Qafqazın trans hüquqlarına görə ən pis ölkəsində təhsil necədir?
Ucalan səslər: Qafqazın trans hüquqlarına görə ən pis ölkəsində təhsil necədir?
31/May/24
2296
Ucalan səslər: Qafqazın trans hüquqlarına görə ən pis ölkəsində təhsil necədir?
Müəllif: Aleks Şah
Azərbaycan məktəblərində şagirdlərə öyrədilən bir deyim var: müəllim sizin ananız, məktəb isə ikinci evinizdir.
Amma mən 11 il özümü evimdə xoşbəxt hiss etməmişəm. 2013-cü ildə ortaya çıxan, görünən femininliyim elə həmin vaxt 1-ci sinfə getməyimlə üst-üstə düşdü.
Mənimlə həmyaşıd olan qonşu qızla eyni sinfə düşmüşdük. İkimiz də bir-birimizin sinifdə yeganə tanıdığı şagird olsaq da, heç cürə bir yerdə otura bilmirdik. Məktəblərdə asudə vaxtda təşkil olunan oyunlarda bizdən icazəsiz, necəsə müəllimlər tərəfindən qruplaşdırılırdıq. Bu qruplaşma yalnız təyin olunmuş cinsə görə təşkil olunurdu.
Elə onda başa düşməyə başlayırdım ki, mən, sən demə, kişi* imişəm və bu el-obalarda bəzi qanun-qaydalar var. Səbəbini bilmirəm, amma nədənsə, patriarxal cəmiyyətdə, heteronormativ ailədə böyüməyimə baxmayaraq heç vaxt etdiyim hərəkətlər, verdiyim qərarlar onların dəyərlərinə xidmət etməyib. Kişi olaraq təyin olunan uşaqların etdiyi fəaliyyətləri təkrarlamaz, müstəqil qərarlar verməyə üstünlük verərdim. Asudə vaxtlarda qızlarla danışıb-gülməyim, onlarla birgə evə qayıtmağım mənə baha başa gəlib.
Sinif rəhbərim anama “oğlun ancaq qız kimi gülür, dişini ağardır, qızlarla gəzir” demişdi.
Ailəmin tapşırığı ilə artıq sinifdə hər bir hərəkətim izlənilirdi. Yalnız müəllim otaqda olmayanda qız dostumla söhbətləşə bilirdim. Kişi olaraq təyin edilmiş uşaqların ailələri tərəfindən ildən-ilə böyüdülməsi daha çox patriarxal dəyərlərin onlara yüklənməsi ilə baş verir. Hər keçən il həmin uşaqlar mənə qarşı daha aqressiv, zorakı, qətiyyətli olmağa başlayırdılar.
Amma həmin uşaqlar nə mənim, nə də kimliyimin dəyişməyəcəyindən xəbərsiz idilər
Cəmiyyətin mənə verdiyi güc simvolu “kişilik”dən imtina edib böyüdükcə, həmin dəyərlərin mühafizəkarlarının diqqətini daha çox çəkməyə başladım.
İbtidai sinif rəhbərimin əsassız şəkildə qiymətimi kəsməyinin, dərsi danışmağa çağırmamasının və fiziki zorakılıq etməsinin səbəbini öyrənərkən, açığı, heç təəccüblənmədim. Bir müddət əvvəl anama “uşağını rayonda oxutdur, orda kişi görüb düzəlsin” demişdi. Hərəkətlərinin izahı da məktəbimi dəyişməyə məcbur olum deyə imiş.
Azərbaycan məktəblərində soyunma otaqları və tualetlər bioloji cinsə görə təyin olunur və iki seçim şansı var. İbtidai təhsil pilləsində oxuduğum zaman tualetdə sinif yoldaşım mənim tək olduğumu görüb, idrarını ayağıma etmişdi. Dərs zamanı mən onun etdiyi hərəkətdən sındığımı və müəllimə şikayət edəcəyimi kağıza yazıb verəndə sinif rəhbərim kağızı əlimdən aldı və məni təhqir edərək otaqdan çıxardı. Bu hadisədən sonra qız-oğlan tualetlərindən istifadə etməməyə başladım və bu, hələ də davam edir.
6-cı sinifdə oxuyurdum. İlk dərs idman dərsi idi və mən dərsə gecikmişdim. Soyunma otağında tək olduğumu görən idman müəllimim otağa girdi, guya əynini dəyişirmişcəsinə qabağımda soyunmağa və mənə göz süzməyə başladı. Mən isə dərhal otağı tərk edərək zala getdim.
