Azərbaycanda LGBTİ+: zəncirləri qıra biləcəyikmi?
Özünü Baş Prokurorluğun hasarına zəncirləyən Hafizli: “Zəncirin simvolik mənası var, hökumət vətəndaşların boynuna zəncir keçirərək, fırladır”
02/Jan/24
2084
Azərbaycanda LGBTİ+: zəncirləri qıra biləcəyikmi?
Özünü Baş Prokurorluğun hasarına zəncirləyən Hafizli: “Zəncirin simvolik mənası var, hökumət vətəndaşların boynuna zəncir keçirərək, fırladır”.
Müəllif: Vahid Əliyev
2022-ci il Azərbaycanın kuir icması üçün dəhşətli xəbərlə başladı: LGBTİ+ hüquq müdafiəçisi və jurnalist Əvəz Hafizli öldürüldü. Prokurorluğun məlumatına görə, sərxoş vəziyyətdə olan əmisi oğlu Əmrulla Gülalıyev “şəxsi mübahisə” zamanı Hafizliyə bıçaqla xəsarət yetirib. Morqa baş çəkən fəallar nifrət cinayətinin qurbanı olan Hafizlinin boğazının və cinsiyyət orqanının kəsildiyini bildiriblər.
Əvəz Hafizlinin qətli
Yerli LGBTİ+ fəalları bildirib ki, homofobiya zəminində törədilən qətlin məqsədi ailənin “namusunu” qorumaq olub. İstintaq başa çatıb və 2022-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsi Gülalıyevi 9 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Lakin məhkəmə cinayətin əlavə təfərrüatlarını, o cümlədən qətlin amansızlıqla yerinə yetrilməsini və Əvəzin cinsiyyət orqanının kəsilməsini nəzərə almayıb. Bundan əlavə, LGBTİ+ fəalları məhkəmə iclaslarına buraxılmayıb. Gülalıyevin hökmündə qərəzli motivi - Cinayət Məcəlləsinin 154-cü maddəsi, Əvəz Hafizlinin konstitusion hüquq və azadlıqlarının pozulması, habelə xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə faktı - 120.2.4 maddə də nəzərə alınmayıb.
Hesab edirəm ki, cinayətkar xüsusi qəddarlıqla Əvəz Hafizlinin həyatına qəsdən son qoyub. Belə ki, Gülalıyev ifadəsində Əvəzi öldürmək qərarına hadisədən 3 ay əvvəl gəldiyini bildirib. Bundan başqa, cinayətkarın bütün LGBTİ+ icmasına qarşı hərəkətləri, o cümlədən Əvəzə qarşı törətdiyi psixoloji təzyiq və işgəncələr xüsusi amansızlıqdan xəbər verir.
Hökumət namus qətllərinə və nifrət cinayətlərinə görə məsuliyyət daşıyanlar haqqında istintaq aparıb mühakimə edə bilməyib. Cəza təyin edilərkən ağırlaşdırıcı hallar nəzərə alınmayıb. Əvəzin qətli Azərbaycanda seksual azlıqlara və trans* icmasına qarşı sosial şəbəkələrdə çıxış edən bloqer Sevinc Hüseynovanın təhrikindən sonra baş verib. Minlərlə izləyici tərəfindən dəstəklənən bu təhlükəli ritorika Hafizlinin faciəvi qətlinə töhfə verən amil kimi qiymətləndirilir.
Hazırda ölkədə LGBTİ+ nə vəziyyətdədir?
LGBTİ+ fəalı Əli Məlikovun sözlərinə görə, Əvəz Hafizlinin qətli Azərbaycanda LGBTİ+ icmasının mobilizasiyası səylərində dönüş nöqtəsi olub. Yuxarıda qeyd etdiyim kimi, Hafizli faciəvi qətlindən əvvəl ölkədə trans icmasının siyasiləşməsində mühüm rol oynayıb. Əvvəllər müxtəlif siyasi cərəyanlardan təcrid olunmuş bu icma Hafizlinin liderliyi ilə son illər öz məqsəd və birliyini tapmışdı. Bununla belə, digər tərəfdən, Hafizlinin qətli məsuliyyətin və ədalətin olmaması ilə birlikdə “Azərbaycanda LGBTİ+ icmasının formalaşmasına və siyasiləşməsinə son dərəcə mənfi təsir göstərib”.
