QAF açıq çağırış elan edib
QAF "Kuir Ədalət" təqaüd proqramı üçün açıq çağırış elan edib
18/Nov/23
877
QAF açıq çağırış elan edib
QAF Kuir Ədalət təqaüd proqramı üçün açıq çağırış elan edib.
AÇIQ ÇAĞIRIŞ: Kuir İncəsənət Festivalı "Kuir Ədalət" Təqaüd Proqramını açıq elan edir. Layihə iqlim krizisi, şəhər quruculuğu və kuir təcrübələrin kəsişmə hekayələrini araşdırır.
Proqram iştirakçıları öz qısametrajlı filmlərini çəkmək və yerli, regional və beynəlxalq film festivallarında iştirak şansı qazanacaq.
"Kuir Ədalət" Təqaüd Proqramı haqqında əlavə detallar:
2030 Davamlı İnkişaf Agendasında vurğulanan vacib mövzuları gündəmdə saxlamaq məqsədilə, QAF şəhər quruculuğu və dizayn praktikalarından istifadə edərək sosiumda bərabərsizliyin necə azaldılmasına fokslanan BMT-nin “Heç Kəsi Arxada Qoyma” (HKAQ) gündəliyinə tövfə verməyə çalışır. Sözügedən layihə təhsil, rəqəmsal media, yaradıcı fikir və kuir mədəniyyətini bir-biri ilə əlaqələndirərək ətraf-mühit və sosium üçün ədalət mövzularını araşdırmağı hədəfləyir.
Proqram film, iqlim böhranı və kuir aktivizmlə işləmək həvəsi olan beş müraciətçiyə təqaüd təqdim edəcək. Seçilmiş təqaüdçülər iki ay müddətində mentorlarla sıx əməkdaşlıq edərək qısametrajlı filmlər hazırlayacaqlar. Filmlərin mövzusu iqlim böhranı və şəhər quruculuğu perspektivindən kuir icmalarının qarşılaşdığı problemləri araşdıraraq innovativ həll yollarına fokuslanacaq. Şəxsi bacarıqlarınızı yararlı istifadə edərək kuir icma üçün dəyişikliklərə tövfə vermək və film vasitəsilə öz dəyərli mesajınızı ötürmək üçün bu şansı qaçırmayın.
Proqramın Detalları
Mövzuya Giriş Seminarı: 5-7 yanvar 2024, Gəncə
3 günlük seminar zamanı iştirakçılar urbanizm və iqlim böhranı ilə bağlı fundamental anlayışları araşdırmaq imkanı əldə edəcəklər. Sonradan təqaüdçülər sözügedən mövzuları kuir obyektivdən araşdıracaqlar. Seminarlar həm nəzəri bilikləri, həm də qeyri-formal təhsil metodlarından istifadə etməklə praktiki təcrübələri əhatə edəcək.
Təqaüd Proqramı: 15 yanvar - 15 mart 2024, Bakı
Yanvarın 15-dən martın 15-dək mentor rəhbərliyi ilə təqaüdçülər öz ideyaları üzərində çalışaraq konsept inkişaf edəcək və layihənin mövzusuna uyğun qısametrajlı film çəkəcəklər. Mentorlar seçilmiş mövzu, kinematoqrafiya və filmin montajı üzrə dəstək verəcəklər. Məqsəd filmləri martın 15-dək yekunlaşdırmaqdır. Proqram müddətində içtirakçılar iki ay müddətində təqaüd alacaqlar.
Yerli və regional Film Nümayişləri: 8-14 aprel, 2024, Bakı və Tbilisidə
Aprelin əvvəlində təqaüdçülər Bakıda yerli film premyerasında iştirak edərək filmlərini daha geniş auditoriyaya nümayiş etdirəcəklər. Həmin həftənin sonu iştirakçılar Gürcüstanın paytaxtı Tbilisidə iki gün davam edəcək regional nümayişə qatılacaqlar.
Beynəlxalq nümayiş: 23-25 may 2024, Kopenhagendə
May ayında təqaüdçülər digər ölkələrdən olan iştirakçılarla birlikdə beynəlxalq premyeralarda öz filmlərini təqdim etmək üçün Kopenhagenə səfər edəcəklər. Ölkə kənarında təşkil olunan hər iki tədbir iştiralçılara öz sahələrindən professionallarla şəbəkələşmə imkanları təklif edəcək və eyni zamanda, bilik və təcrübə mübadiləsi üçün şərait yaradacaq.
Fiziki fəaliyyətlərdən sonra filmlər rəqəmsal aləmdə canlanacaq. Layihə zamanı istehsal olunan inklüziv və davamlı urbanizmlə bağlı bütün filmlər və müvafiq materiallar onlayn olaraq daha geniş auditoriyalara əlçatımlı olacaq. Bu kolleksiya film və memarlıq sahəsində fəaliyyət göstərən tədqiqatçı, müəllim və qeyri-peşəkarlar üçün müxtəlif coğrafi və mədəni kontekstlərdən gündəlik səsləri əks etdirən qlobal “Film Mozaik”-in bir hissəsi olacaq.
QAF yemək, yaşayış, səyahət və viza xərcləri daxil olmaqla proqramla bağlı yerli, regional və beynəlxalq səfərlərin bütün xərclərini qarşılayacaq.
Kimlər müraciət edə bilər?
Təqaüd proqramı sosial və ekoloji ədalət mövzularına həvəsi və film çəkmə, memarlıq və planlaşdırma kimi müvafiq sahələrdə təcrübəsi olan kuirlər və qadınlar üçün açıqdır. Uzun seminar formatında keçirilən proqram öz bilik və təcrübələrini genişləndirmək istəyən gənc kuir kreativlərə açıqdır.
Namizədlərin film istehsalı üzrə sadə biliklərə malik olması gözlənilir.
Necə müraciət etməli?
Bakıdakı təqaüd proqramına müraciət etmək üçün zəhmət olmasa motivasiya məktubu və qısa tərcümeyi-halınızı (maksimum 1 səhifə), və eləcə də, CV / qısa portfolionuzu 25 dekabr 2023-cü il tarixindən gec olmayaraq [email protected] ünvanına göndərin. Müraciət tarixinin son günündən sonra QAF beş təqaüdçünü seçərək il sonuna qədər bütün müraciətçələrə nəticələri açıqlayacaq. Seçilən iştirakçılarla müsahibələr təşkil edilə bilər.
Təqaüdçülər bacarıq, motivasiya və layihənin mövzusuna maraq əsasında seçiləcək.
Hər hansı bir sualınız olarsa, [email protected] ünvanına yönləndirməyə çəkinməyin.
Powered by Froala Editor