Artıq yuxarı siniflərə keçdikcə, uşaqlarda müəyyən bir düşüncə formalaşır, onun müdafiəsinə qalxırlar. Bu düşüncənin formalaşmasında televiziya, sosial şəbəkə və ailənin ciddi rolu var. Sosial mühitdə insanlar daimi gördüklərini qəbul edib öyrəşirlər, əks halda başqaları onlara yad gəlir. Ona görə də, dövlət hər kəsi eyni dərəcədə görünən etməlidir.
Pandemiyanın gəlişi bizləri evə qapatdı və daha çox rəqəmsal dünyada olmağımıza gətirib çıxartdı. Bu ərəfədə özümü kəşfə çıxmışdım. Kəskin transfobiya səbəbindən özümü trans olaraq identifikasiya edə bilmirdim. Əvəzində heç kimin başa düşmədiyi və az marginal kimliklərlə sosiallaşmağa başlamışdım.
2021-ci ildə məktəbin və ailəmin əlbirliyi ilə konversiya terapiyasına tuş gəlmişəm. Bunlara hormonlarımın yoxladılması, psixoloq köməyi və dindarlar tərəfindən normallaşdırma ritualları daxildir. Lakin bu cəhdlər uğursuz oldu, ailəm çıxış yolunu mühitimi dəyişməkdən ötrü məktəb yerdəyişməsində gördü. Həmin il trans-feminin tranzisiyaya saçımı uzadaraq başlamışdım və yeni məktəbdə idim.
“Sən Hollandiyaya get, ora sənin kimilər üçün uyğun yerdi”
9-cu sinifdə məktəbə təzə gəlişim məktəbin şagirdləri və müəllim heyəti tərəfindən böyük reaksiya ilə qarşılandı. Saçımın “uzun” olması, qızlarla dostluq etməyim, ədəbsiz nitqim, tərbiyəmin olmaması, ümumi “oğlan” anlayışına zidd maraqlarımın olması məktəbdə hər kəsin tanıdığı “vorzakon” şəxslərin və pedaqoji heyətin qıcığına səbəb oldu. Həmin uşaqlar məni daima koridorlarda təhqir edir, küncə çağırır, çiyin atır, sinfimə qalxaraq mənə xəsarət yetirməyə çalışırdılar, haqqımda məktəbə yalan məlumatlar yayılır, nifrət nitqləri səsləndirilir və seksuallaşdırılırdım. Bufetə gedə bilmirdim, yeməyimi qız dostlarım alıb gətirirdi…
Başıma gələnlərini psixoloqa bildirdikdən sonra o, məndən şəxsi məlumatlarımı istədi, ona güvənə biləcəyimi dedi və danışılanların məxfiliyinin qorunacağına söz verdi. Əvvəlcədən güvənməməli olduğumu bildiyim üçün saxta informasiya verdim. 1 gün sonra danışdıqlarımı valideynimə, sinif rəhbərimə və şagirdlərə yaydı. Sonra isə mən ona sinif yoldaşlarıma və zorakı uşaqlara psixoloji dəstək olmasını xahiş etdim, əvəzində isə onun sinif yoldaşlarımdan “Aleksin hansısa ”təşkilatla” əlaqəsi var? Onu idarə edib, nəyisə təbliğ elətdirirlər?” kimi suallar soruşduğunu öyrəndim.
Psixoloq mənə: “Sən Hollandiyaya get, ora sənin kimilər üçün uyğun yerdi”, - dedi. Sizcə, 15 yaşlı şagirdə bu situasiyada miqrasiya haqda məsləhət vermək nə dərəcədə doğrudur? UNESCO-nun təhsilin qlobal monitorinqi hesabatına görə, trans şagirdlərin 83%-i məktəblərdə bu tip neqativ hallar yaşayır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 300-dən artıq ümumi təhsil müəssisəsində “Kiçik akademiya”lar fəaliyyət göstərir. “Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. “Kiçik Akademiya”lar istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılmasında vacib rol oynayır.
2022-ci il yanvar ayında Akademiyanın işçisi, həmçinin məktəbdə Uşaq birliyi rəhbəri kimi çalışan Gülnarə Hüseynovaya akademiya üzvü olaraq hazırladığım “Şagirdlərin Məktəbdaxili Problemlərinin həlli üzrə sinifdaxili sorğu” layihəsini təqdim etdim. Layihəyə əsasən, məktəbdə şagirdlərin üzləşdikləri bullinqi deməyə çəkindiyini nəzərə alaraq, sinifdaxili şagirdlərin öz problemlərini deməsi üçün sorğu hazırlanmışdı. Təəssüf ki, il boyu yalnız “Vətən”, “Müharibə”, “Türk qardaşlığı” və sair bu tip mövzular üzərində çalışaraq, şagirdlərə patriarxal dəyərləri təbliğ edən idarə heyətinə bu lahiyə maraqlı gəlmədi. Gülnarə Hüseynova təklifi rədd edərək, bu layihənin lazımsız olduğunu vurğuladı.
