirəm. Ya "daha əvvəl bunu yoxlamamışam, çox maraqlısan" deyib, məni seks obyektinə çevirib, digər xüsusiyyətlərimi görünməz edirlər, ya da əməliyyat olmadığımı öyrənib, bədənimi fetişizə edərək insandankənar bir məxluq rəftarı edirlər.”
Təcrübələr göstərir ki, trans bədənləri bir çox halda seksual obraz olaraq görülür və bu, özlüyündə genderlə bağlı stereotipləri həm artırır, həm də transların öz bədənləri ilə bağlı olan narahatlıqlarına mənfi təsir göstərir. Stereotiplərin olması trans bədəni ilə bağlı müəyyən standartlar yaradır. Məsələn trans qadınlar mütləq sinə implantı əməliyyatı keçirtməlidir və ya trans kişilər mütləq sinələrini gizlətməli, əməliyyatla götürməlidirlər və s.
“Translar mütləq partnyorlarına trans olduqlarını bildirməlidir”
Yaxın keçmişdə bir müddətdir flirt etdiyim bir cis kişi ilə seks etmək üçün görüşmüşdük. Görüşdə məlum oldu ki, adam mənim trans qadın olduğumu bilmirmiş və məni cis qadın olaraq təxmin edirmiş. Bunu öyrəndikdən sonra isə transfob olmadığını, lakin bir transla seksual və ya romantik nəsə yaşamaq istəmədiyini dedi. O, bunları dedikdə mənim eşitdiyim yalnız bu idi: “Mən transfobam və sən penisi olan biri olduğun üçün mənim gözümdə qadın deyilsən.” Buna səbəb adamın trans olduğumu öyrəndikdən sonra dəyişən hərəkətləri idi. Bir neçə dəqiqə əvvəl mənə xoş sözlər deyən, mənlə romantik və seksual münasibətdə olmaq istədiyini bildirən adam anidən reaksiyalarını dəyişmişdi və bunu mənim personal kimliyimə görə yox, trans olduğuma görə edirdi.
Böyük bir kütlə üçün gender hələ də genitaliya ilə ölçülür. Həmçinin gender cis qadın və cis kişi ilə limitlənir. Trans qadın və trans kişilərin yalnız gender adaptasiya əməliyyatı olduğu surətdə genderlərini təsdiqləyəcəkləri düşünülür, qeyri-binarlar və digər genderlər görünmür/qəbul edilən deyil. Qadın və kişi olaraq təyin edilən iki genderin ayrı-ayrılıqda öz
tələbləri var və bütün cəmiyyət, o cümlədən də translar o tələblərə uyğun gəlməlidir. Deməli, əgər sən trans qadınsansa və penisin varsa, mütləq şəkildə bunu həmişə və hər yerdə xüsusi vurğulamalısan. Partnyor münasibətlərində isə bu, daha qabarıq şəkildə özünü göstərir.
Azərbaycanda partnyor tapmaq kifayət qədər çətindir. İnsanlar ya sənlə romantik münasibətdə olmaq istəmir, ancaq seksual münasibətdə olmaq istəyir, ya da yalnız qapalı qapıların arxasında səninlə sevgili olmaq istəyirlər.
Trans kişi Herman deyir ki:
“Münasibətlərdə ən çox qarşılaşdığım çətinlik qarşı tərəfin məndən utanmağıdır. Bununla çox rastlaşmışam. Cəmiyyət içində olanda mənimlə görünməkdən utandıqlarını deyiblər. Məni öz ətrafları ilə tanış etmək istəməyiblər. Ailələri bizim münasibətə qarşı çıxıb. Ailə problem yaratdığı anda da bizim münasibətimiz birbaşa bitib.”
Hermanın dedikləri ilə mən də şəxsi təcrübəmdə qarşılaşmışam. İnsanların dediklərini normadan çox önəmsəyən Azərbaycan insanları trans sevgili və ya partnyorları ilə cəmiyyət içində görünməkdən bir xeyli çəkinirlər. Ən çox da cis kişilər, çünki onların daima hər bir hərəkətlərini tənzimləmələrinə səbəb olan özləri kimi cis kişi dostları var və həmin dostlar üçün birinci tabu cis qadından kənar birindən xoşu gəlmək və ya cis kişidən kənar genderə sahib olmaqdır.
Azad:
“İqtisadi çətinliklər, bəzən təhlükəsizlik üçün münasibəti gizlətmək məcburiyyəti, evdən kənar bir yerdə romantika yaşaya bilməmək istər-istəməz münasibətin ömrünü azaldır.”
