LGBTİ+ aktivisti Əvəz Hafizli öldürülüb
LGBTİ+ hüquqları aktivisti və jurnalist Əvəz Hafizli öldürülüb
22/Feb/22
2346
LGBTİ+ aktivisti Əvəz Hafizli öldürülüb
LGBTİ+ hüquqları aktivisti və jurnalist Əvəz Hafizli öldürülüb. Bununla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bu gün saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb. Belə ki, 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu (Hafizli) bıçaqla qətlə yetirib.
İlkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, jurnalist Əvəz Hafizli transfob və homofob blogger Sevinc Hüseynova onun və ailəsinin ünvanına hədə-qorxu və təhqirlər səsləndirməsinə və məsələ ilə bağlı prokurorluğa rəsmi müraciət etməsinə baxmayaraq, hər hansı tədbirlər görülməməsinə etiraz olaraq, keçən ilin sentyabr ayında özünü Baş Prokurorluğun binasına zəncirləyib.
Əlavə olaraq onu da qeyd edək ki, jurnalist Əvəz Hafizli Sevinc Hüseynovann hədə-qorxularından sonra sentyabrın 4-dən 5-nə keçən gecə intihara cəhd edib.
Azərbaycan ILGA Avropa təşkilatının göyqurşağı reytinqində LGBTİ+lərin hüquqları ilə bağlı 49 Avropa ölkəsi arasında ardıcıl bir neçə ildir ki, sonuncu yeri tutur. Ölkədə mütəmadi anti-LGBTİ+ nifrət cinayətləri baş verir.
Powered by Froala Editor