Cüzi təzminat: LGBTQİ+lara ədalət təmin edilmədi
Azərbaycanda LGBTQİ+ hüquqlarının pozulmasına görə təqdim olunan kompensasiya yetərli deyil
15/Apr/24
3050
Cüzi təzminat: LGBTQİ+ vətəndaşlara ədalət təmin edilmədi
Azərbaycanda LGBTQİ+ hüquqlarının pozulmasına görə təqdim olunan kompensasiya yetərli deyil.
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) son qərardadında Azərbaycan hökumətinin hüquqları pozulan LGBTQİ+ zərərçəkmişlərə təklif etdiyi təzminat tənqidlə qarşılanıb. Qərardad Azərbaycan LGBTQİ+ icmasından olan vətəndaşların pis rəftara, əsassız həbsə və ayrı-seçkiliyə məruz qaldıqları saxlanılma və həbslərə aiddir.
Məhkəmənin qərardadında Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra maddələrinin, o cümlədən 3-cü (işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə araşdırması hüququ), 8 (şəxsi və ailə həyatına hörmət hüququ) və 14 (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin pozulması vurğulanıb.
Bu ciddi pozuntulara baxmayaraq, Azərbaycan hökuməti Məhkəmə qarşısında dəymiş ziyana görə toplam 125 000 avro və məhkəmə xərclərinə görə 3 000 avro kompensasiya təklif edib. Tənqidçilər pozuntuların şiddətini və zərərçəkmişlərə davamlı təsirini nəzərə alaraq bu məbləğin qeyri-adekvat olduğunu iddia edirlər.
Bundan əlavə, hökumətin pozuntuları etiraf etməsində konkretliyin olmaması ilə bağlı narahatlıqlar ifadə olunub. Hökumətin birtərəfli bəyannaməsi qurbanların qaldırdığı şikayətlərin tam miqyasına toxunmadan sadəcə bir dəqiqləşdirilməmiş pozuntunu etiraf edib. “Bundan əlavə, təklif edilən kompensasiya iddia edilən pozuntuların araşdırılmasına dair hər hansı təminat və ya gələcəkdə baş verə biləcək hadisələrin qarşısını almaq üçün tədbirləri əhatə etmir,” - deyə hüquq müdafiəçisi Vahid Əliyev bildirib.
Zərərçəkmişlər və onların nümayəndələri birtərəfli bəyannamənin şərtlərindən narazılıqlarını bildirərək, bu işlərdə 3-cü maddənin pozuntularının mərkəzi olduğunu vurğulayıblar. “Hazırda təklif olunan kompensasiya zərərçəkmişlərin həbs və saxlanma zamanı onlara dəymiş fiziki və psixoloji zərəri adekvat şəkildə ödəmir,” - Vahid Əliyev əlavə edib. “Bundan əlavə, təklif olunan kompensasiya ayrı-seçkiliyin və izolyasiyanın davam etdiyi Azərbaycanda LGBTQİ+ icmasının üzləşdiyi problemləri əks etdirmir.”
Hüquqşünas Səməd Rəhimli öz X (keçmiş Twitter) hesabında qərardadla bağlı bu sözləri deyib: “AİHM bu işdə Hökumətin pozuntunu etiraf etməsi bəyanatı ilə işi bağladı. Biz daha təkmil qərar gözləyirdik. Hökumət Avropa Məhkəməsinə gedən işlərdə pozuntunu tanısa da, daha sonra kompensasiya ödəmək xaric pozuntunu aradan qaldırmaq üçün hər hansı addım atmır.”
Qeyd edək ki, İLGA-Avropa təşkilatının hər il yayımladığı Göy Qurşağı Xəritəsi və İndeksinə əsasən, Azərbaycan 7 il ardıcıl olaraq LGBTQİ+lar üçün Avropanın ən pis ölkəsi seçilib.
Powered by Froala Editor