Qeyri-binar dünyadan xəbərsiz idim.
Müsahibimizin 19 yaşı var, qeyri-binardır. Tələbədir. İngilis dili üzrə müəllim(ə) kimi fəaliyyət göstərir. Gələcəkdə gender psixologiyası oxumaq istəyir. “Qeyri-binar” qadın və kişi genderlərinə uymamaq deməkdir.
01/Mar/19
7936
Mən qeyri-binar idim, amma qadın və kişidən başqa genderlərin də ola biləcəyi bir dünyadan xəbərsiz idim.
Müsahibimizin 19 yaşı var, qeyri-binardır. Tələbədir. İngilis dili üzrə müəllim(ə) kimi fəaliyyət göstərir. Gələcəkdə gender psixologiyası oxumaq istəyir. “Qeyri-binar” qadın və kişi genderlərinə uymamaq deməkdir.
Lap uşaqlıqdan, boynuma hansı cinsə aid olduğumu qoyduqlarından bəri hiss etmişəm ki, mən bu kateqoriyaya aid deyiləm. İçimdə səbəbini bilmədiyim narahatlıq vardı. 12-13 yaşıma qədər niyəsini müəyyən edə bilmədiyim bu narahatlıq məndə gərginlik yaradırdı. Mən qeyri-binar idim, amma qadın və kişidən başqa genderlərin də ola biləcəyi bir dünyadan xəbərsiz idim.
Uşaqlıq dövrlərinizdən keçirdiyiniz bu narahatlığa hansı amillər səbəb olurdu?
Cins anlayışı mənə tanıdılandan düşünmüşəm ki, məni çağırdıqları şey deyiləm. Heç vaxt məni “qız” deyə çağıranda rahat hiss etməmişəm. Hətta dönüb arxaya da baxmamışam bəzən. Düşünməmişəm ki, bunu mənə deyirlər. Uşaq vaxtı həyətdə qızlar hərdən mənlə oynamırdılar ki, sən qız deyilsən, oğlana oxşayırsan. Bəlkə də onlar davranışlarıma görə belə düşünürdülər. Çünki bioloji olaraq hansı cinsə aid edilmisinizsə, sizdən o cinsə özlərinin yüklədikləri xarakteristkaları daşımağı tələb edirlər. Məsələn qız kimi oturmaq, qız kimi durmaq, qız kimi danışmaq deyə anlayışlar formalaşdırırlar. İstər sterotip baxımından, istər ümumi tendensiya olsun, sizdən ona uymağınız gözlənilir. Ona görə məndə gərginlik yaranırdı.
Fərqli bir kateqoriyaya aid olduğunuzu necə müəyyən etdiniz?
Mən hər dəfə bu barədə problem yaşayanda deyirdim ki, elə hiss edirəm ki, ətrafdakı qızları birləşdirən ortaq nəsə var, məndə o yoxdur. Mən özümü həmişə qırağa atılmış kimi hiss etmişəm. Nə oğlanların sırasına tam olaraq gedə bilmişəm, nə də qızlar tərəfindən qəbul edilmişəm. Qızlarda mənə qarşı qıcıq yaranırdı sanki hərdən, onların qıza tipik saydıqları xüsusiyyətləri göstərmədiyim üçün hardasa daha az qız olaraq görülürdüm. Daha az qız olaraq görüldüyüm üçün, daha çox əksildilirdim. Bir növ mənim qız olmaq kimi vəzifəm var və mən bunu bacarmırmışam kimi. İnsanlar öz cinsini qürurla sinələrində daşıyırlar, mən “kişiyəm”, mən “qadınam” deyə. Mən isə üstümə qoyulan vəzifəni doğrultmamışam kimi bir havayla böyümüşəm. Qız olmaqda uğursuz olmuşam deyə özümü günahlandıra-günahlandıra, ətrafdakı qızların hərəkətlərini təkrarlamağa çalışmışam. İstər yubka olsun, istər makyaj olsun. Bu məni çox sıxırdı. Bütün bunlar məndə sosial fobiyanın başlanmasına səbəb olmuşdu. İlk dəfə mənim LGBTQ+ ilə tanışlığım 7-8 ci sinfə təsadüf edir. Ona qədər çox əziyyət çəkmişəm bu barədə. İnternetdə iki öpüşən oğlan fotosu görmüşdüm. Şok yaşamışdım, necə ola bilərdi ki, ətrafda belə bir dünya varmış və biz bundan xəbərsiz böyümüşük. Suallarım yaranırdı, evdəkilərdən bu barədə soruşurdum. Azərbaycan dilində çox mənbə tapa bilmirdim, ingilis dilində oxuduqlarımı başa düşmürdüm. 1-ci kursda oxuyanda psixoloqa getdim.
