Münaqişə və pandemiya zamanı qadınların səssiz mübarizəsi
2020-ci il yəqin ki, sarsıntılar dövrü kimi xatırlanacaq
31/May/24
1484
Münaqişə və pandemiya zamanı qadınların səssiz mübarizəsi
Müəllif: Ş.N
2020-ci il yəqin ki, sarsıntılar dövrü kimi xatırlanacaq. Dünya COVID-19 pandemiyası ilə mübarizə apararkən, kuirlərin həyatlarının hər tərəfi seysmik dəyişikliklərə məruz qaldı. Pandemiya az imiş kimi, bir də 44-günlük müharibə həyatlarımıza tamamilə gözləmədiyimiz, heç vaxt ağlımızdan belə keçməyən təcrübələrlə siraət etdi.
2020-ci ildə baş verən bu hadisələr hər bölgədə yaşayan qadınlara fərqli təsirlər göstərib. Müharibə və pandemiyanın birgə olması cəbhə bölgəsində yaşayan cis qadınlar, cəbhədən uzaqda yaşayan trans qadınlar, kuir qadınlar - hər bir qadın üçün ciddi problemlərə səbəb olmuşdu.
Müharibə dostluqları yarım qoydu
Həmin dövrdə mən rayonda yaşayan, pandemiya səbəbi ilə evdən çıxmayan abituriyent idim. Müharibə başladığı gün isə, yəni 27 sentyabr mənim ad günüm idi. 17 yaşımı həvəslə qeyd etməyə dostlarımla görüşmüşdüm. Evə qayıtdıqdan sonra müharibənin başladığını öyrəndim. Müharibənin necə dəhşətli olduğunu təsəvvür belə edə bilmirdim. Hər zaman kiçik atışmaların olduğunu eşitməyə alışmış ölkənin ən sakit bölgələrindən birində, Aranda böyümüşdüm. “Bir-iki atışmadı, tez bitər,” - deyə düşünürdüm. İki gün sonra uşaqlıq dostumun ölüm xəbərini eşitdim. “İlk gün ailəsinin yanında olmalıyam”,- deyə düşünüb, anamla birgə evlərinə getdik. Səhnə çox vahiməli idi. Həyatımda heç vaxt yaxınımın ölümünü bu qədər dərindən hiss etdiyimi xatırlamıram.
Dostumun cəsədinin tanınması üçün atasını morqa çağırmışdılar. Onu hər zaman maşın mühərrikinin hazırlanmasında işləyən və buna görə, hər zaman ayağının ağrımasından şikayətlənən biri kimi xatırlayırdım. Atası morqa girdikdə, ilk etdiyi şey övladının ayaqlarını qucaqlamaq olmuşdu. Yaxınları onları ayırmağa çalışsa da, yaşadığı şokun təsirində olan atası oğlunun ayaqlarını ovuşdururdu.. Danışanda belə, bu səhnəni canlandırmaq mənim üçün çox ağır gəlir. Anası heç nə danışmırdı. Sadəcə qapıya baxırdı. Bacısının 4 dəfə ürəyi getmişdi. Mən sadəcə izləyirdim.
Dostum məndən bir yaş böyük idi. Bir anlıq Əfsusə xala (anası) mənə tərəf baxdı, o vaxta kimi ağlamırdı belə, gözlərimə baxıb için-için ağlamağa başladı. Danışmasaq da, bir-birimizi başa düşmüşdük.
Mən universitetə qəbul olduğum il onun oğlu, mənim dostum müharibədə vəfat etdi. Anam və o, hər zaman uşaqlarını böyüdərkən çox iqtisadi problemlər yaşamışdılar. Universitet üçün ən ucuz məşğələni axtarıb tapmışdılar. İkimiz də eyni müəllimlərlə hazırlaşırdıq. Oğlunun yoxluğunu mənə baxaraq anlamışdı. O gün mənim üçün heç bitmədi. Nə vaxt Əfsusə xalanı ziyarətə getsəm, mənə baxır və dərin iç çəkərək qapıya tərəf çevrilir.
Bəs o gün - müharibənin başladığı gün cəbhə bölgəsində nələr oldu?