“Yadımdadır, [Əvəzin yasında] bir qadın var idi. Əli sarğılı idi, nimçədə halva paylayırdı. Nə baş verdiyini soruşdum, dedilər ki, bıçaqlanıb, amma o, nə olacağını bildiyi üçün polisə xəbər verməyib”, - Əli Məlikov bildirib.
Hafizlinin qətlindən sonra Azərbaycanda LGBTİ+ların qorxu və narahatlığı getdikcə daha çox hiss olunur. Artıq necə sağ qalacağına və həyatını necə davam etdirəcəyinə fokuslanan icma daxili parçalanmalarla və məqsədyönlü təqiblərlə üzləşib. Dövlət tərəfindən qızışdırılan bu bölünmə müqaviməti yatırmaq və hərəkatın yaranmasının qarşısını almaq məqsədi daşıyır. Əvvəllər LGBTİ+ icmasının hüquqlarını müdafiə edən fəallar və insanlar indi marjinallaşdırılır və təhqir olunur. Hafizlinin qətlə yetirilməsi görünənliyi artırsa da, istər-istəməz icmada parçalanmanın daha da artmasına səbəb olub.
“Belə vəziyyətlərdə müqaviməti yatırmaq üçün dövlətin icmanı içəridən parçalaması kimi maraqlı bir tendensiya var. İcma daxilində insanlar bir-birini daha yaxşı tanıyır və mən icma içərisində bizi aşağılayan, bizi təqib edən, ev ünvanımızı axtaran insanlar görmüşəm”, - Əli Məlikov deyib.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da LGBTİ+ların həyatı çox vaxt şəxsi seksual seçimlərə və ya icmalarımızı demobilizə etmək üçün bağlı qapılar arxasında saxlanılan məsələlərə çevrilir. Fəallar deyirlər ki, onların fikir və təcrübələrindən sui-istifadə edilir və əhəmiyyəti azmış kimi təqdim edilir. LGBTİ+lar həyatlarının hər sahəsində çətinliklərlə üzləşirlər və nəticədə, çox vaxt evsizləşir və təcrid olunurlar. Hərəkatlarımızın siyasiləşdirilməsi və LGBTİ+ icması daxilində fikir və təcrübə mübadiləsi üçün məkanların yaradılması ilə bağlı çətinliklərə görə Azərbaycanda aktivizmin inkişafı çətinləşib.
LGBTİ+ hüquqlarının görünənliyi və məlumatlılığı getdikcə azalır və dövlət qurumları bizim kimliyimizi boş rəsmiyyət kimi istifadə edirlər. Hökumət bir tərəfdən icmaya qarşı zorakılıq və ədalətsizliyi davam etdir, digər tərəfdən televiziyada və ya “Formula 1” zamanı icmanın və ya ayrı-ayrı LGBTİ+ların müsbət təsvir olunmasından manipulyativ şəkildə istifadə edir. Qorxu mühitində kuir hərəkatı məhdudiyyətlə qarşılaşır və əhəmiyyətli irəliləyiş əldə edə bilmir. LGBTİ+ların hüquq pozuntusu hallarının monitorinqi və sənədləşdirilməsinə, Azərbaycanda LGBTİ+ icmasının vəziyyəti ilə bağlı məlumatların toplanmasına və müzakirələr təşkil edilməsinə baxmayaraq, fəaliyyətimiz çox vaxt məhdud olur və geniş auditoriyaya çatmaq imkanımız olmur. Kimliklərimiz adətən geniş şəkildə müzakirə olunmayan “gündəlik məsələlər”dən başqa bir şey hesab edilməsə də, reallıq budur ki, şəxsi həyatımızın məxfiliyi daim pozulur. Telefonlarımıza haker hücumları ilə müdaxilə olunur, onlayn varlığımız senzuraya məruz qalır və bunun arxasında kimin dayandığını bilmirik.