Psixoloqunuz sizi düzgün yönləndirə bildimi?
Digər dostlarımın psixoloqlarıyla olan hekayələrinə nəzərən daha şanslı olduğumu deyə bilərəm. Ən azından o mənə ‘’namaz qıl keçəcək’’, ‘’dua et, düzələssən ’’ kimi şeylər deməyib. Mən problemlərimi dilə gətirirdim. Psixoloqum mənim hansı kateqoriyaya aid olduğum barədə məlumatlı deyildi. Mənə elə gəlir o, ikidən çox gender olduğunu bilmirdi. Mən ona deyəndə ki, qız deyiləm, deyirdi ola bilsin ki, xasiyyətin feminin deyil sadəcə. İndi söhbətlərimizi xatırlayıram və başa düşürəm ki, psixoloqum mənim lezbiyan olduğumu düşünürdü, ona görə seanslarda mənə bununla bağlı danışırdı. Amma get-gedə o da məni stressə salırdı. Deyirdi qərar verməlisən, ya kişi olmalısan, ya qadın. Bütün həyatım bunun üzərində qurulmuşdu, mən niyə bir tərəf seçməliyəm axı, sanki həyatım bir yarışmış kimi. Bir qrup seçib elə davam etməliydim, öz yolumla gedə bilmərəmmiş kimi. Məndə belə bir fikir vardı ki, hansı cinsi seçsəm, o cinsə uyğun görüldüyü kimi davranmalıyam , qadın olduğumu desəydim, heç vaxt vaz keçə bilməyəcəyim maskulin davranışlarımı kənara qoymalı idim, makyaj etməliydim, yubka geyməliydim. Demirəm ki, mən bunları heç sevmirəm, bunları edəndə də tərzimi bəyənmirlər. Oğlan olduğumu desəm də, feminen davranış göstərən kimi, bunu da üzümə vuracaqdılar, hələ digər ortaya çıxacaq çətinliklərdən əlavə olaraq. Amma bu kateqoriyaların heç birində özümü rahat hiss edə bilmirdim.
Nə vaxtdan artıq qeyri-binar olduğunuzu qəbul etdiniz?
11-ci sinifdə artıq ingilis dilində oxuduqlarımı tam başa düşməyə başladım. Növbəti illərdə ətrafımdakı bəzi dostlarım da mənə hər bir şeydə kömək etməyə çalışırdılar. Qeyri-binar barəsində artıq ikinci kursda bilirdim, amma özümü adlandırmağa qorxurdum. Bunu qəbul etməyim mənim (ingiliscə) əvəzliklərimi dəyişməyim demək idi, artıq hamıya düzəliş etməliydim, evdəkilərə deməliydim ki, mənə “qızım” deməyin. Bu mənə həddindən artıq böyük həngamə kimi gəlirdi və qorxurdum. Dünyaya özümü bir dəfə də təqdim etməliydim, amma yeni bir imajla. Mən həmişəki insan olacaqdım, amma insanlar məni artıq həmişəki mən olaraq görməyəcəkdilər.
Tez-tez insanların coming out hekayələrinə baxıram, 5-6 ay əvvəl bir videoya baxanda qərar verdim ki, bitdi. Özümü aid olmadığım bir qutuya sığdırmaqdan bezdim. Bundan sonra mənə heç kim qız deməsin. Elə həmin an ən yaxın dostlarıma yazdım, hansı ki, onlar heç vaxt məni qınamayıblar, artıq filan-filan sözləri işlətməyəcəyim barədə onlara dedim. Evə izah mərhələsi gəlirdi, ən çətini bu idi.
Evdəkilərə bütün bunları necə izah etdiniz, bunu necə qəbullandılar?
Mən onlara başa saldım ki, cins və cinsiyyət eyni anlayış deyil. Oxuduqlarımı, psixoloqla olan söhbətlərimizi, uşaqlıqda yaşadıqlarımı danışdım. Anlatmağa çalışdım ki, mənim yaxşılığımı istəyirlərsə, onda artıq mənə “qızım” deməsinlər. Hər dəfə o sözü deyəndə məndən bir parça qoparırlar, mənliyimi inkar edirlər. Məni olmadığım bir şey adlandırırlar. Buna görə ömür boyu narahat hiss etmişəm. Anam hələ də anlamağa çalışır müəyyən qədər. Evdə səhv etməməyə çalışan bir anam və bacımdır. Bacım balacadır, 6-cı sinifdə oxuyur.