Azərbaycan məktəblərində illərdir ki, şagirdlər səslərini bullinqə qarşı qaldırmağa davam etsə belə, 225 nömrəli məktəb rəhbərliyi üçün bu hal prioritet deyil. İndi düşünəndə anlayıram ki, əslində o layihənin, yəni mənim məqsədim özümə kömək istəmək idi və özüm kimiləri tapmaq cəhdləri idi…
10-cu sinfin sonlarında coğrafiya müəllimim məni növbəti dəfə sözlü alçaltdı, sinif yoldaşlarım öldürülməyimə çağırış etdi. Məsələni ictimailəşdirərək, bütün orqanlara şikayət ünvanladım. İlk dəfə idi ki, özümə qarşı bullinqlə mübarizəyə başladım və ailəm, qohumlarım ilk dəfə bildi ki, sən demə, mən məktəbdə illərdir bullinqə məruz qalıram. Təhsil nazirliyindən rəsmi nümayəndə mənə qanunda cinsi oriyentasiya sözü olmadığına görə məni qoruya bilməyəcəyini, cəmiyyətin ortalama fikri ilə uzlaşmaq məcburiyyətində olduğumu dedi. Məsələ ictimailəşmişdi deyə, müəllimə töhmət verərək işi bağladılar.
Lakin 5 ay sonra məktəbdə fiziki zorakılığa məruz qaldım. Səbəbi trans kimliyimin marginallaşması və məktəbdə qürur həftəsi ilə bağlı elanım idi. Hazırda 11-ci sinifdə oxuyuram, o gündən bəri dərsə getməyərək faşist kurrikulumdan imtina etmişəm.
Bəs bütün bunlar mənim gələcəyimə necə təsir edəcək? Ümumiyyətlə, mən təhsil almışammı?
Psixoloq Əli Abbasov deyir ki, təhsil sistemi şagirdin sadəcə hansısa imtahandan yüksək qiymət aldığı yox, eyni zamanda bir çox bacarığı da inkişaf etdirdiyi bir formatda dizayn olunmalıdır.
“Belə ki, şagird təhsil müəssisəsində müxtəlif fənnlər üzrə biliklərini artırmaqla yanaşı, tənqidi düşüncə, effektiv ünsiyyət, sosial və emosional öyrənmə, inklüzivlik kimi mövzularda bacarığını artıracaq mühit ilə təmin olunmalı, onun bu və digər bacarıqları ilə əlaqəli bir çox proqramlar həyata keçirilməlidir. Bununla yanaşı isə, təhsil müəssisəsində bullinq kimi tələbənin günlük həyatına təsir edən davranış topluları ilə mübarizə aparmaq üçün sistematik müdaxilə mexanizmlərinin olması və müəssisədəki hər bir fərdin özünü orada güvəndə hiss etməsi olduqca vacibdir.”
“Belə bir mühitdə olmayan tələbə isə məktəbdəki digər şəxslərin zərərverici davranışlarına məruz qaldıqca, təhsil sisteminə olan inamını itirməkdən tutmuş, özünə fiziki zərər vurmağa qədər bir çox davranış forması göstərə bilər və bu davranışların demək olar, heç birinin şagird üçün xoş nəticələnməyəcəyi isə aşkardır.”
Abbasovun sözlərinə görə, bu tərz problemlərlə qarşılaşan şagirdin özünü qəmgin, təşvişli, qorxmuş, qəzəbli hiss etməsi və zamanla özgüvəninin aşağı düşməsi ehtimalı olduqca yüksəkdir. Digər yüksək ehtimal isə bu və bənzəri zərərverici davranışları göstərməyə davam edən şagirdlərin, tələbələrin bunu həyatlarının digər sahələrində tətbiq etməsi və məktəb xaricindəki həyatlarında başqalarına zərər vurmasıdır.
“Bu səbəblə, bu kimi təməl ehtiyacları əhatə etməyən bir müəssisədəki şagirdin tam mənada təhsil aldığını demək qeyri-mümkündür”, - psixoloq vurğulayır.
Üçüncüyə yer yoxdur
2019-cu ildə İlham Əliyev Bakı Dövlət Universitetində çıxışı zamanı deyib ki, hazırki dövrdə qadınlarla kişilər arasında fərq qoyulmur, biz ənənəvi cəmiyyətdə ənənəvi qaydalarla yaşamayılıq və biz elə dəyərlərə inteqrasiya etməyəcəyik.