Təzyiqlərə və maneələrə baxmayaraq, Azərbaycanda aktivizm - xüsusilə feminist və LGBTİ+ hərəkatları kontekstində - davam edir və hökumətə, polisə və patriarxata müqavimət göstərir. Fəallar cəmiyyətin milli-mənəvi dəyərlərini sorğulamağa davam edir və dəyərli hesab etdikləri uğrunda mübarizə aparırlar. İllər keçdikcə LGBTİ+ hüquqlarının müdafiəsi və təşviqinə qoşulmaq istəyənlərin sayı - onlar hələ küçə etirazlarında birbaşa iştirak edə bilməsələr də - nəzərəçarpacaq dərəcədə artıb. Fəallar hazırda monitorinq, məlumatların toplanması, maarifləndirmə və görünənlik üçün media platformalarından istifadə etməyə yönəlib. Bununla belə, Azərbaycanda LGBTİ+ hərəkatı Türkiyə, Gürcüstan və s. kimi ölkələrlə müqayisədə hələ də nisbətən təcrübəsizdir və irəliləyiş kiçik və davamlı addımlarla ölçülür. Yaranan müqavimət ümidverici görünür, lakin qarşımızdakı yol çətin olaraq qalır, əzmkarlıq və qətiyyət tələb edir.
Azərbaycanda trans* fəallıq
“İnsanlar sadəcə olaraq aktivizmlə məşğul olmaqdan qorxurlar. Düşünürəm ki, bu, müəyyən dərəcədə rasionaldır, sadəcə qorxurlar”, - trans* fəal Vüsalə Hacıyeva.
Azərbaycanda trans* aktivizmi bir-biri ilə əlaqəli bir sıra problemlərlə üzləşir. Əsas problem insan resursu çatışmazlığıdır, çünki ölkədə trans* fəalların sayı azdır. Bu, təsadüfi deyil, çünki Azərbaycan totalitar rejim altındadır və xüsusilə LGBTİ+ və feminist icmaların aktivizminə təzyiq göstərməyə çalışır. Hökumətin fəallara qarşı repressiyaları aktivizmə cəlb oluna biləcək insanlarda qorxu yaradır. Bunun həbslə nəticələnə biləcəyini nəzərə alsaq, insanların niyə qorxduğunu anlamaq çətin deyil. Məsələn, bu məqalənin yazıldığı vaxt üç trans* fəal hədə-qorxu ilə saxlanılıb və sonradan cərimələniblər.
Onlayn aktivimzdə iştirak etmək və ya qapalı tədbirlər təşkil etmək mümkün olsa da, problem ondadır ki, Azərbaycanda translar iş tapa bilmirlər və tapdıqları təqdirdə, sadəcə olaraq, həyatda qalmaq üçün işləyirlər. Aktivizm vaxt və fədakarlıq tələb edir, lakin insan dolanışığını təmin etməyə çalışırsa, aktivizmə qoşulmaq çətindir. Azərbaycanda trans* icmasının üzləşdiyi digər bir problem də maliyyə resurslarının çatışmazlığıdır. Azərbaycan hökumətinin aktivizmi sıxışdırdığını nəzərə alsaq, regionda çox az təşkilat fəaldır və kömək etməyə hazırdır, daha az təşkilat isə işləmək niyyətindədir.
Hətta kömək etmək istəyən bir təşkilat tapılsa belə, maliyyə dəstəyi alacağınıza zəmanət yoxdur. Azərbaycan hökuməti bütün maliyyə əməliyyatlarına ciddi nəzarət edir; bürokratiya və şübhə səbəbindən xarici təşkilatlardan dəstək almaq çox vaxt çətin olur. Məsələn, aktivist Vüsalə Hacıyevaya Gürcüstandan cüzi məbləğ göndərilərkən o, bu məbləği bank hesabına ala bilməyib. Hökumət nisbətən kiçik məbləğ olmasına baxmayaraq, bunu "şübhəli əməliyyat" kimi qeyd edib.