Bacınızın balaca olduğunu dediniz, o danışdıqlarlarınızı necə dərk etdi?
Böyüklərin başa düşməyi vaxt alır, kiçiklərin isə yox. Uşaqlar ən yaxşı başa düşürlər. Səhv etmirəmsə, anama “mənə qızım demə” dediyimi eşitmişdi və bunun mənasını soruşdu. Mən ona ilk dəfə izah edəndən bəri, o mənə qadınlara xitabla bağlı olan heç bir söz deməyib, amma çoxlu sualları yaranırdı. Çaşıb səhv edən kimi də çox ciddi şəkildə üzr istəyir. Bircə problemi gəlin və bəylə bağlıdır ki, mən evlənsəm, mənə nə deyəcək. Ona çox şey barədə danışmışam, izah etmişəm ki, dişi olmaqla qız olmaq eyni şey deyil, bu bədəndə olmaq hələ qız olmaq demək deyil . Anatomik, davranış, harmonal, genetik xüsusiyyətlər bəzən insanlarda üst-üstə düşmür. Transeksuallar üzərindən gətirdim nümunələri. Ən problemsiz qəbul edən bacımdır. Mənə qız demir, amma bircə xahiş edib ki, bacı desin. Bir dəfə məktəbdə, bacımgilin sinfində bir oğlan haqqında danışırmışlar ki, qızbibidir, geydir. O da deyib ki, gey olmaq o demək deyil. Bu çox müsbət bir şeydir mənə görə. Çünki artıq ətrafdakı haqsızlıqları görür və başa düşür.
Ailənizə, dostlarınıza kaming-aut etməyiniz illərlə yığılıb qalan gərginiliyinizi azalda bildimi?
Feminen ola bilmədiyimə görə, necə günahkar idimsə və mənə özümə nifrət etməyə necə öyrətmişdilərsə, feminen olan, mənim uğursuz olduğum şeylərdə uğurlu olan qadınlara qarşı paxıllığım var idi. Onlar qəbul edilir, mən qəbul edilmirəm deyə. Mənə evdə də qızları nümünə göstərirdilər. Sonradan bu qeyri- rasiyonal nifrəti aradan qaldırmağım uzun çəkdi. Mənim ən böyük problemim özümü qəbul etməməyimlə bağlı idi. Sosial aktivliyim çox aşağı düşmüşdü. Elə bir bədənin içərisindəsən ki, bu sənə aid deyil, səndən gözlənilən heç nəyə uymursan. Səndə nəyinsə çatışmadığını ömür boyu kiminsə başa düşəcəyi qorxusuyla yaşayırsan. Dostlarıma bunu etiraf edəndən sonra artıq öz bədənimdə daha rahatam, daha özgüvənliyəm, artıq qaçmıram, gizlənmirəm. Amma təbii ki, univeristetdə, işdə, yolda, cəmiyyətdə hər gün eyni stressi, hər dəfə sənə qız deyiləndə başdan yaşayırsan. Məsələn, avtobus sürücüsünə deyə bilmərsən axı mənə qız demə. Və ya kursda uşaqlara deyim ki, mənə müəllimə deməyin. Nə desinlər? Müəllim də düzgün deyil axı. Bir insanın ancaq dəqiq genderini biləndən sonra dəqiq gender spesifik sözlərə keçmək olar. Ancaq o insanlara düzəliş edirəm ki, bu insanla son söhbətim deyil.
Bəlkə də sizə olan qadın xitabları daha çox görünüşünüzlə bağlıdır, bədəninizi transformasiya etdirmək barəsində düşünmüsünüzmü?
Gender disforiyam tam aradan qalxmayıb, amma daha rahatam. Bədənimdə heç bir dəyişiklik etmək istəmirəm. Ancaq ayrı evə çıxandan sonra stilimdə, ümumi görünüşümdə bəzi dəyişikliklər edəcəm yəqin ki. Daha az feminen görünmək istəyirəm. Bəzən insanlarda belə yanlış düşüncə yaranır ki, əgər kimsə qeyri-binardırsa, mütləq ona baxanda cinsini də ayırd edə bilməməlisiz, bu o demək deyil. Mən sabah dırnaq uzatsam, makyaj etsəm də, yenə qeyri-binar olacam, kişilərə xas sayılan şeyləri etsəm də. Gender bir hisdir, özümüzü necə görməyimizdir. Mən icazə vermirəm ki, mənə bütün yaşadıqlarımı qeyri-binar olaraq da yaşatsınlar. Soruşmasınlar ki, niyə saç uzadırsan. Mən sabah saçlarımı kəsə də bilərəm.
