“Xoruz olmaq qorxusu və qüruru”

Jurnalımızın ilk sayı üçün cover rəsmi fikirləşəndə birinci ağlıma gələn ideya məhz əlində xoruz tutan milli geyimli oğlan rəsmi oldu. Belə də qərarlaşdıq. Bir-iki nəfər xaricində heç bir dostum, hətta homoseksual və hədsiz tolerant heteroseksual dostlarım da bu ideyanı bəyənmədilər. Hər birinə xüsusi tərzdə izah etməyə çalışsam da bəzilərini hələ də bu simvolik rəsmin vacibliyinə inandıra bilməmişəm. Onlar homoseksualların “xoruz” (петух) adlandırılmalarından yorulduqlarını, bu rəsmin isə məhz həmin mövzunu daha da gücləndirəcəyindən qorxduqlarını əsas gətirdilər. Anlayıram, ancaq razı deyiləm.

Minority Jurnalı - Leyla Əli

Düzü homoseksual oğlanların “xoruz” adlandırılmasının tarixi haqqında məlumatlar mənə inandırıcı və məntiqli gəlmədi və o haqda yazmayacam. 

Bildirmək istəyirəm ki, xoruz Fransanın rəsmi dövlət simvoludur. O simvol özündə fransız xalqının demək olar ki, bütün xüsusiyyətlərini əks etdirir: o rəngarəngdir, eleqantdır, göstərişlidir, ünsiyətçildir, öz şəxsiyyətinə diqqət tələb edir və daima o diqqəti görür, bununla yanaşı hər zaman öz fikrini mütləq ifadə edir, öz görünüşünə fikir verir. Həmçinin xoruz günəş və alov obrazı ilə əlaqələndirilir, özündə ruh yüksəkliyini və döyüşçü ləyaqətini təcəssüm edir.   

Xoruzlar toyuqlardan daha cəlbedici olurlar, ümumiyyətlə quşlar sinfində bu, demək olar ki, hər zaman belədir. Tovuzquşularının ancaq erkəklərində o rəngli və möcüzəvi quyruqlar var, tutuquşularının da erkəkləri daha rəngli və cəlbedici olurlar. Xoruz olmaqdan niyə qorxur homoseksuallar? Rəngli, çılğın, hər zaman özünü və ətrafını müdafiəyə hazır, cəsur bir quş niyə təhqir olsun axı? Homoseksualların bu sözü sevmələri mütləqdir. Əks halda özlərini daim alçaldılmış, zəif, sınmış hiss edəcəklər. Öz rənglərinin ahəngi ilə harmoniya yaratmaqları və ətrafdakıların bu rəngləri görüb, valeh olmaları, qorxmaqları, bəzən isə çəkinərək onları “xoruz” adlandırmaları məncə gözəl bir şeydir. Hər bir homoseksual daxilindəki xoruzunu qucaqlasın, onunla barışsın, sevinsin. Xoruz olmaq, adlandırılmaq və o cür görünmək əslində rəngli olmaq, fərqli olmaq deməkdir. Və siz bunu dərk etdiyiniz an, bununla razılaşdığınız an bütün “xoruz” deyib sizi təhqir etməyi niyyətləmiş kəsləri silahsız qoyursunuz və bu xoşbəxtlikdir. Daha da önəmlisi isə xoruzların hər səhər hər kəsdən əvvəl oyanaraq gur səslə başqalarını oyatmaqları mütləq qalibiyyətdir, inqilabdır. İNQİLABDIR!!!

Mövqe: Səməd İsmayılov

Əsər: Emily Willoughby

Powered by Froala Editor