Cəbhə bölgəsində yaşayanlardan imkanı olanlar şəhərə - Bakıya, dost-tanışlarına sığındılar. Bəs bu imkanları olmayan qadınlar? Sevinc Səmədzadə deyir ki: “Cəbhə bölgəsində əksər qadınlar cis qadınlar idi. Düzü, biz ora sadəcə ped paylamaq üçün getmişdik. Gigiyenik ehtiyaclar, ped, təmizlik vasitələri və s. çox ciddi problemlərdən biri idi.” Onun sözlərinə görə, müharibə zamanı Tərtər, Ağdamdan məcburi gəlmiş ailələrin çoxu məktəblərə yerləşdirilmişdi. Ailələri nəzərə alsaq, ehtiyac ilə müqayisədə tualet sayı çox məhdud idi. Məktəblər həm də hamam ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmayıb. “Bərdədə yaşayan insanlardan kimsə evini açsa, o evdəki hamamda çimirdilər.”
Pandemiyanın və müxtəlif xəstəliklərin, o cümlədən dəri xəstəlikləri və COVID-19 virusunun məngənəsində, həssas qrup olan qadınlar bütün gücləri ilə mübarizə aparırdılar. “İki həftədə xəstəliklər yayılmışdı - dəri xəstəliyi və COVID,” - deyə Sevinc əlavə edib. Onun sözlərinə görə, yaşlılar üçün şəkərli diabetlə mübarizə, dərman almaq gündəlik döyüşə çevrilmişdi. Belə ki, onlar ehtiyacı olduqları dərman preparatlarını yalnız qeydiyyatda olduqları rayonlardan əldə edə bilərdilər. Sinif otaqlarında naməlum simalar və dar otaqlar yeni normala çevrildikcə, narahatlıq ağırlaşırdı. "Bir sinif otağında birdən çox ailə qalırdı və tanımadıqları kişilərlə birgə qalmalı olurdular."
Qarışıqlığın içində sinif otaqlarının hiss edilən bir etibarsızlıq hissi vardı, qadınların sığındığı təhlükəsiz olmayan mühitdə ətrafı məşum aura ilə əhatə edirdi. Bununla belə, xaosun ortasında insan dözümlülüyünün və mərhəmətinin nəticəsi olaraq bir birlik, icmalaşma da yaranırdı. "Bəzi məktəblərdə yemək verilirdi," - Sevinc bildirir, bu isə hər gün süfrəyə yemək qoymaq kimi məsuliyyət ilə kodlanmış qadınlara istirahət imkanı verirdi. Lakin bu kiçik dincəlməyə baxmayaraq, çətinliklər davam edirdi.
Məktəblərin əksəriyyəti istilik və kanalizasiya problemləri ilə üz-üzə idi, bu, sistematik laqeydliyin açıq təzahürüdür. "Yeni tikilmiş məktəblərdə istilik sistemi var idi, köhnə olanlarda isə tualet də yox idi. Bir ara FHN məktəblərdə tualet azlığına görə səyyar tualetlər gətirmişdi. Sonradan olarda sıradan çıxdılar", - deyə Sevinc Səmədzadə bildirib.
Məktəblərə sığınmış qadınlar üçün ümid bir sapdan asılmış, münaqişənin sərt reallıqlarının kölgəsində qalmışdır. "Camaatın ümidi var idi ki, müharibə tez bitəcək, onun görə də, gigiyenik problemlərə dözməyə çalışırdılar.” Onlar bilmirdilər ki, münaqişə 44 uzun və yorucu gün davam edəcək, bütün hər şeyi normallıqdan məhrum edəcək.
Xarici dünya ilə əlaqəsi kəsilmiş, informasiyadan məhrum olan icmalar özlərini qeyri-müəyyənliyin mərhəmətinə tapşırmışdılar. “İnsanların informasiyaya çıxışları olmadığı üçün - nə televizor, nə radio, nə də ki internet - müharibə haqqında heç bir məlumat ala bilmirdilər”, - Sevinc Səmədzadə söhbət zamanı qeyd edib. Başqa sözlə, hətta ənənəvi vasitələrlə yeniliklərdən məhrum olaraq, qarışıqlığı sükutla müşayiət edirdilər. Bombalar düşdüyü eşidəndə havanı qorxu bürümüşdü, qadınlar və uşaqlar sığınacağın zirzəmilərində bir-birinə sığınmışdı. “Bərdəyə bomba düşən zaman biz iki sığınacağa getdik. Qadınlar və uşaqlar sığınacağın zirzəmilərində idi. Çox qorxmuşdular. Nə yeməkləri, nə suları vardı. Sonra biz bir az su və sakitləşdirici dərman tapıb, onlara payladıq.”
Bərdəyə düşən ilk bombadan sonra, köç başladı, ən həssas insanlar - maddi çətinliklər yaşayan kasıb insanlar müvəqqəti sığınacaqların hüdudlarında sığınaraq orada qaldılar. “Geriyə qalanlar sığınacaqlarda o əziyyətə dözmək məcburiyyətində olan ən kasıb ailələr idi”, - Sevinc deyir. Unudulmuş bir neçə nəfər, müharibənin qəddarlığının ağır yükünü daşıyanlar.