20 yaşlı Karmen Munadel Bakı Dövlət Universitetində təhsil alır. Karmen özünü trans qadın kimi bəyan edir, dövlət isə onu kişi olaraq tanıyır. Bu, o deməkdir ki, Karmen şübhəsiz diskriminasiyadan yan keçə bilməyəcək. Munadel 2-3-cü siniflərdə artıq kuir olduğunun fərqinə varıb. Yuxarı siniflərdə trans qadın olduğunu başa düşsə də, konservativ regionların birində diskriminasiyalara tuş gəlməmək üçün insanlarla “gey” kimliyi ilə sosiallaşıb.
“Trans olduğumu qəbullanmaq və bəyan etmək qorxulu idi. Cəmiyyətdə translar haqda müsbət şey eşitmirdim və tranzisiya periodunu fikirləşdikcə çəkinirdim, özümü elə təsəvvür edə bilmirdim.” Məktəb illərində bullinq səbəbindən introvert və asosial olan Karmen universitetə daxil olacağı təqdirdə daha müstəqil olmağı seçib. Hər şey elə məhz bundan sonra başlayıb. “Göz yaşlarımı görməsinlər deyə, ayaqyoluna qaçdım.”
“Keçən ay sinfimizə universitetdən olmayan kənar şəxs gələrək hər kəsin gözü qabağında məni alçaltdı. Mən ona bu hərəkətinin səbəbini soruşanda “mənə sənə demirdim” dedi. Daha sonra sinfə müəllim gələrək uşaqların sayını soruşanda məni oğlanların sayına əlavə edib söylədi. Artıq dözə bilməyib, müəllimə: “Edilən diskriminasiyalar bir qırağa, üstəgəl, belə hörmətsizlik artıq mənə qarşı sistemli izolyasiyadır”, - deyə cavab verdim.
Müəllim isə Karmenə onun oxuduğu dövrdə sinif otaqlarında trans tələbələrin olmadığı üçün etdiyinin normal olduğunu bildirib. Həmçinin müəllimin sözlərinə görə, “Hər il məktəbə kişi və qadın adı altında tələbələr qəbul edilir, üçüncü cinsə yer yoxdur” deyərək etdiyi qısnamanı belə əsaslandırıb. Davam edən qısnamalar səbəbindən Karmenin mental sağlamlığı stabil deyil və bu, onun akademik uğurlarını əngəlləyir. Bullinq Azərbaycanda davamlı, həll edilməmiş bir problem olaraq qalır. Ölkədə hələ də bullinq əleyhinə qanun və ya işlək mexanizm yoxdur.
2021-ci ildə Elm və Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında belə bir paylaşım edib: “Məktəbdaxili qısnama (bullinq) halları ilə mübarizə üçün şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması, hər bir halın araşdırılması və zəruri tədbirlərin görülməsi, profilaktika mexanizmləri hazırlanıb və yaxın zamanda məktəblərdə tətbiq ediləcək.”
Həmin tarixdən bu günə qədər trans tələbələr onlara qarşı baş verən bullinq hadisələrinin araşdırılmaması, tədbir görülməməsindən şikayət edib və məsələni ictimailəşdirib. Nazirlik keyslərin həllini zərərçəkən trans şagirdin məktəb yerdəyişməsində, cəmiyyətin ümümi fikirlərinə uymaq məcburiyyətində və məktəbə gəlməməsində görüb. Lakin ölkədə hələ də bullinq əleyhinə qanun və ya işlək mexanizm tətbiq olunmayıb, bu mövzuda dövlət səviyyəsində müzakirələrin aparılmadığı müşahidə olunur.
Araşdırmaçı Lalə Mahmudovanın araşdırmasına görə, kuirfobiyanın ən çox yayıldığı ölkələrdən biri olan Azərbaycanda tələbələr arasında kuirfob epitetlərlə, nalayiq sözlərlə bir-birini təhqir etmək çox yayğındır. “Azərbaycanla bağlı statistik məlumatların azlığı səbəbindən bu gün məktəblərdə zorakılıq, kuirfobiya, seksizm, nifrət nitqi kimi sosial ədalət prinsiplərinə zidd olan halların nə dərəcədə geniş yayıldığını öyrənmək mümkün deyil”,- Mahmudova qeyd edir.
Kuirlər var, amma kinolarda
İncəsənət təhsili trans tələbələr üçün potensial olaraq əhatəli və dəstəkləyici mühit ola bilər, çünki bu təhsil özlüyündə yaradıcılığı və individuallığı təşviq edir.
