Avropa Məhkəməsi LGBTQİ+ hüquq pozuntularını iqnor edir
Aprelin 11-də cümə axşamı Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) LGBTQİ+ icmasının hüquqları ilə bağlı məsələlərə toxunaraq, Azərbaycana qarşı verilmiş müxtəlif ərizələr üzrə qərardad qəbul edib
13/Apr/24
4472
Avropa Məhkəməsi Azərbaycanda LGBTQİ+ hüquq pozuntularını iqnor edir
Aprelin 11-də cümə axşamı Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) LGBTQİ+ icmasının hüquqları ilə bağlı məsələlərə toxunaraq, Azərbaycana qarşı verilmiş müxtəlif ərizələr üzrə qərardad qəbul edib.
Müraciətlər 2017-ci il sentyabrında baş vermiş, LGBTQİ+ icmasının müxtəlif bəhanələrlə Azərbaycan polisi tərəfindən həbs olunduğu insidentlərdən irəli gəlib. Onlar sonradan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətalara görə məhkum ediliblər. Ərizəçilər hüquq-mühafizə orqanları tərəfindən pis rəftar, pis saxlanma şəraiti, qanunsuz saxlanılma, ədalətli məhkəmə təminatlarının pozulması, məcburi tibbi müayinələr, effektiv daxili hüquqi müdafiə vasitələrinin olmaması, seksual oriyentasiya və gender kimliyinə görə ayrı-seçkiliklə bağlı şikayətlərini bildiriblər.
Azərbaycan hökuməti 2019-cu il avqustun 7-də ərizəçilərin hüquqlarının pozulduğunu etiraf edən və təzminat ödənilməsini təklif edən birtərəfli bəyannamə təqdim edib. Buna qarşı ərizəçilər digər narahatlıqlarla yanaşı, etirafın və təklif olunan kompensasiyanın qeyri-adekvatlığını əsas gətirərək, narazılıqlarını ifadə ediblər.
Məhkəmə bəzi ərizələrlə bağlı ilkin məsələləri, xüsusilə də 1 nömrəli ərizəni nəzərdən keçirib. 17201/18 saylı qərara əsasən, Məhkəmə yaxın qohumların işi davam etdirmək üçün səlahiyyətlərinin olmamasını qərara alıb. Bu da ərizənin baxılan işlərin siyahısından çıxarılmasına səbəb olub. Bundan əlavə, ərizəçilərlə əlaqənin kəsildiyi ərizələr də siyahıdan çıxarılıb.
Məhkəmə Hökumətin bəyanatını araşdırıb və hüquq pozuntusu qəbulunun xarakterini və təklif olunan kompensasiyanı nəzərə alaraq, ərizələrin araşdırılmasının davam etdirilməsinin əsassız olması nəticəsinə gəlib. Qalan 19 ərizəni də siyahıdan çıxarmaq qərarına gəlib.
Məhkəmə vurğulayıb ki, Hökumətin birtərəfli bəyannamənin şərtlərinə əməl etməməsi ərizələrin bərpası ilə nəticələnə bilər.
Zərərçəkmişlərdən Leyla Osmanova: “Bunu dünya gördü, dünya bildi. Sözün əsl mənasında işgəncələrə məruz qaldıq. Mən qorxu içində yaşamağa davam etdiyim üçün bir milyon dollar belə psixoloji travmanın xərclərini ödəyə bilməz. Hazırda təhlükəsiz yerdə olsam da, o psixoloji travma həyatımı alt-üst etdi. Məhkəmə prosesi uzun çəkdi, qərar sadəcə qərardır, təzminat gülüncdür”. O, həmçinin əlavə etdi: “Bu hadisə məndə doğma Vətənə həsrət qoydu. Mən Vətənimə deyil, oradakı polisə, qanunlara inamımı itirmişəm”.
Qərardadla bağlı LGBTQİ+ haqları hüquqşünası Bayram Bayram öz X (keçmiş Twitter) hesabında AİHM və çıxardığı qərarlara dair şühbələrini paylaşıb. O deyib, “AİHM utanc verici bir şəkildə pozulmuş insan hüquqlarının tanınması ilə bağlı hökm verməməyə qərar verdi. Bu, AİHM-in 2020-ci ildən bəri Azərbaycandan mühüm işlərə baxması ilk belə hal deyil. Bu hallar AİHM-ə qarşı narahatlıq və şübhələr yaradır! Ayıb olsun!”
Minority Azərbaycandan olan LGBTQİ+ hüquq müdafiəçisi Vahid Əliyev qərarı tənqid edərək, bir neçə aspekti qeyd edib:
Təklif edilən kompensasiya dəymiş zərərlə müqayisədə yetərsizdir.
