Sərhədlərə meydan oxumaq: Azərbaycanın draq ulduzu
Azərbaycanın mədəniyyət səhnəsinin mühafizəkar mənzərəsi arxasında görünməz qalan bir sahə var: draq mədəniyyəti
09/Nov/23
1247
Sərhədlərə meydan oxumaq: Azərbaycanın draq ulduzu
Azərbaycanın mədəniyyət səhnəsinin mühafizəkar mənzərəsi arxasında görünməz qalan bir sahə var: draq mədəniyyəti. Ölkədə sayları olduqca az olan draq kraliçalar (drag queen) genderlə bağlı normalara, patriarxal qadınlıq anlayışlarına meydan oxuyurlar.
Drag-queen termini performans məqsədilə ifrat feminin geyim və makiyaj istifadə edən insanları əhatə edir. Drag-queenlər 1969-cu ildə Nyu-York şəhərində LGBTİQ+ üsyanlarına rəhbərlik ediblər, ondan sonra kuir hərəkatlarının və mədəniyyətinin mühüm ənənəsinə çevriliblər.
LGBTİQ+ fəalı Əli Məlikov deyir ki, Azərbaycanda bir neçə kuir rəqqasə, ifaçı və DJ var, lakin onlar ya təhlükəsizlik səbəbilə kimliklərini gizlətməli olurlar, ya da onlara “marjinal əyləncələr” kimi baxılır.
Əli hesab edir ki, təhlükəli mühit ölkədə kuir mədəniyyətinin inkişafına mane olub. “Bizdə kuirlərlə əlaqəli xəbərlər ya qətl, ya həbs, ya da təhlükdə olan insanların canları ilə bağlıdır. Biz sağ qalmağa çalışırıq və bu şəraitdə özümüzü kuir mədəniyyətin və əyləncənin inkişafına, yaxud aktivizm sahəmizi genişləndirməyə gücümüz yoxdur”, o deyir. “Adi klublara getsək belə, polis ora basqın edir, bizə hücum edir və bizi bu məkanlardan uzaqlaşdırır. Bizi burada istəmirlər”.
Bununla belə, bir neçə cəsarətli kuir artist xüsusi qapalı tədbirlərdə auditoriya ilə görüşür və vaxtaşırı Azərbaycandan kənardakı səhnələrdə tamaşaçı qarşısına çıxırlar.
Onlardan biri də ölkədə Ledi Slim (Lady Slim) səhnə adı ilə tanınan ilk draq artist Seymurdur. Onun draq incəsənəti sahəsindəki həyat hekayəsi status-kvoya meydan oxumağa cəsarət nümunəsidir.
1987-ci ildə anadan olan Lady Slimin draq mədəniyyəti ilə tanışlığı Rusiyada gözlənilməz bir şəkildə başlayıb. Təhsilini Bakı Dövlət Universitetinin tarix fakültəsində alsa da, rəqsə olan həvəsi onu başqa bir dünyanı kəşf etməyə sövq edib. O, ilk dəfə Moskvada draq mədəniyyəti ilə qarşılaşıb, o bu təsadüfü “qismət” kimi təsvir edir. Bu təsadüf isə onun həyat trayektoriyasını dəyişib.
Lady Slimin səhnə performansı bir vaxtlar Azərbaycanda yerli telekanallarda çıxış etməklə daha geniş auditoriyaya çatıb. O, ilk dəfə 2010-cu ildə Space TV-də “Kim nə bacarır” adlı əyləncəli müsabiqədə çıxış edib.
Bununla belə, o qeyd edir ki, 2015-ci ildən başlayaraq ölkədə kuir vətəndaşlara münasibət pisləşib, onun kimi sənətçilər üçün qapılar bağlanmağa başlayıb. Beləliklə, tədbirlərə dəvətlər azalıb və onun performansının videoçəkilişləri açıq platformalardan silinib. Hazırda onun işlərini yalnız öz sosial media səhifələrində tapmaq olar.