Azərbaycanda trans* fəalların üzləşdiyi problemlər çoxşaxəlidir və bir-biri ilə bağlıdır. Hökumətin aktivizmi sıxışdırması, insan resursu çatışmazlığı və ümumiyyətlə, maliyyə resurslarının olmaması insanların aktivizmlə məşğul olmalarını və öz hüquqlarını müdafiə etmələrini çətinləşdirir. Azərbaycanda trans icması ciddi maneələrlə üzləşir və xarici təşkilatlardan dəstək almaq üçün mürəkkəb bürokratik sistemlərdən keçmək məcburiyyətində qalır. Belə bir şəraitdə trans icmasının üzləşdiyi problemlər barədə məlumatlılığı artırmaq və hüquqları uğrunda mübarizə aparmaq üçün səylə çalışan fəalların işini dəstəkləmək müstəsna dərəcədə vacibdir.
Dəyişikliyə nail olmaq üçün Azərbaycanda trans* aktivizmini dəstəkləyən təşkilatlara daha çox diqqət və vəsait lazımdır. Beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti qrupları və donorlarölkədə fəaliyyət göstərən və aktivizmi təşviq edən yerli təşkilatların işinə dəstək ola bilər. Bundan əlavə, Azərbaycanda trans* icmasının problemlərini və narahatlıqlarını müzakirə etmək üçün təhlükəsiz məkanlar yaratmaq lazımdır. Bu təhlükəsiz məkanlar təcrübə mübadiləsi və dəstək axtarmaq üçün bir platforma kimi xidmət edə bilər. Bu, onlayn forumlar, dəstək qrupları və maarifləndirmə və təbliğat proqramları yaratmaqla edilə bilər.
COVİD-19 pandemiyasının LGBTİ+ üzərindəki təsiri
Pandemiya bir sıra yeni problemlər yaratdı - icma artıq fiziki bir məkanda toplaşa, tədbirlər və ya müzakirələr təşkil edə bilmirdi. Lakin məhdudiyyətlər aradan qaldırıldıqdan sonra vətəndaş cəmiyyəti vəziyyəti dəyişmək üçün aktivləşdi. Son bir il ərzində icma müxtəlif tədbirlər, o cümlədən film nümayişləri, musiqi istehsalı, təqdimatlar, panel müzakirələri və s. həyata keçirdi. Bunun həm müsbət, həm də mənfi tərəfləri olsa da, bu, icmanın daha inklüziv bir cəmiyyət yaratmaq üçün səy göstərdiyini nümayiş etdirir.
İqtisadiyyat, tibb və digər sektorların müxtəlif sahələrində mövcud qeydiyyat və lisenziyalaşdırma sistemi LGBTİ+ icmasına tam inklüziv yanaşma ilə öyünə bilməz. Bu, xüsusilə pandemiya zamanı icma üçün problemlər yaradır, çünki onlar dövlətdən iqtisadi və səhiyyə yardımı almaq üçün əlavə maneələrlə üzləşirlər. Məsələn, seks işi ilə məşğul olan və vergi uçotuna alınmamış vətəndaşlar VÖEN-i olanlar kimi COVİD-lə bağlı sosial yardım ala bilməzlər. Eynilə ailələr və uşaqlar üçün prioritet olan, qadınlar və kişilər üçün xüsusi COVİD-lə bağlı xüsusi dəstək paketləri də icmanı nəzərdə tutmayıb.
Pandemiya zamanı səhiyyə xidmətinə çıxış LGBTİ+ icmasının sağlamlıq və rifah hüququ baxımından ciddi narahatlıq doğuran problem idi. Onlar xəstəxanaya yerləşdirilərkən şəxsi fikirlərin təlqin edilməsi, qınaq və şəxsi məlumatların açıqlanması da daxil olmaqla, bir sıra çətinliklərlə üzləşiblər. Yaranan suallar arasında LGBTİ+lar üçün reanimasiya və intensiv terapiya şöbəsinin necə xidmət göstərəcəyi, o cümlədən tibb işçiləri tərəfindən müxtəlif gender kimlikləri və seksual oriyentasiyalı pasiyentlərin necə qəbul edili yerləşdiriləcəyi də vardı.
