Öz görünənlik günündə gözardı edilənlər
Ailəmiz, dostlarımız və ətrafımızdakı insanların böyük əksəriyyəti tərəfindən müxtəlif çərçivələrə sığdırıldıq, qınandıq, “dəymədüşər” adlandırıldıq.
01/Apr/19
5867
Ailəmiz, dostlarımız və ətrafımızdakı insanların böyük əksəriyyəti tərəfindən müxtəlif çərçivələrə sığdırıldıq, qınandıq, “dəymədüşər” adlandırıldıq.
Cins və cinsiyyətimizi bizdən əvvəl gördülər, bizi insan, bir şəxsiyyət deyil, anatomik quruluşumuz və həmin quruluşa şamil edilmiş xarakteristikalar toplusu olaraq qavradılar.
Haqqımızdakı hər ilk təəssürat xarakterimizə yad oldu, gün oldu özümüzə şübhə etdirdilər. Demək olar, hər cümlədə, hər söhbətdə, hər sorğu anketində, hər ərizə formasında bizə “iki tərəfdən birini seçin” dedilər, cinsimizi anlamayanda bizi bir şəxs olaraq görməkdən imtina etdilər. Bu gün də eyni şeyə məruz qalmayacayıq. Trans görünənlik günündə arxada dayanmaq fikrimiz yoxdur.
Transgender olmaq - doğuşdan quruluşuna görə ona uyğun görülmüş cinsi kimliklə diskomfort yaşayan, ona uymayan biri olmaq deməkdir. Hər cinsi normalara uymayan şəxs transgender deyil, təbii ki. Gender non-komforming (gender uyğunsuzluğunda, narahatlığında) olmaq hələ trans olmaq demək deyil. Fiziki, ya da sosial disforiya daha xarakterik xüsusiyyətlərdir. Ona sırf cinsi reproduktiv orqanlarına görə biçilmiş rolu heç qavramayan, femininlik və maskulinlik spektrində uc nöqtələrdən uzaqda yerləşən, bu səbəbdən disforiya yaşayan qeyri-binar insanlar transgenderdirlər.
Qeyri-binar transgender şəxslər olaraq hər dəfə kimsə bizə cinsi bədənsəl xüsusiyyətlərimizə əsaslanaraq hansısa sözlərlə müraciət edəndə narahat ola bilirik. Çünki biz özümüzü nə oğlan, nə qız olaraq görmürük. Cəmiyyətin bizim varlığımızı mavi və çəhrayı qutulara parçalamağa çalışmağı, insanların bizə özlərinin bizi aid etdiyi gender kimliyi çərçivəsində davranmaqları qəbul edilməzdir. Çox insan nəinki qeyri-binar kimliyinin transgender olduğunu başa düşmür, heç qeyri-binar kimliyinin real olduğunu belə anlamırlar.
Mənə maraqlı gələn odur ki, necə olur, milyonlarla insanın sırf oxşar cinsi xüsusiyyətə malik olduqları üçün oxşar musiqi, geyim zövqü formalaşdıracağına, oxşar davranışlar sərgiləyəcəyinə, oxşar peşələrə yiyələnəcəyinə inana bilirlər, amma kiminsə bu sistemdən kənara çıxmasını, bu quruluşda özünü tapa bilməməsini qavramaqda çətinlik çəkirlər.
Qeyri-binar olmaq spektrdə ortalarda olmaqdır və kişi, ya da qadın deyə adlandırılmaq belə şəxslərdə ağır diskomfort yarada bilir. Bu, o demək deyil ki, biz hansısa cinsə xüsusi sayılan şeyləri etməyi sevmirik.
Hər şeyin ikiyə ayrıldığı bir sistemdə hansısa cinsə spesifik sayılmayan bir şey tapmaq həddindən artıq çətinləşir. Hətta kimsə bizə uzaqdan baxıb rahatlıqla hansısa sosial gender roluna uyğun görə bilirsə belə, bu, bizi birdən birə spektr üzrə nə qabağa, nə də arxaya aparmır. Gender-fluidlər barədə bu bir az fərqli ola bilər. Gender-fluidlər binar və ya qeyri-binar 2 və daha çox gender kimliyini birləşdirən axıcı gender kimliyinə sahib fərdlərdir. Agender olanlar gender konseptini tamamilə anlamır və demək olar, özünü spektr üzərində belə görmür. Ümumi bütün qeyri-binar şəxslər və digər transgenderlər özlərini gender-queer də adlandıra bilərlər.
Transgender şəxslər yalnız dişi bədənində doğulub, kişi olan və erkək bədənində doğulub qadın olan şəxslərdən ibarət deyil. Bu binar gender kimliklərinin birində özünü daha rahat hiss edən interseks bir insan da ola bilər, bayaq haqqında danışdığım kimi qeyri-binar da ola bilər.
Dünən transgender görünənlik günü idi. Bütün transgender qeyri-binar fərdlərə, transgender kişilərə və transgender qadınlara daha rahat və mənasız qınaqlardan uzaq bir cəmiyyətdə yaşamağı arzu edirəm. Ümid edirəm ki, bir gün heç kimin bizi insan olaraq dəyərləndirərkən kəmərdən aşağı bədən üzvlərimizlə maraqlanmayacağı bir sabaha oyanarıq.
Müəlif: Sam.