Transgender nə qədərdir ki, hüququnu qoruyaq?!
31 Mart Beynəlxalq Transgender Görünənlik günü idi.
03/Apr/19
6598
“Trangender nə qədərdir ki, hüququnu qoruyaq?”
31 Mart Beynəlxalq Transgender Görünənlik günü idi. Hər gün görməzdən gəlinən, “qəribə”, “əcaib” hesab olunan və insan yerinə belə qoyulmayan biz transgenderlərə diqqət etmək, varlığımızı qəbul etmək üçün nəinki bir gün, heç bir saniyələrini belə sərf etmək istəmir hörmətli cisnormativ, gender-binar toplumumuz. Biz onların dəyərli normalarına və istinadlarına uyğun gəlmirik deyə “qaşınmayan yerdən qan çıxaran hoqqabazlar” olaraq qəbul edilirik.
Ölkənin o qədər dərdi var, transgender kimdir ki, neçə nəfərdir ki, onun haqqını qoruyub “hörmətimizi” itirək? Transgenderlərin kimlik problemləri, yaşam çətinlikləri, qorxuları və hətta ölümü bir kibrit çöpünün yanmaması qədər önəmsizdir. Sözdə sosial fəaliyyətdə olan hamı tolerantdır və insan hüquqlarını qoruyur, kontekstin xatirinə LGBT haqqında təlimlər təşkil edir. Amma heç kim gəlib LGBTKIA+ icmanın fərdlərindən soruşmur ki: “Siz nə istəyirsiniz?” Transgenderin kim olduğunu hələ özü üçün tam aydınlaşdırmamış və araşdırmamış bir təlimçi hansı əsasla bizim haqqımızda danışmaq və yanlış təsəvvür yaratmaq haqqını özündə görür?
Görünüşümüzə baxıb müraciət forması ona əsasən seçildiyindən, digər cinsə olunduğu şəkildə xitab olunarkən yaşanılan qəbullanmama hissini biz hər gün dəfələrlə yaşayırıq. Hörmətli cisgenderin öz normativini rahatlıqla bizə tətbiq etməsinə etirazımız onu narahat edir. Bizim kimliyimiz onun azad, rahat və düşünmədən danışması qarşısında “mənasız” faktordur. Biz bizə olunan hər yanlış müraciətlə gender disforiyasını daha ağır yaşayarkən susmalı və icazə verməliyik ki, kimə necə rahatdırsa, bizə eləcə müraciət etsin.
Trans kimliyinə sahib fərd bunu öz görünüşündə yansıtmaq və ya cinsiyyətini dəyişdirmək istəyinə sahib olmaq məcburiyyətində deyil. Trangender fərdlər hər zaman gender-binar normalara uyğun olmur. Qeyri-binar gender kimliyinə sahib fərdlər və özünü binar gender kimliklərindən birində hiss edən interseks fərdlər də həmçinin transgenderdir. Davranışlarımızda, özümüzə geyim və saç düzümü seçdiyimizdə təsəvvür edilən “trans stereotipik obrazına” uyğun olmaq məcburiyyətində deyilik. Döşlərimiz və vaginamız var deyə qadın, penisimiz var deyə kişi deyilik. Cisnormatizm və gender-binar normalar parça və rənglərə tətbiq olunub, iki cinsə uyğun paltarlar hazırlanıb deyə, biz o paltarları geyinərək hər hansı bir cinsi qəbul etmiş olmuruq. Gender-neytrallıqdan uzaq şəxsiyyət vəsiqələri, geyim dəyişmə otaqları və hamam otaqlarından istifadə etməyimiz bizi cisgender etmir. Venera və ya Marsın simvolu ilə, çəhrayı və ya maviyə boyanan uşaqlığımız ilə gender kimliyimiz dəyişilmir.
Bizim özümüzü təsəvvür etdiyimiz görünməz insanları görə biləcək gözlərə sahib olmayan toplumda yaşayırıq deyə, kimliyimizi öldürməyə məcbur olunuruq. Lakin yaşadığımız toplum bizim kimliyimizi anlamağa çalışmaqda nə qədər dəyanətlidirsə, əllərinə bulaşmış qanımızı görməkdə də o qədər həsassdır.
Transgender gender kimliyi haqqında ətraflı araşdırmaya sahib olmadan, asanlıqla “Trangender nə qədərdir ki, hüququnu qoruyaq?” sualı verən hörmətli hüquq müdafiəçiləri, bizi insan olaraq görməyiniz üçün hansı sayda olmalıyıq? Hansı sayda transgender nifrət cinayətinə qurban getməlidir? Hansı sayda transgender gender disforiyadan qurtulmaq üçün intiharı seçməlidir? Hansı sayda transgender istəmədiyi halda öz doğulduğu ölkəsini tərk etməlidir?
Müəllif: Raven