Hüquq müdafiəçisi Gülnara Mehdiyevanın sözlərinə görə, pandemiya dövründə Azərbaycan hökuməti öz vətəndaşlarına lazımi qayğı göstərməyib, ən çox LGBTİ+ icması, qadınlar, əlillər və qocalar kimi həssas qruplar zərər çəkib. “Maliyyə yardımı xüsusi qaydalarla üç ay müddətinə yalnız 190 manat məbləğində verilib. Bu qayda yalnız bir valideynin dörd və ya daha çox nəfərdən ibarət bir ailə üçün müavinət almasına icazə verirdi”, - deyə o bildirib.
Hökumətin qeyri-kafi reaksiyası ən həssas qrupların, xüsusən də LGBTİ+ icmasının daha çox əziyyət çəkməsinə gətirib çıxarıb. Mehdiyevanın sözlərinə görə, “LGBTİ+ icması, xüsusən də trans qadınlar əsas gəlir mənbəyi kimi seks işçiliyindən istifadə edirlər və pandemiya zamanı bunu davam etdirməyin mümkün olmadığı ortaya çıxdı”. Nəticədə, əksəriyyət kirayə haqqını ödəyə bilməyib və evlərini tərk etmək məcburiyyətində qaldı. Bu, xüsusilə kirayədə yaşayanlar üçün çətin idi, çünki ailələri çox vaxt onları qəbul etmir və ya ayrı yaşamalarını tələb edir. İqtisadi problemlərlə yanaşı, insanlar evlərini tərk edə, ünsiyyət qura, tibbi yardım və ya hormon terapiyası ala bilmirdilər. Pandemiyanın başlamasından bir neçə il keçsə də, LGBTİ+ hələ də onun nəticələri ilə məşğuldur və normal həyata qayıtmaq üçün mübarizə aparır.
Ukrayna müharibəsi
“Xarici vəsaitlərin Ukraynaya yönləndirilməsi Azərbaycanda aktivizmin dinamikasına təsir edib”, - hüquq müdafiəçisi Gülnara Mehdiyeva deyir.
Müharibə bizə birbaşa deyil, dolayı yolla təsir göstərdi. Azərbaycanın LGBTİ+ icması və təşkilatları əsasən xarici donorların maliyyəsindən asılıdır. Bu vəsaitlər müxtəlif icma bacarıqlarının artırılması layihələri, maarifləndirmə təşəbbüsləri, istirahət və digər fəaliyyətlər üçün istifadə olunur. Lakin müharibə başlayandan bəri xarici donorlar öz vəsaitlərini buna ən çox ehtiyacı olan Ukraynaya yönəltməyə başladılar. Nəticədə, icmamız bir neçə ay ərzində layihələri və maliyyə vəsaitlərini itirdi, bu da öz növbəsində aktivizmin dinamikasını pozdu.
Bu təsir dərhal özünü büruzə verdi. Mehdiyevanın sözlərinə görə, “Minority Azərbaycan” jurnalı müharibədən əvvəl 15 aylıq layihənin qalibi olub, lakin vəsaitin Ukraynaya yönləndirilməsi səbəbindən donor layihəni maliyyələşdirə bilməyib. Rusiyanın Ukraynanı işğal etməsindən sonra “biz təxminən səkkiz aya yaxın heç bir maliyyə dəstəyi olmadan fəaliyyət göstərdik”.
İkinci təsir Rusiyaya qarşı sanksiyalar və digər iqtisadi siyasətlər nəticəsində baş verən və Azərbaycan iqtisadiyyatına dolayı və ya birbaşa təsir göstərən qlobal iqtisadi hadisələr oldu. Bura zəruri malların, gigiyena vasitələrinin, mənzil kirayələrinin və digər əşyaların qiymətlərinin əhəmiyyətli dərəcədə artması daxildir. Qiymətlər təxminən iki dəfə artdı. Bu, icmaya, xüsusən də valideynlərinin və ya qohumlarının dəstəyi olmadan təkbaşına yaşamağa məcbur olanlara ciddi təsir etdi. İş tapmaq da çətindir, çünki icmadan olan insanlar həmişə kim olduqlarına, xarici görünüşünə və gender ifadələrinə görə qəbul edilmir. Trans* icması bu baxımdan daha böyük çətinliklərlə üzləşir. Azərbaycanda yerli işçi haqları təşkilatlarının araşdırmalarına görə, təqribən 90% hallarda insanlar kimliyindən asılı olmayaraq, iş yerlərində istismar edilir. Onlar cüzi maaşla iş vaxtından artıq işləməli olurlar. İcma da istisna deyil və yetərli gəlir uğrunda mübarizə aparır.