Evdən kənar yerdə vaxt keçirtməmək həmişə partnyorun səndən utanmasına görə baş vermir. Bu, bəzən təhlükəsizlik istəyindən də irəli gəlir. Ölkəmizdə translar üçün inklüziv olan açıq havada və ya qapalı məkan tapmaq çox çətindir. Gedə biləcəyimiz məkanların sayı demək olar ki, barmaqla sayılacaq qədərdir. Belə olan halda ən təhlükəsiz məkan yenə də ev olur. Bundan bir neçə ay əvvəl sevgilimlə şəhərdə əl-ələ gəzirdik və bir qrup insan bizə yaxınlaşıb, fiziki şiddətlə bizi təhdid etmişdilər. Sonrasında sevgilimi (cis kişi) kənara çəkib, niyə mənim yanımda olduğunu sorğulamış və ona kişi məsləhətləri verməyə çalışmışdılar.
Eyni zamanda iqtisadi çətinliklər də münasibətləri limitləyir. Bu ölkədə transların iş tapmağı
çox çətindir, hətta bir çox hallarda bu mümkünsüz ola bilir. İqtisadi çətinlik yalnız işin olmaması ilə də bitmir. Həmçinin xərclərin çox olması da çətinlikləri artırır. Tranzisiya çətin olduğu qədər həm də çox bahadır. Dərmanlar ya tapılmır, ya da çox yüksək qiymətlərə tapılır, həkim tapmaq da bir o qədər çətindir. Tapdıqda isə yenə qiymətlər çox baha olur. Tək baha olan tranzisiya da deyil. Ölkədə əlçatan bir çox sahə bəzən translara daha baha ola bilir. Məsələn, ev sahibləri translara ya ev vermirlər, ya da çox yüksək qiymətlərə kirayələyirlər.
Tanışlıq tətbiqi problemləri
Ölkədə işləyən tanışlıq tətbiqləri əsasən cis insanların istifadəsinə uyğundur və transların tanışlıqlar qura biləcəyi tətbiqlər yoxdur. Həmin tətbiqlərdən istifadə etdikdə isə oradakı insanların nə qədər transfob olduqlarını görməmək az qala mümkün deyil. Həmçinin tanışlıq tətbiqlərinin özləri də kifayət qədər transfobdur. Onlar insanların görünüşlərinə uyğun olaraq özləri gender seçir. Məsələn, sənin görünüşün “kifayət qədər maskulin” deyilsə, kişi seçməyə icazə vermir. Seçimlər isə ancaq kişi və qadınla limitlidir. Kişi və ya qadın olaraq özünü ifadə etməyən insanlar ya məcburi kişi və ya qadın hissəsini seçməli, ya da istifadə etməməlidir.
Raven:
“Ölkədə istifadə edə biləcəyimiz tanışlıq tətbiqlərinin cisnormativ və transfobik olması faktı məlumdur. Qeyri-binarlar üçün gender bölməsində seçim şansı adətən nəzərə alınmır, qadın və ya kişi təyini daha çox cis fokuslu olduğundan translar cis-pass olmadıqda tətbiqlərdən istifadə ilə bağlı məhdudiyyətlərlə qarşılaşa bilir. Üstəlik tanışlıq tətbiqləri daha çox cis kişilərin və heteroseksual qadınların partnyor tapmaq imkanlarına fokuslanır və lezbiyan münasibətlər üçün çox məhdud seçim şansı mövcuddur.”
Tanışlıq tətbiqləri cisnormativ olmasından əlavə, həm də təhlükəsiz deyil. Daha əvvəl bir çox kuir və transın tanışlıq tətbiqləri vasitəsilə qurduqları tanışlıqlarda problemlər yaşadığının şahidi olmuşam.
Kuirlərin istifadəsi üçün olan tanışlıq tətbiqləri müəyyən hallarda cis hetero insanlar tərəfindən bilinir və pisniyyətli məqsədlərlə sui-istifadə edilir. Burada bəzən məqsəd kuirləri ifşalamaq ola bilir. Bu halda tətbiqdən insanların şəkillərini götürüb, ictimai paylaşa bilirlər. Digər bir səbəb də lağ etmək olur. Daha əvvəl bir trans dostumun tətbiqdən tanış olduğu adamla görüşə getdikdə bir neçə başqa insanın da o evdə olduğunu və onu lağ məqsədilə ora çağırdıqlarını eşitmişdim. Hətta fiziki zərər vermək istəyi belə ola bilir.