Bu istiqamətdə gələcəklə bağlı planlarınız nələrdir?
Mən xaricdə yenidən bakalavr üzrə gender psixologiyası təhsili almaq və bir müddət yaşamaq istərdim. Amma təhsil aldıqdan sonra Azərbaycana qayıtmağı düşünürəm. Mən bu cəmiyyətdə böyümüşəm, bu cəmiyyətin problemləri mənə aydındır. Ata biləcəyim bütün addımları atmaq istərdim. Bilirəm ki, insanlara qarşı necə diskriminasiya olunur. Mənə elə gəlir ki, özümü daha yaxşı hiss etməyə nail olmuşamsa, başqalarına da kömək etməliyəm.
Diskriminasiyaların aradan qaldırılması üçün cəmiyyətdə hansı istiqamətdə addımlar atılmalıdır?
Gözümüzü açandan bizə məntiqi əsası olmadan bəzi şeyləri yapışdırırlar ki, nələri edə bilərik, nələri edə bilmərik. Ya xüsusi kimliklər alçaldılır. Hansısa xüsusiyyətlər, kimliklər, orientasiyalar pislənilir, xəstəlik olaraq qəbul edilir. Uşaqlar yaxşı çəkilmiş filmlər görməlidirlər, düzgün təqdimetmələr göstərməlidirlər. Məktəblərdə cinsi sağlamlıq haqqında təhsil olmalıdır. Sterotipləri faktlardan ayırmağı öyrənməlidirlər. Məlumat mənbələrini artırmaq olar, tərcümələr etmək. İnsanlara individual dəstək də ola bilərik. İnsanların yaşadığı problemlərin çoxu ailələrinin onları anlamamağından və qəbul etməməyindən qaynaqlanır. Valideyn olmaq barədə düşünən hər bir şəxsin ən azından bəzi sahələrdə bilikləri olmalıdır, uşaqlar ailələrdən düzgün məsləhət ala bilməlidir. Həkim olmaq üçün təhsil alırsan, müəllim olmaq üçün təhsil alırsan. Amma dünyaya insan gətirmək istəyirsən, onu şəxsiyyət kimi böyütməlisən, bu barədə sənə istiqamət verən yoxdur. Hər bir sənətdə özünə yer tutmaq üçün peşəkar olmalısan, amma valideyn olmaq kimi çətin vəzifəni yerinə yetirərkən heç nə tələb etmirlər.
Necə düşünürsüz, bəzi LGBTQ+ fərdlərinin öz orientasiyalarını açıq şəkildə etiraf etmələri, kaming-out hekayələri cəmiyyətdəki sterotipləri qıra biləcəkmi?
Əvvəl daha ümidli idim. Fikirləşirdim ki, bəlkə 1-2 ildən sonra parad keçirərik. Evdə bacımla birlikdə LGBTQİ+ bayrağı da düzəltmişik. İndi insanlar daha çox bu barədə danışırdılar. Amma danışanda daha çox homofobik danışırlar. Bunları qanunlar tənzimləməlidir. İnsanlar məni qəbul etməyə bilər, amma onların qəbul etməməyi mənə narahatçılıq verməməlidir. Mən nifrət nitqi eşitməyə məcbur deyiləm. Mən təkcə nifrət nitqi eşidirəm, amma başqaları buna görə fiziki zorakılıqlara da məruz qalır. Qrup yoldaşlarımdan biri demişdi ki, bütün LGBT fərdləri qırılmalıdır, o mənim yanımda oturur və gözümə baxa-baxa belə bir şey deyir. İnsanlar içlərində olan nifrəti səhv istiqamətlərdə qusurlar. “Nifrət edirəm” deyən hər bir insanın statistik cəhətdən heteroseksual olmağı mümkün deyil. Mən də bunu yaşamışam.
Müsahibə üçün təşəkkür edirik. Digər LTBQİ+ fərdlərinə də nəsə demək istərdinizmi?
Düşünürəm ki, insanların öz hekayələrini bölüşməkləri çox vacibdir. Özümü dərk etmək mənim illərimi aldı. İnsanların ən az haqqında məlumatları olduğu mövzulardan biri qeyri-binarlardır. Bəlkə kimsə bunu oxuyandan sonra biləcək ki, o bir yerə aiddir, itmiş deyil, uğursuz deyil, hamı kimidir, iki kateqoriyadan birini seçməyə məcbur deyil. Təşəkkürlər!
Mənbə :Gender and Integrity