LGBTQİ+ aktivisti qısnamaya məruz qalıb
LGBTQİ+ hüquqları üzrə fəal Əli Məlikov 1 saylı Asan Xidmətdə qısnamaya məruz qalıb
28/Jun/24
1088
LGBTQİ+ aktivisti Asan Xidmətdə qısnamaya məruz qalıb
LGBTQİ+ hüquqları üzrə fəal Əli Məlikov 1 saylı Asan Xidmətdə qısnamaya məruz qalıb. Bu haqda o, öz sosial şəbəkə hesablarında məlumat verib.
O bildirib ki, iyunun 27-si, saat təqribən 15:00-da 1 Saylı Asan Xidmətə gəlib və girişdə əşyalarını detektora qoyaraq özü də yoxlanışdan keçib. Əşyalarında heç bir problem olmasa da, mühafizə polisi əvvəl onun adını soruşub və əlindəki cihazla Məlikovu yoxlayırmış kimi hərəkət etdirərək öz əlini onun belindən ombasına qədər sürtüb.
Bu hərəkətdən sarsıntı keçirən Əli Məlikov dostlarının gəlişini gözləyib və təkrar girişə yaxınlaşıb. O, mühafizəçidən detektor heç nə aşkarlamadığı halda niyə fiziki yoxlamaya məruz qaldığını soruşub, bədəninə bu şəkildə toxunulmasından narahat olduğunu bildirib.
Məlikovun sözlərinə görə, bundan sonra mühafizəçi qışqırmağa, onu və dostlarını hədələməyə başlayıb, əlini digər girişdəki işçi qadının masasına ataraq kiməsə zəng edəcəkmiş kimi davranıb və qorxutmağa çalışıb.
“O mühafizə polisi mənim bədənimə bilərək və pis məqsədlə toxunmayıbsa, nə üçün başladı mənə qışqırmağa?! Hazırda isə bədənim əsir. Yenə oğru elə bağırdı ki, doğrunun bağrı çartladı. Mən cinsi qısnamaya məruz qalmış kimi hiss etdim. Artıq 1 saata yaxındır bədənimdə o mədəniyyətsizin hərəkətlərini təkrar-təkrar hiss edirəm”, - Əli Məlikov sosial şəbəkə hesabında yazıb.
Aktivist məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə şikayət edib. Onun sözlərinə görə, paylaşımdan sonra Asan Xidmətin rəhbərliyi də onunla əlaqə saxlayıb. Məlikov bazar ertəsi Baş Mühafizə İdarəsinə şikayət yazmaq üçün yollanacaq.
Hadisə ilə bağlı Minority Azərbaycan redaksiyasına açıqlama verən Əli Məlikov bunları deyib: “Cinsi qısnama, zorakılıq hallarında bəzən unuduruq ki, onlar həyatımızın istənilən yerində mövcud olublar. Məsələn, mən bu hadisəni yaşayarkən əvvəlcə özümü günahlandırmaqla başladım ki, "yox, mən səhv başa düşmüşəm". Çünki bizi bu hala öyrəşdiriblər. Bizi patriarxal sistem elə yetişdirib ki, bunlar gözümüzdə ya adiləşib, ya da günahkarı görməkdə çətinlik çəkmişik.
Şikayətimi edəcəm, lazım gəldiyi nüanslarda hadisəni ictimailəşdirəcəm. Yəqin ki, həmin şəxs ciddi bir cəza almayacaq, amma Azərbaycan kimi bir mühitdə ən azından onun sürünməsi belə mənim üçün bir uğur olacaq.”
Powered by Froala Editor