Bakıda qadınların qarşılaşdıqları çətinliklər
Bakıda yaşayan qadınlar da pandemiya və pandemiya ilə eyni vaxta təsadüf edən müharibənin onlar üçün yaratdığı çətinliklərdən danışırdılar. Kuir trans qadın Röya söhbətimiz zamanı müharibə dövründə insanların davranışlarından maraqlı məqamlara toxunub.
Azərbaycanda pandemiya və müharibənin yaratdığı ictimai gərginliklərin ortasında marginallaşmışlar ilə hegemon fikirlər arasında ziddiyyət təşkil edən bir nöqtə vardı. Bu mürəkkəb mənzərənin içində fərdlər hirs və əsəblərini yönləndirməyə hazır idilər və bunun üçün onlar çox vaxt cəmiyyətin kənarlaşdırılmış, marginallaşmış kuir icmasına yönəlirdilər. “Onlar üçün kuirlər də düşmən katagoriyasında gedirdi”, - deyə Röya qeyd edir. Məhz bu mühitdə LGBTQİ+ icması özünü kənarlaşdırılmanın nəticələri və ailə və dostları, partnyorları ilə məhrəm əlaqələrin aşınması ilə mübarizə aparırdı.
İcma üçün ən böyük problem ən yaxın sirdaşlarımızla, əsl identikliyimizi bölüşə biləcəyimiz insanlarla kəsilmiş əlaqələrdə idi. İcmadaxili fiziki qarşılıqlı əlaqə, münasibət azaldıqca, tez bir zamanda rəqəmsal çatlaşmalara çevrildikcə, təcrid hissi dərinləşirdi. Müharibənin başlaması isə bu çətinlikləri daha da şiddətləndirdi, yadlaşma hissini gücləndirdi. Röya deyir: “Ən böyük çətinlik o idi ki, öz dostlarım, ətrafında bütov ola biləcəyim insanlarla fiziki əlaqəm kəsilmişdi. Çox vaxt yalnız digital şəkildə əlaqə saxlamaq olurdu. Buna görə müharibə dövrü daha da çox çətinlik gətirmişdi.”
Röya özünü bu keşməkeşli dövrdə kimliyinin aspektlərini gizlətməyə, potensial təsirlərdən qaçmaq üçün ictimai məkanlardan və rəsmi qurumlardan geri çəkilməyə məcbur etmişdi. “Amma o zaman ictimai şəkildə özümü qadın kimi göstərmirdim, gizlənirdim.” Bu özünə tətbiq etdiyi görünməzlik Röyanı açıq ayrı-seçkilikdən qorudu. Bu xaosun ortasında Röya üçünü lövbər rolunu ailə dəstəyi oynayıb. “Gəlirim yox idi. Bu dövrdə sadəcə ailəmdən maddi dəstək ala bildim. Sadəcə təşviş içində bu hadisələrin bitməyini gözləyirdim.”
Trans seks içilərinin qarşılaşdığı çətinliklər
Müharibə və pandemiya zamanı bəzi dostlarımın ailəsi tərəfindən maddi gəliri olsa da, seks işçiliyi edən bir çox trans qadın bu dövrdə nə sosial yardımlardan yararlana bildi, nə də ailəsindən yardım aldı. Onlara bu barədə yazdığımı və hekayələrindən bəhs etmək istəsələr, məqaləyə qeyd edəcəyimi bildirdim. Onlar isə müsahibə verməyi qəbul etmədilər, çünki bu qədər ağır keçən müddəti təkrar xatırlamaq istəmədilər. Üzlərindəki qorxu və kədəri mən çox dərindən hiss etdiyim üçün mövzunu bir daha açmadım.
Trans seks işçilərinin qarşılaşdığı çətinliklər barədə trans hüquqları aktivisti Miray Dəniz də danışdı. Onun sözlərinə görə, trans qadınlar müharibə və pandemiya zamanı tamamilə izolyasiya olunmuşdu.
“Azərbaycanda müharibə olsun, ya da olmasın, hər zaman hormon preparatlarını tapmaq problemdir. Demək olar ki, Azərbaycan və buna bənzər dövlətlərdə iş tapmaq mümkünsüzdü. Çünki, dövlət trans qadınların iş tapmasını istəmir, cəmiyyət də istəmir. Trans qadınların seks obyekti olmağını istəyirlər”, - Miray bildirir. Onun sözlərinə görə, həmin dövrdə seks işçiliyi etmək də çox çətin idi. Həm insanlar çox dəliqanlı idi, həm də translara qarşı nifrət translarda qorxu yaradırdı. Əksər trans qadının ağlında bir sual var idi: “Görüşdüyümüz insanlar bizə bir şey edərmi?”