Yekun
Nəticə etibarilə, Azərbaycanda LGBTİ+ların vəziyyəti mürəkkəb və maneələrlə dolu olaraq qalır. LGBTİ+ fəalı Əvəz Hafizlinin qətli ölkədə hələ də davam edən və dərin kök salmış homofobiya və qərəzi üzə çıxardı. Hafizlinin əmisi oğlu təqsirli bilinsə də, məhkəmə bunu nifrət cinayəti hesab etməyib və qətlin xüsusi amansızlıq əlamətini nəzərə almayıb. Bu ədalətsizlik hökumətin insan hüquqları üzrə öhdəliklərini yerinə yetirmədiyini və LGBTİ+ icması üçün təhlükəsiz və inklüziv mühit təmin etmədiyini vurğulayır.
Azərbaycanda LGBTİ+ hərəkatı möhkəm olsa da, irəlilədiyi yolda ciddi maneələrlə üzləşir. Hafizlinin öldürülməsindən sonra qorxu, parçalanma və məqsədyönlü təqiblər artıb, bu isə birləşdirici bir hərəkatın yaranmasına mane olur. Hökumətin aktivizmə təzyiqi, insan və maliyyə resurslarının çatışmazlığı vəziyyəti daha da mürəkkəbləşdirir, fərdlərin öz hüquqlarını qorumasını və bu yöndə mübarizə aparmasını çətinləşdirir. LGBTİ+ icması həmçinin həyatın müxtəlif sahələrində, o cümlədən məşğulluq, sosial təminat və səhiyyə xidmətlərindən istifadə imkanlarında ayrı-seçkilik və təcridlə üzləşir.
Bu problemləri həll etmək və Azərbaycanda LGBTİ+ icmasını dəstəkləmək üçün maarifləndirmə, dəstək və əməkdaşlıq vacibdir. Beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti qrupları və donorlar LGBTİ+ hüquqları sahəsində çalışan yerli təşkilatları və fəalları dəstəkləməlidir. Trans icmasının öz problemlərini müzakirə etmək və təcrübələrini bölüşmək üçün təhlükəsiz məkanlar yaratmaq, məlumatlılığı və görünənliyi artırmaq üçün media platformalarından istifadə etmək çox vacibdir.
Çətinliklərə baxmayaraq, Azərbaycanda LGBTİ+ hərəkatı möhkəmlik və qətiyyət nümayiş etdirməyə davam edir. Fəallar sosial normalara etiraz etmək, məlumatlılığı artırmaq və icma hüquqlarının müdafiəsi üçün aktiv şəkildə işləyirlər. İrəliləyiş yavaş görünsə də, müqavimətin yaranması və LGBTİ+ hüquqlarını dəstəkləmək istəyənlərin sayının artması ümid verir. Bununla belə, mövcud maneələri aradan qaldırmaq və Azərbaycanda əhəmiyyətli dəyişikliklərə nail olmaq davamlı səy, əzmkarlıq və qətiyyət zəruridir.
***
Məqalə Queer Radar üçün tərcümə olunub.
Məqalə 10 iyul 2023-cü il tarixində Tallin mərkəzli beynəlxalq qeyri-hökumət təşkilatı "EKOM"da— Sağlamlıq, Hüquqlar, Gender və Cinsi Müxtəliflik üzrə Avrasiya Koalisiyasının saytında dərc olunub.
Azərbaycan dilinə tərcümə müəllif Vahid Əliyevə məxsusdur.
Powered by Froala Editor