“Geyləri və lezbiyanları qırmaq lazımdır” - İlqar Mikayıloğlu
Azərbaycanlı aparıcı Facebook sosial şəbəkəsindəki paylaşımında gey və lezbiyanların öldürülməsi gərəkdiyini yazdı.
13/Jul/19
7920
“Geyləri və lezbiyanları qırmaq lazımdır” - İlqar Mikayıloğlu
Bir neçə gün öncə sosial şəbəkələrdə nifrət çağırışı edən, geylərin və lezbiyanların öldürülməsi gərəkdiyini qeyd edən İlqar Mikayıloğlu öz paylaşımını deyəsən silib. Özüm şəxsən oxuyub paylaşımın altından fikrimi yazmaq istəsəm də profilində belə bir paylaşıma rast gəlmədim. Elə bu səbəbdən cavabımı məhz bu platformadan vermək qərarına gəldim.
Əziz İlqar bəy, ümid edirəm ilk növbədə sərf olunan enerji və əməyi nəzərə alıb göy qurşağı fonundakı şəklinizi dəyərləndirərsiniz. Sizi, rənglərimizlə incitməmək üçün ağ-qara etmək qərarına gəldik. Nə də olsa sizin kimi kişiyə rəngli şəkil yaraşmazdı. Sizi qısa olmayan bir cümlə ilə ifadə etsəm əgər deyərdim ki, "siz, sadəcə kamuflaj hərbi geyimdə insanları nifrətə, zorakılığa və ayırıma səsləyən, onların həssaslığı ilə oynayaraq öz cinayətkar xislətinizi norma kimi qəbul etdirməyə çalışan, geri və qapalı fikirli şou insanısınız". Daha doğrusu onlardan birisiniz. Təəssüf ki, sizin kimi eyni formatı həyat tərzi edən, bundan şöhrət və maddiyyat qazanan başqa şou insanları da var.
İctimai platforması olan insanlar öz dedikləri və etdikləri hər şeydə daha diqqətli və həssas olmalıdırlar. Bu, sizin seçdiyiniz peşənin ən ümdə tələblərindən biridir. Əminliklə deyə bilərəm ki, sizi izləyən kəsim arasında qırmaq istədiyiniz gey və lezbiyan şəxslər də var. Əgər sizin üçün yaxşı insan anlayışı birbaşa vətənpərvərliklə bağlıdırsa elə ondan da başlayaq. Bilin ki, həmin gey və lezbiyan şəxslərin heç biri öz vətənini və ölkəsini sizdən daha az sevmir. Çünki, cinsi orientasiya ümumiyyətlə insanın vətəninə, millətinə, ailəsinə və yaxınlarına olan sevgi və hörməti ilə əlaqəli bir şey deyil.
Dünyada 7 milyarda yaxın insan var və onların təqribən 10%-ni LGBTQ fərdləri tutur. Eyni nisbət Azərbaycana da aiddir. Ola bilsin ki, bu fakt sizi təəccübləndirsin, amma bizim ölkə də bu dünyanın bir hissəsidir. Demək ki, ölkə vətəndaşlarımızın 10%-i sizin fikrinizcə qırılmağa layiq və hətta məhkum insanlardır. O 10% arasında şəhid olanlar, hərbiçilər, alimlər, müəllimlər, incəsənət adamları və daha onlarla vacib və əhəmiyyətli peşə insanları var. Həmin 10% ölkəmizin inkişafı, tanınması və güclənməsi üçün digər vətəndaşlarla çiyin-çiyinə çalışır.
Xüsusilə bizim kimi müharibə şəraitində olan və sərhədlərini hegemon iqtisadi və hərbi güclərlə bölüşən ölkə üçün vətəndaşlarını sizin kimi səriştəsiz ayırıma və cinayətə çağırmaq çox böyük məğlubiyyət olardı. Paylaşımınızı silməyiniz ümid edirəm ki, bir az daha dərin düşünmənizə səbəb olub, amma yenə də sizinlə qısa bir listi bölüşmək istəyirəm. Aşağıda adlarını sadaladığım insanlar gey və lezbiyan olmaqla yanaşı dünya mədəniyyəti, iqtisadiyyatı və elminə müthiş töhvələr vemiş şəxslərdir. Bir anlıq onların qırıldığı bir dünya təsəvvür edin.
1. Leonardo Davinçi - Rəssam və alim.
2. Mikelancelo - Heykəltəraş və rəssam.
3. Pyötr Çaykovski - Bəstəkar.
4. Oskar Uayld - Yazıçı.
5. Florens Naytinqeyl - İlk tibb bacısı.
6. Alan Turing - Kompyuter elmlərinin banisi.
7. Emili Dikinson - Yazıçı.
8. Sally Ryde - Kosmosa səyahət edən ilk qadın.
9. Fredi Merkuri - Müğənni və bəstəkar.
10. Elton Con - Müğənni və bəstəkar.
Müəllif: Səməd İsmayılov