Müharibə dövründə seks işçiliyi daha da çətinləşmişdi. Miray həmin dövrdə ailənin dəstəyi ilə yaşamağa çalışırdı. Onun sözlərinə görə, bu müddətdə onlar da çox gərgin idi. Miray sülh haqqında danışanda ailəsi ona qarşı “Heç olmasa, bu dövrdə sən heç bir şey demə, onsuz da transsan, birdə sülh haqqında da danışma. Sus!” deyirmiş kimi yanaşırdı. “Küçəyə çıxmaq da çox çətin idi. Daimi olaraq söz atan biriləri var idi. Tez-tez “Oğullarımız sizin kimilərə görə şəhid olub, siz müharibədən qaçmaq üçün petux olmusunuz. Özünüzü müharibədən gizlətməyə çalışırsınız, mən sizə görə qazi olmuşam” kimi cümlələr eşidirdim.”
Tələbə və abituriyentlərin qarşılaşdığı çətinliklər
Müharibə dövründə universitet tələbəsi olan qadınlar, universitetə hazırlaşan qadınlar məhdud imkanlarla ağır təzyiq altında, qorxaraq nəticəsini bilmədikləri və özlərinin seçmədiyi bir yolda idilər. Nəzərlər daha çox kişilərin üzərində olduğu üçün qadınların yaşadığı təzyiqlər və travmalar gözardı edilirdi. Miray kimi bir çox trans qadın sosial mediada, küçədə ailəsi və yoldaşları tərəfindən “qadın olmağı seçmisən ki, müharibədən qaça biləsən” kimi əlavə təzyiqlərə məruz qalırdılar. Bəziləri müharibənin üzərindən dörd il keçməsinə baxmayaraq hələ də özlərini toparlaya bilməyiblər. Bunlardan biri də Məsmədir. Müharibə dövründə Məsmə Şirvan şəhərində yaşayırdı. O, universitetə hazırlıq dövründə gələn şəhid xəbərlərinin mental sağlamlığına necə təsir etdiyindən danışır.
“Heç unutmuram, bir gün hazırlıqda idim, küçədən ağlama və qışqırıq səsləri gəlməyə başladı. Öyrəndik ki, hazırlıq müəllimimizin qapı qonşusuna şəhid xəbəri gəlib. Küçədə yüzlərlə adam var idi. Aralarından çıxıb, evimə getməyə çalışırdım. Bir anda məni krizis tutdu, nə edəcəyimi bilmədim. Dayanacaqda ilk gələn avtobusa özümü atdım və sakitləşməyə çalışdım. Bir müddət ağladıqdan sonra sakitləşib, ətrafa baxdım. Getdiyim yer heç tanış gəlmirdi. Yanımda oturan adamlardan soruşanda öyrəndim ki, avtobus Hacıqabula gedirmiş. Avtobus sürücüsündən necə qayıtmalı olduğumu öyrənib, avtobusdan düşdüm. Düşdüyüm yerdə başqa bir şəhid gətirirdilər. Yenə ağlamalar və qışqırıqlar vardı. Bu səfər ağlamamı saxlaya bilmirdim. O an evimin yolunu tapa bilmədiyim üçünmü, yoxsa bu qədər şəhid gördüyüm üçünmü ağlayırdım, bilmirəm. O gün çox çətinliklə də olsa, evimə çatdım. O hadisə isə heç ağlımdan çıxmadı. Çünki o dövrə qədər mən ətrafımdakı heç bir yaxınımın ölümü ilə tanış olmamış, ölümdən, ağlaşma və qışqırıqlardan çox uzaq böyümüşdüm. Heç hazır olmadığım vaxtda bu qədər ölümü bir arada görmək məndə travmaya səbəb oldu. Sadəcə o da deyil. Yaxın qohumlarımdan əsgərdə olanlar və yaşı 17-ni keçmiş bir çox oğlan vardı. Onlara bir şey olacaq deyə çox qorxurdum.”
Hekayəsini danışan dostların hər biri uzun müddət müharibədən qaynaqlanan travma səbəbi ilə terapiya alıblar. Onların hər birinə bir daha bu hadisələrin yaşanmayacağına təminat vermə bilməsəm də, uğurlar arzu edirəm.
Powered by Froala Editor