Kvir mövzuları müzakirə edərkən Azərbaycan mediası ən fundamental jurnalist etikasını palaz altına süpürür. Obyektiv mövqe əvəzinə, media nifrət və ayrı-seçkilik yayır və hökümətin mühafizəkar propaqandasına dayaq rolunu oynayır.


Azərbaycanda homoseksuallıq hələ də tabu mövzulardandır və kvir insanlar təhsil, səhiyyə, işəgötürmə, evlə təmin olunma, hərb və polis də daxil olmaqla, həyatın müxtəlif sahələrində ayrı-seçkiliklə üzləşirlər.

Kvir mövzularının mediada müzakirəsi zamanı onlar qeyri-ixtiyari olaraq daha çox diqqət çəkirlər. Siyasi fiqurlar bundan ictimaiyyətə təsir vasitəsi kimi yararlanır və azad olmamasına baxmayaraq, insanların etibarını qazanmış medianın vəzifəsindən sui-istifadə edirlər.

İndi yaşadığımız rəqəmsal dünyaya baxanda görürük ki, "müharibə" anlayışı dəyişib və informasiya mübarizəsi artıq hər zamankından daha çox yayğınlaşıb. Tərəflər publikaya, cəmiyyətə və ya düşmənlərinə maneə yaratmaq və onları manipulyasiya etmək üçün yanlış informasiya və təbliğatlar yaymağa çalışırlar. Bunu radio, televiziya, qəzet, sosial şəbəkə və digər kütləvi informasiya vasitələrinin köməyi ilə həyata keçirirlər və kvir insanlar bu yolla ictimaiyyətin dəstəyini qazanmaq üçün bir çox hallarda alət kimi istifadə olunub. 

"Bəzən jurnalistlər öz güclərini unudur"


KİV ictimaiyyətə təsir etmək üçün dezinformasiya və propaqanda yayan əsas vasitədir. Azərbaycanda istər hökumətin və ya müxalifətin nəzarətində olan, istərsə də, müstəqil KİV-lər əksər hallarda kvir insanlara qarşı ayrı-seçkiliklərə haqq qazandırırlar. Media seksuallıq mövzusunu təsvir edir, cəmiyyətin marjinal qrupları, xüsusilə də, kvir icmanı başa düşməsində və qəbul etməsində əhəmiyyətli bir rol oynayır. 

Səməd İsmayılzadə ölkədə ilk LGBTİ jurnalının qurucusu və redaktorlarından biridir. İsmayılzadə mətbuatı tənqid edir; o inanır ki, media kvir insanlar haqqında ictimai rəyin formalaşmasında böyük rol oynayır.

"Bəzən jurnalistlər öz güclərini unudur və insanları qeyri-peşəkar davranışları ilə aldadırlar. Bu, xüsusilə, LGBTİ məsələləri ilə bağlı olur. Populyar xəbər agentlikləri və ya sosial media səhifələri LGBTİ icması haqqında provokativ mesajlar paylaşmaqla, portallarının populyarlığını artırmağa çalışır, çox vaxt nifrət və aqoniya mühiti yaradırlar. İnsanlar aqressiv şəkildə reaksiya verməyə başlayır, bəzi qərəzli fikirləri müzakirəyə çıxarırlar", - İsmayılzadə bildirib.

Kvir məsələlərini müzakirə edərkən Azərbaycan mediası həmişə homofob və transfob dildən istifadə edir. Seçdikləri başlıqlar və təqdim etdikləri şəkillər oxucuların LGBTİ fərdləri haqqında nə başa düşdüyünə və hiss etdiyinə təsir göstərir.

Məsələn, transgender insanlar haqqında xəbərdə yayımlandıqda, bu, adətən, cinayətlərlə əlaqəli olur. Nifrət cinayətlərini və ya transgender insanlara qarşı cinayətləri yayımlayarkən, xəbərin dilində cinayəti törədən şəxsin ifadəsinə üstünlük verilir. Əksər hallarda cinayətin detalları əhatəli olmur, bunun əvəzinə qurbanın seksual oriyentasiyasının və ya gender kimliyinin müzakirəsinə fokuslanılır və zərərçəkmiş şəxsin genderini dəyişməzdən əvvəlki şəxsiyyət vəsiqəsində adı daim vurğulanır.