“Azərbaycan hökumətinin birtərəfli bəyannamədə təklif etdiyi təzminat iddia edilən insan hüquqları pozuntularının şiddəti ilə müqayisədə qeyri-kafidir. Beynəlxalq insan hüquqları standartları təkcə kompensasiya deyil, həm də təkrarlanmamağı və təqsirkarların məsuliyyətə cəlb edilməsini təmin edən tədbirləri özündə əks etdirən effektiv müdafiə vasitələri prinsipini vurğulayır. Təklif edilən kompensasiya zərərçəkmişlərə dəyən zərəri adekvat şəkildə ödəməyə və beynəlxalq hüququn tələblərinə cavab verməyə bilər.”
Hökumət öz bəyanatında təqsirinin xarakter və miqyasını qeyri-müəyyən saxlayır.
“Hökumətin bəyanatında Konvensiyanın pozuntuları etiraf edilsə də, o, pozuntuların xarakteri və miqyası ilə bağlı konkretlik yoxdur. Beynəlxalq insan hüquqları hüququ dövlətlərdən sistemli problemləri effektiv şəkildə həll etməyi və gələcək zorakılıqların qarşısını almaq üçün insan hüquqlarının pozulmasını, o cümlədən onların əsas səbəblərini tam araşdırmağı və tanımağı tələb edir. Bəyannamədəki qeyri-müəyyən etiraf zərərçəkənlər üçün hesabatlılığa və onların ədalət axtarışına maneədir.”
Gələcək pozuntuların qarşısını almaq üçün islahatlar vurğulanmır.
“İnstitusional islahatlar, dövlət siyasətində dəyişikliklər və ya hesabatlılıq mexanizmləri kimi hərtərəfli tədbirləri təmin etmədən hökumətin birtərəfli bəyannaməsinə əsaslanan ərizələrin siyahıdan çıxarılması qərarı pozuntuların əsasını təşkil edən sistemli problemlərin həlli üçün yetərli deyil. Beynəlxalq insan hüquqları hüququ insan hüquqlarının pozulması hallarının, o cümlədən əsas səbəblərin aradan qaldırılmasına və gələcək pozuntuların qarşısının alınmasına yönəlmiş struktur islahatlarının həllinə kompleks yanaşmaların vacibliyini vurğulayır.”
Təqsirkarların məsuliyyətə cəlb edilməsi ilə bağlı zəruri qeydlər yoxdur.
“Hökumətin birtərəfli bəyannaməsini qəbul etməklə və ərizələri siyahıdan çıxarmaqla insan hüquqları pozuntusunu törədənlərin potensial cəzasız qalması ilə bağlı narahatlıqlarımız var. Avropa İnsan Hüquqları Konvensiyası dövlətləri insan hüquqlarının pozulmasına görə məsuliyyəti təmin etməyi, o cümlədən təqsirkarların ədalətli və qərəzsiz məhkəmə prosesləri vasitəsilə məsuliyyətə cəlb edilməsini öhdəsinə götürür. Hesabatlılıq tədbirlərini təmin etmədən ərizələrin siyahıdan çıxarılması barədə qərar cəzasızlıqla mübarizə səylərini zəiflədir və gələcək pozuntuların qarşısını almaq üçün səyləri sarsıdır.”
Qərardad gələcəkdə baş verəcək zərərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsini ehtiva etmir.
“Azərbaycanda zərərçəkmişlər və LGBTQİ+ icması üçün gələcək riskləri adekvat şəkildə nəzərə almadan hökumətin birtərəfli bəyannaməsinə əsaslanan ərizələrin siyahıdan çıxarılması qərarı məsələlərə dar baxışdır. Mən davamlı və sistemli insan hüquqları pozuntularının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin, o cümlədən gələcək zərər riski altında olan vətəndaşların müdafiəsi tədbirlərinin vacibliyini bir daha qeyd etmək istərdim. Qərardad zərərçəkmişlərin üzləşdiyi davamlı riskləri adekvat şəkildə həll edə bilməz və təqsirkarların cəzasızlıq və icmanın həssaslıq dövrünü davam etdirir.”
İLGA-Avropa təşkilatının hər il yayımladığı Göy Qurşağı Xəritəsinə əsasən, Azərbaycan LGBTQİ+ların hüquqları üzrə Avropanın ən bərbad ölkəsidir. LGBTQİ+ vətəndaşlar təhsil, sağlamlıq, mənzil hüquqları kimi fundamental heç bir hüququndan yararlana bilmir. Əksinə, pozulan bu hüquqları üçün hüquq mühafizə orqanlarına müraciət etdikdə seksual və gender kimliklərinə görə orada da qısnamaya və pis rəftara məruz qalır və şikayətləri təmin edilmir.
İLGA-Avropanın bu il yayınlanan 13-cü İllik İcmalında Azərbaycanda nifrət cinayətlərinin davam etdiyi və polisin zərər çəkmiş LGBTQİ+ları qorumaqda uğursuz olduğu, eyni zamanda Azərbaycanda artan sosial-iqtisadi böhran fonunda, xüsusilə də trans vətəndaşların mənzil təminatının olmadığı qeyd edilib.
Powered by Froala Editor