Kişilərin qadın qiyafəsində səhnəyə çıxışı Azərbaycan üçün yad bir fenomen deyil. Azərbaycan teatrında XIX əsrdə qadın obrazlarını kişi aktyorlar canlandırırdılar. O dövrdə bu, aktrisaların azlığından irəli gəlirdi, lakin teatrda qadınların sayı artdıqca bu təcrübə azalmağa başladı. Hazırda kişi aktyorların komediya və gülüş naminə qadın paltarları geyindiyinə rast gəlmək olur, lakin bu personajları draq incəsənətindən ayırmaq vacibdir.
Azərbaycanın LGBTİQ+ hüquqları ilə bağlı vəziyyəti problemli olaraq qalır, hökumətdə və bütövlükdə cəmiyyətdə kuirfob əhval-ruhiyyə hökm sürür. 2000-ci ildə ölkə qanunvericiliyində homoseksuallıq dekriminallaşdırılsa da, LGBTIQ+ vətəndaşları üçün ayrı-seçkilik, təqib, hücumlar və həbslər adi xarakter daşıyır.
“Hökumət, media, cəmiyyət bizi davamlı olaraq “yad” qismində görür və nəticə, təəssüf ki, kütləvi queerfobiyadır”, - LGBTİQ+ fəalı Əli Məlikov qeyd edir.
Bu çətinliklərə baxmayaraq, Lady Slim həm Azərbaycanda, həm də beynəlxalq səhnələrdə çıxış etmək və irəliləmək həvəsində qətiyyətini qoruyub saxlayır. O tez-tez Türkiyə, İsveçrə, Macarıstanda səhnəyə çıxır, hətta Ukrayna və Moldovada keçirilən draq müsabiqələrindən mükafatları alaraq dünya tamaşaçısının ürəyinə girməyə davam edir. Çətinliklər qarşısında əldə etdiyi uğuru eyni problemlərlə üzləşənlər üçün ümid siqnalı hesab edir.
Lady Slimin hekayəsi cəmiyyətdə ailələri tərəfindən rədd edilmiş insanlardan xeyli fərqlidir. O, ailəsində anlayışla qəbul olunur. Əvvəllər valideynləri onun karyera seçimini başa düşməkdə çətinlik çəksələr də, zaman keçdikcə bunu təqlid sənəti kimi qiymətləndirdib və seçimini qəbul ediblər. Lady Slim valideynlərindən aldığı məhəbbət və dəstəyə görə minnətdarlıq hissi keçirdiyini deyir.
Azərbaycanda Lady Slim əsasən qadınlardan ibarət olan xüsusi məclislərdə iştirak edir. O, vaxtaşırı uşaqların ad günü şənliklərində çıxış etmək üçün dəvətlər alsa da, onun valehedici şousunu axtaranların qadınlar olduğuna inanır. O deyir ki, böyüklərdən fərqli olaraq, uşaqlar ictimai qərəzlərdən uzaq, açıqfikirlidirlər və onun şousunu böyük maraqla izləyirlər.
Azərbaycanda LGBTİQ+ hüquqları ilə bağlı problemlərin fonunda Lady Slim kimi sənətçilər insanlar tərəfindən qəbul edilməyi təşviq edir və daha inklüziv cəmiyyətə yol açan mədəni hərəkata öz töhfələrini verirlər. Qarşılaşdıqları çətinliklərə və mənfi münasibətə baxmayaraq, onun istedadı və qətiyyəti parıldayır; O, dünyaya draq mədəniyyətinin sadəcə əyləncə olmadığını bildirir, onun cəsarət, azadlıq və sosial normaları yenidən müəyyən etmək gücünün təcəssümü olduğunu xatırladır.
Məqalə LGBTİQ+ mövzuları üzərində işləyən jurnalist və aktivistlər şəbəkəsi olan Unit-in dəstəyi ilə hazırlanıb.
Müəllif: Tati Sattar
Powered by Froala Editor