Lakin kinorejissorluq üzrə təhsil alan trans qadın Miray Dəniz deyir ki, Azərbaycanda bu, heç də belə deyil.
“1-2-ci kurslarda daha çox qorxaq davrandığım üçün təhsil ili heç də yaxşı keçməyib. O hal mənim bullerlərə qarşı reaksiyamın dəyişməsinə qədər davam etdi. Müəllimlərim dərslərdə açıq-açıq öldürüləcəyim barədə mənə xəbərdarlıq edirdi. Digər qətl edilən trans yoldaşların keyslərini nümunə çəkərək fikrini əsaslandırırdı. 3-cü kursun 1-ci semestrində artıq diskriminasiyaya cavab olaraq mən də cavab verməyə başladım. Lakin bu da, əfsus ki, kifayət deyildi.”
Davam edən bullinqlər səbəbindən Dəniz artıq susmamaq qərarına gəlir və dekanlığa şikayət etməyə üz tutur. Dekanın cavabı Miray üçün ədalətli olmayıb.
“Dekanın mənə cavabı bu idi ki, bullinqə məruz qalırsansa, daha az feminin geyin, makiyajı çöldə et.
Bu yanaşma ailələrin yanaşmasından fərqli deyil. Səbəbi odur ki, bizim trans kimliyimizi fetiş olaraq görürlər, sanki biz feminin geyiniriksə, fetiş üçün bunu edirik. Mən dekana deyəndə ki, olmaz ki, məni limitləmək əvəzinə, tələbələrinizə düzgün davranış qaydalarını öyrədəsiniz? O isə cavabında “qrupda hansısa tələbə bullinqə məruz qalırsa, səbəbi özüdür, qrupun nəbzini və cəmiyyətin ümümi qaydalarını nəzərdən keçirməlidir” dedi”, - Dəniz vurğulayır.
Miray müəllimləri tərəfindən tez-tez hədəf göstərildiyini, misgendering (yanlış gender təyini) və deadnaming-ə (ölü adla çağırılma) məruz qaldığından, bərabər rəftar və hörmət görməməsindən şikayətlənir. “Dəfələrlə özümdə müşahidə etmişəm ki, ultra-konservativ müəllimlər dərslərdə kuir filmlər göstərirlər. Və deyirlər ki, kuirlər var, onları başa düşürük, amma kinoda. Əfsus ki, müəllim burda həmin kinonun yalnız rejissor hissəsi ilə maraqlanır, həyatlarımız onun üçün önəmli deyil”.
Aqil Abdullayev 32 yaşlı kuir sənətçidir, onun işi ictimai və şəxsi yaddaş və düşüncələr vasitəsilə davamlı olaraq dəyişən kuir təmsil, travma, həssaslıq və qaçış mövzularını araşdırır. Abdullayev incəsənət təhsili sferasında kuir görünənliyinin olmamasından təssüflənir.
“Azərbaycan incəsənəti və kinosunda da LGBTQ+ təmsilçiliyinin olmaması əsasən institusional senzura və geniş yayılmış özünüsenzuranın birləşməsindən irəli gəlir. Güclü institusional tənqidi olan ölkələrdən fərqli olaraq, Azərbaycanda LGBTQ+ təmsilçiliyinin bədii ifadələrdə və kino hekayələrində niyə daha qabarıq olmasının səbəbini araşdıran tənqidi diskurs çatışmazlığı mövcuddur. Bu institusional tənqidin olmaması status-kvonu mübahisələndirmək və LGBTQ+ mövzu və səslərinin daha çox görünməsi və daxil edilməsini müdafiə etmək üçün maneə yaradır.” Müxtəlif illər ərzində Azərbaycanın kuir sənətçiləri ölkəni tərk edərək incəsənət təhsili və karyeralarını başqa mədəniyyətlərdə inkişaf etdirməyə başlayıblar.
Bu hekayələr Azərbaycanın təhsil müəssisələrində sistemli dəyişikliklərə təcili ehtiyac olduğunu vurğulayır. Məktəblərin inklüziv siyasət qəbul etməsi, pedaqoqlar üçün təlim keçməsi və bəyanlarından aslı olmayaraq bütün tələbələr üçün təhlükəsiz mühit yaratması vacibdir. Biz ayrı-seçkilik və transfobiyaya qarşı mübarizə apararaq, ölkə daxilində trans tələbələr üçün daha ədalətli və bərabər-hüquqlu gələcək üçün yol açmaqda və dövləti buna təşviq etməkdə israrlı olmalıyıq.
Powered by Froala Editor