Həmçinin Azərbaycanda kuir tanışlıq tətbiqlərindən istifadə edən kütlə transfobdur. Onlar düşünür ki, həmin tətbiqlər əsasən cis gey və biseksualların partnyor tapması üçündür. Ölkədə cis geylərin böyük bir hissəsinin transfob olduğunu görmək çətin deyil. Bir çox halda səbəb kimi transların seks işçiliyi ilə məşğul olmalarını və ya bədənlərində dəyişiklik etmələrini göstərirlər. Cis insanlar transların gender disforiyalarını yaşadığı çətinlikləri, xüsusilə də tranzisiyanın bir ehtiyac olduğunu anlamırlar. Hətta bəzən partnyorlar transların genderini dəyişdirməyə ya da trans olmadığına inandırmağa çalışırlar, ya da trans kimliyini qəbul etmirlər. Bu hallar həmçinin trans şəxslər tranzisiya etmək istəyəndə də ortaya çıxır. Tranzisiyanın yaxşı bir şey olmadığına inandırmaq üçün müəyyən səbəblər tapırlar. Ən məşhurlardan biri dini inancdır. Əksər səmavi dinlər insanın bədənində dəyişiklik etməsini istəmir. Azərbaycanda əksər insanların müsəlman olduğunu nəzərə alsaq, islamın transfob ifadələrini insanlardan eşitmək çox olası haldır. Digər bir məşhur ifadə isə “bədəninə zərər versən, tez öləcəksən” olur.
Bu tip sözlər transları incitməkdən başqa heç nə etmir. Tranzisiya çox ciddi bir ehtiyacdır və transların disforiyasının azalmasında böyük rol oynayır. İnsanlar trans qadın və trans kişilərin hetero olmalarını gözləyirlər. Heteronormativ cəmiyyət trans və ya cis fərqi qoymadan kişi və qadınların hetero olmasını gözləyir. Əgər sən transsansa və eyni zamanda hetero deyilsənsə, onlar üçün ikiqat qeyri-adisən. Bir dəfə cis gey bir tanışım hetero olmadığım üçün qadın olmadığımı demişdi.
Azad deyir ki:
“Trans kişilərə təyin olunan bütün normlara cavab vermirəm/verə bilmirəm deyə, gah qınaq, gah hədsiz maraq ucbatından istər seks, istər eşq həyatım çətin olur. Heteroseksual yox, panseksual olmağım isə çətinlikləri ikiqat artırır.”
Müəllif: Miray Dəniz
İstinadlar:
"Azərbaycanda transgender olmaq." Toplum TV. Accessed [31.08.2023]. URL: https://toplum.tv/sosial/azerbaycanda-transgender-olmaq.
"Penisli qadınlar da qadındır!" Queeradar. Accessed [31.08.2023]. URL: https://queeradar.com/penisli-qadinlar-da-qadindir/.
"“Bir feminist müsəlman ola bilməz?”." GR Center. Accessed [31.08.2023]. URL: https://www.grcenter.org/post/bir-feminist-müsəlman-ola-bilməz.
"Hormon terapiyasından məhrum trans vətəndaşlar." Queeradar. Accessed [ [31.08.2023]. URL: https://queeradar.com/hormon-terapiyasindan-məhrum-trans-vətəndaşlar/.
"Trans şəxslər potensial partnyorlarına trans olduqlarını deməlidirlərmi?" MinorityAZE. Accessed [31.08.2023]. URL: https://minorityaze.org/1308-trans-sexsler-potensial-partnyorlarina-trans-olduqlarini-demelidirlərmi.
"Polis Friends kafesinin fobik davranışını araşdırmır." MinorityAZE. Accessed [31.08.2023]. URL: https://minorityaze.org/1262-polis-friends-kafesinin-fobik-davranisini-arasdirmir.
"Gender kimliyinə görə işsizlik problemi." MinorityAZE. Accessed [31.08.2023]. URL: https://minorityaze.org/964-gender-kimliyine-gore-issizlik-problemi.
"Minimum əmək haqqı translara necə təsir edir?" MinorityAZE. Accessed [31.08.2023]. URL: https://minorityaze.org/937-minimum-emek-haqqi-translara-necə-təsir-edir.
"Evsizləşdirilən LGBTİQ+." Queeradar. Accessed [31.08.2023]. URL: https://queeradar.com/evsizləsdirilən-lgbtiq/.
Powered by Froala Editor