Bununla yanaşı, əsas media və alternativ mətbuat vasitələri tərəfindən istifadə edilən nifrət dilinin arasında heç bir fərq yoxdur.

Siyasətçilərin və vəzifəlilərin nifrətini təkrarlama


KİV-lər siyasətçilərin, psixoloqların, parlament üzvlərinin və digər hakimiyyət nümayəndələrinin nifrət nitqlərini onları sorğulamadan, ya da alternativ fikirləri təklif etmədən yayırlar. Dövlət vəzifəliləri tərəfindən edilən çıxışlar ayrı-seçkilik, irqçilik, homofobiya və transfobiya elementləri ehtiva edən nifrət nitqi ilə doludur. Qəzetlər müsahibələri və ya çıxışları dərc edərkən nifrət elementlərini norma kimi nəzərə alırlar və kvirin nə olduğunu və ya əsas anlayışlarını verməyə çalışmırlar. 


Kvir icmanın mətbuatda təsvir edilməsi, demək olar ki, yalnız mənfidir və təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda olan dözümsüzlüyü, qeyri-tolerantlığı əks etdirir. LGBTİ icmasının KİV-də müsbət təsviri və  artan görünənliyi ilə cəmiyyətin kvir icmanın qəbulunu və dəstəklənməsini artırmaq, kvirliyin normal olmasını təmin etmək və mövzu ilə bağlı çox vacib məlumatlarla təmin etmək olar.

LGBTİ fərdlərinin daha müsbət təsvir edilməsi


İsmayılzadənin sözlərinə görə, kvir insanların normal, hətta müsbət şəkildə təsvir edildiyi bəzi hallar var və onlar hətta televiziya proqramlarına da dəvət olunurlar. Bu, onların var-dövlətindən, peşələrindən və hətta siyasi baxışlarından asılıdır. Ancaq əksər hallarda onlar şifahi şiddətə məruz qalır. İsmayılzadə düşünür ki, kvir məsələlər barədə insanlar hətta düşünməməyi üstün tuturlar. "[İnsanlar] həmişə bu mövzunu ən axırda, bütün problemlər həll edildikdən sonra baxılması lazım olan bir problem kimi görürlər", - deyir. 


Kvir insanların KİV-də müsbət təqdim olunması cəmiyyətə böyük təsir göstərə bilər və media mədəniyyəti formalaşdırmaq imkanı və məsuliyyəti daşıyır. LGBTİ fərdləri bütün media kanalları və vasitələri ilə təsvir edilə bilər və özlərini olduqları kimi təsvir edə bilərlər; zamanla digər insanların və cəmiyyətlərin etdiyi  kimi.

Minority jurnalı LGBTİ fərdləri üzərinə müsbət işıq saçmağa çalışır. İsmayılzadə hesab edir ki, media kvir insanlarla bağlı hekayələr yazmalıdır, insan hüquqları üçün mübarizə aparan aktivistlər və ya insanları xilas edən həkimlər haqqında olduğu kimi. "LGBT icmasında cəmiyyətin tanımalı olduğu bir çox böyük insan var", - o, deyir.

Azərbaycanda LGBTİ hüquqlarını qorumaq və kvir insanlara fərqli baxış təqdim etmək üçün mübarizə aparan bir neçə təşkilat var. Lakin onlar bir çox çətinliklərlə qarşılaşırlar. İsmayılzadənin sözlərinə görə, LGBTİ hüquq qrupları nifrət və ya ayrı-seçkilik hadisələrini müəyyənləşdirməkdə çətinlik çəkirlər. “LGBTİ haqqında hələ də böyük bir tabu var və insanlar gündəlik həyatlarındakı hadisələri gizlətməyi üstün tuturlar; ona görə də onları müdafiə etmək daha da çətinləşir", - o, deyir. 



Mövqe: Vahid Əli

Powered by Froala Editor