Həbsxanada trans məhbusların çılpaq şəkli çəkilir
1 saylı istintaq təcridxanasının rəisi Elnur İsmayılov bəzi məhbusların, xüsusilə də trans məhbusların çılpaq şəkillərini çəkib saxlayır
06/Nov/24
687
Həbsxanada trans məhbusların çılpaq şəkli çəkilir
1 saylı istintaq təcridxanasının rəisi Elnur İsmayılov bəzi məhbusların, xüsusilə də trans məhbusların çılpaq şəkillərini çəkib saxlayır. Bu haqda Abzas Media-nın həbsdə olan direktoru, araşdırmaçı jurnalist Ülvi Həsənli məlumat verib.
O, ictimaiyyətə ünvanladığı məktubunda həbsxanada sistemli işgəncə, qeyri-insani rəftar, korrupsiya, özbaşınalıq, seçki saxtakarlıqlarının olduğunu bildirib. Həmçinin adını qoya bilmədiyi pozuntunun yaşandığını vurğulayıb:
“Bu məsələyə mən bir ad qoya bilmədim. Bəlkə oxucular qoya bildi. Rəis Elnur İsmayılov həbsxanaya yeni gətirilən bəzi məhbusların lüt şəkillərini çəkdirib telefonunda saxlayır. Xüsusilə transgenderlərin. Bu, hansı fantaziyanın, hüququn, əxlaqın məhsuludur? Bu adam dövlət məmurudur. Aşağı vəzifədə də deyil. Polkovnikdir. 8 ildir ölkənin ən böyük həbsxanasını idarə edir. Həmin çılpaq şəkillərdən dustaqlara qarşı şantaj vasitəsi kimi də istifadə edir. Kim bilir, başqa necə yararlanır onlardan.”
Daha öncə isə, keçmiş məhbus olan trans qadın Anna Tağıyeva Meydan TV-yə müsahibəsində 1 saylı istintaq təcridxanasında rəis Elnur İsmayılov tərəfindən transların soyundurularaq digər məhbusların kameralarına göndərildiyini, onların vasitəsilə məhbusların şantaj edildiyini bildirmişdi.
Keçmiş siyasi məhbus və blogger Mehman Hüseynov da öz Youtube kanalında dərc etdiyi videomaterialda sözügedən təcridxana rəhbərliyinin trans şəxsləri şantaj üçün istifadə etdiyini açıqlamışdı.
Powered by Froala Editor