Real TV LGBTQİ+ icmasına hücum edib
Hökumətə bağlı olan Real TV telekanalı növbəti dəfə Azərbaycanın LGBTQİ+ icmasını hədəf göstərən reportaj yayımlayıb
18/Mar/24
1663
Real TV LGBTQİ+ icmasına yenidən hücum edib
Hökumətə bağlı olan Real TV telekanalı növbəti dəfə Azərbaycanın LGBTQİ+ icmasını hədəf göstərən reportaj yayımlayıb.
Belə ki, bu ilin martın 8-i feministlər ənənəvi 8 Marş etiraz aksiyası təşkil ediblər və piket formasında keçən bu aksiyada müxtəlif mövzularda bəyanat səsləndiriblər.
Sözügedən bəyanatlar arasında ölkədə LGBTQİ+ icmasının hüquqları ilə bağlı hissə də yer alıb. Bəyanatda bütün vətəndaşların, o cümlədən LGBTQİ+ların və onların hüquqlarını müdafiə edənlərin ifadə, birləşmək və dinc toplaşmaq hüquqlarından effektiv istifadəsinin təmin edilməsi tələb edilib. O cümlədən LGBTQİ+ icması üçün hormon terapiyası, adaptasiya əməliyyatları kimi hüquqlar, eləcə də nifrət cinayətlərinin ağırlaşdırıcı hal sayılması tələbləri irəli sürülüb.
Bəyanatın səsləndirilməsi zamanı iştirakçılardan biri LGBTQİ+ simvolu olan göy qurşağı bayrağını açıb.
Bundan bir neçə gün sonra Real TV-də yayımlanan “Mirşahinin vaxtı” adlı verilişdə aparıcı Mirşahin Ağayev bu sözləri səsləndirib: “Şəxsən mənə görə, Natəvanın abidəsinin üzünü Fransada ləkələyənlərlə Natəvanın Bakıdakı abidəsi önünə LGBT bayrağı ilə gedənlərin qəbahəti eynidir. Hər ikisində zərbə Azərbaycana dəyir.”
Minority Azərbaycan bildirib ki, “Media nümayəndələrinin bu tip nifrət çağırışları ilk deyil və nifrət nitqlərinin nəticəsi olaraq, LGBTQİ+ icması hədəfə çevrilir. 2021-ci ildə transfob jurnalist və bloqqer Sevinc Hüseynovanın bu tip çıxışlarından sonra, xüsusilə trans icması hədəfə çevrilmişdi. Bir neçə qadın öldürülmüş və zorakılığa məruz qalmışdı. Bu tip nifrət çağırışlarına və bu çağırışlarla gələn nifrət cinayətlərinə etiraz edən həmkarımız Əvəz Hafizli də nifrət cinayəti qurbanı olmuşdu. Biz hüquq mühafizə orqanları və İnsan Hüquqları Müvəkkilindən nifrət çağırışlarına və kütləvi informasiya vasitələrindən istifadə etməklə konstitusyon hüququmuz olan sərbəst toplaşmaq və özünüifadə azadlığımızı bizə - LGBTQİ+lara qarşı nifrət və düşmənçilik salınmasına qarşı adekvat tədbirlər görülməsini tələb edirik.”
Powered by Froala Editor